Qadin.NET / Xəyanət qoxusu (XIII hissə)

Xəyanət qoxusu (XIII hissə)

Sənə görə təəssüflənirəm, Rauf. O qız da heç bir təqsiri olmadan həyatını itirəcəkdi. Görünür doğru yoldasan. İzə düşmüsən ki, onlar belə hərəkətə gəliblər. Bəs məndən istədiyin nədir?
Rauf yerində dikəldi:
− Əvvəla, bu işin açılmasını istəyirsinizsə, işin gedişi haqqında əsla heç kəsə heç nə deməyin. Əsla! Yeznələrinizə, bacılarınıza, köməkçinizə, heç kəsə!
− Onlar yad deyillər axı.
− Heç ailənizə də...
İlqar duruxdu:
− Yaxşı, demərəm. Bəs sonra?
− Mənim üçün təcili öyrənin ki, Elçinə hansı silahdan atəş açılıb.
− Bu artıq məlumdur.
− Xeyr! – kəskinliklə onun sözünü kəsdi, – məlum deyil!
Çünki, ona öz silahından atəş açıblar.
İlqar heyrətdən dondu:
− Nə danışırsan?
− Düz eşitdiniz. Buna əminəm. Siz bütün əlaqələrinizdən və maddi gücünüzdən istifadə edib bunu yenidən araşdırın. Amma səs-küy yaratmayın, heç kəsə də qətiyyən bir kəlmə də deməyin. Bu yalnız ziyanımıza işləyər.
− Yaxşı, oldu. Bunu mütləq öyrənəcəm. Başqa?
Rauf ayağa qalxdı:
− Başqası odur ki, özünüzdən də muğayat olun. Bir də mərhumun cangüdəni Əfqanla təcili görüş təşkil edin, onunla danışacaqlarım olacaq.
− Bu elə indi də mümkündür. Əfqan indi bizdə işləyir.
Stolun üstündəki aparatın düyməsini sıxdı:
− Əfqanı yanıma çağır! - alnını ovuşdurdu, - o yaxşı oğlandır.
− Həm də sadəlövh. - Rauf əlavə etdi.
Əynində açıq qəhvəyi nazik gödəkçə, cins şalvar olan, boybuxunlu Əfqan qapını açıb, sakitcə içəri daxil oldu:
− Məni çağırmısınız, İlqar müəllim?
− Çağırmışam, keç əyləş.- stola işarə etdi. - Raufu tanıyırsan artıq. Səninlə danışılası sözü var.
Oğlanın necə dilxor olduğu o dəqiqə üzündən hiss olundu. Amma dinmədi, keçib Raufla üzbəüz əyləşdi:
− Hələ işi qurtarmamısan?
− Yardımınızla tez qurtararam.
Əfqan yerində qurcuxdu. Gözucu İlqara baxıb, yenə Raufa sarı döndü:
− Bacadığımı etmişəm, edəcəm də...
− Onda deyin görüm həmin gün silah niyə sizdə qalmışdı?
Əfqan caşqın- caşqın gah İlqara, gah da Raufa baxdı:
− Nə silah? Mən onu rəhmətlik Elçin müəllimə vermişdim.
Rauf onun gözlərinə baxdı:
− Verməmişdiniz Əfqan, verməmişdiniz!
Əfqan hövsələdən çıxdı:
− Sübutun olmadan heç vaxt boynuma şər ata bilmərsən.
Həmişə ofisə gələndə silahı ona təhvil verirdim.
− Amma bu dəfə verməmişdiniz.
− Dedim vermişdim, bilmədiyini üzümə durma!
İlqar sərt səslə acıqlandı:
− Əfqan, sakit ol! Heç kəs sənə şər atmır. Nə var, nə bilirsən hamısını de, and olsun ki, səninlə heç bir işim olmaz.
Əfqan əsəbi hərəkətlə ayağa qalxdı:
− İlqar müəllim, inciməyin. Amma öz haqqlarımı bilirəm. -otaqdan çıxdı.
Rauf İlqarla tələsik sağollaşıb, onun ardınca tələsdi. Əfqan aşağıda dayanmış qapıçıya əl-qolunu ölçə-ölçə nəsə danışırdı. Aşağı düşən Raufu görüb qaşqabağını tökdü. Rauf onlara yaxınlaşdı:
− Əfqan, səninlə bircə kəlmə təklikdə danışa bilərik?
