Evə gələndən bəri otağından çıxmamışdı. Bəzi yerlərə zəng edib Elçin Talıbovun qətli ilə əlaqədar bütün sənədləri, məlumatları toplamışdı. İndi noutbukun arxasında əyləşib, əlində olan bütün dəlilləri oxuyurdu. Otağın qapısı döyüldü, ardınca atası Mahir içəri girdi:
−Nə iş görürsən?
Rauf ayağa qalxdı və yenidən əyləşdi:
−Heç, bir-iki yazı var, ona baxıram.
Atası yaxınlaşıb, noutbukun ekranına baxdı. Gözləri zəifləmişdi. Yaxşı seçə bilmədiyi üçün köynəyinin cibindən eynəyini çıxardı. Rauf dinmədi. Mahir uzun müddət müstəniq və son illər prokuror işləmişdi. Amma həkimlər ona ürək xəstəliyi diaqnozu qoyandan sonra, istefaya çıxmalı olmuşdu. Peşəsinə bağlansa da, sevsə də, oğlunun bu yolda olması o qədər də ürəyincə deyildi. Bilirdi ki, çətin olacaq. İncidəcəklər. Vicdanlı, təmiz işçilər çox çətinliklə üzləşirdilər... Daha nələrdən keçmirdi onlar. Elə ona görə tez zamanda ürək xəstəliyi tapdı Mahir. Özü də çox təhlükəli növündən. Həm də ürək xəstəliyini təkcə özü tapmamışdı. Həyat yoldaşı Gülnaz xanım da, eyni təhlükəni, eyni həyəcanı onunla yaşamışdı. Gecələr qəfil harasa çağırılanda, yuxusuna qor qatırdılar qadının. Uşaqları yatırdıb, bütün gecəni əli qoynunda keçirirdi. Həyəcan, qorxu... Odur ki, onun da sinirlərindən, sağlamlığından təsirsiz ötüşməmişdi bu illər... Elxan həkim olmaq istəyirdi. Onun bu arzusu evdə böyük sevinclə qarşılanmışdı. Atası da ən yaxşı müəllimlər tapıb, onu hazırlaşdırırdı. Yüksək balla Türkiyədəki ali məktəblərdən birinə, cərrahlığa qəbul oldu. Ürək cərrahlığına... Amma Rauf, atasının da, anasının da narazılığına baxmayaraq, onları yola gətirdi. Hələ lap uşaqlıqdan olan arzusunun ardınca getdi. Hüquqa sənəd verdi, qəbul oldu. Bacarıqlı, ağıllı, məntiqli düşüncəsinə görə, gücünə, qüvvətinə görə hamıdan seçilirdi. Onu əlavə hazırlıq üçün bir illik kursa da göndərmişdilər xaricə. Mahir həmişə uşaqlarına oyuncaq alanda, Rauf tapança, silah istəyirdi. Deyirdi “ata, böyüyüb banditləri, pis adamları tutacam. Adam öldürənləri öldürəcəm”. Belə deyə-deyə də, nəvaxt böyüdükləri, bu yaşa çatdıqları hiss olunmadı. Arzusuna çatmışdısa da, atası gizlincə xahiş edib tapşırmışdı ki, onu hələlik də olsa ehtiyata keçirsinlər. İndi həm karate və kinqbox dərsləri üzrə idmançılar yetişdirir, həm də əsl peşəsinin ardınca gedirdi. Mahir qaşlarını çatdı:
−Bunlar nəyinə lazımdı?
Rauf yalan demək istəmədi:
−Təzə işdir.
Mahir ciddi baxışla oğlunu süzdü:
−Demişdim axı, belə işləri götürmə!... O qədər yüngül iş var ki.
−Bəs hamı yüngülə qaçsa?
−Başa düşürəm səni. Amma sən də ananla məni başa düş.
Rauf gileyləndi:
−Həmişə hər xırda şeyə görə narahat olursunuz. Belə şeydən heç xoşum gəlmir.
