Qadin.NET / Xəyanət qoxusu (VI hissə)

Xəyanət qoxusu (VI hissə)

 

−Elə yox, sağ əli geri çəkib, solu qarşıya uzadırıq. Hə, bax belə. – meydandakı  oğlanın dayanışını digər tələbələrinə göstərdi. – Bu vəziyyətdə sol əl zərbəyə hazır görünsə də, əsas gücü sağ ələ veririk. Bununla rəqibin diqqətini sol əlin zərbəsinə
yönəldirik. O sol tərəfdən müdafiyəyə hazır olduğu halda, sağ tərəfin qəfil zərbəsindən hətta nakauta gedə bilər. Solaxaylar, sağ əli solla əvəz edə bilərlər. Burada məhz hansı əl ilə vurmaq vacib deyil, rəqibin diqqətini işlək olmayan tərəfə yönəltməkdir. Başa düşdünüz? 
−Bəli. 
−Başa düşdük. 
Elşəni yerinə ötürüb, Fəridi çağırdı: 
−Sən gəl bura. Mən rəqibinəm. Fəndini istifadə eləməlisən.Belə təsəvvür edək ki, mən sənin fəndindən xəbərsizəm. Amma yadında saxla, rəqibin bu fəndi bilməyə bilər, amma elə başqa fənddən də istifadə edər ki, sənin bundan xəbərin olmaz... Odur ki, təkcə bildiyini tətbiq etmək lazım deyil. Diqqətli adam qarşı tərəfin də məqsədini tutmalıdır. Başla görək! Oğlan müəllimindən öyrəndiyi fəndi tətbiq etmək üçün irəli atıldı. Baxmayaraq ki, evdə bunu məşq etmişdi, hətta bayaq zala gələndən bəri də neçə dəfə təkrarlamışdı, amma müəllim deyirsə, demək eləməlidir. Gözəl bilirdi ki, o, heç nəyi elə-belə, səbəbsiz deməz.  İndi daha arxayınlıqla döyüş  vəziyyətini aldı. Rauf gözlənilmədən onun ayaqlarına baxdı. Fəridin diqqətinin yayınmasına bu kifayət etdi ki, Raufun qəfil zərbəsindən kürəyi üstə qalın və sərt döşəyin üstünə çırpılsın. 
−Bax bu, tamam yeni dərsimizdir. – yıxılan oğlana  əlini uzadıb, qalxmağa kömək etdi. – Özünə əmin rəqibi təkcə əl-qol və digər hərəkətlərlə çaşdırmaq olmaz. Bunda hər bir əzamızın rolu ola bilər. Baxış  fəndi əsas fəndlərdən biridir. Bunu hər bir rəqibin bilməsi ehtimalı var. Amma, hətta  ən güclü və  təsirli fəndlərdən xəbərdar olsaq da, ən əsası işlənmə yerini bilmək lazımdır. Rəqibin buna hazır olmadığı məqamı tutmaq lazımdır.Sonra yanında dayanıb qaşqabağını tökmüş Fəridi süzdü: 
−Təkcə çalışmaqla deyil ki. Diqqətli olmalısan, özün də nəsə  kəşf etməlisən. Xoşum gəlir də belə şagirdlərdən... – kənarda sakitcə dayanmış 20 yaşlı oğlanı göstərdi: 
−Elşən kimi. 
Arxaya dönəndə hiss etdi ki, kimsə azacıq aralı qalmış qapıdan onlara göz qoyur. Bu Maya idi... 
Rauf zalın künc hissəsinə yerləşdirilmiş  yığcam stola yaxınlaşdı. Üstünə qoyulmuş sudan stəkana süzdü. Gözucu lap azacıq aralanmış qapıya nəzər saldı. Heç nə görünməsə  də, bildi ki Maya hələ də onlara baxır. Stəkanı stolun üstünə qoyub, geri döndü: 
−Siz davam edin! – otağa tərəf getdi. 