− Yox!
− Yalnız beş dəqiqə.
Əfqan sifətini turşudub, onu işarə ilə dəhlizin başındakı boş otağa çağırdı.
Rauf Əfqanın əyləşməsinə əhəmiyyət vermədən, ayaq üstə divara söykəndi:
− Əfqan, sən pis adam deyilsən. Bilirəm, yəqin səni qorxuzublar.
Ailən var... Amma bizə kömək eləsən, söz verirəm ki, sənə nəsə etmələrinə imkan verməyəcəm. Səni həbs etməyəcəklərinə zamin dururam.
Əfqan başını döndərdi:
− Səncə mən uşağam?
− Uşaq deyilsən, Əfqan, uşaq deyilsən. Ona görə də taleyin haqqında düşünməlisən. Sən kömək eləməsən, məsələni başqa yolla öyrənməli olacağıq. Onda da, xəbər tutub səni cəzalandıracaqlar. Biz də səni qorumalı olmayacağıq. Bunları başa düşürsən?Əfqan söhbətin yazıldığından xəbərsiz halda, böyümüş gözlərini
ovuşdurdu:
− Onsuz da məni sağ buraxan deyillər. Tanımırsınız onları.
− Əfqan, onlar kimdir?
− Deyə bilmərəm, heç cür.
− Dedim axı, mən sözümün üstündə duracam. – onun dinmədiyini görüb, dilləndi, – istəyirsən, mən deyim. Kamran Əliyev və Mirəhməd Babayev...
Əfqan qorxmuş gözlərini heyrətlə qaldırıb Raufu süzdü.
Sonra sanki sustaldı, stulda qolları yanına sallandı:
− O, bağışlamayacaq, heç vaxt.
− Hansı?
− Elə hər ikisi, əsas da Kamran.
− Sən narahat olma, hər şeyi danış bizə.
Əfqan birdən yerindən sıçrayıb,ayağa qalxdı:
− Mən heç nə bilmirəm. Heç nə də danışan deyiləm. Guya çox ürəyin yanır mənə. Sənin kimilərin fikrindəki ancaq puldur. Səni o maraqlandırır ki, iş açılsın, sən də birə beş alasan. Guya çox vecinəyəm elə? Aralıqda qalan da mən olacam. Başıma nə iş gəlsə də, heç maraqlanan olmayacaq. – çıxıb getmək istədi.
Rauf onun qolundan tutub saxladı:
− Əfqan, qulaq as mənə, inan ki peşman olmazsan. Onsuz da onlar səni elə-belə buraxan deyillər. Əgər nəsə bilirsənsə danış. Həm cəzan yüngülləşər, həm əsl cinayətkar həbs olunar. – Əfqanı acıyacaq bir baxışla süzüb, davam etdi. – həm də iş yekunlaşana qədər ailən də, sən də ciddi mühafizədə olacaqsınız.
Əfqan kobudluqla qolunu ondan çəkdi:
− Özünü yorma! Heç nə deyən deyiləm. – deyib qapıya tərəf addımladı.
Rauf öz-özünə deyindi:
− Yaxşı, nə deyirəm ki. Neynək, danışdıqlarını aparıb İlqara verərəm. Daha qalanını araşdırmaq öz işidir. – guya keçib getmək istədi.
Əfqan birdən-birə sustaldı:
− Sən onları tanımırsan...
Rauf döndü:
− Onu deyə bilmərəm, amma ola bilsin Elçini sən qətlə yetirmisən,bu aşkar olsa sənin üçün heç də yaxşı olmayacağını bilirsən...
Əfqan key-key onun üzünə baxdı:
− Mən öldürməmişəm, and olsun Allaha. – ağlamağa başladı.
Rauf acıqla onu süzdü, qaş-qabağını tökdü:
− Kişinin heç nədən ağlamasını xoşlamıram. Xüsusən də qorxudan. Hələ indidən belə edirsən.
− And içirəm, Allah haqqı, məscid haqqı, Quran haqqı, imam haqqı... Daha nəyə and içim ki, inanasan? – rəngi saralmış Əfqan yalvarıcı səslə ağlamsındı. – Nə bəlaya düşdüm mən, ay Allah.
Rauf sakitliklə başını buladı.
