Qadin.NET / Xəyanət qoxusu (X hissə)

Xəyanət qoxusu (X hissə)

 

 Xəyanət qoxusu (X hissə)
− Axmaqlar! Vaxt necə tez keçir, başa düşmürsünüz! Qoyun örüşə gedən kimi sakitcə gedib, mələyə-mələyə gəldiniz. İçlərindən  daha böyük görünən kobud oğlan özlərinə haqq qazandırmağa çalışdı:
− Orda adam çox idi. Axı özü hələ gəlməmişdi.
− Kəs səsini! – Mirəhməd qışqırdı. - Qoyunsunuz ki, qoyun.Gözləməyə səbriniz çatmadı? Bəlkə cəsarətiniz olmadı?
     Təhqirlərdən təngə gəlmiş oğlan nəsə demək istədi. Amma bu qəddar adamın baxışlarından çəkindi. Mirəmədin köpüklənə-köpüklənə, o yan-bu yana əyilən ağzını hər dəqiqə onun sifətinə yaxınlaşdırmasından məlum olurdu ki, dəstəyə rəhbər olaraq Sərxanı seçib. Yoğun və irəli uzanmış boynu, əyri və qəribə qaşları, daim aralı qalan sallaq çənəsi olan oğlan cəsarət edib dilləndi:
− Orda adam çox idi, əgər nəsə eləmək istəsəydik, həm köməyə gələrdilər, həm də səs yayılardı.
Mirəhməd nifrətlə dişlərini qıcayıb, bu küt təəssüratı yaradan oğlana sarı yeridi.
− Mirəhməd dayan! – böyük bacanağın hökmlü səsi onu saxladı.
     Kamran Əliyev onlara tərəf baxmadan, qarşısındakı çox bahalı şahmat qutusunu bağladı:
− Siz çıxın! – otaqdakılara əmr etdi.Mirəhmədin hirsi hələ də soyumamışdı. Keçib             Kamranla üzüzə əyləşdi:
− Vaxtı öldürür bunlar, görürsən də. Gör necə adamlarla işləyirik. Ona görə işimiz qoca qatır kimi ləngər vurur.
     Kamran elə bil onu eşitmirdi:
− Görəsən İlqar bizdən şübhələndiyi üçün bunu çağırıb, yoxsa doğrudan da qatilin Cəlal olduğuna hələ də inanmır? Məni narahat eləyən budur.
     Mirəhməd təəccübləndi:
− Hardan şübhələnəcək ki?
     Kamran mızıldandı:
− İşlərimiz o cür yaxşı gedirdi. Bu ziyanxor da peyda olmağa vaxt tapdı. Onu elə aradan götürmək lazımdır ki, başqa problem yaranmasın. – azacıq düşünüb əlavə etdi. - Bu gədələr də düz deyir, orda adam olanda maska ilə də girsələr, yenə ağ olar.
Əvvəla, onlar da idmançılardır. Həm də istər-istəməz çölə  xəbər çıxacaq.
     Mirəhməd karıxdı:
− Off, bezdim lap.
− Nə tez? – Kamran kinayəli güldü.
− Tapşıracam ki, pusqu qursunlar. Tək olan kimi yaxalasınlar.
     Kamran fikirli-fikirli başını buladı:
− Bunu lap götürdük aradan, bəs sonra?
− Nə sonra?
− Nolsun, başqası gələcək. İlqar həbsdə olanın qatil olduğuna inanmır. O gün dedim ki, belə fırıldaqçı zabitlər, xəfiyyələr, Şerlok Holmslar hələ çox sağmaq istəyəcəklər pulunu. Özünü də boş-boş şeylərlə yolundan azdıracaqlar. Hərəsi əlinə bir zərrəbin
alıb, düşəcək dal-divara ki, iz axtarıram, iş görürəm. Dedi, qardaş, nəsə ürəyim rahat deyil. Bu işi axıracan aparacam. Deyir, maddi kömək lazım olsa, elə bilin borc verirsiniz.
