Qadin.NET / "Gecikmiş qisas" (V hissə)

"Gecikmiş qisas" (V hissə)

"Vətən borclu deyil,biz borcluyuq Vətənə!" silsiləsindən 
"Gecikmiş Qisas"

 

 

Evə qayıdanda yaman dalğın idi. Hakop gözə dəymirdi, harasa getmişdi görünür. Qalanları da süfrə başına toplaşıb donuz konservası yeyirdilər... Sergeyin çox güclü hissiyatı vardı. Bayaq içəri girdiyi andan üzərində nəsə fərqli nəzərlər hiss edirdi. Əvvəldən hər dəqiqə öz tər qoxan bədəni ilə Sergeyi qucaqlayan Zoya da, onun eyniylə özünə bənzəyən kiçik qızı da, qalan digərləri də nədənsə Sergeyə qəribə baxırdılar, nəsə gizləyirmiş kimi. Ən qəribəsi də bu idi ki, özləri istəmədən belə bunu nəzərə çarpdırırdılar. Xüsusən Zoyanın gözlərindəki qəddar, kəsici bir parıltı... Çox yorulmuşdu. İştahası da yox idi. Salam verib, yarıqaranlıq otağın künc tərəfindəki boş kresloya əyləşdi. Bir anlıq gözlərini yumub, başını geriyə söykədi. Gözlərini bu yarıqaranlıq və boğucu otağa alışdırmaq üçün bir neçə saniyə qapayıb, açdı. Otaqda xoşagəlməz sükut vardı. Bu xoşagəlməzliyi duyub, hamını diqqətlə süzməyə başladı. Bununla nə baş verdiyini bilək istəyirdi. Bayaqkı münasibət tamamilə ərimişdi deyəsən. Hissiyyatına güvənirdi. İndi qarşısında oturan insanların üzlərinə baxanda ona elə gəldi ki, aralarında 1000 illik uçurum var, sanki başqa zamandan gəlib buraya... Heç kəsin dinmədiyini görüb özü dilləndi:

− Atam hanı?

Qısa sükutdan sonra siqaret tüstülədən Abovyan kinayəqarışıq istehzayla dedi:

− Sən ki bilməlisən. Atan hesabat verməyi xoşlamır. Bilmədi Sergeyə elə gəldi, ya doğrudan belə oldu... Amma Abovyan cavabı xüsusi vurğu ilə dedi. Sergeyin qaşları düyünləndi. Ürəyinə şübhələr dolmağa başladı. Yox, deyəsən bu gün polislərlə olan əhvalatdan xəbərdardılar. Ona görə belə davranırlar. Yoxsa ki? Yox, başqa nə ola bilər axı? Abovyan Hakopun ən çox etibar etdiyi yeganə adam idi. Qəddar, zalım, gözü doymayan və olduqca şəxsiyyətsiz biri idi. Atasının “sağ əli” olmasına baxmayaraq, Sergey həmişə ona nifrət edirdi. Olduqca acıdil biri olan Abovyan uşaqlıqdan Sergeylə soyuq, kobud davranırdı. Zoya mətbəxə keçdi və işarə ilə qızlarını arxasınca çağırdı. Sergeylə Nataşanın baxışları hələ indi toqquşdu. Nədənsə qız məyus görünürdü elə bil. Ya bəlkə ona belə gəldi...  Daha heç nə demədi. Uzanıb, dincəlmək istədi. Otağa keçmək üçün ayağa qalxdı. Lakin Abovyanın kinayəli səsi onu dayanmağa məcbur etdi:

− Gəzintin necə keçdi, hm?

Sergey geri dönmədən qapıya sarı addımladı:

− Hesabat verməyi xoşlamıram!...

Abovyan dişini qıcadı:

− Hakopa da?

Əli qapının dəstəyində, dönüb sərt baxdı:

− O atamdır!

Abovyan istehza ilə güldü:

− Həə, deyirəm də... Atasıdır...