Mahir başını bulayıb, divanda əyləşdi. Boy-buxunlu, yaraşıqlı oğlunu sanki neçə illər görmürmüş kimi diqqətlə süzdü. Ürəyindən çox şey keçirdi, lap çox... O da övlad toyu görmək istəyirdi. Dünyadakı bütün valideynlər kimi belə şeylər düşünəndə ürəyinə sərinlik gəlir, üzünə təbəssüm qonurdu. Bu yaxınlarda həyat yoldaşı ilə ikilikdə söhbət edəndə söhbət gəlinə, nəvəyə çatdı. Mahirin qızı yox idi. Ona görə də Mahir həmişə deyirdi: Gəlinimi qızım kimi istəyəcəm. Ürəyi nə istəsə alacam ona. Qoymayacam zərrəcə xətrinə dəyən olsun.
Hələ nəvələri düşünəndə nə hisslər keçirirdi. Ürəyi tələsirdi nəvə qığıltısı, nəvə şıltaqlığı, nadincliyi üçün... Qaşlarını düyünləyib, nəyisə diqqətlə oxuyan oğluna baxıb, yenə eyni xəyalları qururdu.
−Rauf... – səsi birtəhər çıxdı. Bunu hiss edən oğul diqqətlə atasına baxdı. İlahi, illər insanı necə dəyişərmiş. Nə vaxt dəyişildi atası belə. Möhkəm bədənli, şux, sıx qara saçlı atasının əvəzinə üzünün bəzi yerlərində dərin qırışlar yaranmış, saçları çallaşmış bir kişi dururdu. Əvvəlki gümrah görünüşünü tam itirməsə də, yaşlanmışdı atası... Necə olub ki, bunu bu günədək görməyib, duymayıb. Hər gün bir süfrə başına əyləşəndə bu dəyişiklik niyə onu cəlb eləməyib. Ürəyinin dərinliyindən bir sızıltı keçdi. Sanki, ata və oğul bir-birlərinin fikirlərini oxumuşdular. Bu dəyişikliyi, duyduqlarını baxışları ilə biri-birilərinə etiraf edirdilər. Rauf baxışlarını çəkdi. Atası onu çağırdı:
−Gəl yanımda otur, çoxdan belə danışmırıq.
Rauf itaət etdi. Mahir irəli əyilib, birləşdirdiyi əllərini dizinin üstünə dayadı. Oğluna tərəf baxmadan dilləndi:
−Bilirsən mənim neçə yaşım var?
Rauf dodaqaltı mızıldandı:
−Bu il 55 olacaq.
−Bəs mənə nə qədər yaş verərsən?
O, atasını süzdü:
−Elə o qədər. – yalan danışdı.
−Mənə yox da.
Rauf susurdu. Gözəl bilirdi ki, atası nədən danışacaq. Anası bu dəfə onu daha ciddi danışmağa təhrik etmişdi. Heç olmasa, yenə ananı yola vermək olurdu. Amma atasından çəkinirdi. Bu mövzuda həmişə pərdə olmuşdu aralarında. Heç vaxt belə açıq danışmamışdılar. Hətta əvvəl Aytac ilə qarşılaşanda da, məsələni yalnız anasına açmışdı. Narahat halda yerində qurcuxdu. Atası sərt baxışlarını oğlunun üzündə saxladı:
−Etiraf etmək istəmirsən... Belə-belə, heç hiss eləmədən məni də itirəcəksən, ananı da.
Rauf nəsə demək istədi, amma atasının zəhmli səsinin yaratdığı abu-havanı pozmaqdan çəkindi.
−Oğlum, hamı kimi arzu-kamım var. Əgər qardaşın evlənmək istəsəydi, lap elə əvvəlcə onu evləndirərdik. Amma Elxan and içib ki, sən evlənməsən evlənməyəcək. Gör inadcıllığın nə qədər adamın xoşbəxtliyinə mane olur.
Rauf mızıldandı:
−Mənə çox da bel bağlamayın.
Mahir ciddiləşdi:
− O söz deyil, danışırsan. Gəldim səninlə söhbət eləyim. Əgər zərrə qədər mənə, yaşlı anana hörmətin varsa, qız tap, evlən. Ya da mən evimə ürəyim istəyən gəlini gətirəcəm. Başqa variantın yoxdur! – Ayağa durub ağır-ağır qapıya doğru getdi, dönüb başını aşağı dikmiş oğluna baxdı. - Əgər hörmətin varsa...