     Mirəhməd əsəbləşdi:
− Tərs oğlu tərs!
     Kamran onun deyinməsinə əhəmiyyət vermədən zəngi basdı:
− Hamınız yanıma gəlin!...
* * *
       Əl-üzünü yuyub, mətbəxə keçdi. Çay içib, evdən çıxacaqdı. İradə xanım qızının saçını tumarladı:
− Axşamkı tapşırıqların hamısını yaza bildin?
− Yazdım.
− İndi hara gedirsən?
− Fizikaya...
      İradə xanım gülümsədi:
− Hə... Axır gördüm müəllimini. Pis adama, narahat adama oxşamır. Amma yaman kinlidir. Yəqin məhəbbətdən qırıqlığı var.
      Maya təəccüblə anasına baxdı:
− Onu kim deyir?
− Mən. Sən dünənin uşağısan, amma mən çox şey görmüşəm .Ona görə də bilirəm.
− Bəlkə də heç elə deyil. Bəlkə sadəcə xasiyyətidir. Ümumiyyətlə,
fikir verdin, özünə qapalı adamdır. İnadkar! Axşam gördün nə deyir? Onda mərhəmət hissi yoxdur!
      İradə xanım qızını axıracan dinləyib, irad tutdu:
− Heç vaxt bilmədən, tanımadan başqaları haqqında fikir söyləmə! Sonra yanıldığını biləndə çox peşman olarsan... -Maya nəsə demək istədi, amma fikrini dəyişib başını buladı və qapıdan çıxdı.
* * *
− Salam, olar? – qapını tıqqıldadıb, içəri keçdi.
− Gəl, Maya, gəl! – Rauf çox dalğın görünürdü. Maya keçib onunla üz-üzə kresloda əyləşdi. Rauf diqqətli baxışlarını onun üzündə gəzdirdi:
− Necəsiniz?
− Yaxşıyam. – tapşırıqları yazdığı dəftəri stolun üstünə qoydu. - Hamısını yazmışam.
− Çox yaxşı, hansında çətinlik çəkdin?
       Maya ani düşündü:
− Bir az üçüncü tapşırıqda.
− Hm, belə... - Rauf əlindəki qələmi ritmik bir çevikliklə fırlada-fırlada yazını gözdən keçirdi. Maya isə otaqdakı əşyalara maraqla baxmağa başladı.Bu vaxt çöldən giriş qapısının səsi gəldi. Rauf sanki bunu gözləyirmiş kimi səksəndi, diqqət kəsildi. Uşaqlar bayaq çıxıb getmişdilər. Bəlkə hansısa nəyisə unudub? Amma...Cəld yerindən qalxıb, qapıya tərəf getdi. Qapının üstündə təxminən elə öz boyu ilə bir hündürlüyə əlini bərk basıb azacıq sürüşdürdü. Bu vaxt zalda baş verənlər bütün aydınlığı ilə göründü.
Zal dördbucaqlı şəkildə idi, tamamilə eyni olan altı qapı var idi. Bunlardan ikisi hamam otağı, biri mətbəx, biri Raufun otağı, qalan ikisi isə geyinmə otağı və əşyaları yığmaq üçün digər boş otaq idi. Amma maraqlısı o idi ki, hamam otaqlarından və
mətbəxdən başqa qalan bütün otaqları bir-biri ilə birləşdirən qapılar var idi. Bunu yalnız otağa girəndən sonra görmək olardı. Raufun otağında isə belə bir qapının qarşısında kitab şkafı qoyulmuşdu. Bundan əlavə, birbaşa çölə digər bir qapı da var idi. – bu qapı döşəmədə idi. Özündən başqa da yerini, açılış qaydasını heç kəs bilmirdi. Bu qapı ilə zirzəmiyə düşüb, oradan dolanbac yolla gedib, birbaşa çölə çıxmaq olurdu...
