Qadin.NET / Xəyanət qoxusu (XII hissə)

Xəyanət qoxusu (XII hissə)

Xəyanət qoxusu (XII hissə)

        Kamran Əliyev hirsindən otaqda var-gəl edir, qorxudan qarşısında rəngləri ağarmış adamlarının üstünə çığırırdı. Onu bu halda görmədiklərindən nə edəcəklərini, nə deyəcəklərini bilmirdilər. Çünki ağızlarını açdıqları halda nə tufan qopacağını bilirdilər.

      Kamran adamlarının uğursuzluğunu xatırladıqca, daha da coşur, danışarkən az qalırdı əlini onların gözlərinə salsın. Bozarıb bir kənarda oturmuş Mirəhməd isə əlindəki qələmi fırlada-fırlada nə isə fikirləşirdi. Kamran qaş-qabaqla keçib kresloda yayxandı. İşarə ilə dəstənin başında olan ilangöz oğlanı yanına çağırdı. Öz yoldaşının açdığı atəşdən yaralanan oğlan, indi yarasından daha çox qarşısındakı bəladan qorxurdu. Kamranın necə kinli, rəhmsiz, qəddar adam olduğunu bilirdi. Amma heç kəsə yox, yalnız özünə acığı tuturdu ki, necə oldu ki, həmin gənc zabitə aldandı. İrəli gəlib ayaq üstə düz yanında dayandı. Kamran olduqca sakit tonda dedi:
− Cəzanı özün seç...
      Bu anı yalnız yaşayanlar bilərdi, başqa heç bir kəs! O elə bir məqamdır ki, danışsan da, danışmasan da, yaxşı da desən, pisdə desən nəticə yenə birdir...Cəsur olmasına baxmayaraq bədənindən üşütmə keçdi. Qurumuş dodaqlarını dili ilə yaşladı.
− Əmr sizindir.
     Kamranın da hədsiz həyəcan keçirdiyi hiss olunurdu. Hamı bu partlayışa hazır dayanmışdı. İlangöz oğlan gözlərini yumdu. Alnında, üzündə tər puçurları əmələ gəlmişdi. Lakin Kamran hamını təəccübləndirdi. Sakitcə ayağa qalxıb qapıya tərəf addımladı, çölə çıxdı. Sükutu pozmağa kimsə cəsarət etmirdi. Birdən qapını açıb yenidən içəri qayıtdı, Mirəhmədə tərəf getdi:
− Belə zarafatı heç xoşlamıram...
     Sonra üzünü onu qorxu ilə süzənlərə çevirib buz kimi soyuq baxışlarını üstlərində gəzdirdi:
− Neynək, onda qızı tapın...
* * *
      Sinfə qayıdanda rəngi dəyişmişdi. Əvvəlcə maraqlı görünən hadisələr indi ona da sirayət etmişdi. Başa düşürdü ki, bu oyun deyil. Hər şey ola bilər, özü də bir halda ki, müəllimi zəng edib onu xüsusilə xəbərdar edib. Buna baxmayaraq, yenə də arxayınlıq var idi ürəyində. İnanırdı ki, ona heç nə olmaz. Nədən idi bu arxayınlıq, əminlik?! Amma güclü, arxalı sayırdı özünü...
− Maya, yaxşısan? – Əfsanə pıçıldadı.
− Hə. Nolub ki?
− Qəribə göründün. Kim idi zəng vuran?
− Heç... – dünən baş verənləri ondan da gizlətmişdi. -müəllim idi, tapşırıq verirdi.
     Əfsanə gülümsədi:
− Telefonla?
− Hə, nədir ki?
− Sən də yadında saxladın?!...
     Maya narazılıqla üz-gözünü turşutdu:
− Elə tapşırıq yox, hazırlığa gəlməyim haqqında tapşırıq. Qarışdırdın.
− Nə deyirəm ki? – Əfsanə mızıldandı - Allah başacan versin!- xısın-xısın güldü.
− Allahım, bu qız məni dəli edəcək. Sən canım, bəsdi.
     Əfsanə incidi:
− Nə dedim ki?
     Maya qeyri-iradi kobudluqla üzünü ondan döndərib, sol qoluna dirsəkləndi:
− Heç nə, heç nə. Bəsdir!
