Qızın iki günün içində rəngi qaçıb solğunlaşmış çöhrəsi tutqunlaşdı, yanaqları xəfifcə qızardı. Onunla qarşılaşmağı heç arzulamırdı. Üstəlik hər şeyin üstündə adamı danlayır, imkan vermir nəyisə izah etməyə. Əfsanə Mayaya baxdı:
− Nə müəllim?
− Rauf müəllim... – mızıldandı.
Əfsanə cəld ayağa qalxıb, çantasını götürdü.
− Sən hara, ay qız?
− Evə, hazırlıq var.
− Yalan demə, hələ dərs vaxtıdır.
− Nolsun, hazırlaşacam da.
Maya tərs-tərs baxdı:
− Sən bilirsən nəsən? Səni məndən yaxşı tanıyan olmaz. Canındakını bilirəm. Otur burda.
Əfsanə gülə-gülə əyilib onun yumru və azacıq pörtələnmiş yanaqlarından öpdü:
− İndi ki bilirsən, onda sabahadək. – gülə-gülə otaqdan çıxdı. Rauf əlində nəsə bir qutu ilə içəri keçdi. Qapını örtüb, əlindəkini Mayanın çarpayısının yanındakı dolabın üstünə qoydu. Stulu çəkib, onun yaxınında əyləşdi. Maya dinmirdi. Sakitcə Raufun hərəkərlərini izləyirdi.
− Necəsən?
Maya soyuq halda dilləndi:
− Yaxşı. – bir az susdu. - Siz?
− Yaxşılığa doğru... – həmişə belə deyirdi.
− Hələ gedib çatmamısınız?
− Hara?
− Yaxşılığa...
Rauf gülümsədi:
− O yol düşündüyün qədər qısa deyil...
− Nə də sonsuz olacaq qədər uzun deyil.
− Düzdür.
− Deməli, ləng gedirsiz. Bəlkə də heç getmirsiniz.
− Niyə elə düşünürsən?
− Gördüklərimin əsasında... – tutqun şəkildə müəllimini süzdü.
- Son günlər gördüklərim o qədər mürəkkəb, qarışıq şeylərdir ki, ümumiyyətlə sizin kim olduğunuzu anlaya bilmirəm. Siz axı kimsiniz, kim?
Rauf sərt baxışlarını zəifləmiş qızın üzündə gəzirdi:
− Maya, sən savadlı qızsan. Məgər bilmirsən ki, heç də həmişə hər şey zahirən göründüyü kimi olmur?
− Bilirəm... Amma kim olduğunuzu da bilmək istəyirəm...
Rauf onu eşitmirmiş kimi dilləndi:
− Görürsən, sözə baxmamazlığından nələr oldu? Mən sənə dedim axı, hələ çölə çıxma. Ətrafa nəzər salım. Yenə qulaq asmadın... - başını buladı. - Narahat olma, burda səni tamamilə mühafizə edirlər.
− Kimlər? Özünüz kimi naməlum işlərlə məşğul olanlar?
− Əsas odur təhlükəsizlikdəsən.
Maya acıqlı-acıqlı sağlam əlini yellədi:
− Çox təşəkkür, istəməz! Məni bu bəlaya salıb, hələ bir müdafiədən danışırsınız? Kim olduğunuzu deməsəniz, atama hər şeyi danışacam. Deyəcəm ki, bu vəziyyətə sizə görə düşmüşəm. O da hamısını polisə deyəcək. Qoy hər şey qanunla həll
olunsun.
Rauf gülümsədi:
− Məni hədələyirsən?
− Sadəcə xəbərdarlıq edirəm. Bəli, deyə bilərsiniz ki, mən həddimi aşıram. Danışığım da bir qız uşağı üçün namünasibdir, sərtdir. Amma, acığınıza da gəlsə də bu gündən sizin şagirdiniz deyiləm.
Rauf ayağa qalxdı:
− Narahat olma, Maya! Lazım olan hər şeyi atana danışmışam. Şagirdim olmamağına gəldikdə, əsla incimirəm. Sənin kimi şagirdlə dil tapmaq asan deyildi... Sərt danışığına qaldıqda, bu mənim xoşuma gəldi. Çünki, necə varsan, elə də hərəkət
edirsən. Həmişə belə qal. Hələlik!