− Nəsə olub? – Maya narahat oldu. Rauf susmaq işarəsi verdi. Dörd nəfər naməlum adam bir-birinə işarə verib, qapılara tərəf yaxınlaşdılar. Rauf qapını içəridən bağlayıb,      Mayanın qolundan tutdu:
− Gir paltar dolabına, səsini çıxarma! Eşidirsən, nə olur olsun, nə eşidirsən, eşit, fərqi yoxdur.
     Mayanı əsmə tutdu. Amma möhkəm qız idi:
− Nə olub axı?
− Az sual ver! - Rauf qaşqabaqlı və tutqun halda Mayanın əşyalarını göz önündən yığışdırdı.Qızın nəsə demək istəməsinə macal verməyib, onu dolaba itələdi. Qapını örtüb, tez başqa tədbirləri də gördü...Otağın qapısını açanda, təxminən özü ilə bir boyda
naməlum bir adamla eyni vaxtda üz-üzə gəldi:
− Sizə nə lazımdır? – deyib, oğlana içəri girməyə imkan vermədən özünü zala saldı.
− Sən!
     Rauf özünü təmkinli və soyuqqanlı aparır, onların gəlişlərindən xəbərsiz olduğunu nəzərə çarpdırmaq istəyirdi. İşgüzarcasına,əlini oğlanın çiyninə qoyub, zalda qoyulmuş stullara tərəf çəkdi:
− Əyləşin.
     Gələnlər bir-birilə baxışıb, göstərilən stullarda əyləşdilər.
− Kömək edə bilməyəcəm, hazırda əlimdə başqa işim var. –cəhd etdi...İlan gözlərinə bənzər yaşıl gözlü oğlan bic-bic güldü:
− Biz başqa işə görə gəlmişik, məncə məlumatın olmalıdır. –xüsusi vurğuyla dedi, ötəri yoldaşlarına baxıb davam etdi. - Bizim şefimiz sənə qarşı səxavətli olmaq istəyir...
− Nə dərəcədə? – Rauf quru soruşdu.
     Fikri Mayanın yanında qalmışdı. Əgər gələnlər Raufun nə vaxt tək qalacağını izləmişdilərsə, sözsüz ki, Mayanı da görmüşdülər.Bunu onların tez-tez otağın qapısına tərəf baxan nəzərlərindəndə hiss edirdi. Həmişə bu qızlar işləri korlayırlar.
Bir işə yaramadıqları bəs deyil, hələ ən vacib məqamda vəziyyəti korlayırlar. İndi nə olur-olsun onlarla mülayim danışıb,inandırmalıdır. Ax, əgər Maya burda olmasaydı istədiyi kimi başa salardı onları...
− ........ qədər. - oğlan məbləğin adını çəkdi.
     Məbləğ Raufu çaşdırdı. Yəni doğurdanmı bu işin arxasında elələri dayanır ki, bu iş əsla açılmamalıdır? Yəni, doğurdan onlar bu qədər məbləğdən keçməyə hazırdılar?
− Bir də təkrarla. – bir az da rola girdi. Oğlan Raufun çaşqınlığını görüb, məmnun halda məbləğin adını təkrarladı. Rauf onların sevincli üzlərini süzüb, bir an partlamaq üzrə olan dəli qəzəbini güclə saxladı. Deməli, düz yoldayam, lap düz yolda! Gör nə əl-ayağa düşüblər. Məbləğə bax. Bu pulla neçə illər əlini ağdan-qaraya vurmadan rahatca yaşamaq olar. Gör nədən keçirlər. Hətta Rauf məbləği artırmaq istəsəydi,
onların razılaşacaqlarına əmin idi. Ona görə “acgözlük” rolunu davam etməyi qərara aldı. Ona qədər vəziyyəti nəzarətə alar,l azım olsa bayaq üstündə gizlətdiyi silahdan da istifadə edər.
