Qadin.NET / Əridim oduna mən gilə-gilə

Əridim oduna mən gilə-gilə

 

Əridim oduna mən gilə-gilə

 

Dizlərini  qucaqlayıb oturmuşdu. Əynindəki  paltar da  ona  çox böyük idi. Yanında heç kim yox idi. Əsmər fikirləşirdi- bura  haradan gəlmişdi, necə  gəlmişdi? Təcili yardımın  səsi  hələ  də  qulaqlarında  idi. Hər şeyi  lap  başdan  xatırlamağa  çalışırdı.

Tərlanla  ilk dəfə  tanış  olanda  hər  ikisi  susmuşdu, yalnız  bir-birinə  baxan  gözləri danışırdı.  Əslində Əsmər tanış olmamışdı, onu bu tanışılığa Tərlan məcbur etmişdi. Sonra isə Tərlanın  özünü  son dərəcə  mədəni,  diqqətli  və  nəzakətli aparması   onda  Tərlana  qarşı məhəbbət  hissi oyatmışdı. Arxasınca  çox süründü. Və  sonda  istədiyinə  nail  oldu. Əsməri  ələ  ala  bilmişdi. Əsmər  çox sadəlövh bir  qız  idi. Rayondan  gəlmişdi, kənd qızı idi. Tələbə  adını  alanda   çox sevinmişdi. Həyatının ən gözəl  gününü  yaşamışdı. Və  bəlkə  də  bu onun  ürəkdən  sevindiyi  sonuncu fərəhli  günü  idi.

O, ali  təhsil almaq üçün şəhərə gələndə təsadüfən Tərlan onu görmüş və Əsmərin gözəlliyi onu  Əsmərin arxasınca sürünməyə məcbur etmişdi. Şəhər Əsməri çox sıxırdı. Buradakı qələbəlik, havanın ağırlığı, şəhərin səsli - küylü olması onu kəndləri üçün çox darıxdırırdı. Məktəbdə qrup yoldaşları ilə tanış olmuş və  bir qızla rəfiqə olaraq kirayə tutduqları evdə qalmışdılar. Rəfiqəsi yaxşı qız idi. Ona çox köməyi dəyirdi. Tələbə olmaq  maraqlı idi. Bircə bu Tərlan məsələsi olmasaydı.

  Tərlan Əsmərə gün verib - işıq vermirdi. Ondan əl çəkmirdi, hey arxasınca gəlirdi. Tez-tez Əsmərə onu sevdiyini, onun dərdindən dəli-divanə olduğunu, onsuz həyatın mənasız olduğunu deyirdi. Əsmər də artıq yavaş-yavaş Tərlanı sevməyə başlamışdı. Əsmərə elə gəlirdi ki, Tərlan həqiqətən də onu sevir. Axı, bu qədər də olmaz. Özü-özlyündə fikirləşirdi ki, Tərlan məni sevməsəydi arxamca bu qədər gəlməz, mənə bu qədər göz-qulaq olmazdı. Sonda Tərlanın çəkdiyi əziyyətlər öz nəticəsini verdi. Axır ki, Əsməri yola gətirdi. İlk görüş gününü təyin etdilər. İlk görüş... O gün Əsmər çox həyəcanlı idi. Bu görüş həqiqətən də Əsmərin ilk görüşü idi. Tərlanın isə...

Əsmər həyəcandan əsirdi. Necə danışacağını, nə danışacağını bilmirdi. Qəlbində Tərlana qarşı yavaş-yavaş məhəbbət qığılcımları parlamağa başlamışdı. O, rəfiqəsinə Tərlan haqqında danışmışdı. Tərlanın onu sevdiyini, dərdindən dəli-divanə olduğunu hər gecə söhbət edirdi. İlk görüş yerini Tərlan özü təyin etmişdi. Axşam saat 9 -da sahil bağında görüşməli idilər.

Eyni məkanda, eyni vaxtda Tərlan Əsməri gözləyirdi. Əsmər isə hələ də gəlib çıxmamışdı. O, evdə idi. İlk görüşə getsin, ya getməsin, deyə, düşünürdü. Rəfiqəsinin və özünün qiyafətlərini qarşısına töküb fikirləşirdi. Daha gözəl görünmək üçün hansını geyinsin? Bu görüşə getsin ya  getməsin? Beləcə fikirləşdiyi zaman rəfiqəsi onu tələsdirmiş, sonra gec olar, deyə hazırlaşdıraraq görüşə göndərmişdi.