Sergey bu dəfə hirsini cilovlaya bilmədi. Sürətlə qayıdıb Abovyanın yaxasından tutması ilə ayağa qaldırması bir anda oldu:

− Nə demək istəyirsən? Yaman söz atırsan sən. De, kişi kimi de nə istədiyini? Abovyan onu qamarlayan güclü əllərdən canını çətinliklə qurtardı. O da döyüşçü olmuşdu. Ermənistanda xüsusi təyinatlı dəstədə xidmət etmişdi. İndi də bir kəşfiyyatçı kimi fiziki

cəhətdən də hər şeyə tamamilə hazırlıqlı idi. Özünə güvənərək, bütün acığını çıxmağa fürsət tapdığı üçün sevindi. Sergeyi kənara itələyib, üstünə hücum çəkdi. Hətta onları ayırmaq istəyən digər üç erməni, Zoya, qızları da Abovyanın qəzəbdən göyərmiş sifətini görüb bir anlıq dayandılar. Abovyan otağın mərkəzindəki stolu kənara aşırdı, stulları da təpiklə itələyib özünə meydan yaratdı. Onun kin dolu gözlərinə baxanda Sergey bircə onu anladı ki, Abovyan bu qarşılaşmanı çoxdan gözləyirmiş. Sergey özünü ələ almağa çalışaraq barmağını yellədi:

− Atamı məyus eləmək istəmirəm. Biz tapşırıq dalınca gəlmişik. Yox, əgər dava istəyirsənsə qayıdanda istəsən səninlə duelə də çıxaram. Ağıllı ol! Əgər bu sözü dedisə, demək son xəbərdarlıqdır. Sergey bu sözdən sonrakı səhvlərə əsla güzəştə getmirdi. Elə indi də ona yumruq atan Abovyanın zərbəsindən yayınaraq sakit, amma çox zəhmli dedi:

− Abovyan, ağıllı ol! Amma sözünü bitirməmiş, növbəti yumruq ağzının üstünə endirildi.

Zoya narahatlıqla yalvarmağa başladı:

− Abovyan, canım mənim, sakit ol, Hakop gəlib həll edər.

− Cəhənnəm ol, ...!

Sergey onun əl çəkmək istəmədiyini görüb, döyüş vəziyyətinə keçdi. Abovyan ona təkrar hücum çəkdi. Əlbəyaxa oldular. Abovyanın çoxillik təcrübəsinə, ona dayaq olan rus peşəkarlarının vaxtilə onu lazımınca hazırlamasına baxmayaraq, yenə bu türk oğluyla bacarmayacağını hiss edirdi. Gəncin zərbələri çox qüvvətli idi. Sergey cəld hərəkətlə ona yumruq atan Abovyanın sağ əlindən tutub, dirsəyi ilə sinəsindən möhkəm vurdu. Zərbəyə dözməyən Abovyan xırıldayıb gerilədi və divara dəydi. Bu dəfə Zoya hiddətlə Sergeyin üstünə atılıb ona sillə vuraraq söyməyə başladı. Amma Abovyanın gözləri daha da qızmışdı. Artıq həyata keçirməli olduqları əməliyyatın sonunu belə düşünmədən, həmişə üstündə gəzdirdiyi bıçağı açdı. Bayaqdan bəri gərginlikdən nə edəcəyini bilməyən Nataşa bu dəfə özünü araya atdı:

− Abovyan, bəsdir! Dəli olmusan?

Abovyan hiddətlə çığırdı:

− Sən rədd ol kənara!

Nataşa inadla onu qarşısını kəsdi:

− Bəsdirin! Özünə gəl Abovyan!

Bərk hirslənmiş Sergey kəskin səslə əmr etdi:

− Nataşa, qarışma!

Abovyan inadla qarşısını kəsən Nataşanın qolundan tutub kənara itələdi. Sergey onu saxlamaq üçün atılsa da gec oldu, Nataşa yerə aşmış masaya dəydi. Sergeyin yayınmağından istifadə edən Abovyan bıçaqla onun üstünə atıldı. Sergey zərbədən qaçıb, cəld hərəkətlə Abovyanın bıçaq olan əlindən tutdu, dirsəyini onun qoluna keçirib, elə fəndlə burdu ki, ağrıdan bağıran Abovyanın fəryadına qulaq asıb buraxmasaydı, biləyini sındıracaqdı. Yerə düşən bıçağa doğru əyilən Abovyanın yaxasından tutaraq, üzünə kəllə ilə möhkəm zərbə vurdu. Elə bu vaxt Hakop özünü içəri atdı. Ermənicə çox pis söyüş söyərək, Sergeyə bütün gücü ilə sillə vurdu. Sonra zərbədən burnundan qan açılan Abovyanın üstünə bağırdı:

− Nə fikirləşirsən, hə? Bilmirsən ki, bu əməliyyata görə Sərkisyana başımızla cavabdehik? Bilmirsən ki, səhv olsa külümüzü göyə sovurarlar? Axmağın biri! Gizli müşavirətdə son sözünü şəxsən özümüzə demişdi. Siz də burada səs-küy salıb, qonşuların diqqətini çəkirsiniz. Görüm sizi ...! Zoya isə dil-boğaza qoymadan elə hey bütün günahın Sergeydə olduğunu deyirdi. Hakop yumruğunu düyünləyib Sergeyə tərəf gəldi. Amma sakitliklə gözlərinə baxan Sergeyə çatanda fikrə getdi... Əlbəttə, Hakop ən vacib məqamda, terrora lap az qalmış ən kiçik ehtiyatsızlıqdan belə çəkinirdi. Son məqamda Sergeyi şübhələndirmək, qəzəbləndirmək istəmirdi. Baxışları Sergeyin mənalı baxışları ilə toqquşanda özünü itirən kimi oldu:

− Rədd ol gözümün qabağından!

Hakop arxaya dönəndə Nataşanın alnındakı sıyrığı görüb, yumruğunu qapıya vurdu:

− Nolub burda, hə? Canınızdan bezmisiniz, nədir? Yoxsa ki, Sərkisyanı tanımırsınız? Bilmirsiniz ki, hamımızın taleyi bu əməliyyatdan asılıdır? Kiçik bir səhv olsa, bu işin üstü açılsa, sifarişçinin kimlər olduğu bilinsə heç birimiz salamat qayıtmayacağıq! - boğazı qıcıqlandığı üçün xırıltılı öskürdü. - Baxın, axırıncı dəfə deyirəm, bu bizim yeganə şansımızdır. İki yol var: ya dinc olub, əməliyyatı qüsursuz qurtarıb sağ qayıtmaq... ya da qayıtmamaq! Özünüz seçin... Qarşısındakı Movsesi yolundan itələyib, mətbəxə keçdi:

− Zoya! Mən acam...

***

Yorulmuşdu. Yenə iki gün davamlı olaraq çıxıb şəhəri gəzmişdi. Bu şəhərə, bu insanlara, bu dilə, bu ləhcəyə gizlincə pərəstişi yaranmışdı artıq, bunu hiss edirdi. Şəhərə ilk gəldiyi gündən nifrəti ərimişdi elə bil. Buradakı insanların kübarlığı, bir-birilərinə məhəbbəti, mərhəməti, birliyi... Onu doğrudan da valeh etmişdi. Vətəni Ermənistanda münasibət, ünsiyyət belə deyildi. Hamı öz hayındadır orada. Bura isə tam fərqli. Və dərk edirdi ki, burada çox şey – sayılmayacaq qədər çox şey indiyədək gördüklərindən qat-qat yaxşıdır. Eləcə də insanları. Hakopun təsvir etdiyi vəhşilikləri edəcək kimi yırtıcı deyillər... Sergeyin hələ 16-17 yaşı olanda, əsirlikdən qayıtmış bir ermənini çox sorğu-suala tutmuşdu. Sərhəddə dəyişdirilib vətəninə qayıdan erməni əsir isə danışmışdı ki, orada onu incitməyiblər. Amma televiziya kanallarına, qəzetlərə verdiyi məlumatlarda azərbaycanlıların adından olmazın əzablar quraşdırmışdı. Özünkülərə danışdıqlarından tam fərqli olaraq... O, Sergeyə danışmışdı ki, “orada əsirlərə nə işgəncə verir, nə də ac, susuz saxlayırdılar”. Həmin erməni vaxtilə Xocalıda yaşamış, amma sonradan başqa ermənilərlə birlikdə rus ordusuna qoşularaq, qonşuluqda yaşadığı insanları qırmağa qol atanlardan idi. Danışırdı ki, “Məni ayrı kamerada saxlayırdılar. İndiyədək heç bir işgəncə ilə rastlaşmamışam. Amma bir dəfə yeni gələn gənc zabit Xocalı qırğınında iştirak etdiyimi biləndə, silahını yerə atdı, məni təkbətək döyüşə çağırdı. Elə hirslənmişdi ki, qanuna qarşı çıxmışdı. Dedi ki, “Kim qalib gəlsə qeyri-şərtsiz o birinin başını kəsəcək. Görək üz-üzə, kişi kimi döyüşdə hünəriniz nədir?” Onun gözlərinə baxanda qorxdum. Halsızlığımı bəhanə gətirib yayındım. Kinli-kinli gülüb üzümə tüpürdü. “Sizin kimi qorxaq, arxadan vuran olsaydıq, əsirliyindən istifadə edərdik. Amma biz erməni deyilik!...” deyib getdi. Onda and içdim ki, əsirlikdən qayıdan kimi o sözlərin əvəzini çıxacam, bütün heyifimi çıxacam sizin əsirlərdən!... Bu söhbəti eşidəndə Sergeyin 16-17 yaşı olsa da, heyran qalmışdı heç vaxt görmədiyi, tanımadığı o gənc zabitə. Ürəyinin gizlin bir guşəsində hörməti yaranmışdı. O vaxtdan həmişə bütün Azəri, türk oğullarını heç vaxt görmədiyi həmin gənc zabitə bənzədirdi...