* * * 
O çox sürətli oxuyurdu. Hələ də kimisə inandıra bilmirdi ki, orta qalınlıqda hər hansı kitabı bircə günə oxuyub başa vurur. Özü də başqa işləri, dərsləri təxirə salmadan. Hətta bir dəfə qardaşı ilə  mərcləşmişdi də. Onun belə sürətli oxuduğuna inanmayan Nicat bacısının bir günə oxuduğu kitabı əlinə alıb, ordan-burdan suallar vermişdi.  İndiki kimi yadındadır,  ən sevimli yazıçıarından birinin əsəri idi. O qədər bəyənmişdi ki, o  əsəri. Hətta həmin kitabdakı ən çox bəyəndiyi qaraqabaq, təmkinli, təmiz ürəkli və sadə  xəfiyyə obrazının portretini yaratmışdı. Hansı ki, yaxın vaxtda təşkil olunacaq rəsm sərgisində həmin portret də nümayiş olunacaqdı... Yenə  də adəti üzrə müəlliminin verdiyi tapşırığı sürətli, amma diqqətlə oxudu. Otağa təkrar göz gəzdirib, qapını bir azacıq araladı. Oradan böyük zal çətinliklə görünsə  də, baş verənləri görürdü. Müəlliminə heyrətlə baxırdı. “Tələbələri ona necə  də hörmət edirlər, deməli o qədər də pis adam deyil. 
Amma yazıq oğlanı yerə  nə  bərk çırpdı. Mən olsaydım səsküyüm aləmi tutmuşdu. Heç səsi də  çıxmadı. Ya da özünü sındırmadı. Bu oğlanlar qəribə  məxluqlardır. Canın ağrıdı, azacıq da olsa səsini çıxar, yüngülləş  də... Amma müəllim də yamandır. Belə bacarıqlıdırsa, yəqin özünə yaman arxayındır. Kaş mən də bilərdim o fəndlərdən.”  
Müəllimin gəldiyini görüb cəld yerinə qayıtdı.Raufun diqqətli nəzərləri altında özünü itirdisə  də, biruzə verməməyə çalışdı. 
−Çox sürətli oxuyursunuz. – Rauf kresloya əyləşdi. 
Maya təəccübləndi: 
−Bəli. Hardan bilirsiniz? 
Rauf ona tərəf baxmadan, noutbuku işə saldı: 
−Hətta bizi pusmağa da vaxtınız çatdı.Həmin an Mayanın pərtliyini təsvir etmək mümkün deyildi. 
Utandığından nə edəcəyini bilmədi. Axı pis məqsədlə etməmişdi bunu. Sadəcə çox maraqlı  gəlmişdi. Heç vaxt belə canlı məşq səhnəsi görməmişdi. Pis niyyəti yox idi axı. Amma indi müəllimi onu pis başa düşəcəkdi. Nə pis oldu. Axı niyə yaxınlaşdı o qapıya. 
−Müəllim, mən elə-belə... Pis niyyətim yox idi. Maraqlı gəldi, ona görə, – utandığından pörtlənmiş üzünü gizləməyə çalışdı - fəndlərinizə baxırdım. 
Rauf onu maraqla süzdü.Utananda nə qəşəng görünürdü bu qız. Doğrudan qəşəng qız idi. Amma onun Aytacına heç kəs tay ola bilməzdi. Onun Aytacı... – kinayəli gülümsədi – yox, hansısa bankir oğlunun Aytacıdır artıq. Onun Aytacı qəlbində qaldı, əbədi xəyallarında dəfn olundu. Bu başqa, yad biridir... 
−Müəllim, inanın... 
−Narahat olmayın, faciə baş verməyib. Diqqətlə oxudunuz? 
Maya qızarıb, allanmış üzünün istiliyini əlində hiss etdi: 
−Bəli... 
−Onda, başladıq! 
* * * 
Evə çox qanıqara gəldi. Evdəkilərə hiss etdirməmək üçün tələsik salamlaşıb, otağına keçdi. 
İradə xanım qızının ardınca gəlib, qapını açdı: 
−Yorulmusan? Paltarını tez dəyiş, gəl nahar elə. 
−İstəmirəm. 
−Niyə? Dərs oxuyursan, ac qarına dərs girər başına? 
−İndi istəmirəm, birazdan. 
İradə xanım qızının qəşəng gözlərinə baxdı: 
−Hazırlıq necə keçdi? 
−Normal... 