− Əlvida!
Rauf bu tərs qızı gülümsər baxışla bir də süzüb, başını buladı və otaqdan çıxdı.
Maya yanındakı dolabın üstündəki qutunu əlinə aldı. Bu onun dünyada olduqca çox sevdiyi bir şey – şokolad idi...
* * *
Raufun maşında gözlədiyi artıq 20 dəqiqə olmuşdu. Həzin bir mahnı qoyub, yenə adəti üzrə oturacağa söykənmişdi. Söykənili olsa da, yandan kiminsə gəldiyini hiss edib, başını qaldırdı. Maşının ön qapısı açıldı və gələn adam oturacaqda özünü rahatlayıb,qapını bağladı.
− Bizi uşaq kimi aldadıblarmış.
Rauf kinayəli gülümsədi:
− Mən deyəndir?
− Hə... Atəş öz silahından açılıbmış.
Rauf üzünü ona döndərdi:
− İlqar, hazır ol, hələ çox şey eşidəcəksən.
İlqar ürkmüş nəzərlərini ona dikdi:
− Narahatam nəsə. Sən də bir az dəli eləmə. Nə eşidəcəm?
− Hər şey alınsa, həqiqəti.
− İnşallah!... - fikirli halda astadan dilləndi.
Maşın zoğalı rəngdə, qəhvəyi çərçivəli darvazanın qarşısında dayandı. Onlar maşından düşüb, qapının zəngini dörd dəfə səsləndirdilər. Yaşlı bir kişi qapıya çıxdı:
− Xoş gəlmisiz.
Rauf salam aldı:
− Sağ ol, Cəfər dayı. – sonra üzünü qonağa tutdu – keçək içəri.
Qapını bağladılar. Bu vaxt həyətdə oynayan qəşəng, qarabuğdayı bir qız uşağı hoppana-hoppana onların qarşısına qaçdı:
− Rauf gəldi, Rauf...
Bu Əfqanın qızı idi. Dünən Əfqanın etirafından sonra, yoldaşı ilə vacib lazım olan bir-iki şeyi götürüb Raufla bura gəlmişdilər. Az bir vaxtın içində Raufa öyrəşən balaca Fidan ata-anasının təkidinə baxmayaraq, onu öz adı ilə çağırırdı. Məzəli danışığı da vardı. Rauf da ki, uşaqlara vurğun idi. O ki, qala belə dəcəl və şirin qız uşağı. Ona görə də onu tez-tez dindirir, danışdırır, şirin-şirin sözlərinə ürəkdən gülürdü.
Fidan onlara çatan kimi, Raufun qucağına atılıb, boynuna sarıldı. Rauf bura gəlməmişdən aldığı balaca gəlinciyi ona verdi. Uşağın sevincinin həddi-hüdudu yox idi. Həyətə düşən Əfqan da, həyat yoldaşı da gülümsəyərək bu səhnəni izləyirdilər. Əfqan xəcalətlə dilləndi:
− Rauf, çox sağ ol! Sən kişi adam imişsən.
Rauf boynunu buraxmaq istəməyən qızcığazı yerə qoyub, ciddi tərzdə dilləndi:
− Sadəcə sözümün üstə durdum.
− Bunu unutmayacam, ölənəcən mən sənə borclu.
− Bu sözdən xoşum gəlmir. – Rauf üz-gözünü turşutdu. İlqar hələ də maraqla onlara baxırdı:
− Deməli, razılaşmısız. Məni də başa salın bir.
Rauf əvvəlcə ev yiyəsini təqdim etdi:
− Bu bibim və onun yoldaşıdır. Tanış olun, Əminə xanım, bu da Cəfər dayı.
Qonaq onlarla salamlaşdı. Rauf davam etdi:
− Əfqan da, ailəsi də bu iş yekunlaşana qədər burda məşkunlaşacaqlar.
Əfqan yeganə şahidimizdir.
İlqar heyrətlə ona baxdı:
– Sən hər şeyi bilirdin? – bir az da əsəbləşdi, – məni də aldadırdın,hə?
Rauf ciddiliklə onu sakitləşdirdi:
– İlqar, hər şey başqa cürdür. Bizim əsas işimiz həqiqəti ortaya çıxarmaqdır. Əfqan sənə hər şeyi danışacaq. Amma əvvəl mənim planımla hərəkət edəcəyik...
