Qadin.NET / Xəyanət qoxusu (IX hissə)

Xəyanət qoxusu (IX hissə)

Xəyanət qoxusu (IX hissə)

Rauf sakitcə onun hərəkətlərini izlədi, təmkinlə başını buladı:
− Əfqan, insan qəribə məxluqdur, hərdən öz oturduğu budağı da baltalayır... - və nədənsə birdən Aytacı xatırladı, - mən demədim sən öldürmüsən. Bu işi araşdırmağı boynuma götürmüşəm, bunu eləmək də vəzifəmdir. Elə hamınızı sorğuya tutmaq da!
− Qatili təzədən həbs edəcəksən?
− Əfqan, bəlkə də bu günə qədər əsl qatilin başqası olduğuna əmin deyildim, amma bir saat bundan əvvəl məni buna inandırdılar.Möhkəm inandırdılar...
Əfqan heç nə başa düşməyərək çiyinlərini çəkdi.
* * *
Maya artıq dördüncü dəfə idi ki, müəlliminə zəng vururdu.Hazırlıqdan gələndən sonra axşam baxıb görmüşdü ki, tapşırıq dəftəri zalda qalıb. Fikirləşmişdi, sabah dərsdən çıxanda gedib götürər.
İndi Raufa nə qədər zəng vururdusa da, telefonu bağlı idi.Maya deyindi:
− Bəs indi neyləyim? Sabaha hazırlıq var, dəftər də orda. Deyəcək ki, hələ ilk gündən belə məsuliyyətsizsən.
Əfsanə təsəlli vermək istədi:
− Nə edəsən bəs? Səni elə pərt etməyinin qarşısında özün yaddan çıxmamısan, hələ
şükr elə.
Maya məzəmmətlə rəfiqəsinə baxdı:
− Sən də ki. Nə də olsa, ilk növbədə şagirdəm.
− Həmişə özünü günahkar çıxar.
− Öz səhvini tutmayanın başqasında səhv axtarmağa haqqı yoxdur! – Maya atasının həmişəki sözünü təkrarladı.
− Pah, başladı da filosof.
Maya zarafatı tutmadı:
− Bəs mən neyləyim?
Əfsanə birdən döndü:
− Bəlkə gedək zala? Zəng etməyin mənası yoxdur.
− Nə danışırsan? Özünə xəbər eləməmiş? Bəlkə heç orda yoxdur?!
− Bəs harda olacaq ki?!
Maya başını buladı:
− Elə söz deyirsən. Bu adamın dərsdən başqa işi-gücü yoxdur?
Bəlkə ya evdədir, ya sevgilisinin yanında... – gizli qısqanclıqla dedi.
Onun udqunması Əfsanənin gözündən qaçmadı. Mayanı sınamaq istədi:
− Yəqin qəşəng qız olar. Elə yaraşıqlı oğlan elə-belə qıza yanaşmaz ki...
Maya qaş-qabağını tökdü:
− Bizə nə. Onun həyatını araşdırmıram ki. Mənə dərs lazımdır.
− Gedək zala.
Maya ciddiləşdi:
− Bilirəm səninki nədir... Mən heç yadına düşmürəm, səni zal maraqlandırır, guya bilmirəm?!
− Yox, həm bu, həm də o... – güldü.
* * *
Zal açıq idi. İçəridə yenə də məşq keçirilirdi deyəsən. Sıxıla-sıxıla içəri girdilər. Onlara tərəf gələn gövdəli oğlanı görüb Maya astaca Əfsanəyə pıçıldadı:
− Sən deyərsən də.
Əfsanə etiraz etmək istədi, amma oğlan artıq onlara çatmışdı:
− Nə lazımdır?
Əfsanə gözucu Mayaya baxdı:
− Rauf müəllim yoxdur?
− Neyləyirsiz Rauf müəllimi? – oğlan azacıq seziləcək istehzayla dedi.
Xüsusi vurğunu sezən Maya ciddi səslə dilləndi:
− Mən onun şagirdiyəm. Bura hazırlığa gəlmişdim o gün.
