Qadin.NET / Pəncərə

Pəncərə

Pəncərə
Pəncərə

1.

Bizim  aramızda  pəncərə  vardı.

Pəncərənin  arxasında  mən  dayanardım.

Pəncərənin  o  üzündə  sən.

Amma  sən  dayanmazdın, səhər pəncərənin önündən  o tərəfə tələsərdin, axşam  bu  tərəfə.

Səni  pəncərədən  izləyirdim.

Gedəndə  də, gələndə  də...

Sən  gedərdin, gələrdin. Mən  səhər-axşam  həsrətində, intizarında  qalardım.

Sən  mənim  üçün  həyat  idin. Bəs  mən?

Mən  deyəsən, pəncərə  idim  sənin  nəzərində.

Bəs  niyə  baxırdın ? Pəncərəyə  ki,  baxmazlar.

Bəlkə  təəccüblənirdin  ki, bu  pəncərə  niyə  açılmır. Axı  yolunun  üstündəki  bütün  pəncərələr  açılardı. 

Pəncərə

2.

Mən  bilirdim  ki, əvvəl-axır  bu  pəncərəni  açmaq  lazımdır. Lakin  tələsmirdim.

Bir  də  gördün pəncərənin  bir  tayını  açdım  və  salamladım  səni.

Yaxud  salamlamadım, eləcə  çağırdım.

Adını  bilməsəm də, çağırdım və  danışdıq.

Sanki   bunlar  hamısı  olmuşdu,  amma  pəncərəmin bu üzündə: sənin  xəbərin  olmadan.

Bəlkə sən də salamlaşmısan, danışmısan mənimlə, bəlkə bunlar  da  olub, amma  pəncərənin  o  üzündə: mənim  xəbərim  olmadan.

3.

Bir  səhər  sən  gedəndə  dönüb  nigaran-nigaran  pəncərəmə  baxdın, elə  bil  bir  də  qayıtmayacaqdın.

Qərarım  qəti  oldu: sən  qayıdanda  açacaqdım  pəncərəni, səni  intizardan  qurtarmaq  üçün.

Axşam  gələndə  tək  deyildin. Birinci  dəfə  idi  ki, ötürürdülər  səni.

Bütün  pəncərələr  açılmışdı.

Birdən-birə  darıxdım, qəlbimə  tənhalıq  qorxusu  çökdü, vurub  pəncərəni  taybatay  açdım.

Sən  səksəndin, görünür, mənim  pəncərəmin səsini ilk dəfə idi  eşidirdin.

Qeyri-ixtiyarı :

- Axır  ki, açıldı – söylədin.

Bəlkə də belə  deməmişdin, lakin  mənə  elə  gəlirdi  ki, sən  indi  yalnız  bu  sözləri  deyə  bilərdin.

Sən  isə  dayanıb  pəncərədəki  adamın  get-gedə  əriyərək  pəncərəyə  qarışmasına  baxırdın.

2001.


Bəxtiyar Əliyar

Azərbaycan  Yazıçılar  Birliyinin  Üzvü

22 fevral 2013
GO BACK