* * *
Kamran Əliyev öz şəxsi malikanəsində oturub kitab oxuyurdu. Amma fikri oxuduğu kitabda deyil, tamam başqa yerlərdə idi...
Kaş ki, Elçinə bu iş barədə ümumiyyətlə məlumat verməyərdilər. Ürəyinə dammışdı ki, qəbul etməyəcək. Çox da ki, böyük məbləğdir. Amma məsələ açılandan sonra başqa əlacları qalmamışdı...Yenidən həmin səhnəni xatırladı... Elçin kinayə ilə ona baxıb “sən ki belə acgöz idin, elə səndən bunu da gözləyərdim” dedi. Sonra da dedi ki, "heç kəsə heç nə demərəm, amma birdəfəlik bütün əlaqələrimiz kəsiləcək." Bu çıxış yolu deyildi. Axı mütləq hamı bu soyuqluğun səbəbilə maraqlanacaqdı. Hərdən əhəmiyyət vermədiyimiz kiçik hadisələr, sonda məhvə gətirib çıxarır. Onları narahat edən də bu olmuşdu. Elçinin bu sirri bir ömür boyu daşıya bilməyəcəyindən qorxmuşdular. Nəysə, özü bais oldu hər şeyə.Telefonun cingiltili melodiyası fikrini dağıtdı. Zəng edən Əfqan idi. Kamran onsuzda bayaqdan eyni səhifəsində dayandığı kitabı nəhayət ki, bir kənara qoyub, telefonu açdı:
− Nə xəbər?
− Salam Kamran müəllim.
− Nə xəbər?!...
− Yaxşı xəbər yoxdu. Hər şey alt-üst olub.
Kamran yerində dikəldi:
− Nə çərənləyirsən?
− Vallah, düz deyirəm. Mənlik heç nə yoxdur. Bu gün o xəfiyyədir,zabitdir, nədir, o oğlan gəlmişdi. İlqar müəllimlə nəsə danışdılar. Sonra da çıxıb getdilər.
Kamran söyüş söydü:
− Sən hansı cəhənnəmdəsən? Nə danışdılar, hara getdilər?
− İlqar müəllimə dedim ki, mən də sizinlə gedim. Dedi,lazım deyil. Kamran müəllim, bura kimin gəldiyindən xəbərləri var.
− Nə? – gözü kəlləsinə çıxdı. – Heç vaxt ola bilməz!
− Mən elə eşitdim.
− Sən hardasan?
− Mən ofisdə qaldım.
− Tez ol, çıx ordan. Mən hara desəm ora gələrsən.
− Oldu.
Kamran gecikmədən Mirəhmədin nömrəsini yığdı. Cəmi üç dəfə səslənən çağrı ona olduqca uzun gəldi. Yumruğunu stola vurub, yenə söydü. Eyni vaxtda telefonda bacanağının səsini eşidildi:
− Alo, Mirəhməd.
− Salam, Kamran. Nolub?
− Mirəhməd, ilişmişik.
− Ə, nə danışırsan?
− Tez ol, yığış. Ona da mütləq xəbər eləməliyik. Ondan xəbərləri var...
− Axı hardan?
− Bilmirəm. O gədədən gözüm su içmirdi. Bilmirəm necə tapıb, hardan bilib.
− Neynəyək bəs?
− Heç nə, aradan çıxırıq. Mən ona xəbər verəcəm. Sən də çıx evdən. Müvəqqəti kənddəki bağa gedək. Oranı heç kəs tanımır.
− Yaxşı, yaxşı. Tez xəbər elə.
* * *
İlqar heyrətdən donmuş halda qulaqcıqları çıxardı. Eşitdiklərinə hələ də inana bilmirdi. Rauf onu birbaşa Milli Təhlükəsizlik Nazirliyinin şöbələrindən birinə gətirmişdi.
Buradan Kamranın, Mirəhmədin və onların xəbər verməli olduqları əsas hədəfin danışdıqlarını dinləyirdilər. Artıq əsl cinayətkarlar ifşa olunmuşdular. Kamran həmin şəxsə zəng etməklə, özü də bilmədən onun kimliyini tanıtmışdı. İlqar alnını ovuşdurdu:
− Adam dəli olur az qala. Öz evimin içindəymiş sən demə.