− Amma mən sizi burda görməmişəm.
− Ola bilər. Bu əhəmiyyətli deyil.
Oğlan saatına baxdı:
− Rauf zəng eləmişdi, demişdi ki, getməli yer var.
Maya təəccübləndi:
− Zəng çatmır axı nömrəsinə.
− Görünür onu tanımırsınız, vacib işi olanda həmişə telefonunu söndürür.
− Nə pis oldu... – Maya təəssüfləndi. - Dəftərim otağında qalıb.
Bəlkə siz açasınız, götürüm.
Oğlan onu şübhəli nəzərlərlə süzdü:
− Açar ancaq özündə var.
Maya Əfsanənin əlindən dartdı:
− Onda sağ olun!
* * *
Rauf hələ də dəqiq cavab tapa bilmirdi ki, niyə pul bəzi adamları qudurdur...
Qarşısında təkəbbürlə əyləşib, bahalı bir siqar tüstülədən Mirəhməd Babayevə baxıb yenə bu sualı fikirləşdisə də, cavab tapa bilmədi.
− Son vaxtlar Elçinin davranışında qəribəliklər hiss etməmişdiniz?
Mirəhməd istehzayla güldü:
− Səncə bu sualı verməyiblər bizə?
Rauf sərt səslə dedi:
− Kimin nə soruşduğu məni maraqlandırmır. Bu mənim işimdir.Kömək etmək arzunuz olsa, buyurun.
Mirəhməd nifrətlə qarşısındakı gənc oğlanı süzdü:
− Yox! Heç bir dəyişiklik yox idi.
− Bəs sizcə niyə həmin gün qapıçıları yola salmışdı? Hətta cangüdəni də evə göndərmək istəyib, amma getməyib. Bəlkə kimisə gözləyirdi?
− Deyirsən əcəli özü qarşılamaq istəyib? Cənab zabit, Elçin ağıllı adam idi, bunu hamı bilir. Nəsə təhlükə olsaydı, belə eləməzdi.Sadəcə qatil ondan yanıqlı idi. Çoxdan fürsət güdürmüş. Həmin gün də bəxti gətirib.
− Mərhumun silahı var idi? – Rauf gözlənilmədən soruşdu.
Mirəhməd duruxdu və bu ani davranış Raufun gözündən qaçmadı.
− Hə var idi, Makarov tipli tapança. Ofisdə özündə olur, qalan vaxt Əfqanda. - azacıq düşündü - Amma, çox vaxt heç özü ilə götürmürdü.
− Hardan bilirsiniz?
Mirəhməd hövsələdən çıxdı:
− Necə yəni? Səncə mən maraqlanmamışam? Əfqandan azı yüz dəfə soruşmuşam. Nədir, dünənin uşağısan, gəlib burda aranı qatırsan?! - başını bulayıb əlini dizinə vurdu. - Sən ölməyəsən, bilmirəm adam puldan ötrü daha nə oyundan çıxarmış. Atası sağ olsaydı, hələ ondan da şübhələnərdin.
Rauf ciddi və təmkinlə əmr etdi:
− Danışığınıza diqqət edin!
Mirəhməd onu diqqətlə süzüb, özünü yığışdırdı:
− Bəs sən gəlib yaralı yerimizi qazıyırsan, hələ bir diqqət də istəyirsən. Qardaşım, dostum, əzizim ölüb, məni şübhəli adam kimi istintaqa çəkirsən. Niyə əsəbləşməməliyəm?
Rauf gülümsədi. Həm də ürəkdən gələn bir kinayə ilə:
− Çox təəccüblənirəm, çox... Bura gələndən sonuncu danışdığım adam sizsiniz. Amma hamı eyni sualı verir. "Mən onu niyə öldürməliydim?" Heç mən kiməsə dedim ki, onu sən öldürmüsən? Mən öz işimi görürəm. Ortaq məxrəcə gəlmək üçün hamınızla danışmalıyam, ətraflı məlumatlanmalıyam. Məgər şahid qismində dindirilənlərin hamısını məhkəmədə qatil adlandırırlar?!