Rauf əsəbi halda noutbukun arxasına keçdi. Elə hövsələdən çıxmışdı ki, işləyə bilməyəcəyini başa düşdü. “Nə işə düşdüm amma. Evlənmək istəmirəm də, nə məcburdur. Ax səni Elxan, bunun da inadına bax. Məni başqa cür yola gətirə bilmir deyə, xoşbəxtliyini qardaşının ixtiyarına verir. Aytac... Gör məni nə hallara saldın. Gör sənə görə ailəm də necə əziyyət çəkir. Sən isə yəqin indi yeni sevgilinə məhəbbətdən dəm vurursan. Yəqin başını doldurursan ki, guya o ilk məhəbbətindir, guya ondan başqasını sevə bilməmisən. Guya arxanca sürünənlər içində qəlbini ələ ala bilən təkcə o olub. Yox, yox, sənə nifrət etməyə haqqım var. Özü də çox var! Bu dünyada kimə inanmazdımsa da, sənin qəlbinin paklığına necə də sadəlövhcəsinə aldanmışdım. Mələklərə tay tuturdum səni. Qadınlar sənin timsalında ucalmışdı gözümdə. Öz ucalığını da itirdin, qadınları da alçaltdın. Get, bacarsan xoşbəxt ol!” Kino kadrları kimi bir-birini əvəz edən şirin, eyni zamanda acıdan-acı xatirələrini beynindən qovmaq istədi. Evlən deyirlər. Ən pak bildiyin, tanıdığını sandığın biri belə çıxandan sonra, başqalarına necə inansan axı? Necə tapasan özünə layiq olanı?
Birdən-birə Mayanı xatırladı nədənsə... Amma heç nə duymadı, heç nə hiss etmədi. Sadəcə haradansa, birdən-birə yadına düşdü... Yəqin onun da istəyi bütün qızlar kimi varlı adamla ailə qurmaq, var-dövlət içində yaşamaqdır. Hə də, hamı kimi! Amma ümumilikdə qəribə qızdır. Hələ özümə nə qədər acığım tutdu. Necə oldu ki, ona yazığım gəldi. Yəni, belə həssas olmuşam?! O gül istədi, ala bilmədi ancaq. Pulu çatmadı. Nə olsun, başqasını alacaqdı. Onun məyusluğu məni necə yoldan çıxardı?! Onsuz da anasına verəcək həmin gülü. Özü də başa düşdü ki, anasını nəzərdə tutub almışdım. Nəysə, bu qız hardan düşdü yadıma..." – Özünü qınadı. Qalxıb vanna otağına keçdi. Əl-üzünü soyuq su ilə yudu. Azacıq gözünə tökülmüş saçlarını yaş əlləri ilə geriyə hamarladı. Boynuna su çəkdi. Suyun təmasını hiss etdikcə, elə bil bir az rahatlaşırdı. Telefonu səsləndi. Öz-özünə deyindi, “Allah xeyir eləsin!”
−Bəli?!
−Salam Rauf, İlqardır.
−Salam, tanıdım.
−Mən ofisdəyəm. Arxanca adam göndərirəm. Yarım saata orada olacaq.
Rauf etiraz etdi:
−Özüm gələcəm.
−Tapa bilərsən?
−Taparam.
−Yaxşı, onda gözləyirəm.
Otağa keçib qurulandı. Telefonun melodiyası təkrar səsləndi. Gizlədilmiş nömrədən zəng vururdular. Elxanı xatırladı.
Bəzən xaricdən vurulan zənglər gizli nömrə kimi görünürdü.
−Bəli?!
−Raufdur?
−Bəli!
Danışan adamın səsi çox boğuq gəlirdi. Hiss olunurdu ki, səsini dəyişməyə çalışır. Hətta deyəsən ağzına dəsmal da tutub.
−Yaşamaq gözəldir?
Rauf söhbəti uzatmağa çalışdı:
−Bərkdən danışın! – cəld noutbukun arxasına keçdi.
−Deyirəm, yaşamaq gözəldir? - Raufun onu eşitmədiyinə asanlıqla aldanan naməlum şəxs əsəbi səslə təkrarladı.
Rauf barmaqlarını iti hərəkətlə klaviaturanın üzərində gəzdirdi, “Nömrəmə gələn zəngi təcili araşdırın!”. Göndərmə düyməsini vurdu.