Mən də hər şeyi açıb, onlara deyirdim. – acı-acı güldü. - Dolayırlarmış məni, tfu...
Rauf onu sakitləşdirməyə çalışmadı. Bu vaxt xüsusi formalı bir gənc içəri daxil olub, hərbi salam verdi:
− Cənab zabit, qrup artıq göndərildi.
− Aydındır, gedə bilərsiniz. - üzünü İlqara tutdu. - Gedək İlqar,onlanları siz də görməlisiniz.
* * *
Böyük bir bağ evinin ətrafında sakitlik hökm sürürdü. Bağ evinin geniş həyəti yazın gül-çiçəyi, yaşıllığı ilə örtülmüşdü.Təzəcə tumurcuqlamış, bəziləri isə çiçəkləməyə başlanmış ağaclardan bihuşedici ətir yayılırdı. Bağ evi kəndin elə mənzərəli yerində tikilmişdi ki, burada olan hər kəs dərdini-qəmini unudub, könül xoşluğu tapa bilərdi.
Yaz olmasına baxmayaraq, kəndin havasında bir ayaz da vardı. Amma adamı üşütmür, əksinə sərinlik, təravət hissi yaradırdı. Həyətdəki geniş stolun arxasında üç kişi əyləşmişdi. Onlar nə barədəsə möhkəm mübahisə edir, ortaq fikrə - razılığa gələ
bilmirdilər. Bunlar bir neçə ay əvvəl qətlə yetirilmiş iş adamı Elçin Talıbovun şərikləri Kamran Əliyev, Mirağa Babayev və onlarla tamam başqa sahədə əlbir olan orta boylu, dolu bədənli, düz, iri və çopur burunlu, qalın, sıx qaşları olan bir kişi idi. Burada gizlənəndən bəri ölkədən qaçmağın yolunu və yeni tərəfdaşlarından almalı olduqları narkotik maddələri kimə etibar etməyi müzakirə edirdilər. Hətta həmin şəxslə danışıb, malı birbaşa getməli olduqları yerə göndərmək istəyirdilər. Amma açıq-aşkar hiss olunurdu ki, Mirəhməd də, hətta Kamran da qarşılarındakı bu “bədheybət” görünüşlü kişidən çəkinirlər. Kamran mümkün qədər sakit danışmağa çalışdı:
− Razılaşmışdıq ki, 50-50-yə böləcəyik. Amma sözünün üstündə durmursan. Hələ üstünüzdə ölü də var...
Kişi qalın qaşlarını düyünlədi:
− Belə olacağını deməmişdiniz heç biriniz. İşləri korladınınız. Heç bir oğlanı da aradan götürə bilmədiniz.
− Bunun pula dəxli yoxdur! – Mirəhməd əsəbi halda qışqırdı. Kişi sərt baxışlarını onun üzündə gəzdirdi:
− Adam elədim, qudurdun?
Kamran Mirəhmədlə ani baxışdı. Bu kişinin heç xoşuna gəlmədi. İndi onlar üz-üzə yatan canavarlara bənzəyirdilər. Bir-birini parçalamaqdan qorxaraq, ehtiyatla baxışırdılar. Kişi astaca əlini stolun üstündəki tapançaya qoydu. Bacanaqların baxışından xəyanət qoxusu gəlirdi...Kamranla onun əli eyni vaxtda qalxdı, lakin bircə anın səhvi Kamranın alnında qırmızı dəlik açdı. Kişi çox sərrast atıcı idi. Qorxuya düşmüş Mirəhməd tir-tir əsməyə başladı. Stolun üstünə sərələnmiş Kamrana tərəf baxmağa belə cəsarət etmədən, dili dolaşa-dolaşa yalvarmağa başladı:
− Qurban olum, mənə dəymə. Hamısı sənin olsun. Bunu da özüm basdıraram. - Kamranı göstərdi. – Qoy rədd olum, gedim burdan, nə mən səni tanıyıram, nə də sən məni...
Kişi soyuqqalıqla onun sözünü ağzında qoydu:
− Mənə şahid lazım deyil!
