Qadin.NET / Xəyanət qoxusu (XI hissə)

Xəyanət qoxusu (XI hissə)

Qapını Raufun atası açdı. Mayanı görüb o qədər təəccübləndi ki, hətta əvvəl salam verməyi də unutdu. Amma o Raufa bələd idi. Bilirdi ki, zərurət - özü də hansısa böyük zərurət tələb edib ki, o yanında hansısa qızla evə gəlsin. O ki, qadın tayfasından qətiyyətlə qaçırdı. Mayanı diqqətlə süzüb, geriyə çəkildi:
− Gəlin içəri.
 Maya utandığından nə edəcəyini bilmirdi. İlk dəfə idi ki, yad bir evə - müəlliminin evinə tənha ayaq basırdı. Rauf hamını qabaqladı:
− Bu mənim şagirdimdir. Daha hazırlığa evimizə gələcək. -qısaca məlumat verdi.
 Mahir utandığından rəng verib rəng alan Mayanı diqqətlə nəzərdən keçirdi. Təqaüdə çıxsa da, uzun illər çalışdığı peşəsi ilk baxışdan insanları tanımağı öyrətmişdi ona. Maya onun xoşuna gəldi...
− Çox gözəl, xoş gəlmisən, qızım.
Gülnaz xanım qonşu otaqdan çıxdı. Mayanı görcək azacıq duruxub, onu müştəri gözüylə süzdü:
− Xoş gəlmisən. - sual dolu nəzərlərini Raufa dikdi.
      Mahir gülümsədi:
− Raufun şagirdidir. - Gülnaz xanıma tərəf döndü. – Hazırlığa bizə gələcək.
      Sonra da özünü tox tutmağa çalışan qızı dindirdi:
− Adın nədir, qızım?
− Maya... - səsi nədənsə zəif çıxdı. Gülnaz xanım təbəssümlə qızın qolundan tutub,qonaq otağına çəkdi:
– Gözəl adın var. - Maya onun da çox xoşuna gəlmişdi. -Maşallah, elə özün kimi.
      Mahir mətbəxə keçib, işarə ilə Raufu yanına çağırdı:
− İndi də nə iş çevirdiyini danış.
      Rauf söhbətdən qaçmaq istədi. O heç vaxt işi ilə bağlı nəyisə evdə müzakirə etmirdi. Xüsusilə də problemləri. İstəmirdi onun təhlükəli həyatına görə valideynləri narahat olsunlar, yuxularına haram qatsınlar. Bunda atasına bənzəmişdi...
Onsuzda onu yolundan döndərə bilməmişdilər, heç işinə görə nələrlə üzləşdiyindən xəbərsiz olmamış da deyildilər. Amma yenə qapalı idi. Hətta onun təzəcə keçdiyi yolu, çoxdan addımlayan atasına qarşı belə. Onsuz da atası həmişə hər şeyi hiss edirdi. Rauf başını buladı:
− Elə bir şey yoxdur, həmişəki işlər....
      Atası balkona keçən oğlunun ardınca ağır addımlarla çıxdı, məzəmmətli və sərt səsi eşidildi:
– Rauf....
– Narahat olursan nahaq yerə, dedim axı qorxulu heç nə yoxdur.
      Mahir gülümsədi:
− Heç məni düz-əməlli aldada da bilmirsən. İşin də ki, yalansız ötmür...
− İş ondadır ki, bir aldada bilmədiyim elə sənsən.
      Bu tam səmimi etiraf Mahiri ürəkdən güldürdü. Sonra günü-gündən gözəlləşən şəhəri seyr edə-edə siqaret yandırdı:
− Sənin keçdiklərindən mən də keçmişəm, Rauf. Bu yolun həqiqi yolçuları səfərə çıxırlarsa və sonadək yolundan caymadan gedirlərsə, onların hər döngəsi, hər dalanı gedər-gəlməzdir. Bu yolla 5-i gedirsə mənzil başına 2-si, biri çatır.... Heç istəməmişəm ki, övladlarımdan hansısa bu yolla getsin. Rauf gözünü məchul nöqtədən ayırmadı:
− Sən gedə biləcəyin qədər getdin. Bəs yolun davamı? Axı bu yol sonsuzdur, özün bilirsən. Onu da bilirsən ki, yol yarımçıq qalsa nə olar?!