Mirəhməd səsinə mülayim ton verdi:
− Rauf, gəl sən incimə. Hamımız bu hadisənin şokundan hələ də özümüzə gələ bilməmişik. Ona görə sinirlənirik, tez coşuruq, - əlini kresloya dayaq edib, qalxdı– başqa sualın yoxdursa, mənim işim var.
Rauf gülümsədi:
− Əslində sualım çoxdur, lap çox... Gedin! – deyib əlində qaraladığı vərəqə nə isə anlaşılmaz şəkil çəkdi. Daha çox silah şəklinə bənzəyirdi...
Mirəhməd qapıdan çıxanda, qapı ilə divarın arasında dayanıb geri baxdı:
− Amma, məndən sənə məsləhət! Qatil tapılıb. Özünü nahaq yoracaqsan...
Rauf başını döndərmədən ucadan dedi:
− Məsləhətinizə görə təşəkkür.
Binadan çıxanda telefonu işə saldı. Nə qədər cavabsız zəng gəlmişdi. Aytac ilə ayrılandan bəri demək olar ki, ailə üzvlərindən başqa zəng edəni yox idi. Təsadüf işlər nəzərə alınmasa. Ona görə də zənglər ona qəribə gəldi. Ekrana gəlmiş mesajı oxuyanda isə dodaqaltı mızıldandı:
− Görəcək günlərim qarşıdadır da...
* * *
Çay süfrəsinə təzəcə əyləşmişdilər ki, anası otağa gedib,əlində nəsə qayıtdı:
− Sənubərin qızını nişanlayıblar, bu da şirnisidir. Maya üçün göndərib. – bəzəkli kağıza bükülmüş şokoladı Mayaya uzatdı.
Maya təəccübləndi:
− Doğrudan? Nə vaxt?
İradə xanım xalatının yaxasını düzəltdi:
− Dünən. Deyir heç kəs olmayıb, elə özləri. Beş-on nəfər qız evindən, elə o qədər də oğlan evindən. Toy tez olacaq da, ona görə təmtəraqlı keçirməyiblər.
Eldar pultu götürüb, televizorun səsini azaltdı:
− Allah xoşbəxt eləsin. Yaxşı, səmimi uşaqdır.
Maya razılaşdı:
− Çox yaxşı qızdır. Gərək zəng eləyib, təbrik edim. - əlindəki konfetə baxdı. - Elə qəşəng bağlayıblar ki, adam heç açmaq istəmir.
Əllərini stolun altında gizlədib, telefonla məşğul olan Nicat bacısının əlinə baxdı:
− Açma da.
Maya gözucu anasına baxıb, mənalı gülümsədi:
− Yox, açmalıyam!...
Vaxtsız çalınan qapı zəngi söhbəti yarımçıq qoydu. Axşam saat 9-a işləmişdi.
Eldar qapıya getdi:
− Allah xeyir eləsin!
Dəhlizdən gələn səslə Mayanın yerindən sıçraması bir oldu.Tələsik balkona qaçıb, orada küncə qoyulmuş kiçik güzgüdə özünü sahmana salmağa çalışdı. Bayaq dərs oxuyanda vaxt itirməmək üçün yerindən qalxmayıb, elə qələmlə yığmışdı saçlarını.
Ona görə də qəşəng, dalğalı saçları dağınıq formada yarıyığılı qalmışdı. Evdə don geyinən deyildi. Amma indi yüngül bir yaz donu geyinmişdi.
Güzgüyə baxdı. Yalnız sinədən yuxarı görünürdü. Əyilib özünə baxanda donun xeyli qısaldığını hələ indi gördü. Utanıb,cəld əli ilə aşağı dartışdırdı. Amma bu dəfə onsuz da əynində yığılmış donun yaxası dartıldı. Dilxor halda paltarla əlləşəndə, atasının səsini eşitdi:
− Maya, gəl gör kim gəlib?!