−Çox gözəldir. Duymaq istəyirsinizsə, dəsmalı ağzınızdan çəkin, boğularsınız... - Rauf təmkinlə dilləndi.
Naməlum səsin sahibi əsəbiləşdi:
−Deyəsən zarafat eləməkdən xoşun gəlir haa...
Rauf gülümsədi:
−Əlbəttə, ömrü uzadır.
−Amma mən zarafatı xoşlamıram. Qulaq as, öz başına iş açma! Onsuz da heç nə alınmayacaq. Sonra demə ki, xəbərdar eləmədim...
Naməlum adamın hədə-qorxusu Raufu hövsələdən çıxarmırdı, əksinə onunla söhbəti uzadaraq həm vaxt qazanır, həm də qatilin necə hərəkətə gəldiyindən həzz alırdı.
−Əksinə, mən də sizi xəbərdar edirəm, özünüzü nahaq yerə yorursunuz. Çox nahaq.
Boğuq səs bir az xırıldadı:
−Özünə çox güvənmə!
Rauf noutbukun ekranında görünən mesajı açdı: “Zəng şəhər telefonundan vurulub. İçəri şəhər metrosunun yanından. Telefonunuz dinlənilir. Zəngi uzatmağa çalışın. Adamlarımız göndərilib”.
Rauf ani susub, dilləndi:
−Hm, niyə düşünürsünüz ki, heç nə eləyə bilmərəm?
Amma deyəsən rəqib şübhələnməyə başladı:
−Mən sözümü dedim! – deyib, dəstəyi asdı.
Rauf cəld telefonu rəhbərindəki nömrələrdən birini yığdı:
−Cəld olun, əlaqə kəsildi.
−Göndərmişik. - kimsə aramla cavab verdi - ehtimalında olan biri var?
−Bir onu bilirəm ki, pis adamdır. – Rauf gülümsədi.
−Ehtiyatlı ol!
−Telefonuma qoyulan dinləməni qaldırın.
−Yaxşı.
Üç dəqiqədən sonra mesaj gəldi: - “Hədəf uzaqlaşa bilib”. Gödəkçəsini geyinib olduqca sakit dedi:
−Qoy uzaqlaşsın. Dünya kürədir, yenə rastlaşacağıq...
***
Maşını böyük, büsbütün şüşəli bir binanın qarşısında saxladı. Qapıda dayanmış iki “nəhəngin” arasından keçmək istəmədi, onsuz da imkan verməyəcəkdilər. Amma elə bu vaxt bayaqdan Raufu gözləyən İlqar onun gəldiyini pəncərədən görən kimi, qapıçılara onu buraxmaq əmri verdi. İçəri kifayət qədər bahalı materiallarla təmir olunmuş və elə bahalı da mebel və avadanlıqlarla təmin edilmişdir. Liftlə yuxarı mərtəbəyə qalxdı. Qəbul otağında katibə ilə ötəri salamlaşdı. Katibə qız Raufu başdan-ayağa süzdü:
−Rauf Şıxov?
−Bəli!
−Keçə bilərsiniz.
Kabinetdə İlqardan başqa da beş nəfər var idi. Rauf hamısını başı ilə salamlayıb, İlqarla əl tutuşdu:
−Qəşəng ofisdir.
İlqar gülümsədi:
−Çox sağ olun. Dəqiq adamsınız, düz vaxtında gəldiniz. – Sonra üzünü əyləşib maraqla bu cavan oğlanı süzənlərə tutdu. – Bu dediyim Rauf Şıxovdur. Gənc zabitdir. Rəhmətlik Elçinin işini o araşdıracaq. Rauf gülümsədi:
−İnşallah! İlqar, sizinlə razılaşıram.
Qonağını maraqla süzdü:
−Nədə?
−Bu ölüm təsadüfü qətl deyil.
İlqar dirçəldi:
−Necə məgər?
−Artıq qatil mənimlə gizlənqaç oynamağa başlayıb.
İlqar təəccübləndi:
−Necə? Əyləş, xahiş edirəm. Ətraflı danış.
Rauf dəri üzlüklü yumşaq divanda əyləşdi:
−Zəng edib məni hədələdilər.