− Səndən başqaları da var...
− Bilirəm ata, bilirəm. Var, lap çoxdur özü də. Amma dediyin həqiqi yolçular çox azdır. Həqiqi yolçular dediyin yolu piyada, addımba-addım gedir – azacıq susdu-amma qalanları qısaldır bu yolu... Mən piyadalardanam. Hara qədər gedə biləcəyimi də bilmirəm. Bura qədər gəldiyim təsadüf deyil, qismətdir! Bundan sonrakı yolu da getməyə israrlıyam.
      Mahir gözünü iç-içə keçmiş göydələnlərdən ayırıb, oğlunu süzdü:
− Həmin iş adamının qətlilə bağlı, hə? Silahlı idilər?
Rauf belə gözlənilməz suallara artıq öyrənmişdi:
− Qurtula bildim. - gülümsədi. - Bircə bu qız orda olmasaydı, hər şey qaydasında olardı.
      Mahir təəccübləndi:
− Gördü hər şeyi?
− Görmədi, eşitdi amma. Başa düşdü.
− Cəsarətli qızdır. Onunla belə hələ bir bura da gəlib?
− Hm, cəsarətlidir. Amma ən pisi odur ki, onu görüblər. Çünki, məni səhərdən izləyiblərmiş. Sözsüz ki, hazırlığa gələn qızı da görüblər. Ona görə çox narahatam.
      Oğlumun gözlərinə baxdı:
− Ondan xoşun gəlir?
− Ata?!
− Görürəm çox narahatsan.
− Bu xoşuna gəlmək mənasını vermir. İstəmirəm mənə görə kiməsə nəsə olsun. Ya o, ya da başqası.
      Mahir dönüb otağa gedə-gedə dilləndi:
− Amma çox qəşəng qızdır. Özü də onda qeyri-adilik var.
      Rauf mızıldanıb, onun arxasınca Maya və anasının şirin-şirin söhbət etdiyi qonaq otağına yollandı:
− Yenə də başlandı...
* * *
       Evə çox yorğun gəldi. Müəllimi onun huşunu necə aparmışdısa, ayılandan bəri başı ağrayırdı. Evdəkilərlə ötəri salamlaşıb, özünü çarpayısına atdı. Üzüqoyulu xeyli uzandı. Görəsən, bu gün baş verənləri evdə danışsınmı?! Əslində danışmalıdır da. Amma atası mütləq onun müəllimini dəyişəcək. Heç vaxt belə təhlükəli birinin qızının ətrafında olmasını istəməz. Axı kimdir bu Rauf? Bəlkə heç pis adam deyil? Bu gün getdiyi yer doğurdan onun evi, ailəsi idi? Bəlkə bu da huşunun itməsi kimi quraşdırılma idi... Ola bilərdi. Birinci dəfə idi belə hadisə ilə rastlaşırdı. Bu gün baş verənləri xatırladıqca elə bilirdi ki, ya yuxuda olub, ya da bu baş verənlər bu gün deyil, nə vaxtsa, lap çoxdan baş verib. Orada – otaqda küncə sıxılıb, çöldəki səs-küyə nə qədər həyəcanla qulaq asmışdısa, indi bu hadisə bir o qədər maraqlı gəlirdi Mayaya. Qoy bu işi elə özü təkbaşına araşdırsın. Hələ də inana bilmirdi ki, filmlərdə izlədiyi, kitablarda oxuduğu belə bir had isə onun başına gəlib. Niyə məhz mən? Əlbəttə, axı mənim yerimdə bir başqası da ola bilərdi. Deməli, bu mənim qismətim imiş. Qismətdən qaçmaq olmur. Bəlkə elə bu işi araşdırmağım da lazımdır. Belə də olmalıdır. Yox, evdə də heç nə demək lazım deyil! Heç nə! Anasının səsi onu fikrindən yayındırdı:
− Gəl yeməyini ye.