− Sən bunu əvvəldən düşünərdin. Qətl baş verən kimi, polisə xəbər versəydin heç nə olmazdı.
− Sənə dedim axı onları tanımırsan. Onlar hər şeyi bacararlar. Hələ polisi də alarlar pulla, məhkəməni də, appelyasiyanı da. Hələ desən...
Rauf hirsləndi:
− Saxla görək, ən nifrət etdiyim şey adamların bilmədiklərini danışmasıdır. Sənin dediyin kimi dırnaqarası hüquq işçiləri var. Amma qurunun oduna yaşı yandırma. Xeyirin olduğu hər yerdə şər də mütləq var. Eləcə də əksinə. Bu yazılmamış
qanundur. Amma görməzə-bilməzə hər kəs haqqında bildiyini də, bilmədiyini də danışma. Bütün asayiş işçiləri dediyin kimi olsaydı, insan insan əti yeyərdi...
Əfqan susurdu. Artıq gələcək aqibətini gözünün önünə gətirir, haldan-hala düşürdü.
Yavaşca pıçıldadı:
− Od vuracaqlar, başıma oyun açacaqlar, sağ qoymayacaqlar, Vallah...
Rauf onun dediklərini eşitmirmiş kimi, stul çəkib üzbəüz əyləşdi:
− Mən bilirəm ki, mərhumu öz silahı ilə qətlə yetiriblər. Buna əminəm. İlqar bunu bütün vasitələrlə gizlincə araşdırıb mənə xəbər verəcək onsuzda. İkincisi, sən silahı hər günkündən fərqli olaraq Elçinə verməmişdin. Ola bilər, bunun üçün hansısa
bəhanə gətirmisən, ya da başqa nəsə... Amma sonra nə baş verib? Məni çox şey maraqlandırır. Mən bilirəm ki, o kimisə gözləyirmiş. Çünki qapıçıları, sürücünü evə yola salıb. İş vaxtı qurtardığı üçün işçilər də evlərinə dağılışıblar. Amma o kimisə
gözləyib... Gözlədiyi qonaq onun ürəyincə olmasa da, amma yenə də gözləyib. Kiminlə görüşüb o? – Əfqanın susduğunu görüb çox sakit səslə dedi. – sənin başqa yolun yoxdur, Əfqan. Nə qədər ki, başın üstündədir, danış. Bilirəm ki, səni də bura
İlqara gözətçi qoyublar. Onun işlərini, əlaqələrini xəbər vermək üçün. Bütün bunlardan xəbərim var. Amma həmin gün nə baş verdi, gələn kim idi?
Əfqan gözlərini ağır-ağır qaldırdı:
− Mənim xəbərim yoxdu. Məscid haqqı, gələnin kim olduğunu görməmişəm. Ancaq... – azacıq susub, Raufun zəhmli üzünə baxdı, – ancaq gördüyüm onlar idi... Kamranla Mirəhməd. Bilirdim ki, onun qonağı olacaq. Nəsə vacib danışıq
olmalı idi. Bir gün əvvəl mən evə gedəndə mənə basqın elədilər. Bir də gözümü açanda, gördüm Kamran durub qarşımda. Mirəhməd də yanımda. Dedim ki, bu nə deməkdir, Kamran müəllim? Soruşdu ki “arvadını çox istəyirsən?” Dəli olmuşdum
az qala. Ürəyimə min cür qara-qara fikirlər gəldi. Necə istəməyərdim axı, – köks ötürdü, – neçə il yalvar-yapışdan sonra, birtəhər razı oldu atası. Nəysə, soruşdum o nə sözdür,Kamran müəllim? İnan alaqaranlıq otaqda Kamranı o sifətdə
kim görsəydi davam gətirməzdi. Diqqətlə gözümə baxdı, Vallah, bir saniyə də baxa bilmədim. Nə qədər nifrət, kin olarmış baxışda. Qəddarlıq, cəlladlıq yağırdı əclafın üz-gözündən. Əlində də bir tapança, özü də əlcək geyinmişdi.