     Əfsanə təəssüflə başını buladı:
− Nç, nç, səni tanıya bilmirəm. Əvvəllər belə deyildin...
     Əfsanə rəfiqəsinin gözündəki yaşı görsəydi, bəlkə də belə deməzdi... Dərs qurtarmışdı artıq. Oxuduqları illər ərzində həmişə məktəbə birlikdə gedib-gələrdilər. Hərdən olurdu, uşaq vaxtı bir-birinə forslanıb yolu ayrı gedirdilər. Maya çox dəcəl uşaq olmuşdu. Elə indi də bu şıltaqlığın, dəcəlliyin əlamətləri qalmışdı davranışında... Ona görə də Əfsanənin uşaqlıqda küsməyinə haqq vermək olardı. Amma son illər belə şeylər təkrarlanmırdı. Həm də böyümüşdülər axı. Amma bugünkü kobudluğu qəbul etmək istəmirdi Əfsanə. Ona görə də, axırıncı dərs qurtaran kimi, rəfiqəsini gözləmədən çantasını yığıb, sinifdən çıxdı. Maya üzr istəməyə fürsət belə tapmadı. Gərginlik azmış kimi, qanı tamam qaraldı. Əfsanəni olduqca çox istəyirdi. Həmişə düşünürdü ki, bəlkə heç doğma bacım olsa, bu qədər istəməzdim...Ağır-ağır çantasını yığıb sinifdən çıxdı. Dəhlizdən keçəndə güzgüyə baxdı. Baxdı, amma elə yazıq-yazıq baxdı ki, qəfil onu dəli bir gülmək tutdu. Özünü hardansa yadına düşən gülməli bir film qəhrəmanına bənzətdi.
İnsan xarakterləri... Olduqca müxtəlif, rəngarəng, anlaşılmazdır. Hərdən özünü heç anlaya bilmirdi. Yəni mən doğurdan psixopatam? Başqaları kefi olmayanda, əhvalı pozulanda qəmlənir, ağlayır. O isə əksinə gülmək, şadlanmaq, oynamaq,
dəlilik etmək istəyirdi. Bəlkə də qüssədən, qəmdən alınan daxili bir qisas idi, nə idi, anlaya bilmirdi. Özünü qaydaya salıb, qapıya tərəf getdi. Birdən müəllimin tapşırığını xatırlayıb, telefonu çıxardı. İstədi ki, zəng edib çıxdığını xəbər versin. Amma nə düşündüsə, zəng etmədən cibinə qoydu. Həmişə nəyəsə əhəmiyyət verməyəndə etdiyi kimi, yenə çiyinlərini atıb, yola çıxdı.
* * *
     Hələ də zəng gəlmirdi. Axı indi dərs qurtaran vaxtıdır. Yollarda, avtobuslarda dərsdən çıxıb, evlərinə axışan şagirdlər görürdü. Narahat oldu. Bu qız doğrudan da onu hövsələdən çıxarırdı. Yəni, məsələnin ciddiliyini hələ də anlamırdı? Axı o ki, düşüncəli qızdır... –öz-özünə söylədi. Telefonun üçüncü çağırışından sonra Mayanın maşınların səs-küyünə qarışmış səsi eşidildi:
− Salam müəllim.
− Maya, axı söz demişdim...
− Narahat olmayın, şahid olduğunuz kimi salamatam.
     Rauf səbrini basdı:
− Rəfiqənləsən?
– Xeyr təkəm.
− Niyə? – təəccübləndi.
     Maya qeyri-müəyyən cavab verdi:
− Hərdən belə də olur.
− Maya, yerini mənə de. – Rauf gözdən uzaq bir dalanda saxladığı maşını işə saldı.
− Ehtiyac yoxdur, mənimlə heç kəsin işi yoxdur.
− Məni başa düşmədiyinə hələ də inana bilmirəm, hardasan?
     Maya ətrafına baxıb, yerini dəqiqliklə diktə etdi.
− Orada gözlə, lap yaxındayam.
− Oldu.
      Maya bu dəfə etiraz etmək istəmədi. Müəlliminin narahatlığını başa düşməyə çalışdı. Addımını yavaşıdıb, qarşıdakı kitab mağazasına girdi. Əlüstü vitrinə qoyulmuş kitabların adlarını oxudu. “Ulduz falı”, “Yuxuyozmalar”, “1001 şirniyyat”, “Lətifələr”, “Bürclərin xarakteri”... Onu kinayəli bir gülmək tutdu. Satıcıya yaxınlaşdı. Uzunsov başı olan, xırdagözlü, qıvırcıq saçlı cavan
oğlan yerində dikəldi:
− Salam, necə kömək edə bilərəm?