      Könülsüz ayağa qalxdı:
− Gəlirəm...
* * *
      Səhərdən bəri oğlunun başına fır-fır fırlanır, ondan söz qoparmaq üçün əlindən gələni edirdi. Amma nə imiş bu, hər dəfə söhbəti elə çevirir, araya elə söz qatırdı ki, Gülnaz xanım nə deyəcəyini də unudurdu.
Dünən o qız gələndən ananın ağlına başqa-başqa fikirlər gəlirdi. Düzdür, oğluna yaxşı bələd idi, əgər nəsə olmuş olsaydı,mütləq bu haqda anasına nəsə bilirərdi. Deməli, biri-birilərinə qarşı heç bir münasibətləri yoxdur. Amma qəşəng qız idi. Mahir demiş, bir suyu elə Gülnaz xanımın özünə bənzəyirdi. Yumrusifət, ağbəniz bir qız idi. Nəsə bir çəkicilik, cəlbedicilik var idi onda. Əslində baxsan dünya gözəli deyildi, ondan da gözəl o qədər qızlar var ki. Amma onda cəlbedicilik var idi. Nəsə diqqət çəkirdi bu qızda. Ər-arvad öz aralarında danışanda, Mahir də demişdi bunu. Dünən o da qızı diqqətlə süzüb, kaş belə gəlinim ola demişdi Gülnaz xanıma. Nə çoxdur valideynlərin arzuları, bitib-tükənməz ki....Gülnaz xanım dünəndən ürəyindəkiləri demək üçün fürsət axtarırdı. Gərginliklə internetdə nəyisə araşdıran oğlunun yanında əyləşdi. Nəvazişli əlləri ilə oğlunun başını sığalladı. Rauf kiminsə ona toxunmasını, təmasını xoşlamırdı. Xüsusən də, fikrini toplayıb, ciddi məşğul olduğu vaxtda. Lakin anası istisna idi. Onun təması Raufun fikrini yayındırmır, əksinə sakitləşdirirdi. Bir də vaxtilə Aytacın...Gülnaz xanımın gözləri Raufun klavişlərdə cəld işləyən barmaqlarında olduğu halda, soruşdu:
− Həm bu işlərin, həm idman dərsləri, həm də fizika məşğələsi.Ay bala, niyə özünə zülm edirsən? Şükür, hər şəraitimiz var. Niyə artıq yüklənirsən?
− Heç bir yük yoxdur, narahat olma, - baxışını ekranın eninə hərləyib qaşlarını düyünlədi - heç bir!
− Yenə baxma, səbir də lazımdır. O dünənki qız necə oxuyur?
      Rauf ötəri anasını süzdü. Gülnaz xanım ciddiliyini pozmadı,sanki adicə söhbət edir, məqsədi məhz Maya deyildi. - O qəşəng qızı, Mayanı deyirəm. Adı da qəşəngdir özü kimi...
      Rauf anasının ürəyindəkiləri başa düşmüşdü. Lakin nədənsə həmişəki kimi söhbəti dəyişib, bəhanə ilə qaçmadı. Ana oğlunun tutqun üzünə nəzər saldı:
− Ay bala, o kimlərdəndir, kimin qızıdır elə? Elə bil hardasa görmüşəm onu....
      Raufu gülmək tutdu. Bütün qadınların oxşar üsulu. - düşünüb gülümsədi. Həmişə kimisə öyrənmək, haqqında nəyisə bilmək istəyəndə ya deyirlər hardasa görmüşəm elə bil, ya da filankəsə oxşadıram...
− Yox, tanımırsan ana. – bir anlıq nəsə düşündü – Atası “Söz” qəzetinin baş redaktoru, təsisçidir.
− Doğurdan?
− Hə. Həm də nəşriyyatın sədridir. Orda təkcə qəzet yox, kitab, jurnal, beləcə hamısı nəşr olunur.