−Nəsə öyrədə bilir axır? 
−Hə ana, öyrədir. Çıx, paltarımı dəyişim. 
İradə xanım gülümsədi: 
−Yaxşı, dəyiş. – çıxıb, qapını örtdü.Maya tənbəl-tənbəl dolabını açıb, gündəliyi götürdü. Yazı
stolunun arxasına keçdi: 
7 mart, 2011  
“Salam, əziz gündəliyim. Bu günüm pis başlamamışdı. Məktəbə getdim, sabahkı bayram münasibətilə qadın müəllimlərimizə hədiyyələrimizi payladıq. Eləcə  də sinif oğlanlarımız pul yığıb qızlar üçün hədiyyə almışdılar. Mənim payıma qəşəng bir oyuncaq it düşdü. Sinif yoldaşlarımın hamısının xətrini olduqca çox istəyirəm. Oğlanlarımız da bizimlə mehriban, hörmətlə davranırlar. Hədiyyəni dolabımın üstünə qoydum. Həmişə baxanda onları xatırlayacam. Hə, nəysə, birinci dərsdən icazə alıb, evə  gəldim. Sonra da  fizikadan ilk hazırlığıma getdim. Hazırlıq nə hazırlıq... Elə  pərt olmuşam ki, hələ  də yadımdan çıxmır. Axı müəllimim həm də idman müəllimidir. Mən onun otağında olanda, o da zalda məşq keçirdi. Tapşırığı oxudum, sonra da maraqlı gəldi,qapının arasından zala baxdım... Axı döyüş filmlərini də xoşlayıram. Hər şeylə maraqlanmağım da başıma bəladır lap. Sən demə bu müəllim mənim baxdığımı görübmüş. Üstəlik üzümə vurdu gördüyünü. Hələ bir sonra da deyir ki, “Narahat olmayın, faciə deyil.” Adama deyərlər, faciə deyildisə, niyə məni pərt edirdin? O qədər acıqlıyam ki. Bu müəllimdən heç xoşum gəlmir, heç! Bircə hazırlığı başa vursaydım...” 
Durub paltarını  dəyişmək istəyirdi ki, əl telefonunun melodiyası səsləndi. Zəng vuran Əfsanə idi: 
−Salam, ay qız. 
−Salam. – kefsiz halda dilləndi. 
−Hardasan, gəlmisən evə? 
Maya corablarını çıxardı: 
−Hə, evdəyəm. 
Əfsanə tələsik yekunlaşdırdı: 
−Hə, tez get telefonun yanına, evə zəng vururam. Kontur azdı. 
Maya ağır addımlarla dəhlizə  çıxdı. Qonaq otağı ilə yataq otağının kəsişməsində  dəhlizə qoyulmuş telefon aparatına yaxınlaşdı. Eyni vaxtda telefon zəng çaldı: 
−Hə, Əfsanə. 
−İncimə, kontur yox idi. Qulaq as, hazırsan? 
Maya təəccübləndi: 
−Nəyə? 
Əfsanə hövsələdən çıxdı: 
−Bilmirəm axır vaxtlar sənə nə olub? Qocalırsan deyəsən... Hədiyyə almağa getməyəcəkdik?!  
Maya vaysındı: 
−Vay, vay! Gör necə yadımdan çıxıb. Başım dolub elə bil. 
−Sənə nə olub? Yaxşısan? 
−Boş ver, yolda danışaram. Sən çıx, mən də bu dəqiqə çıxıram. 
−Yaxşı, tez gəl. 
−Hələlik. 
Cəld otağa qayıdıb, corablarını geyindi. Yüngül bir çanta götürüb, pulunu, telefonunu,  əl dəsmalını ona yerləşdirdi. Mətbəxdə əyləşib televizora baxan anasının yanına qaçdı: 
−Ana, Əfsanə ilə təcili bir yerə gedirik. 
İradə xanım döndü: 
−Nə təcili? Xeyirdi? 
Maya əyilib onun üzündən öpdü: 
−Hə, xeyirdi, xeyirdi. Mən qaçdım. 
İradə xanım onu rahat buraxdı. Hara getdiklərini başa düşmüşdü... 
−Tez gəlin. 
−Yaxşı. Hələlik. 