* * *

Bu gün Bakıda qaldığı, gəldiyi günlə birlikdə üç gün olacaqdı. Üç günə tanıdığı bu şəhər ona çox şey anlatmışdı.Yox, bu tamam başqa bir sehir idi. O lap uşaqlıqdan elə bil bu şirin ləhcənin, musiqili dilin, mehriban insanların içində olmuşdu.Hər dəfə bu səsləri eşidəndə elə bil beyni qarışırdı, dərindən, lap dərindən hansısa xatirələr canlanmaq istəyirdi, amma canlana bilmirdi. Çox dərində idi, çox... Axı azərbaycanlı əsirlər Ermənistanda var idi, onların da danışığını eşitmişdi. Amma şirin, şən deyildi. Həsrətli, qüssəli, sıxıcı idi bu səslər. Gözlərinə isə heç baxmaq istəmirdi onların... Dünən parkda kimisə gözləyən gənc qadın. Skamyada əyləşib yola ötəri baxaraq, körpəsinə layla deyən ana! Sergey hələ də anlaya bilmirdi ki, niyə o laylanı eşidəndə donub qaldı, içində nəsə qırıldı elə bil... Qeyri-ixtiyari gözləri doldu. Nə idi bu? Bəlkə bu qadın ovsunçu idi, Sergeyi ovsunlamaq üçün bu sirli nəğməni oxuyurdu. Gözlərinin dolduğunu hiss edib, özünü itirdi. Bəlkə heç düşmən ölkəsi deyil, hansısa bir xəyallar,möcüzələr ölkəsinə, sehirli diyara düşmüşdü? Axı burada hər şey, az qala hər şey onu sehirləyir, öz təsirinə salırdı. Elə bu layla kimi... Bəs bu hisslər nə idi? İllərdir içində donub qalmış nə isə əriyirdi həmin anda... Heykəl kimi dayanıb gənc qadına və onun qucağında sakitcə mürgüləyən məsum körpəyə baxırdı, amma fikri yenə qarışmışdı. Yenə o dərindəki xatirələr, səslər canlanmaq istəyirdi. Amma sahildəki ləpələr kimi, geriyə - öz dərinliyinə çəkilirdi... Kiminsə diqqətlə ona baxdığını hiss edən qadın təəcccüblü baxan qəşəng gözlərini Sergeyə dikəndə, o da üzünü döndərib sakitcə getməyə başlamışdı. Amma o sehirli musiqidən - layladan heç uzaqlaşmaq istəməmişdi. Hətta körpəyə həsəd aparmışdı da. Sabahkı gün isə... Bu gözəl şəhərin sakinlərinə iki ən qaynar yerdə dəhşətli bir terror planı hazırlanmışdı. Bu birbaşa Ermənistandakı hakim dairələrin və prezidentin rəhbərliyi altında olan əməliyyat idi. Deməli, sabah utanacaq bu yaraşıqlı şəhərdən. Onun gözəlliyinə vurulub, gəzib, dincəlib, sonra da xəyanət edəcəkdi... Xəyanət edəcəkdi... Axı bu tanış kəlmədir. Əlbəttə tanışdır.Bura gələn gündən telekanallarda, radiolarda, müxtəlif yerlərdə ermənilər haqqında deyilirdi bu söz. Hələ axşam Xocalıdan qaçqın düşən bir qadının danışdıqları qanını qaraltmışdı. Necə də ağrıyla, nifrətlə danışırdı: “Erməni qonşularımızla mehriban, gəliş-gedişli idik. Süfrəmizdə çörək kəsib, qapımızda yallanırdılar. Xeyir-şərimizdə bir-birimizə əl tuturduq. Amma bu kafirlər, Allahın lənətinə gəlmişlər üzünə güldüyü, qardaş dediklərinin qanını töküb, namusuna toxundular. Heç vaxt, heç vaxt bağışlamayacağıq onları. Unutqanlığımız başımıza bəla açdı. Ermənilər tarix boyu qorxaq olub, xain olub, oğru olub. Verdik ehtiyyatımızı əldən. Amma qalmayacaq bu qan yerdə, Vallah qalmayacaq!” Sergey çox şeyi dərk edirdi. Ən əsası isə, bu qırğının, düşmənçiliyin səbəbkarı ermənilərin olduğunu. Bütün bu ittihamlardan utanıb, danmaq istəsə də, ardıcıl görüntülənən faktlar qarşısında söz tapmırdı... Qapının döyülməsi onu fikirdən ayırdı. Başının altındakı balıncı əli ilə qaydaya saldı:

− Gəl!

 Nataşa ehmalca qapını açıb içəri keçdi, ardınca örtüb içəridən cəftəni bağladı.Sergey sakitliklə onun hərəkətlərini izləyirdi. Hiss edirdi ki, Nataşa elə-belə gəlməyib. Sözlü adama oxşayırdı. Elə ona görə ləng hərəkətlə çarpayının yanındakı stulda əyləşdi:

− Necəsən?

Sergey başını tərpədib, mızıldandı:

− Yaxşı...

Nataşa yerində qurcuxdu. Sergeyin onun alnının sarıqlı yerinə baxdığını görəndə, qeyri-iradi əlini saçına aparıb, saçını alnına yaymağa çalışdı. Bu jestin Sergeyin nəzərindən qaçmadığını görüb xəfifcə gülümsündü və özünü itirən kimi oldu. Bu hərəkət nəsə onu fərqli göstərdi. Sergey bu yaşadək əhatəsində olduğu erməni, rus qızlarından Nataşanı məhz bununla fərqləndirirdi. Sergey buna bənzəyən hərəkətlə hələ şəhərə gəldiyi ilk gündə, avtobusda əyləşən qəşəng qıza diqqətlə baxarkən rastlaşmışdı.Həmin qız da üzərindəki yad nəzərləri hiss edərək xəfifcə qızarıb, özünü itirmişdi.Əslində Nataşanın başqa erməni qızlarından fərqləndiyini çoxdan duymuşdu. Düzdür, davranışında, danışığında, açıqsaçıq hərəkətlərində onlar kimi idi. Amma xarici görünüşdə və bəzi azacıq sezilən xarakterlərdə azərbaycanlı olan atasına çəkmişdi.Həm də hərdən bəzi kiçik, amma fərqli jestləri olurdu ki,Sergeyin xoşuna gəlirdi. Erməni qızı olsa da, atası azərbaycanlı,türk olmuşdu. Hər nə də olsa, qanında türk qanının qarışığı var idi. Və bəzi hallarda özünü göstərirdi...

Ardı var...

15 fevral 2013
GO BACK