Nədənsə əlləri əsirdi. Utandığından özünə yer tapmırdı. Bir yandan da bu sadə və əynində bir qədər yığılmış paltarda lap birtəhər olmuşdu. Keyfiyyətli paltar buraxılır ki?! Çoxu bir dəfə yuyulan kimi yığılıb, formasını itirir. Bəzisi də əksinə, ipləri boşalıb sallaqlaşır.

Rauf özünü nəzərə çapdırmamaq üçün dəridən-qabıqdan çıxan Mayanı görüb, ciddi halda əl tutuşdu:
− Belə diqqətsizliyə yol verməyin! İlk gündən dəftərinizi dərsdə unutmusunuz. – Rauf bunu elə dedi ki, heç kəs gün ərzində Mayanın onu axtardığını hiss etmədi. Maya pərt halda gözlərini kənara dikdi:
− Axırıncı dəfə olar.
Eldar İradə xanıma tərəf döndü:
− Rauf müəllimdir, fizika hazırlığını keçən. - ardınca qonağını qarşıya ötürdü – Keçin, evimizə xoş gəlmisiniz. – gülümsündü.
− Yox, sağ olun! Maya, yaxın gəl. Elə burda bir-iki tapşırıq da əlavə edəcəm dəftərə.
Eldar incik səslə dəftər-qələmi ondan aldı:
− Rauf müəllim, hələ evimə gələn heç kəs qapımda durmayıb. Mən onu hörmətsizlik sayıram. Xahiş edirəm, keçin içəri.
Bu sözlərin qarşısında başqa nəsə demək doğurdan da hörmətsizlik olardı. Rauf ev sahibinin qarşısına düşüb sadə, lakin səliqəsi ilə könül oxşayan evin qonaq otağına keçdi.

 

Eldar Rauf və Nicatla hansısa mövzunu müzakirə edirdi. Hərdən Eldar ürəkdən gülür, Rauf təmkinlə gülümsəyir, Nicat da özünü qarşısındakı rəğbət doğuran oğlana bənzədərək, təmkinlə gülmək istəyirdi. Bunu hiss edən Raufa hər şeydən çox məzəli görünən də elə bu idi. Çünki, Nicat şən oğlan idi və özünü ciddi tutumağa çalışsa da, üz cizgiləri, gülər və oynaq gözləri sözünə baxmırdı. Maya süfrəyə çay gətirəndə əvvəlcə otağına keçib paltarını dəyişdi. Otağından dəhlizə çıxan kimi, tez də fikrini dəyişdi. “Birdən səhv başa düşülərəm. Bu qız özünü niyə bəzəyir?! Ehh...” Qayıdıb yenə donunu geyindi. Rauf dəftəri qarşısına çəkdi:
− Maya, yazdıqlarıma diqqətlə bax! Dörd tapşırıq yazıram. İndi həll üsulunu da deyəcəm. Amma yoxlayanda necə həll etdiyini izah edəcəksən.
− Bəli. – qız onun qələm tutan əlinə baxdı. Maya qəfil başını qaldıranda, anasının diqqətlə onlara baxdığını gördü və qızardı. Yaranmış sükutu Rauf özü pozdu:
− Buyur, hazırdır. Sabah dərsdən çıxan kimi naharını edib, tez gələrsən. – çayı qarşısına çəkdi.
Bütün televiziya kanallarında 8 mart bayramında qadın həbsxanalarından buraxılan, əfv olunmuş dustaqları göstərirdilər. Artıq bayramdan iki gün keçsə də, prezidentin böyük sevincə səbəb olmuş bu fərmanına görə əfv olunmuş dustaqları göstərirdilər.
Onların sevinci, göz yaşından boğula-boğula danışıb, təşəkkürlərini bildirməsi həssas adamları duyğulandırırdı.Qadınlar hər biri nə üstündə həbs olunduqlarını, ardınca da ürək sözlərini deyirdilər. Maya yaşarmış gözlərini görməsinlər deyə televizordan üzünü döndərib, köks ötürdü:
− Gör necə sevinirlər.