İlqar əsəbləşdi:
−Ay səni, azadlıqda kef edir. Hələ hədələyir də bir.
−Hmm...
İlqar fikirli halda başını qaldırıb, oturanları göstərdi:
− Heç təqdim etmədim bizimkiləri. Bu, böyük yeznəm Kamran Əliyevdir – sıx saçları çallaşmış, 55-56 yaşlı kişini göstərdi. Rauf başını tərpədərək salamlaşdı.
−Bu, kiçik yeznəm Mirəhməddir. Mirəhməd Babayev. – İlqar ondan sağ tərəfdə əyləşmiş kişini göstərdi.
−Bu isə həmin o yaralanan cangüdəndir.
Canlı-cəsədli bir oğlan olan Əfqan başı ilə salamlaşdı.
−Bunlar da, - kənarda yanaşı əyləşmiş orta yaşlı kişini və 30-33 yaşlı başqa kişini göstərdi. - sürücüləri idi...
Rauf tutqun halda dilləndi:
−Doğrusu, tək-tək danışacağımızı güman edirdim.
İlqar etiraz etdi:
−Buna ehtiyac görmürəm. Özümüzkülərdir.
Rauf qaşqabağını tökdü:
−Hələ indi başlamışıq, artıq ikinci şərti pozursunuz.
İlqar ani duruxub, güldü:
−Yaxşı, Rauf, yaxşı. Necə istəyirsən. Bizdə boş otaq tapılar.
−Bu yaxşı xəbərdir. – deyib, ayağa qalxdı. Yığcam, lakin işıqlı otaqda ikisi tək qalmışdılar. Rauf qarşısında əyləşmiş qaşqabaqlı oğlanı süzdü:
−Adınız necə oldu?
−Əfqan.
−Hm, Əfqan. Siz mərhumun cangüdəni olmusunuz. Bəs necə oldu Elçinə xəbər verə bilmədiniz?
−Deyəsən deməyiblər ki, mən yaralanmışdım. – Oğlan kobud cavab verdi.
−Səs salıb, xəbərdarlıq edə bilərdiniz.
−Dedim axı, yaralı idim. Heç mən də belə şey gözləmirdim. Səsboğucu var idi tapançasında. Mən yıxıldım, amma qışqırdım. Sonra da qatil otağa girdi. Qalanın da bilirsən.
Rauf ani fikrə getdi. Sonra yenə acıqla oğlanı ötəri süzüb, baxışlarını onun gözlərində saxladı:
−Hadisə vaxtı ofisdə ikiniz olmusunuz?
−Nahar fasiləsi idi də, başqa necə olmalıdır? Hamı nahara getmişdi.
−Bəs Elçin Talıbov niyə getmədi?
Əfqan karıxdı:
−Hardan bilim? Elə şeyləri bizimlə məsləhətləşmirlər. Dedi naharı ofisə sifariş verim. Mən də verdim.
−Qapıçılar harada idi? Naharda? – Rauf kinayəli soruşdu.
Əfqan ani susdu. Çiynini çəkdi:
−Bilmirəm niyə, amma elə bil tək qalmaq istəyirdi. Qapıçı oğlanlara dedi ki, çöl soyuqdur, gedin evə, bir az istirahət edin. Hələ mənə də dedi ki, sən də get. Razılaşmadım.
Raufun qaşları düyünləndi:
−Bəlkə kimisə gözləyirdi?
−Bəs onda bizi evə göndərmək nəyə lazım? Onsuz da qonaqları otağında qəbul edirdi.
−Səncə Elçin necə adam idi? – Rauf gözlənilmədən soruşdu.
Əfqan çaşdı:
−Necə ki?
−Münasibətiniz necə idi?
−Fikirləşirsən ki, onu mən öldürmüşəm? Qatil tapılıb, cəzasını çəkir, hələ ondan betərini çəkdirəcəklər ona... Amma pula görə atılmısız ortalığa, aləmi qatırsız bir-birinə. Nəyimə lazım idi onu öldürmək? Çörəyim, pulum ondan gəlirdi. Maşın vermişdi, ev vermişdi. Yaxşı davranırdı. Nə istəsəydim də verərdi. Niyə öldürüm?
Ardı var...