− Deyirsən, onu da bilmərəm? - incik halda başını buladı. -Səninki odur ki, dediyimi həmişə yadımdan çıxarasan. Guya başa düşmürəm?
− Başa düşdün deməli?! – Rauf güldü. Gülnaz xanım məzəmmətlə:
− Hə, gülərsən da! Söhbətdən də yaxşı qaçarsan. Guya dünən
dərs keçəndə bir-birimizə necə gizlincə baxdığınızı görməmədim. Şəxsən qız mənim xoşuma gəldi. - Sanki, ondan razılıq almaq istəyənlərə fikir bildirirmiş kimi, əlini yellədi. -Mehriban, şən, şirindil qızdır. Atanın da xoşuna gəlib. Rauf gülüş dolu çaşqınlıqla döndü:
− Ana, sən nə danışırsan? Kim baxıb? Kimə baxıb?
Gülnaz xanım inadkarlıqla onun sözünü kəsdi:
− Sən baxmısan, Mayaya baxmısan. Elə o da baxırdı.
      Rauf ürəkdən uğunurdu. Gülnaz xanım isə əksinə, cırnayır, oğlunun işi zarafata salıb yenə aradan çıxmaması üçün hazır dayanırdı.
− Gülmə! Mən ciddi deyirəm.
      Rauf gülməyini saxlamağa çalışıb, anasının yumşaq saçlarını sığalladı, başını sinəsinə sıxdı:
− Allah səni güldürsün. Heç bu qədər gülməmişdim. Deyirsən, dərs izah edəndə divara, tavana baxaq? Bəs şagirdə baxmalıyam da.
Gülnaz xanım yenə oğlunun onu qabaqlamasnı naəlac qəbul edib, narazı halda deyindi:
− Daha bəsdi! Məni xəstəlik yox, sənin fikrin öldürəcək. Arzumu, istəyimi gözümdə-könlümdə qoyursan. Mən də istəyirəm başqaları kimi nəvə görüm, nəvə oynadım. Tay-tuşumuz çoxdan nənə-baba olub. Amma biz... Oğlum hələ yerində sayır.
Ay bərəkallah, sən heç düşünmə bizi. Nə evdə tapılmırsan. Nə vaxta qədər oğru, quldurla qaçdı-tutdu oynayacaqsan. İllər xəbərsiz elə ötüşür ki, bir də gözünü açacaqsan ki, qocalmısan. Sonra kimdi qoca oğlana qız verən?!
       Rauf ürəkdən güldü:
− Sözlərə bax, maşallah. Ürəyin dolu imiş ki... Bəs neyləyim,ay ana? Mənim işimi bilirsən, belədir, başqa cür ola da bilməz. Məni də bu işimlə birlikdə qəbul etməlidir alacağım qız. Amma sevməyə-sevməyə kimin qızını gətirib bədbəxt edim? Sən məndən çox görmüsən, çox bilirsən. Özü də belə məsələdə. Düzünü de görüm, hansı sevgi olmayan ailənin xoşbəxt olduğunu görmüsən?
− Sənə qalsa həmişə belə deyərsən. Sevgi sonradan da yaranır. O qədər adam sayaram ki, sevgi olmadan evlənib, amma sevib evlənənlərdən min dəfə yaxşıdır indi.
− Yaxşı, yaxşı ana. Amma fikrimi çatdıra bilmədim sənə.
       Raufun həmişəkindən fərqli olaraq yumşaq danışdığını görən ana əsl hücuma başlamışdı. Geri çəkilmək istəyi də yox idi.
− Oğlum, biz dünya görmüş adamlarıq. İnsanı bir sözdən, bir baxışdan tanıyırıq. Atan da, mən də dünən o qıza fikir verdik. Sadə idi, səmimi idi, saf idi. Olduğu kimi idi. Heç bir sünilik yox idi onda. Necə vardısa, elə də davranırdı. Amma özün bilirsən ki, o vəfasız haqqında bunu demirdik. Atan xoşlamırdı onu, yaxşı bilirsən. Sadəcə ürəyini qırmamaq üçün heç vaxt Aytacı müzakirə etməmişdi.... - ana bir an duruxub oğluna baxdı. O, daha əvvəlki kimi özünü itirib, hövsələdən çıxmamışdı. Dərin hüznlə baxışlarını stolun üstündəki burma qəndqabının naxışlarına dikmişdi. Kənardan baxanda, elə bil naxışları sayırdı.