− Şefiniz... – Rauf süni heyrətlə dedi. - Şefiniz çox səxavətlidir.
– Azacıq duruxub, özünü çəkinirmiş kimi göstərdi. -
     Bir halda ki, dil tapacağımızı uzaqgörənliyi nəticəsində görüb, onda səxavət əlini bir azacıq da açsın.
     İlangözlü oğlan təəcübləndi:
− Bu azdır ki?
     Rauf onların üslubu ilə gülümsədi:
− Azdır desəm haqsız olaram. Amma mən cüt rəqəmləri sevirəm...Əgər məbləği beşdə biri qədər də artırsanız, həm rəqəm bütövləşər, həm də bu iş burda bitər. Bir də heç vaxt rahatsız edilməzsiniz!
     Oğlan nəsə fikirləşdi. Sonra Raufu təpədən-dırnağa sınayıcı nəzərlərlə süzdü:
− İstəyin haqqında şefimizlə danışarıq.
     Rauf hiss edirdi ki, bu oğlan nəsə ona etibar etmir. Ona görə cəld soruşdu:
− Məbləğ çox böyükdür. Məni necə əmin edə bilərsiniz ki, bu tələ, və ya sınaq deyil.
     Oğlan yenə ağıllı gözlərini qıyıb, acı-acı güldü:
− Biz heç vaxt oynamırıq!
      Rauf özünü düşünürmüş kimi göstərdi. Çox gözəl bilirdi ki, indi onların üstündəki səsyazan qurğu bütün söhbətlərini yazıb və bu yazı tezliklə İlqarın əlində olacaq. Kim bilir, bəlkə elə birbaşa qulaq asırlar. Nəsə etmək lazımdır. Yenə otağında
gizlənən Mayanı xatırladı.
− Yaxşı, mən razı. Amma şərt pozulsa mən də sakit durmayacam.
      Xoşagəlməz qonaqlar ayağa qalxdılar.
− Biz də səni nəzarətdən qoymayacağıq. – artıq arxayınlaşmış, özlərini daha sərbəst aparırdılar. Raufa da elə bu lazım idi.
     Onların arasında qapıya tərəf addımlayan Rauf ani hərəkətlə geri döndü:
− Yaxşı!...
     Dirsəyi ilə sol tərəfdə dayanmış oğlanın sinəsindən elə gülcü və gözlənilməz zərbə vurdu ki, oğlan dayana bilməyib geriyə aşdı. Eyni vaxtda ona yumruq atan o birisinin biləyini çarpazlaşmış qolları arasında möhkəm sıxdı, qırılmış sümüyün səsi
eşidildi. Geri dönərkən sinəsindən dəyən təpik zərbəsindən qapıya dəydi. Başını qaldıranda zərbəsindən məmnun qalan ilangöz oğlanın kinayəli üzünü gördü:
− Bilirdim ki, sənə inanmaq olmaz. Hiss eləmişdim.
      Rauf öz-özünə pıçıldadı:
− Maya! Onu tapacaqlar. – Geri baxanda ona tuşlanmış tapançanı gördü. Bircə saniyə geciksəydi, bu onun sonuncu səhvi olacaqdı. Lakin əvəzində ilangöz oğlan bağırıb, diz üstə düşdü. Rauf gecikmədən silahını çıxarıb, yaralı oğlanın tapança tutan
əlinə atəş açdı. Eyni vaxtda bayaq onu nişan alan oğlanın əlini qolunun arasında daha bərk sıxdı. Yalnız sinirinə "dərman" xırçıltı səsini eşitdikdən sonra onu buraxdı.
Adam öldürməyə nifrət edirdi. Amma düşmənlərini də şil-küt eləməsə əl çəkmirdi. Əsasən də qollarını. İlangöz sağ çiynindən axan qanı saxlamağa çalışaraq söydü:
− Sənin başına elə oyun açacam ki, vayına ağlayan olmayacaq.
