Qadin.NET / Xəyanət qoxusu (I hissə)

Xəyanət qoxusu (I hissə)

Xəyanət qoxusu (I hissə) 

 

Iblis nədir? Cümlə xəyanətlərə bais, 

Ya hər kəsə xain olan insan nədir? – İblis! 
Hüseyn Cavid 
     Buradan getdiyi cəmi bir il idi. Amma nə böyük dəyişiklik yaranmışdı. Gözəl qoyub getdiyi şəhər bir az da gözəlləşmişdi. Cəmi bir ilin içərisində onlarla bina, obyektlər artmışdı. Hələ təzə park, yaşıllıqlar... Bu dəyişiklikləri hiss etsə  də, fikri dağınıq idi. Görəsən Aytac haqqında deyilənlər doğrudur? Görəsən?... Yox! Heç cür inanmaq istəmirdi. Aytac heç vaxt belə hərəkət edə bilməz. Axı onlar bir-birini sevirlər, işləri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edəcəklər. Anasının arzuladığı kimi - evə duvaqlı  gəlin gətirəcək Aytacı. Hələ fikirləşir ki, toydan sonra imkan tapıb istirahət də götürər. Aytaca arzusunda olduğu  İstanbul  şəhərini gəzdirmək, oraları göstərmək üçün.  İlk dəfə universitetin qarşısından keçəndə görmüşdü onu. Dərsdən çıxan qız arxasınca gələn avaralardan narahat olub tələsik yolu keçəndə, az qalmışdı maşınla vursun onu. Onda Aytacın təşvişlə baxan qəşəng, mavi gözlərini görəndə çaşıb 
qalmışdı. Sonra da qızın sadəliklə üzr istəməsi onu valeh etmişdi. Hərdən elə olur ki, tanımadığımız, heç vaxt görmədiyimiz bir insana sadəcə bir kəlmədən belə vurula, heyran ola bilirik. Çox qəribədir bu həyat... O zaman Aytacın bir kəlməsinə, bir sözünə vurulmuşdu. Və bu heyranlığı tamamlayan gözəlliyinə... Sonralar özü də bilmədən dəfələrlə yolunu buradan salmışdı. Bax beləcə başlanmışdı hər şey... Aytacı dünyalarca sevirdi. Valideynlərini elçiliyə göndərib razılıq da almışdı. Nişan olmamışdısa da, razılıq əlaməti olaraq 
bir üzük taxmışdılar.  Bircə gün səsini eşitməyəndə ürəyi rahatlıq tapmırdı. Boş vaxt tapanda isə günlərini sevimli Xəzərin qumlu sahillərində keçirirdilər daha çox.Hərdən dəqiqələrlə dayanıb mavi səmaya, mavi dənizə  və Aytacın dəniz kimi, səma kimi mavi 
gözlərinə baxırdı. O isə sadə bir  şıltaqlıqla gülüb baxışını yayındırırdı. Kiminsə ona diqqətlə baxmasından sıxılırdı. 
O səmimi, sadə, gözəl, mehriban baxışları unutmaq mümkün deyil. Bunları düşündükcə Aytac haqqında deyilənlərə inanmırdı. Ya da sadəcə inanmaq istəmirdi... Çünki, getməmişdən danışıb razılığa gəlmişdilər. Onu təkmilləşdirmə kursu üçün bir illik xaricə göndərmişdilər. Aytac da gözləyəcəyini demişdi... 
***
Qara rəngli “Mersedes” markalı avtomobil qocaman bir ağacın yanında dayandı. Həmişəki görüş yeri. Amma hələ o 
gəlməmişdi... Ətrafı  nəzərdən keçirib avtomobildən endi. Bura doğrudan da çox gözəl yer idi. Vaxtilə buranı görüş üçün özü bəyənib seçmişdi. Yaz vaxtı buradakı yaşıllıq, tək ağacın yaşıllıqla vəhdəti nadir rəsm əsərlərinə olduqca bənzəyirdi. Bura gələndə
həmişə  nə isə daxili rahatlıq, azadlıq tapırdı elə bil. Sanki bu dünyada onlardan başqa bir kimsə yox imiş... Dəfələrlə  tək də
