Qadin.NET / Telefon zəngi

Telefon zəngi

Telefon zəngi
Uzun sürən soyuq və şaxtalı qış günlərindən sonra allı-güllü yazın gəlişi bir başqa aləm olur. Yenə gözəl bir yaz günü idi. Hər təfəf göz oxşayan yaşıllığa bürünmüşdü, quşların səsi eşidilirdi. Qış boyunca çılpaq olan çinarlar, indi yaşıl donlarını geyinib həzin meh əsdikcə cilvəli qızlar kimi yüngülcə yırğalanırdılar. Təbiət vurğunu olduğuma görə bütün bunları gözümdən qaçırmayıb təbiətin gözəlliyindən zövq alırdım. Yolumuz bir olan məktəb yoldaşlarımla dərsdən evə qayıdırdıq. Təxminən 13-14 yaşım olardı. İnsanların əhval-ruhiyyəsi də təbiətin özü kimi yenilənmişdi sanki. Təbiətin gözəlliyinə bizim şən gülüşümüz daha da bir rövnəq qatırdı. Qarşımıza çıxan insanlar məktəbdən qayıdan bu şən yeniyetmələri təbəssümlə salamlayırdılar. Evimizin yerləşdiyi küçəyə döndükdə yoldaşlarımla sağollaşıb ayrıldım. Həyət qapısını açıb: "Ana!" deyə çağırdım. Bu mənim adətim idi, içəri girən kimi vacib sözüm oldu-olmadı mütləq anamı səsləməliydim. Sonra yadıma düşdü ki, anam evdə yoxdu. Bir tanışın yas mərasiminə gedib. Axşamdan bu baradə mənə dediyini unutmuşdum. Açarla qapını açıb evə daxil oldum. Əynimi dəyişməmiş mətbəxə keçib qazanın qapağını qaldırdım."Bəh! Bəh! Kələm dolması". Kələmin üstünə düzülən heyvanın xoş ətri iştahımı daha da artırdı. Tələsik əynimi dəyişmək üçün otağıma getdim. Ac idim. Ayağımı otağın kandarına qoymamış ev telefonunun səsi eşidildi. Deyinə-deyinə dəstəyi götürdüm. "Qoymazlar ki yeməyimi yeyim":
- Alo.
- Alo, Nailə sənsən?-Rəfiqəm Leylanın səsini eşidib çox sevindim.
Sizə Leyla haqqında danışım. Məndən cəmi 1 yaş böyük olan Leyla şəhərdə yaşayan rəfiqəmdir. Hər il yay tətilində bizim qonşuluğumuzda yaşayan nənəsigilə qonaq gəlir. Birlikdə çox əyləncəli vaxt keçirirdik, yayın necə gəlib-getməsindən heç xəbər tutmazdıq. Qışda da məktub vasitəsi ilə əlaqə saxlayırdıq. İndi onun zəngi mənə xoş bir sürpriz oldu:
-Hə, Leyla mənəm necəsən? Nə yaxşı ki, zəng etdin.
-Yaxşıyam Nailə. Siz necəsiz? Mamagil necədi?
-Mən dərsdən indi gəldim. Mamagil hüzür yerinə ged...-sözüm ağzımda yarımçıq qaldı. Leylanın həyacanlı səsini eşitdim:
-Nə? Nailə, bu yas xəbəri həqiqətdir?
Onun belə həyacanla danışmasına çox təəccüb etdim. Bildiyim qədəri ilə rəhmətə gedən yaşlı, xəstə  kişi onlara uzaq qohum düşürdü. Leyla onu 1-2 dəfə ancaq görmüş olardı.
-Hə Leyla, əlbəttə həqiqətdir. Mamagil də elə ora gediblər. Allah rəhmət etsin.
Dəstəkdən səs kəsildi. Dəstəyi qulağımdan ayırıb Leylaya baxırmış kimi heyrətlə baxdım: "Nə olub buna? Dəli olub nədi, heç sağollaşmadı da".
Kefim pozuldu.
Telefon zəngi
Əynimi dəyişib anamın bişirdiyi yeməyi ləzzətlə yeməyə başladım: "Canım anam əlini hansı yeməyə vursa, dadından doymaq olmur". Bayırdan yaşıdlarımın səsi eşidilirdi. Dünənki top oyunumuz yarımçıq qalmışdı.Tələsik yeməyimi yeyib stolu yığışdırdım. Anam dərslərimi hazırlamamış oynamağa icazə vermirdi. Fürsətdən istifadə edib uşaqların yanına qaçdım. "Bir az oynayıb qayıdaram" deyə fikirləşdim. - "Anam gələndə evdə olaram artıq".