      Maya gözucu arxaya baxıb, döndü:
− Görürəm vitrinə dünya ədəbiyyatının nadir incilərini düzmüsünüz...
      Oğlan sözü tuta bilmədi:
− Hələ arxada da maraqlı kitablar var.
“Kitab nədir sən hardan biləsən?!” - Maya ürəyində deyindi.
− Çox yaxşı. Klassik ədəbiyyatdan var?
     Oğlan mızıldandı:
− Baxır da... Sizə konkret kim lazımdır ?
     Maya ötəri gülümsədi:
− Belə baxıram ki, mənə lazım olan sizdə tapılmaz. – vitrinə işarə etdi. - Başqa təzə kitablarınız var ?
     Oğlan sual-cavabdan qurtulmuş kimi canlandı, mağazanın içərisində sol tərəfdə ucalmış kitab sütununa yaxınlaşdı. Kitabları bir-bir stolun üstünə düzməyə başladı:
– Bunlar lap təzələrdir. Bax bu, – qalın bir kitabı irəli itələdi,- dini kitabdır, maraqlıdır.
      Maya kitabı qaldırıb, ilk səhifəsindən annotasiyasını oxudu və acı-acı gülüb, kitabı stolun üstünə atdı:
− Qardaş, sizi aldadıblar. Bu dini kitab deyil.
      Oğlan qəribə-qəribə baxdı:
− Bəs nədir?
− Deyim nədir? Fitnə, fəsad, ayrıseçkilik, kin-küdurət yığnağı.
− Ay xanım, əstağfürullah deyin.
− Nədir, inanmırsınız?
− Siz ateistsiz deyəsən.
− Əsla yox! Allah göstərməsin! Mənim bir inandığım var –məni, sizi, gördüyümüz hər şeyi yaradan Allah! Mənim bir dinim var, humanistlik, mərhəmət dolu vahid din – İslam! Mənim düşmənim də birdir – xalqımı, dinimi parçalamaq istəyənlər.
Bax bu, – kitabı göstərdi – düşmənlərimin yaratmaq istədiyi fəsaddır, fitnədir. O şey ki, onsuzda yaradıblar... Oğlan kitabı qaldırdı:
− Xanım, təriqətlərin tarixindən, dinin düşməni vəhabilərdən yazılıb. Oxumamış nə deyirsiniz?
− Oxumaq? Sizcə oxuyaram?
− Siz dini inkar edirsiniz.
      Maya təəssüflə gülümsədi:
− Cahillikdir vallah sözünüz... Acığınıza gəlsə də. Mən dini inkar etmirəm, dinimi bölənləri - vəhabiləri, nurçuları, nə bilim daha hansı təriqətləri inkar edirəm. Tamamilə inkar edirəm. Axı onlar kimdilər, hə? – Özünə nəzarəti itirmişdi. - Kimdilər axı? Kimdirlər ki, Allahın göndərdiyi vahid İslam dinini bölürlər. Nə ixtiyarla? İndi biri-birilə mübarizə aparıb, hərəsi özünü doğru sayır. İnanın mənə, bu təriqətlər kimlərinsə şəxsi mənafe xatirinə yaratdıqları təxribatdır. Sonradan da fanatiklər heç mahiyyətini belə bilmədən ardınca gedib, biri-birlərinə
düşmən kəsilirlər. Məgər Allah bölüb göndərmişdi dinimizi? Oğlan tərəddüdlə dedi:
− Xanım, vəhabilər pisdir, amma şiələr, sünnilər, onlar tamam başqa...
− Yaxşı, yaxşı, olsun sizin təriqətçiləriniz. Qoy hələ təzələri də çıxsın. Amma mənə bilirsiz nə maraqlıdır? Hesab günü! Tanrımın qarşısında onların özlərinə haqq qazandırmaq cəhdləri. Çünki, orada elə şansları olmayacaq!
     Bu vaxt telefon səsləndi. Rauf idi:
− Hardasan Maya?
     Maya dönüb küçəyə nəzər saldı. Müəllimin maşını tində dayanmışdı.