Binadan çıxıb, yaxınlıqdakı dayanacağa tərəf tələsdi. Bu dayanacaq, həm  Əfsanəgilin, həm də Mayanın yaşadığı binalarının arasında ən ortaq nöqtə idi. Onlar bir sinifdə oxuyurdular. Hətta, bir partada  əyləşirdilər. Neçə illər idi ki, məktəbə  də bu dayanacaqda görüşüb gedirdilər və bu ildən hazırlığa da. Hərdən Əfsanə zarafat edirdi ki, “bu yerdə görüşüb ali məktəbə də birlikdə gedəcəyik, hələ desən işə də”. Uzaqdan  Əfsanənin tünd göy pencəyini tanıdı. Həmişə o baş-bu başa var-gəl edə qız, indi qısılıb bir küncdə dayanmışdı. Bir az da yaxınlaşanda onun düz yaxınlığında dayanmış iki oğlan diqqətini çəkdi.  İkisi də  qızın ətrafında fırlanır, ona nə isə söz  atırdılar. Rəfiqəsinin köməksiz vəziyyətdə olduğunu görəndə birtəhər oldu. Gör ha, bu yaramazlar öz doğma  şəhərində, öz xalqının qızını incitmək fikrinə düşmüşdülər...  Əfsanə də Mayanı görüb sevindi: 
−Şükür! Harda qalmısan? 
Maya onun qoluna girib, səkiyə tərəf çəkdi: 
−Bu axmaqlar nə istəyir? 
−Bilmirəm, nəsə boş-boş danışırlar. 
Maya gözucu arxaya baxdı. Oğlanlar bayaqkı yerlərində dayanıb, onlara baxırdılar. Əfsanəni dartdı: 
−Tez-tez gedək. 
−Nolub, gəlirlər? – Əfsanə geriyə boylandı. 
Maya acıqlandı: 
−Ay qız, baxma! Nəsə, heç xoşuma gəlmədi bu vəziyyət. 
Əfsanə çiynini atdı: 
−Heç nə eləyə bilməzlər. Fikir vermə! Hara gedək əvvəl? 
Maya mızıldandı: 
−Nə bilim? Mən ətir, bir də gül alacam. Pulum buna çatır. 
−Mən də ətir almaq istəyirəm. 
−Hm, yaxşı. Onda Süsən müəlliməgildən aşağı  tərəfdəki parfüm mağazasına gedək. Orda qəşəng brendlər olur. Özü də elə baha deyil. 
Əfsanə razılaşdı: 
−Gedək də, nə deyirəm. Bəri bax, nolub sənə? Sən canın, qaşqabağını tökmə. 
−Elə bir şey deyil. 
Əfsanə əl çəkmədi: 
−Dedin danışacam. Dosta bax da... 
Maya deyindi: 
−Heç nə... Bugünkü fizika hazırlığı bir qəpiyə  də  dəyməz. Müəllimdən də heç xoşum gəlmir. 
−Öyrədə bilmir? 
−Öyrətməyinə öyrədir. Amma çox özündən razının biridir. 
−Neyləyib ki? 
−Onun idman məşqinə baxırdım. Düzdür, xəlvət baxırdım. Amma maraqlı gəldi, baxdım. Sən demə o da görüb baxdığımı. 
Əfsanə güldü: 
−Tərgitmədin də  hər  şeylə maraqlanmağı. Heç xeyirli xasiyyət deyil. 
    Maya əlini yellədi: 
−Ehh... Nəysə. 
−Elə buna görə pozulub kefin? Nə var ki burda, başa düşmədim heç nə. 
−Yox.  İçəri qayıdanda üzümə vurdu gördüyünü. Sonra da deyir, narahat olma, faciə deyil.Təsəvvür elə bir. 
    Əfsanə fikirləşdi: 
−Bəlkə elə eləyib ki, bir də təkrarlamayasan? - əlavə etdi. 
Maya başını buladı: 
−Başqa cür eləyərdi. Nə bilim, axır heç yadımdan çıxmır. 
Əfsanə birdən döndü: 
−Dayan, həm də idman müəllimidir dedin? 
−Hə... 
−Onda cavan qalar yəqin. 