      Rauf ona tərəf baxmadan, təmkinlə tanış bir nömrəni yığdı:
− İş yerimə basqın olub. Onları zərərsizləşdirmişəm. Bəli. Sizi təcili gözləyirəm.
      İstehza ilə yerdə zarıyanlara baxdı:
− İndi polis gələcək. Sizi özüm də sorğu-sual edərdim. Amma buna nə vaxtım var, nə həvəsim. Onlar sizi yaxşı danışdırarlar.
      Yerdə uzanıb zarıyanların üzərindən adlayaraq, kabinetinə keçib qapını bağladı. Onlardan götürdüyü iki dənə silahı stolun siyirməsinə atdı.Maya hələ də donub qalmışdı. Rəngi ağarmış halda, soyuqqanlılıqla əlini silən Raufu süzdü:
− Nə baş verib?
      Rauf onu sanki indi gördü. Nəyisə düşünməyi çox ani çəkdi, cəld dönüb qıza yaxınlaşdı:
− Maya, sakit ol, özünü ələ al! Özünə gəl, qorxulu heç nə yoxdur! Sənin ürəkkeçmən var? Nə oldu sənə? – qəfil iki barmağı ilə qızın boynunun hansısa damarını sıxdı.
      Maya onun qollarına aşdı...Vəssalam.  O ayılanda xatırlayacaq ki, sadəcə bərk qorxmuşdu və huşunu itirdi.Qızı divana qoyub, zala qayıtdı. “Qonaqlar” yoxa çıxmışdılar. Kinli-kinli gülümsəyib, ehtiyatla pəncərənin kənarından pərdəni azacıq araladı. Gələnlər tələsik maşına doluşurdular.Bəxti onda gətirib ki, çöldəkilər də içəri gəlməyiblər. Deməli,polis söhbətindən xəbər tutublar. Yanılmayıb, onları dinləyirlərmiş.
     Əsəbiliklə içəri qayıdıb, yır-yığış etdi. Qızın stolun üstündə qalan telefonunu onun məktəb çantasına atdı. Mayanı da çiyninə alıb, otaqdan çıxdı.
Polis maşınlarının səsi bir-birinə qarışmışdı. İçəri girən hündürboylu kişi təəccüblə     Mayanı süzüb soruşdu:
− Nə olub? Bu kimdi?
− Sonra izah edərəm. Maşınımı yoxlayın. Dəqiq ora “hədiyyə”qoyublar. Mən təcili sizin maşınlardan biri ilə getməliyəm.
     Kişi arxaya dönüb, bərkdən çağırdı:
− Xalıqov! – sonra Raufa tərəf döndü, - narahat olma, hara lazımdı çatdırarlar səni.
− Lazım deyil! Açarları verin, özüm gedəcəm.
− Hm, yaxşı. Yenə nə işə düşmüsən?
     Rauf narazılıqla başını buladı:
− Yaxşı işə düşmərik...
* * *
     Başı bərk ağrıyırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında dayanmışdı. Alnını ovuşdurub,gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümumiyyətlə heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim yaman narahat oldu. Sonra ona çölə çıxmamağı tapşırıb, özü getdi. Əvvəl səs-səmir gəlmədi. Amma
qəfil bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf müəllim içəri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?! Çünki Rauf müəllim onu sillələdi, özünə gəl dedi, çiynindən tutub silkələdi. Hə, hə...Belə də olub yəqin. Vay, nə pis olub. Onda bəs indi haradadı?Kimsə onu maşının arxa oturacağında uzandırmışdı. Maya yerində dikəldi.
− Hm, özünüzə gəldiniz? – müəlliminin səsini eşitdi.Sükan arxasında əyləşən Rauf key-key nəzərlərlə ətrafı süzən qıza baxdı.