Anası da duyğulanmışdı:
− Vallah, adamın yazığı gəlir. Qadın hara, həbsxana hara.
− Bunu onlar əvvəldən düşünməli idilər. Səhv eləyib, sonra da peşmanam deməyin nə faydası var ki? Onsuz da heç nəyi geri qaytarmaq olmur. – Rauf dilləndi və yenə ani olaraq Aytacı xatırladı. Nicat yenə də xoşuna gələn bu oğlanın fikrinə qahmar çıxdı:
− Düzdür, hamısı elə danışır ki, elə bil mələkdilər.
Eldar ağır-ağır başını buladı:
− Səhvsiz insan yoxdur, əsas odur ki, səhvini başa düşəsən, təkrarlamayasan.
İradə xanım başı ilə razılıq bildirdi. Rauf isə öz mövqeyindən dönmək istəmədi:
− Belə çıxır ki, bunu əlimizdə bayraq edib, istədiyimizi edək,sonra da səhvsiz insan yoxdur deyib, əfv diləyək?!
Bu dəfə Maya etiraz etdi:
− Müəllim, sizinlə razı deyiləm. Doğrudur, bundan istifadə etmək olmaz. Amma unutmayaq ki, insanların 90%-i səhvləri qəsdən törətmir. Çünki bunun ziyanını özləri çəkirlər. Baxın, bu qadınların hansı biri istəyərdi həbsxanaya düşsün? Amma
hansısa səhvə görə  məhkum olunublar. Cəzasız da qalmayıblar. Amma bağışlamaq ən gözəl bir şeydir. Həm savab qazanırsan, həm də adamın özünə xoş olur.
Rauf qarşısındakı qızın fikirlərinə təəccüblənirdi. Mayaya belə diqqətlə baxmamışdı hələ. Əslində öz-özlüyündə etiraf edirdi ki, qızın fikirlərində həqiqət var idi. Amma yenə barışmazcasına öz mövqeyindən çəkilmək istəmirdi:
− Elə adamlar da var ki, bağışlanmağa layiq səhvlər etmirlər. Əgər bağışlasan, onların səviyyəsinə enmiş olursan, onlar da ayaqlayıb keçir səni, belədən-beləyə!
Maya bir anlıq susdu. Müəllimin sözləri onu hiddətləndirmişdi. Barıt dolu tapançaya oxşayırdı. Əgər qarşısındakı öz yaşıdlarından biri olsaydı, ürəyindəkilərin hamısını boşaltmışdı üstünə. Amma Rauf ona daha fərqli baxırdı. Elə bil, elə bil bir az maraqla...
− Bağışlayın, amma onda gərək bizim də etdiyimiz hər səhvə görə Allah bizim gözümüzü oysun. Bəs O niyə hər səhvi bağışlayır? Bəs O niyə rəhm edir? Bəs niyə hər dəfə, təkrar-təkrar şans verir bizə?
Anası yüngülcə onun qoluna toxundu. Atası da baxışı ilə nəsə demək istədi. Amma Maya bunların fərqinə varmadı. Tələbkar müəllim uşaqdan dərs alırmış kimi, inadla Raufdan cavab gözləyirdi. Rauf gülümsədi. Elə qəribə gülümsədi ki, Maya bir anlıq elə bildi ki, müəllimi üç əsr yaşamış bir qocadır, özü isə 5 yaşlı uşaq. Rauf stolun üstündən telefonunu götürüb, ayağa qalxdı. Pencəyini geyinə-geyinə söhbəti yekunlaşdırdı:
− Maya, bax bunları bilsəydik, biz də Allah olardıq. Amma O təkdir. Sənin sadaladıqlarının da hamısı Ona məxsusdur, çünki O Allahdır! – üzünü ev sahibinə tutdu – gecəniz xeyrə, mən getdim!
Eldar gülümsədi, qonağını yola salmaq üçün ayağa qalxdı:
− Çox maraqlı adamsınız. Yaxından tanışlığımıza sevindim.
− Mən də!

Ardı var...

20 aprel 2013
GO BACK