Dedim, Kamran müəllim, Vallah heç nə başa düşmədim...Güldü... Dedi ki, “bu silahı tanıyırsan?”. Diqqətlə baxdım ki, Elçin müəllimin silahıdır. Ofisdə olanda özünə verirdim, evə gedəndə yenə mənə qaytarırdı. Evdə silah saxlamaqdan, silah
gəzdirməkdən qəti xoşu gəlmirdi. Deyirdi, silah adamı ondan istifadəyə sövq edir... Nəysə, üstümdən açmışdılar. Dedim,“tanıyıram.” Dedi ki, “bu silahda təkcə sənin, bir də Elçinin əl izi var. Onu öldürüb, sənin üstünə atardım. Lap lazım
gəlsə, səni də öldürərdim ki, guya qorxudan intihar etmisən. Amma, yazığım gəlir, başa düşən oğlansan. Həm ailəlisən, gənc, gözəl qadının var..."Bu sözləri eşidəndə necə dəhşətə gəlmişdim. Onlar uzaq qohum idilər axı. Amma, doğrusu Elçin müəllimi gözü götürmədiyini bilirdim... Hiss eləmişdim... – udqunub, azacıq susdu.
Rauf səbirsizliklə:
− Bəs sonra?
Əfqan başını buladı:
− Sonra heç nə. Məni ailəmlə hədələdilər. Kiməsə nəsə desəm min cür dəhşətli cəzalar sadaladılar. Özümə görə qorxmurdum, ailəmə görə, körpə qızıma görə... Nəysə, dedilər ki, sabah silahı bir bəhanə ilə Elçinə verməyim. Deyim ki, guya
maşında qalıb, ya nə isə bir bəhanə. Onsuzda onun xasiyyəti elə idi ki, verməsəm heç istəməzdi, maraqlanmazdı da. Bir də dedilər ki, guya bir nəfərin ora gəldiyinə şahidlik etməliyəm.
Amma çox təsadüf ola bilər ki, bütün bunlara ehtiyac olmasın, hamısını da unudum getsin. İnan, Allaha necə yalvarırdım ki, kaş heç nə olmasın. Qətl hazırlandığını başa düşmüşdüm artıq.
Rauf fikirli halda onun sözünü kəsdi:
− Deməli dəqiq deyilmiş. Yəni, orda hansısa vacib söhbət gedəcəkmiş, bu da Elçinin taleyini həll edəcəkdi. Kamranla Mirəhməd ora gəlir, silahı səndən alırlar. İçəridə nəsə danışırlar, söhbət alınmır. Elçini gözləmədiyi halda öz silahından
qətlə yetirirlər. Və, çıxanda, – birdən duruxdu, dayan bir, deməli səni də onlar yaralayıb, özü də gözləmədiyin halda.
Əfqan təəccüblə ona baxdı:
− Elə bil orda olmusan. Amma, bir az başqa cürdür. Qonaq tamam başqa adam idi.
Rauf dikəldi:
− Kim?
− Bunu görə bilmədim. Kamrangil məni postumdan uzaqlaşdırdılar.
Heç yarım saat keçməmişdi ki, içəridən Elçin müəllimin səsi gəldi. Nəsə deyib, acıqlandı. Sonra da atəş səsi eşitdim. Canıma üşütmə düşdü. Məscid haqqı, dizlərimi
saxlaya bilmirdim, dayana bilməyib stula çökdüm...Bu vaxt qapı açıldı, Kamran tələsik mənim tuşuma gəldi. Güclə ayağa qalxdım. Dedi “şərtimiz yadında?”. Dedim “hə”.
Qorxumdan özümdə deyildim heç. Boğazım qurumuşdu. Silahı qaldırıb mənə tuşladı, dedi “kiməsə nəsə desən, özünü ölmüş bil, gözümüzün altındasan”, bir atəş açdı. Yıxıldım. Daha heç otaqdan kimin çıxdığını da görmədim. Onlar uzaqlaşandan
sonra polisə zəng vurmalı idim...Nəysə, sonra başa düşdüm ki, məni niyə öldürmək istəməyiblər. Onlara şahid lazım idi, yalançı şahid. Bir-iki nəfəri pulla
şahid tutmuşdular ki, guya “qatil” ofisin binasına girəndə görüblər.
Amma içəridə də kimsə olmalıydı. Özü də yaxın adamlardan. Öz silahı ilə də ona görə vurmuşdular ki, mən tərəfdən arxayın olsunlar. O silah tək məndə olurdu, bilirdilər ki. bununla qorxu altında saxlaya bilərlər məni. Məntiqə görə
də, “qatil” ancaq Elçin müəllimə görə gəlmişdi, məni öldürməməli idi. Sonra da silahı özümə qaytardılar.