− Nə baş verir? – Maya soruşdu. Amma, dolub durmuş, ağlamağa hazır bir səslə.
− Heç nə Maya, heç nə! Sizə noldu belə?
      Maya özünü tamam dikəldib, əyləşdi. Dağılmış ipək saçlarını əli ilə arxaya hamarlayıb, azacıq susdu.Tamamilə özünə gəlmişdi:
− Onlar kim idi?
      Rauf qaşqabağını tökdü, yenə başlandı da “məhkəmə”. Gərək elə orda olaydı bu qız? Hər şeyi korladığı azmış kimi...
− Dostlar idi. – kinayəli dedi.
      Maya ani susub, eyni istehza ilə soruşdu:
− Sizin bütün dostlarınız belədir?
     Rauf dişini sıxdı:
− Belə necə?
− Bütün dostlarınız gələndə əvvəlcə xəlvət onları pusursunuz, sonra çıxıb sakit danışırsınız, axırda da qəfildən coşub qırırsınız biri-birinizi?
− Həmişə yox... – gülümsədi.
     Maya duruxub, birdən soruşdu:
− Məni hara aparırsınız?
− Xəstəxanaya aparırdım.
− Mən yaxşıyam, lazım deyil.
− Artıq məlumdur. Evə aparıram.
− Özüm gedərəm, narahat olmayın! - Maya acıqlandı.
      Rauf ön güzgüdə bu inadkar qızı süzdü:
− Bizim evi tanıyırsınız ki?
− Sizin evi? – təəccüblə döndü.
− Daha hazırlığı evdə keçəcəm. Lazım olsa deyərəm zala gələrsiniz.Əvvəldən demişdim axı, ola bilsin evdə də keçdim.
      Maya sınayıcı nəzərlərini ona dikdi. Bu gün nə baş vermişdi çöldə? O güllə səsi eşitdi. Əməlli vuruşdular. Sonra da huşunu itirdi. Amma yox, bu olmamalı idi. Nəsə uyğun gəlmir. Yaxşı, bəs müəllimdə silah nə gəzir? Yox əgər silahdan qarşı tərəf atəş
açıbsa, onda Raufa niyə heç nə olmayıb? Yəni elə-belə havaya atəş açıb, çıxıb gediblər? Axı bağırtı, qışqırtı eşitdi. Deməli, atəşi müəllim açıb. O məni lap uşaq yerinə qoyub. Deyir dostlar idi. Və bütün bu həngamədən sonra mən huşumu itirirəm və yolda ayılıram. Üstəlik də deyir ki, hazırlığı evdə keçəcək. Kimdir axı o? Quldur? Cani? Yoxsa onlara qarşı olan? Yaxşı, sən məni avam hesab elə, mən də bilirəm nə edəcəm. Bu məsələni öyrənəcəm. Necə var, nədən keçməli olsam da. Səni ifşa edəcəm. Quldur! Əcəb maskalanıb, müəllimdir guya. Fizikanı yaxşı bilməyindən mahir istifadə edir.
− Yaxşı, olsun... Sizə necə rahatdır. - Maya dilləndi.
       Rauf güclə seziləcək istehza ilə:
− Yaman çox fikirləşdiniz.
       Maya inadla ona baxdı. Səsində bir amansızlıq, dönməzlik var idi:
− Əlbəttə, fikirləşməli çox şey var.
− Hm, məsələn?
− Məsələn, mənim huşumu nə ilə, necə və niyə apardığınız...
       Diqqətlə müəllimində ən xırda baş verə biləcək dəyişikliyə göz qoydu.
Rauf elə bil deyilənləri eşitmədi. Maşını dolanbac yola döndərdi. Arada sürən qısa sükutu onun zəhmli səsi pozdu:
− Maya, sən detektivə çox baxırsan? – birdən “sən”ə keçdi.