İkinci güllənin səsi bağın divarları arasında əks-səda verdi. Silahını əlindən qoymadan, sanki heç nə olmayıbmış kimi ayağa qalxmaq istəyirdi ki, həyətin hasarlarından içəri aşan
maskalı şəxslər onu mühasirəyə aldılar:
− Təslim olun! Silahı atın! Həbs olunursunuz!
Kişi kinayə ilə gülümsəyib, silahı yerə tulladı:
− Bu da axırı...
Həyətin böyük qapısı açıldı. İlqarla Rauf da qrupunun başçısının ardınca içəri daxil oldular. Kişini görən İlqar təəccüblə içini çəkdi:
− Bu ki, ən məşhur mərkəzi bankın sədridir. – bankın adını çəkdi.
Doğrudan da təəccüblü idi. Onun nəyi çatmırdı görəsən? Rauf qaşqabaqla meyidləri göstərdi:
− Bunlar da yeznələriniz.
İlqar onları indi gördü. Kamranın dağılmış beynini görəndə halı dəyişirdi, beləsini heç görməmişdi. Rəngi tamam qaçdı. Öz-özünə danışırmış kimi pıçıldadı:
− Allah heç vaxt nahaq qanı yerdə qoymur, Kamran. Elçin nahaq getdi. Amma, heyif ki, bacılarım da bədbəxt oldu...
Kişinin əl-qolunu qandallayıb maşına oturtdular. Meyidləri isə xəstəxana maşınına yüklədilər. Gördüyü mənzərədən hələ də özünə gəlməyən İlqar ürəkbulanmasının qarşısını almaq üçün maşınından tapdığı turşməzə konfeti dilinin altına
qoymuşdu. Rauf fikirli halda söhbətini yekunlaşdırdı:
− Onlar narkotika ilə bağlı Elçinə hansısa iyrənc təklif ediblər. Elçin də qətiyyətlə rədd edib. Bu zaman öncədən ehtimal edib, planlaşdırdıqları qətli həyata keçiriblər.
İlqar ürək ağrısıyla pıçıldadı:
− İnana bilmirəm, inana bilmirəm. Biz nə tufana düşdük.
Rauf cavab vermədən, diqqətini yola verdi. Bakıya hələ çox qalmışdı.
* * *
Evə çox yorğun qayıtdı. Qapının zəngini çalan kimi, qarşısına atası çıxdı. Elə bil hazır qapının qarşısında dayanmışdı. Oğlunu başdan ayağa süzüb arxayınlaşdı.
− Demək uğurlu keçib.
Rauf gülümsədi:
− Yenə mənimlə maraqlanmısan...
− Əlbəttə!
− Ehh, ay ata... - acı-acı güldü. - Bilirsən bu işin başında kim dayanırmış? - atasının sual dolu gözlərinə baxdı. - Aytacın bankir qayınatası...
Mahir əvvəlcə heyrətləndi, sonra mənalı tərzdə başını buladı:
− Gec-tez belə də olmalı idi!
Birlikdə qonaq otağına keçdilər. Rauf qəfil şaşırdı. Stolun baş tərəfində - anasının yanında arıq, hündürboy bir oğlan əyləşmişdi.
− Elxan?!
Elxan gülə-gülə qollarını açıb qardaşını qucaqladı:
− Başqa qardaşın da var?
Ana və ata eyni boy-buxunda olan oğlanlarını fərəhlə süzürdülər.
− Nə vaxt gəldin sən, hə, kişi?
Elxan gülər üzlə özünü divana atdı:
− Bayaq, təyyarə ilə. Əvvəlcədən özüm demədim ki, sürpriz olsun. Dedim həm bayram tətilinə gəlim, həm də bir səni evləndirim, sonra qayıdım.
Rauf gülüb əlini onun kürəyinə vurdu:
− Xatakar!
Atası ciddiliklə dilləndi:
− Rauf, bura qədər şans verdik bəsdir. Ya qız tapırsan, ya da bir həftəyə özüm bir qızın qolundan tutub, gətirəcəm bu evə.
Rauf dinmədi. Atası təkidlə:
− Özün bil. Gözüm bir qızı tutub, onda sabahdan gedirəm elçiliyə. Susmaq razılıqdır.
− Nə qız?
− Əla bir qızdır, sarışın, hündürboy.