− Qarşı tərəfinizdəki kitab mağazasında.
− Orda qal, mən xəbər edəndə çıxarsan.
− Yaxşı...
     Oğlan dilxor halda başqa bir kitabı qaldırdı, bu da hansısa bir dini kitab idi. Amma tez də kənara qoydu. Onu diqqətlə süzən Mayanı səmimi bir təbəssüm bürüdü. Gör yazıq oğlan necə narazı qalıbsa, təkrar hədəfə tuş gəlmək istəmir.
− Bu kitab da, bu ilin aylar üzrə astroloji proqnozudur. Lap ətraflı yazıblar.
     Maya kitabı əvvəlki dini kitabın üstə qoydu:
− Bu da ocaq yandıranlardan... Ulduz falına inanırsınız?
− Sərf edəndə, hə. – oğlan peysərini qaşıdı.
− Siz narahat olmayın, hamısı “sərf edən” yazılır. Bu gün ulduzunuz iş sahəsində üzünüzə güləcək, bu gün sevgidə də ulduzunuz güləcək, pul barədə də ulduzunuz güləcək. İnanın ulduzu o qədər güldürürlər ki... Sonda da, ulduzunuz gülməkdən öləcək.
     Oğlan ürəkdən uğundu:
− Ay xanım, bəs siz nəyi bəyənirsiz? Bəs nə oxuyursuz? Elə maraqlı bunlardı da....
     Maya başını buladı:
− Dedim axı, mənə lazım olan sizdə yoxdur. Dəqiq bilirəm.
     Oğlan çiyinlərini çəkib, belini donqardaraq kitabları yerinə yığmağa başladı. Kənardan baxan Mayada nədənsə küt təsiri yaradırdı bu oğlan. Xüsusən də, belini donqardanda lap filmlərdə gördüyü neondertallara bənzədi.
Başını bulayıb dükandan çıxanda dodaqaltı mızıldadı: – Gör kimlərdir kitab satıcıları, ay yazıq!...
     Raufun zəngini gözləməyə səbri çatmadı. Onun küçəyə çıxdığını görən Rauf əsəbi hərəkətlə maşını işə salıb cəld ona tərəf sürdü. Bu vaxtı tindən başqa maşın göründü və sürətlə yolu keçmək istəyən Mayaya tərəf yönəldi. Qız özünü toparlamamış, qəfil basılan əyləcin tükürpədici səsi eşidildi. Maya yüngül bir oyuncaq kimi atılıb, yandakı başqa bir maşına çırpıldı. Özünü itirmiş Rauf və ətrafdakı adamlar sürətini azaltmadan şütüyüb keçən maşına əhəmiyyət vermədən, yerə uzanmış qızın yanına yüyürdülər. Bəziləri maşının nömrəsinin saxta olduğundan xəbərsiz halda onu tələsik qeyd edirdilər. Mayanın huşu hələ özündə idi. Astadan zarıyırdı. Rauf ömründə bu qədər həyacan keçirməmişdi. Bir dəfə ən yaxın dostu qolları üstündə keçinmişdi, yalnız o zaman. Təsadüfə bax, avtoqəzadan...
Ondan sonra az ölüm, az faciə görməmişdi. Amma indiki kimi yanıb-yaxılmamışdı. Hirsindən gicgahlarının damarları göyərib, şişmişdi. Hər kəsi, hər şeyi didib-parçalamağa hazır idi. Qollarındakı köməksiz və ölümlə çarpışan bu qıza pislik etmək istəyən hər kəsin qanını içə bilərdi bu an. Maya qan çökmüş gözlərini aralayıb müəlliminə baxırdı. Qırıq-qırıq, rabitəsiz cümlələr işlədirdi. Gah Əfsanədən üzr istəyir, gah da Raufdan kömək diləyirdi...
− Arzularım çoxdur, müəllim... Hələ çoxdu. Ölmək istəmirəm...İstəmirəm!