Maya gülümsədi: 
−Elə cavandır da. 
−Doğurdan? Nə yaşda olar ki? 
−Məncə 26-27. 
Əfsanə təəccübləndi: 
−Yaxşı da. Hardan tapmısınız onu? 
Maya çiyinlərini çəkdi: 
−Nə bilim, Müzəffər dayı məsləhət görüb atama. 
Əfsanə öz-özünə danışdı: 
−Gənc şagird və gənc müəllim. İndi bildim səni niyə cırnadır. 
Maya tərs-tərs baxdı: 
−Boş-boş danışma! O müəllimdir, mən  şagird. Özü də  sən deyən adamlardan deyil. Çox ciddi, qaraqabaq biridir. Həm də kobud, özündənrazı! 
Əfsanə güldü: 
−Yaxşı, yaxşı. Sən lap barıtsan ki. – Birdən arxaya baxıb, tez döndü. - Maya... 
−Nolub? 
−Gəlirlər... 
−Kim? – soruşdusa da, özü arxaya boylandı. Tez də döndü: 
−Axmaqlar! 
Bunu görən oğlanlar ürəkləndilər. Qızların onları gözlədiklərini zənn edib, onlara çatmağa çalışdılar. Maya və Əfsanə artıq binaların arasındakı yola dönmüşdülər. Burada gəliş-gediş daha az idi.  Maya narahat oldu: 
−Ay Allah! Bunlar hardan gəlib çıxdılar? 
Bu vaxt düz arxada səs eşitdilər: 
−Görəsən bu gözəllər hara gedirlər? 
Əfsanə hirslənib ağzını açmaq istədi, amma Maya onun əlini bərk-bərk sıxdı. Onların dinmədiyini görən digər oğlan əl çəkmədi: 
−Mən yanmaz idim ey yar, 
Nazın məni yandırdı.... 
Maya ciddi səslə geri dönmədən dilləndi: 
−İndi səni elə yandıracam, oduna qohum-əqrəban isinəcək. 
Oğlan daha da cürətlənib, onun qolundan tutdu: 
−Təki məni sən yandır. 
Maya qıpqırmızı pörtdü, bir anlıq özünü itirdi. Əfsanə  də qorxaq nəzərlərlə özlərindən böyük və boy-buxunlu oğlanları süzdü. Birdən Maya diqqətlə  oğlanın ayaqlarına baxdı. Oğlan da eyni istiqamətdə baxanda, gözlənilmədən dizi ilə onun qarnına möhkəm zərbə vurdu. Bu elə ani baş verdi ki, digər oğlan da özünü itirdi. Bundan istifadə edən Maya, üstü dəmir qayışlı çantanı oğlanın başına çırpdı. Amma buna ehtiyac yox idi. Onsuz da oğlan qarnını tutub, aşağı çökmüşdü. Təşvişə düşmüş yoldaşı oğlanın qoluna girib onu uzaqlaşdırmağa çalışdı: 
−Dəlidir ki, bu. Vəhşi pişiyə oxşayır. 
Oğlan zarıyıb ayağa qalxdı: 
−Qalsın qulluğunda! 
Onların uzaqlaşmasına nəzarət edib, arxaya çevrilən Maya həyəcandan əsirdi: 
−Axmaqlar,  ədəbsizlər! Bizə düşmən heç nə eləyə bilməz. Nə eləyir bunlar eləyir. Mən başa düşə bilmirəm. Yəni, bunların anasına, bacısına qarşı belə eləyəndə xoşlarına gəlir? 
Əfsanə də qorxmuşdu. Amma həm də gülmək tutmuşdu: 
−Afərin sənə vallah! Sənin yerinə mən qorxdum. Birdən qayıdıb səni vurardı. 
−Buna cəsarəti çatmazdı. 
−Niyə? 
−Ona görə ki, üz verməmişik. 
Əfsanə pərəstişlə dostuna baxdı: 
−Sən canın, hardan ağlına gəldi bu? 
Maya güldü: 
−Bu günkü hazırlıq  əhvalatının yeganə xeyri... Müəllim məşqdə uşaqları öyrədəndə gördüm. 
Ardı var...


5 aprel 2013
GO BACK