Rauf qaşqabaqla dilləndi:
− Həbs olunan adam da, guya onu öz silahı ilə öldürüb. İndi, şəhərdə çoxları şəxsi silah saxlayır evində. Müdafiə üçün. Hardan biləydi ki, silahından günahsız yerə öz əleyhinə istifadə olunacaq. Ona görə deyiblər ki, adam hər danışdığını yüz ölçüb
bir biçməlidir. Həmin adam, hirslənib Elçini hədələmişdi. Sonra da bu əhvalatı çoxdan unudub. Amma bu vaxt orada olan qatillərin yadından əsla çıxmayıb. Daha da işlərini yüngülləşdirib.
Əfqan yazıq-yazıq dilləndi:
− Bəs indi nə olacaq? Onlar bağışlamayacaq. Heç vaxt! Mən cəhənnəm, amma...
Rauf sözünü kəsdi:
− Bu gündən siz xüsusi mühafizə altında olacaqsınız. Qalır bircə gələnin kimliyini araşdırmaq. O da məlum olsa, onların şansı qalmayacaq. Yoxsa, həmin adam qisas ala bilər. Elələri məqsədləri üçün hər vasitəyə əl atırlar.
Telefonu götürüb kiməsə zəng etdi...
* * *
Maya gözlərini açıb, ətrafına baxdı. Şaşqınlığı bircə an çəkdi.Yenə də palatada olduğunu, bura qəza nəticəsində düşdüyünü xatırladı. Başını döndərəndə anasını gördü. O, stulda oyaq kimi oturmuşdusa da, deyəsən gözlərini yuxu tutmuşdu.Ona yazığı gəldi. Kaş Rauf müəllimə qulaq asardı. Onda bütün bunlar olmazdı. Amma elə bu vəziyyətə onun ucbatından düşməmişdimi?! Ürəyində Raufu yamanladı. Birdən sağ qalmasaydım, ya da ömürlük şikəst olsaydım?! Necə olardı, nə edərdi yazıq valideynlərim. Allah bilir, dünəndən bəri nələr keçiriblər. Mayanın yanında özlərini şən göstərirlərsə də, halları üstlərində deyil hələ də...Yenidən gözlərini yumdu. Bu vaxt dəhlizdən səs eşidildi.
Nəzarətçi tibb bacısı kiminləsə mübahisə edirdi:
− Dedim ki, olmaz! Tapşırıblar ki, ailəsindən başqa heç kesə girmək olmaz içəri.
− Mən "heç kəs" deyiləm, mənə olar.
− Ay balam, niyə başa düşmürsən? Bu camaata niyə söz çatdırmaq olmur, görəsən? Dedim ki, olmaz!
− Vallah, özünə desəniz ki, gələn mənəm, deyəcək gəlsin. Qoyun keçim, ən yaxın rəfiqəsiyəm, bacısıyam...
Maya Əfsanənin səsini tanımışdı. Sevincindən ürəyi əsdi. Gör yanıma gəlmək üçün nə qırğın salıb. Ay səni, hardan bildi ki, bu dəqiqə onu fikirləşirdim. İradə xanım diksinən kimi olub, ayağa qalxdı. Qızının oyandığını görüb, alnından öpdü:
− Can, oyanmısan?
− Hə... De ki, Əfsanəni buraxsınlar içəri.
− Sən dincəlməlisən axı...
− Ana...
− Yaxşı. – İradə xanım narazı qalsa da, çölə çıxdı. Az sonra Əfsanə acıqlı-acıqlı tibb bacısına göz süzdürüb, içəri keçdi. Çarpayıda başı sarıqlı, qolu gipsdə olan qızcığaza
baxıb, kövrək səslə:
− Maya... – dedi, ağlaya-ağlaya yüngülcə onu qucaqladı. Dəfələrlə o üz, bu üzündən öpdü:
− Bağışla, xətrinə dəydim dünən. Sənin dərdinə şərik olmaqdan, daha da küsüb getdim. Canım mənim, gözəl dostum bağışla...