     Rauf udqundu:
− Ölməzsən, xırda yaradır, ölməzsən, qorxma. Sən möhkəm qızsan axı. İnadcılsan. Sən heç belə asan məğlub olmazsan axı... – deyə-deyə, sürətlə onun yaralarını nəzərdən keçirirdi. Sol tərəfdən başı yarıldığı üçün, saçları qəribə qoxulu nəm qanın içində idi. Sol tərəfdən qolu da qırılmışdı. Artıq huşu tamam getmək üzrə olsa da, Rauf onu qucağına alanda, qırılmış qolunun dəhşətli ağrısından çığırdı və yenidən huşunu itirdi...Toplaşanların içində hadisəni həyəcanla danışan kitab satan oğlan, kifayət qədər şişirtdiyi əhvalatı yekunlaşdırdı:
− Bayaq dükanda dini bir kitabı təhqir elədi. Dedi, təriqətlər hamısı boş şeylərdir. Baxın, belə aldı cəzasını...
* * *
Xəyanət qoxusu (XII hissə)
      Xəstəxananın qarşısı Eldarın tanış-bilişi ilə dolu idi. İradə xanım sakitləşmək bilmədən, için-için ağlayırdı. Guya onu sakitləşdirməyə gələn yanındakı qadınlar da, gözlərinin yaşını onunkuna qatıb, haray salmışdılar. Nicat bacısının qəzaya uğradığını eşidən kimi, universitetdən icazəsiz qaçıb gəlmişdi. Heç inanmaq istəmirdi. Şəhərdə 
çoxalan maşınlar və məsuliyyətsiz sürücülər, piyadalar üzündən az qəzanın şahidi olmamışdı. Hətta bir dəfə heç vaxt unuda bilməyəcəyi bir qəza görmüşdü. Yük maşını xıncım etdiyi piyadanın bədəninin parçalarını ətrafa yaymışdı. Nicat onda keçirdiyi stresin daha artığını indi keçirirdi. Bacısını qəzaya uğrayan halda heç cür təsəvvür edə bilmirdi. Fikirləşmək istəyən kimi də, həmin uğursuz gündəki qəza gəlirdi gözünün qarşısına ki, az qalırdı dəhşətdən qışqırsın. Hərdən yola getməyib, mübahisə etməklərinə baxmayaraq, Mayanı olduqca çox istəyirdi. Bircə bacısı idi. Hərdən Maya nənəsigilə gedib qonaq qalanda həmin gün elə bilinirdi ki onun yeri. Allah eləməmiş, ona nə isə olsa idi... Bunu heç təsəvvür etmək
istəmirdi. Çox dəhşətli idi. İndi isə gah küncdəki oturacaqda əyləşir, gah da o tərəf-bu tərəfə var-gəl edirdi. Heç kəslə bir kəlmə də kəsməyən Eldar isə qapının ağzındakı sütuna söykənib siqareti-siqaretə calayırdı. Qızının şıltaqlıqları,
şirin gülüşü, hərdən dinc dura bilməyən diliuzunluğu,amma təmiz, mehriban davranışı, zarafatları heç getmirdi gözünün qarşısından. Bilirdi ki, ona nəsə olsa ömrünün sonuna kimi insan kimi yaşamaq nədir bilməz. Hələ onu yandıran təkcə bu
deyildi. Şöbədən xəbər vermişdilər ki, həmin nömrəli maşın qeydiyyatda yoxdur. Deməli, saxta nömrə olubmuş. Bəs onların Maya ilə nə işləri? Yaxşı, deyək ki, avtoxuliqanlar olub, qəza da qəsdən olmayıb. Heç uyğunluq yoxdur. Şəhərin mərkəzində - elə bir yerdə, qızğın iş günündə... Yox, yenə uyğun gəlmir.Heç nə çatmırdı beyninə. Fikirləşməyi də yadırğamışdı. Bu vaxt Raufla həkim birlikdə çölə çıxdılar.
− Eldar müəllim, çox şükür, salamatlıqdır. Qorxulu heç nə yoxdur. Həkimi də çağırdım ki, özü hamınızı arxayın etsin.
     Bu dəfə İradə xanım bərkdən hönkürdü. Həkim ona tərəf döndü:
− Narahat olmayın, hər şey arxada qaldı. Başına yüngül tikiş qoymuşuq, huşu özündədir indi. Bircə sol qolunda sınıq var. O da düzələcək, əsas odur ki, elə bir sürətdən sağ çıxıb, buna şükür edin. Keçmiş olsun! – deyib, getdi. İradə xanım sevincindən Eldarın sinəsinə sığınmışdı...
 

Ardı var...

9 may 2013
GO BACK