İndi isə sizə, bizim bu söhbətdən sonra Leylagilin evində baş verən, özümün də sonradan eşidəcəyim hadisələrdən danışım: Leyla ilə mənim çox qısa sürən telefon danışığımızdan sonra evlərində çox gərgin vəziyyət yaşanıb. Çünki Leyla tamam başqa bir insanı nəzərdə tutub soruşub ki, "Bu yas xəbəri həqiqətdir?" Mən isə həqiqətən də ölən insanın xəbərini təsdiqləmişəm. Məsələ bir az dolaşıqdı, bacardığım qədəri ilə çalışacam aydın yazım: Bu rəhmətə gedən onlara yazdığım kimi uzaq qohum düşür, lakin bu kişinin (rəhmətə gedənin) qudası (eyni zamanda qaynı) Leylanın anasının doğma və əziz dayısı oğlu olur. Rəhmətə gedənin qızı, Leylanın anasının dayıoğlusunun oğlu ilə ailə qurub (dayıqızı, bibioğlu). Onlar ailə qurandan sonra xaricə köçüb, orada yaşayırlar. Qızın atası öləndə onlara təcili teleqram vurulur (o dövrdə hələ əl telefonu yox idi). Teleqramı vuran da gəlinin bacısı olur (rəhmətə gedənin qızı). O da həyəcanından heç kimə müraciət etmədən belə yazır: "Ata rəhmətə gedib.Təcili gəlin". Təbii ki teleqram evin kişisinə göndərilir. Bu ailə də teleqramı alıb təbii ki itkidən çox pis olur. Ancaq çaşbaş qalırlar. Görəsən kimin atası rəhmətə gedib? Teleqramı yazan gəlinin bacısı olsa da kişiyə göndərildiyi üçün ilk ağla gələn kişinin atası (Leylanın anasının dayıoğlusu) olur.
Uff..Dilim dolaşdı. Uzun sözün qısası hamı ölənin yanlış adam olduğunu zənn edir. Nə isə bunlar bütün qohumlara, tanışlara zəng edirlər ki, həqiqəti öyrənsinlər. Ancaq əlaqə heç çür alınmır. Bir çoxuna düşə bilməyiblər, bir çoxu da evində olmayıb. Nəhayət Leylagilə zəng ediblər. Onlar da məsələdən agah olanda çox pis olublar. Leylanın anası orta yaşlı dayıoğlunun qəfil ölümünə inana bilmir. Lakin hər şeyin dəqiq olması üçün onlar da bütün qohumlara,tanışlara zəng ediblər. Heç kimlə əlaqə qura bilməyəndə Leyla mənə zəng edib (Bəlkə də həmin dəqiqə mən də evdə olmasaydım və yaxud məktəbdən bir az gec gəlsəydim, bu həngamə olmazdı ). Sonra da yuxarıda yazdığım o məşhur telefon danışığı olub. Məsələ bundadır ki, Leyla anasının sevimli dayıoğlusunu nəzərdə tutub soruşub,mən də bildiyimiz adam haqqında danışmışam (Heç o dayıoğlu mənim yadımda belə yoxdur). Leyla da sağ olsun,heç olmasa adını çəkib soruşsaydı, mən də bilərdim ki,söhbət kimdən gedir. Nə isə bu danışıqdan sonra Leylanın anasının ürəyi tutub (ürəyi xəstə imiş yazıq qadının). Tələsik işlərini atıb bizim rayona tələsiblər. Artıq bir neçə saatdan sonra rayona gəlib çatıblar. Rayona dayıoğlu yaşan küçəyə çatanda sakitlikdən bir az təəccüblənirlər. Küçədə insanlar yox, maşınlar yox. Adətən belə yerlərdə insan axını olur axı. Onların qapısına çatanda lap mat qalıblar. Rayon yerlərində toy, yas yerlərində həyət darvazası taybatay açıq olur. Bunların qapısı isə örtülü, hətta içəridən bağlı olub. Qapıya çatıb zəngi basıblar. Addım səsləri eşidilir və həmin kişi -Leyla ilə mənim "öldürdüyüm", hər şeydən xəbərsiz dayıoğlu qapını açır. Kişi heyrətlə üz-gözü ağlamaqdan şişmiş bibiqızısına, onun həyəcanlı ailə üzvlərinə baxır. Onlar da eyni zamanda həmin heyrətlə artıq onlara xortlamış kimi görünən dayıoğluna baxırlar. Elə bu zaman Leylanın anası tir-tap yerə yıxılır, özündən gedir.
Telefon zəngi
Hamı özünə gələndən sonra hər şey aydın olur, rəhmətə gedənin kim olduğu bilinir. Zəng edib uzaqda yaşayan ailəni də xəbərdar edirlər. Və komediya bundan sonra başlayır. Leyla özünü təmizə çıxardır, mən özümü. Hər evdə danışılır bu söhbət. Eşidənlər ləzzətlə bizim necə aləmi bir-birimə qatdığımız, sağ-sağlam adamı "öldürdüyümüz" haqda danışırlar. O vaxtdan çox keçib, bizim "öldürdüyümüz" o kişi indi də sağ və salamatdır. Allah ona uzun ömür versin. Lakin hərdən söz düşəndə bığaltı gülümsəyib atama deyir:
- "Bu qızlar, məni diri ikən öldürmüşdülər."
1 may 2013
GO BACK