Maya başını buladı:
− Məni azdırmağa çalışmayın. Mən yaxşı bilirəm ki, iradəm möhkəmdir. Gərək elə dəhşətli bir hadisə baş verə ki, huşumu itirəm. O ki qala bu.
− Azdırmıram. - qızın məntiqi onun xoşuna gəlmişdi, bu yaşda hər kəs belə inadcıl, ağıllı, düşüncəli olmur, etiraf etmək istəməsə də qız onun gözündə yüksəlmişdi. - Soruşuram, detektivə çox baxırsan?
− Tutaq ki, elədir. Nə əhəmiyyəti?
− Onda de, əgər mənim sənə etdiyimi hansısa bir filmdə görsəydin,nə məna çıxarardın?
      Maya geri çəkilmək istəmədi:
− Deməli, nəyisə gizlədir. Özü də ciddi-cəhdlə.
− Bəlkə qızı qoruyur? Özü də ciddi-cəhdlə! - gülümsədi.
− Deməzdim. Qarşı cins həmişə öz mənafeyini düşünüb. İndi də sizin müdafiə
əhvalatınız yalnız öz xeyrinizədir. Buna əminəm.
− Feministsən? – ciddi halda soruşdu.
− Xeyr, optimistəm.
− Daha çox eqoist. – Rauf düzəliş etdi.
− Kimsə elə qəbul edə bilər, - Maya incidi - amma eqoist deyiləm!
       Maşın blokun qarşısında dayandı. Rauf ona sarı baxmadan:
− Çatdıq, düşün.
       Maya maşından enib, onun ardınca liftə keçdi. Liftin güzgüsündə qeyri-iradi Raufun üzünə baxdı. Bunu hiss edən Rauf da sərt baxışı ilə güzgüdə onu süzdü. Elə güzgüdəcə toqquşan baxışdan Maya diksindi. Özünə baxdı. Vay, saçları qarışmışdı bir-birinə. Çantasını yerə qoyub, tələsik saçını açdı və barmaqları ilə daraqlayıb, balaca saç sancağı ilə üstdən yüngülcə yığdı. Rauf böyük maraqla qızın hərəkətlərini izləyirdi. Birdən qız ona elə doğma, yaxın göründü ki, az qaldı onu bağrına bassın. Sanki, illərdir tanıyırmış kimi. Amma yəqin o da başqaları kimidir. Necə ki, Aytac. Kənardan baxan mələk sanırdı. Amma insanları tanımaq olmazmış sən demə. Hərdən etibar etdiyin birindən elə gözlənilməz söz eşidirsən, hərəkət görürsən ki, adamın matı quruyur. Aytac onun üçün artıq ölmüşdü. Yalnız xəyalı yaşayırdı yaddaşında. Hərdən bir xoş xatirələri xatırlayırdı. Amma sonra da əhvalı pozulur, başı ağrıyırdı. Çünki, həmin Aytac indi həyatda var idi. Lakin başqa bir əldən tutur, başqa bir ürəyə hakim kəsilirdi. Qanı qaraldı. Yenə hardan düşdü yadına bu qız. Axı özü hamıya qadağan etmişdi onu xatırlatmağı, yada salıb, haqqında danışmağı. Amma bu qadağanı elə bircə özü pozurdu. Hər yerdə onu görürdü, hər sözdə o gəlirdi xəyalına. Hətta hərdən onun sözlərini xatırlayıb gülümsəyirdi də... Amma ardınca bu gülüş elə acılaşır, zəhərləşirdi ki, bütün içini yandırıb-yaxırdı. Gülüşlə ağlamağın nə olduğunu çox gözəl bilirdi Rauf. O, gözündən yaş töküb ağlamırdı. Onun ağlamağı da, göz yaşları da acı-acı gülüşü idi. Kaş ki, hamı kimi hönkürüb ağlasaydı...
* * *
Ardı var...
28 aprel 2013
GO BACK