Əsmər artıq danışdıqları məkana çatırdı. Tərlan görünürdü. Əsmər özünü toplaya  bilmirdi, çox həyəcanlı idi. Axı, həyatında heç bir oğlanla belə yaxın olmamışdı, bu onun ilk görüşü idi. Tez-tez anası yadına düşürdü. Anam bilsə nə deyər, məni qınayar, atam bilsə məni öldürər. Bu düşüncələr içində ikən Tərlana nə vaxt çatdığını bilmədi. Tərlan Əsməri çox mehribanlıqla, nəvazişlə, qayğıyla qarşıladı. Əsmər çaşmışdı, nə edəcəyini bilmirdi. Tərlanın həddindən artıq nəzakətli davranışı, gözəl etikası Əsməri məftun etmişdi. Beləcə, ilk görüşləri baş tutmuşdu. İlk görüş Əsmərin qəlbinə öz möhürünü vurmuşdu. Tərlan Əsmərin qəlbini ələ almağı bacarmışdı. Xeyli gəzdilər, söhbət etdilər. Artıq gecə düşmüşdü. Tərlan Əsməri kirayə qaldığı evə kimi ötürdü.

 

Əridim oduna mən gilə-gilə

 

Həmin  gecə  Əsmər səhərə kimi rəfiqəsinə Tərlanla olan görüşündən danışmışdı. Günlər keçirdi.Əsmər artıq Tərlanı dəli kimi, saf bir məhəbbətlə sevirdi. Tərlan onun qəlbinə möhkəm girmişdi. Tez-tez olmasa da, görüşürdülər. Əsmərin məhəbbətindən nə anasının, nə də ki, kənddəki digər qohumlarının xəbəri yox idi. Beləcə, illər ötmüşdü. Əsmər artıq dördüncü kursda idi. Daha Tərlanla tez-tez görüşür, hər dəfə də ona nə vaxt elçi gələcəklərini soruşurdu. Tərlan isə hər dəfə "tezliklə  nişanlanacağıq" deyirdi.

Əsmər  fikirləşirdi: "Mən  sevdim, günah etdimmi?" Tez-tez görüşdüklərindən onun oduna  əriyirdi gilə-gilə. Özünü unutmuşdu keçən vaxt ərzində.

Bir  səhər Əsməri yuxudan ürəyinin bulantısı, başının ağrısı oyatdı. Necə oyandı, bilmirdi, vanna otağına necə keçdi, onu da bilmirdi. Ürəyi bulanırdı. Özündə deyildi. Şübhələr onu aldı. Tez səhər yeməyini yemədən geyinib evdən çıxdı. Apteklərin birindən hamiləlik testi alıb evə qayıtdı. Testi etməyə qorxurdu. Düşündüyü həqiqət olsaydı necə olacaqdı. Yox, hər necə olursa olsun Tərlan onu sevirdi. Axı, lap hamilə də olsa, bətnindəki körpə Tərlanın idi, nəhayət test etdi. Dünya başına fırlandı, hamilə idi. Bu haqda rəfiqəsinə nəsə deməyə qorxurdu. Sirrinin hamının biləcəyindən qorxurdu. Yox, bunu  gizlətmək olmazdı. Ailəm buna necə baxacaq, anası- atası, qohum - əqraba. Tərlan tez elçi  göndərsəydi yaxşı olardı. Yox, Tərlan hamilə qaldığımı bilməlidir. Bəlkə, heç deməyim. Körpəm bir az böyüsün.

Yenə  görüşürdülər. Əvvəlki kimi. Bir-neçə ay da belə keçdi. Artıq  Əsmər hamiləliyinin hər kəs tərəfindən başa düşüləcəyindən qorxmağa başlamışdı. Aydın hiss olunurdu ki, hamilədir. Tərlan isə hələ də heç nə başa düşməmişdi. Bunu ona Əsmər deməliydi. Rəfiqəsinin təkidindən sonra Əsmər hər şeyi Tərlana demək qərarına gəldi. Və nəhayət, hamilə olduğunu Tərlana açdı. Əsmər bilmirdi ki, ağlasın ya gülsün. Tərlanın gözlərinə sanki kədər çökdü bir anlıq. Gözləri kədərli idi, lakin gülümsəməyə çalışırdı. Bu zaman Tərlan Əsməri qınamağa başladı. Bunu mənə əvvəlcədən desəydin bir çarə  edərdik. Əsmər qulaqlarına inanmadı. Ay aman, Tərlan niyə belə deyir, görəsən?Məgər məni sevmir, mənə elçi göndərməyəcək? Biz ailə quracaqdıq, axı. Əsmər bir şey fikirləşirdi, Tərlan başqa şey. Bir-birindən xəbərsiz düşündükləri təzad təşkil edirdi. Susmuşdular,yenə də, ilk dəfə bir-birini gördükləri kimi. Amma bu dəfə Tərlan Əsmərin üzünə baxmırdı. Əsmər bulud kimi dolmuşdu, boğulurdu sanki. İndi Tərlanın  dediyi bircə söz onun həyatını alt-üst etmişdi. Əks tərəfə gedirdi, Tərlandan necə uzaqlaşdığını belə  hiss etməmişdi. Tərlan isə onun arxasınca gəlmirdi. Üzü dənizə sarı durmuşdu. Əsmər ağlayırdı, göz yaşlarına sahib çıxa bilmirdi. Evə qayıdırdı. Böyük hüzn və kədər içində. Evə necə çatdığını bilmirdi. Evə gələn kimi başını yastığa atmış və o qədər ağlamışdı ki, yastığı su içində olmuşdu. Beləcə də yuxuya getmişdi. Oyananda rəfiqəsi başının üstündə idi. Nə olduğunu bilmirdi. Əsmər rəfiqəsinə Tərlanın öz uşağından imtina etməsini, onu aldatdığını danışdı. Hər ikisi susmuşdu. Əsmər özünə gələ bilmirdi. O gündən hüznlü günləri başlamışdı. Daha görüşmürdülər. Tərlan da heç gözə dəymirdi. Uşaq artıq böyüyürdü. Əsmər uşağı rəfiqəsinin köməyi ilə doğum evlərindən birində dünyaya gətirdi. Çox pis vəziyyətdə qalmışdı. Bir tərəfdə uşaq, digər  tərəfdə anası, ailəsi. Necə etsin? Hələ hamilə ikən məktəbdən də uzaqlaşmışdı. Fikirlər içində özünə qapanaraq aylarla evdən çölə çıxmamışdı. Özünü ətraf-aləmdən təcrid olunmuş sayırdı. Rəfiqəsi ilə də bir o qədər söhbət etmir, yalnız özü-özü ilə danışır, nəyi isə götür-qoy edirdi. Bu səbəbdən də doğuş ağır keçmiş, ana psixoloji zərbə almışdı.