− Amma bu qız.... Hərtərfli bəyəndim. Bir-birinizə çox yaraşırsınız.– ana gülümsədi. - Özü də bir suyu mənə çəkir. Rauf elə bil yuxudan ayıldı. Başını çevirib, diqqətlə anasının üzünə baxdı. Gör ha, doğrudan da bənzəyirlər. Elə bil onun qızıdır. Bəs belə, axı hər dəfə bu qıza baxanda kimə bənzədiyini xatırlamağa çalışırdı. Əlbəttə anasına, özü də lap əməlli. Hələ indi fikir verirdi. Bir dəfə hansısa kitabdan oxumuşdu ki, oğlanların əksəriyyəti özləri də bilmədən öz analarına bənzər qızla evlənirlər....
       Ayağa qalxdı:
− Yaxşı ana, mən getməliyəm.
       Gülnaz xanım küskünlüklə başını buladı:
− Qaç, qaç, düz edirsən.
       Rauf əyilib onun alnından öpdü:
− Vallah qaçmıram, işim çoxdur.
       Qapıdan çıxanda ağlına nə gəldisə, telefonu çıxarıb Mayanın nömrəsini yığdı. Uzun çağırışlar cavabsız qaldı. Narahat halda yenidən yığmaq istəyirdi ki, Maya özü zəng etdi:
− Salam.
− Salam Maya, niyə açmırdın telefonu?
− Dərsdəyəm, icazə alıb çölə çıxdım. Nəsə baş verib?
Rauf ani susdu:
− Yox, heç nə. Söz soruşacam. Bu gün dərsə atan aparıb səni?
− Yox, rəfiqəmlə getdim.
− Arxanızca kiminsə gəldiyini, yaxud izləndiyini hiss etməmisən?
       Maya narahat oldu:
− Məni qorxuzmayın. Nə olub axı?
       Rauf səbirsizləndi. "Həmişə bu qızlara sual verirsən, cavabdan başqa hər şey deyirlər. Ya da suala sualla cavab verirlər" düşündü.
− Dedim axı, sadəcə soruşdum.
− Yox, elə bir şey hiss eləmədim.
− Yaxşı, səndən bir xahişim var. Dərsdən çıxmazdan əvvəl mənə xəbər ver.
       Maya ciddi səslə dilləndi:
− Əgər maşınınızda gedəcəyimi düşünürsünüzsə, səhv edirsiniz, bunu əsla arzulamıram.
      Rauf hirsini boğmağa çalışdı:
− Bunu sizə təklif edən də yox idi, Maya xanım... Niyə adamı başa düşmək istəmirsən, anlamıram. – yenə "sən"ə keçdi.
- Xahiş elədim ki, mənə xəbər ver.
− Baxaram.
− Bu mütləqdir. Müəllimin olaraq bunu sənə əmr edirəm.
− Müəllimin əmrləri dərsdə olur. - diliuzunluq etdi.
− Hörmətin artıq olsun...
       Maya dilini saxlamadığından utandı:
− Yaxşı, deyərəm.
− Sağ ol!
       Cavab gözləmədən telefonu qapadı. Hirsindən deyindi:
− Buna bax, balaca canı ilə forslanır. Hələ bir cavab da qaytarır. Anam da deyir beləsilə.... Məni dəli edər bu. Ya da mən onun dilini qopararam. Elə bilir oyun-oyuncaqdır. Niyə təhlükəli şeylər qızlara əyləncə kimi görünür, başa düşə bilmirəm.Bəlkə da yanlarında onları qoruyacaq adam olanda, artıq əyləncəyə çevrilir. Yaxşı, Maya...
* * *
Ardı var...
4 may 2013
GO BACK