gəlmişdi bura. Yorulanda, sıxılanda, darıxanda, fərq etməz, hər halında burada dinclik tapırdı. Amma indi nədənsə bu gözəlliyə fikirli-fikirli nəzər salıb, geri qayıtdı. Hər fəsildə bir görünüş alan bu yer, fevralın sonları olmasına baxmayaraq, füsünkarlığını itirməsə  də, onun könlünü açmırdı. Avtomobildə əyləşib radionu qoşdu. Türk ifaçıları Kübariyyə  və Tarkanın ifasında həzin bir mahnı  səslənirdi. Onların səslərini bəyənsə də, mahnı ürəyini daha da sıxdı. Radionu söndürüb, oturacağa söykəndi. Gözlərini avtomobilin tavanına dikdi. Nə düşündüsə əl telefonunu götürüb Aytacın nömrəsini yığdı. Uzun-uzadı çağırışa cavab gəlmədi. Təkrar yığdı. Beşinci çağırışdan sonra səbri tükənib, zəngi ləğv etdi. Yenidən başını arxaya söykədi... Azacıq mürgüləsə  də, pəncərənin yüngülcə döyülməsi onu 
diksindirdi. Aytac... Onu görən kimi bir anlıq hər şeyib unutdu.  Tamamilə  hər  şeyi! Necə  də gözəl idi onun Aytacı. Onun 
Aytacı?...
Duruxdu. Maşından düşdü. Ölkəyə qayıdandan bəri evə getmədiyindən  əynində  qırışmış pencəyini çıxarıb avtomobilin salonuna atdı. Qollarını geniş açıb, Aytacı bağrına basdı. Həmişəki kimi gözəl  ətir gəlirdi saçlarından. Amma hər  şey 
həmişəki kimi olmadı... Elə bil daş heykəli qucaqlamışdı. Birdən-birə elə soyuq göründü ki, bu qız. Qollarını sallayıb düz 
dayanmışdı. Onu özündən aralayıb, gözlərinin içinə baxdı. Əvvəlki qığılcım,  əvvəlki parlaqlıq yox idi bu gözlərdə. Gözləri 
bulanıqlaşmışdı. Sakitcə baxırdı. Onun davranışından xəyanət  qoxusu gəlirdi... Xəyanətin də qoxusu olarmış  sən demə. Təsviredilməz, hər kəsin duya bilməyəcəyi bir qoxu... Yalnız yaşayanların duyduğu, lakin kimsəyə qoxlada bilmədiyi qoxu. Özü də  nəfəslə
deyil, birbaşa ürəkdə duyularmış xəyanətin qoxusu...  
Qızın qəşəng üzünü ovcuna aldı: 
−Nə olub? 
Aytac başını geriyə çəkdi: 
−Danışmalıyıq, Rauf... 
Nəsə uyğun gəlmirdi və bu onu daha artıq narahat etməyə başlamışdı. Dodaqlarını sıxdı: 
−Hmmmm... 
Əslində o, Aytacın bu sözü deyəcəyini gözləmirdi, hətta belə rahatlıqla deyəcəyini: 
−Bizimki alınmır, başa düşürsən, nə  qədər ki gec deyil, səninki səndə, mənimki məndə. 
Rauf  yuxudaymış kimi, bir addım gerilədi: 
−Dəli olmusan?  
−Dəli olmamışam. Görürəm ki, bizdə alınmır. Belə xoşbəxt ola bilmərik. 
Rauf hələ də heyrət içində donub qalmışdı: 
−Qızdırmalı adamlar kimi danışma! Nə danışdığını bilmirsən heç. Nə alınmır, nə? Mane olan nədir? De, bilim də! 
Aytac hirslə əlini yellədi: 
−Sevgi! Mane olan da, qane etməyən də sevgidir. 
Rauf təəccüblə onu süzdü, yaxınlaşıb onun çiyinlərindən tutdu: 
−Məgər mən səni sevmirəm? Sevməsəydim belə arxanca sürünməzdim. Bir aya nişanlanacağıq. Tez bir vaxtda evlənəcəyik. Bundan böyük sübut? 
Aytac onun əllərini kənara çəkdi: 
−Yox, sənin sevginə şübhəm yoxdur. Bağışla məni, mən sevmirəm. Sevə bilmirəm.  İstəyərsən bütün ömrünü səni sevməyən biri ilə başa vurasan? Axı necə? Gec-tez bezəcəksən. 
Rauf olduqca sakit tonda soruşdu: 
−Deməli, məni sevmədiyini indi başa düşmüsən? 
Aytac onun sakitliyindən qorxdu. Çoxlarının "tufanqabağı sükut" adlandırdığı bir susmaq idi bu. Üzünü yana çevirdi, amma Raufun səsini qaldırması onu diksindirdi: 
−Cavab ver! 

Ardı var...

10 mart 2013
GO BACK