Maya da ağlamağa başladı. Dünəndən bəri içinə dolmuş, sanki boğazında tıxanmış göz yaşları yumru yanaqlarından yuvarlanaraq, balıncına damcılandı. Qarşısındakı ən əziz, ən doğma adamı tək qolu ilə bərk-bərk özünə sıxdı:
− Sən məni bağışla, kobudluq elədim. Sənlik nə var ki, könlümü alıb güldürmək istəyirdin.
Yenə bir-birinin göz yaşına islanmış üzlərindən öpdülər. İradə xanım qapını açıb onları bu halda görəndə, ürəyi kövrəldi, içəri girməyib qapını örtdü. Əfsanə əlinin arxası ilə gözlərini sildi:
− Nə pis qızsan sən, niyə xəbər verməmisən ayılan kimi? Bu gün səhər dərsdə gördüm gəlməmisən, çox təəccübləndim. Fikirləşdim ki, tənəffüsdə zəng vuraram. Elə dərsin ortasında Eldar dayı müəllimə zəng eləyib hadisəni dedi. Uşaqlar hamısı
çox narahat olublar. Mənim lap ürəyim partlamışdı. Başladım ağlamağa. Müəllim gördü sakitləşmirəm, dedi ki, yaxşı, dur get evə.
− Sən də dərsdən qalmağa bəhanə tapdın, hə?
İkisi də gülüşdülər. Əfsanə burnunu çəkdi:
− Nə bilmişdin?! Hələ sən var ha! Elə bilirdin belə asanlıqla canını qurtaracaqsan? Hələ cəza müddətin bitməyib, ona görə Allah aparmadı yanına.
− Nə cəzası? – Maya güldü.
− Bəs bilmirdin, mələklər dəcəllik edəndə Allah onları yerə göndərir ki, cəza çəksinlər. Səni də eləcə. Sən mələksən, mən də sənin cəzanam. İndi çək görüm.
− Ay səni! Bəs uşaqlar nə dedilər, yanıma nə vaxt gələcəklər? Pis oldular, hə?!
− Bəs pis olmazlar? Yaramaz, inadçı olsan da neynək, bir dənə filosofumuz var da, hamı çox istəyir. – nəsə fikirləşdi –amma ən çox Fuadın kefi pozuldu, bayaqdan gəlincə əlli dəfə zəng edib...
− Hm, sağ olsun... – Maya mızıldandı.
Əfsanə çarpayının lap küncünə çəkildi:
− Əzmirəm ki, səni? Rahatsan?
− Hə, otur, otur.
− Fuad çox yaxşı oğlandır. Özü də, bilirsən də, sənə münasibəti xüsusidir.
Maya üz-gözünü turşutdu:
− Əfsanə, bəsdir. Çox yaxşı insandır, Allah canın sağ eləsin.Onu qardaşım qədər çox istəyirəm. Mədəni, tərbiyəli, ağıllı, savadlıdır. Amma qardaşımdır ölənə kimi, vəssalam. On bir il bir sinifdə oxumuşuq, əvvəldən başqa nəzərlə baxmamışam ona. Əgər nə vaxtsa belə münasibət yaransaydı... Amma iş ondadır, ilk vaxtdan sadəcə sinif yoldaşı, sadəcə bir qardaş bilmişəm özümə. Bu gün-sabah məktəbi qurtarırıq, hər şey də unudulub gedəcək. Bax belə.
Əfsanə fikirli halda onun saçını sığalladı:
− Yaxşı, daha demərəm. Hələ sən danış görüm hadisə necə olub.
Maya gözünü qaçırdı:
− Dəqiq yadımda deyil. Yolu keçirdim, maşın vurdu. Vəssalam.
− Elə bu?
Maya təəccübləndi:
− Başqa nə olmalıdır ki?
− Bəs sürücü gətirmədi səni?
− Eh nə qoyub, nə danışırsan. Bu sənin üçün film deyil ki. Elə bilirsən məni götürüb həkimə çatdıracaq, səhəri gün də əlində bir dəstə gül ilə gəlib evlənmək təklif edəcək?
Hər ikisi ürəkdən güldülər. Əfsanə gülə-gülə başını buladı:
− Sən heç zarafatdan qalma.
− Zarafat etmirəm ki...
− Ciddi sözündə də yumor var sənin, mən nə bilim bəs.
Qapı astaca döyüldü, ardınca anası içəri keçdi:
− Maya, müəllimin gəlib...

Ardı var...
17 may 2013
GO BACK