Rauf üz-gözünü turşutdu:
− Sarışın lazım deyil.
− Niyə? Başqası da var... Şabalıdı saçlı, yumrusifət. Onda onlara gedərik. - Raufun uğunduğunu görüb, şəhadət barmağını ona silkələdi. - Ciddi deyirəm, gülmə. Demək ki, razısan.
Rauf ayağa qalxdı, gödəkçəsini götürüb, dəhlizə çıxdı. Orda ucadan səsləndi:
− Bəs olmaz ki, mənim dediyimə gedəsiniz?
Otaqdan ananın çaşqın səsi eşidildi:
− Ay sənə qurban olum!
* * *
Qızıl payızın son ayı idi... Artıq iki ay yarım idi ki, Maya İncəsənət Universitetinin tələbəsi idi. Dərslərə həvəslə hazırlaşır, yaxşı oxuyurdu. Avtoqəzadan sonra aldığı zədələr də tamamilə sağalmışdı. Bu gün onun ad günü idi. Dərsdən icazə alıb evə tez gəlmişdi. Anası demişdi ki, axşam dayıları, xalaları, bibisi qonaq gələcək. Birlikdə 19 yaşını qeyd edəcəklər. Otağına keçib gündəliyini vərəqlədi. Bu gündən təzə gündəlik tutacaqdı. Keçən ilin xatirələrini yazdığı kitabçada daha yer qalmamışdı. Ötən günləri səhifələyib, ötəri baxdı. Bu vaxt Rauf müəllim haqqında yazdıqları fikirlər, əhvalatlar qarşısına çıxdı...O hadisədən sonra, daha hazırlıqdan çıxmışdı. Amma atası Raufun əslində kim olduğunu deyəndə xeyli xəcalət çəkmişdi. Sən demə Mayanın quldur sandığı müəllimi, ehtiyatda olan zabit, həm də çox yaxşı xəfiyyə imiş. Sonradan istəmişdi zəng edib üzr istəsin, amma utanmışdı, həm də qüruruna sığışdırmamışdı. Qapının zəngi çalındı. Yeməyi qarışdıran İradə xanım bərkdən səsləndi:
− Maya, qapı...
Maya tez gündəliyi döşəyin altına qoyub, qapıya cumdu.Qapını açanda təəccübündən və heyrətindən çaşıb qaldı. Gözlənilməz qonaqların gəlişi onu çox heyrətləndirdi.
Gələn Raufun atası Mahir və anası Gülnaz xanım idi. Ailəsində Mayadan başqa heç kəs onları tanımırdı. Gülnaz xanım çaşqın-çaşqın onlara baxan qızı qucaqlayıb öpdü:
− Ad günün mübarək, qızım.
Mahir də qızın alnından öpdü:
− Qızımız bir düymə də böyüdü. – gülümsünüb qapıya gələn Eldarla əl tutuşdu. Maya baş verənlərdən hələ özünə gəlməmiş, əl telefonunun melodiyası səsləndi:
− Bəli?!
− Səni təbrik edirəm, Maya.
Raufun səsini o dəqiqə tanıdı.
− Çox sağ olun, müəllim.
Raufun onun sözünü özünə qaytardı:
- Müəllim məktəbdə olur...
− Haradan bildiniz ad günüm olduğunu? Valideynlərinizə də nahaq əziyyət verdiniz. Mənə görə zəhmət çəkiblər.
− Maya, – bir an susdu – onlar əziyyəti mənə görə çəkiblər...
− Necə yəni? – qız səsinin titrədiyini hiss etdi.
− Sabaha kimi hər şeyi biləcəksən...
− Məsələn?
− Həmişəki kimi çox sual verirsən. Amma mənim belə xoşuma gəlirsən. Hələlik...
Maya otaqda heç kəsin olmadığını bildiyi halda, qeyri-ixtiyari ətrafına boylandı. Sanki, söhbətini kimsə eşidəcəkdi. Sonra əlini allanmış yanaqlarına apardı. Üzü od tutub yanırdı. Birdən-birə öz halına gülməyi tutdu. Bu dəqiqə özünü dünyanın ən xoşbəxti sayırdı. Ağlından ani fikir keçirtdi. Gülümsəyib, səs-küy gələn qonaq otağına qaçdı...
Son.