 

Əridim oduna mən gilə-gilə

 

Uşağı evə gətirdi. Artıq özündə deyildi. Nə etsin? Ana məhəbbəti onu düşündüklərini həyata keçirməyə qoymurdu. Qəlbindən hər şey keçirdi. Özünə qəsd  etsin, ya nə isə... Bilmirdi. Rəfiqəsi ona göz-qulaq olurdu. Amma o, dərsə gedəndə Əsmər evdə tək qalırdı. Əsmər çox düşündü, göz yaşları içində bir gün körpəsini qucağına alıb çölə çıxdı. Nə etsin? Haraya getsin? Kənddə onu heç kim qəbul etməz. Hələ atası, atası onu öldürər. Əsmər onsuz da ölürdü fikirlər içində. Hara getdiyini bilmirdi, küçə ilə  gedirdi, yol onu hara aparırdı, onu da bilmirdi. Beləcə, xeyli getmişdi. Yorulmuşdu, daha  gedə  bilmirdi, uşaq da  xeyli ağlayıb yatmışdı. Əsmər fikirləşirdi və beynində düşündüklərini etmək üçün heç olmasa münasib bir yer axtarırdı. Uşağı hara qoysun, çox düşünmədən qarşıdakı binaların birinin  qabağına  qoyub, əks tərəfə qayıtdı.Daha  geriyə  baxmırdı. Ürəyi qan ağlayırdı. Tələsik addımlarla ordan uzaqlaşmağa çalışırdı. Birdən uşaq oyanar, birdən uşaq dil açıb  "ana, məni burda qoyub hara gedirsən?" deyər. Yox uşağı durmamışdı, onun ağlamaq səsini eşitmirdi, və bu möcüzə də baş verməmişdi- uşağı  dil  açmamışdı, axı, hələ çox  körpə idi. Evə necə çatdığını bilmədi, başını yastığa atıb xeyli ağlayaraq yuxuya getmişdi. Rəfiqəsi dərsdən gəlmişdi. Yenə başının  üstündə  durub  Əsmərin oyanmağını  gözləyirdi. "Uşaq hanı?", deyə ondan soruşmaq  istəyirdi. Oyandı, amma, heç bir suala cavab vermirdi. Ancaq ağlayır və özü-özünü ittiham edirdi. Nədən belə oldu ki? Sanki rəfiqəsini görmürdü. Hisslərinə aldanmışdı. İndi övladı üçün acı çəkirdi. Rəfiqəsi ona "geri qayıt, uşağı hara qoymusan, yerini de, gedim gətirim." Əsmər isə heç nə xatırlaya bilmirdi-uşağı hara qoyduğunu, geri necə qayıtdığını.

Sabahlar axşam olur, gecələr isə açılmırdı Əsmər  üçün. Axşamlar körpəsini daha tez-tez xatırlayır, ona layla oxuyur, xəyalən onu yedirib-içirdirdi. Övladını atması ilə heç cür barışa bilmir, zaman keçdikcə daha çox təsirlənirdi. Bir gün rəfiqəsi Əsmərin bu özünə qapanmasından bərk qorxaraq "Sonda  pis  nəticə verər" deyə  ona  təcili yardım çağırmışdı. Həkimlər onu psixoloji dispanserə yazmışdılar. O, müalicə olunmalı idi.

Əsmər  dizlərini  qucaqlayıb oturmuşdu, fikirləşirdi:"Oğlum bir gün gələcək və məni burdan aparacaq".

6 may 2013
GO BACK