Qadin.NET / Qısa və hikmətli hekayələr

Qısa və hikmətli hekayələr

Qısa və hikmətli hekayələr

Hər şey əlinizdədir

 Bir zamanlar köhnə bir şəhərdə bir usta yaşayırdı. Ətrafı həmişə şagirdlərlə dolu olardı. Bir gün şagirdlərin ən istedadlısı düşünür : "Görəsən elə bir sual varmı, ustamız cavab verə bilməsin?"

 Gedib çəməndə bir gülün üstündən gözəl bir kəpənək tutub, əlləri arasına alır. Kəpənək ayaqları ilə şagirdin əllərinə yapışır və qıdıqlayırdı.

Şagird gülümsəyərək ustasının yanına gəlir və soruşur: 

- Sizcə, əlimdəki kəpənək canlıdır, yoxsa ölü?

Şagird həqiqəti bilmək üçün əlindəki kəpənəyi sıxmağa hazır idi. 

Usta şagirdin əlinə baxmadan söylədi:

- Hər şey sənin əlindədir. 

Materialist və mömin

Bir materialist və bir mömin bir gün görüşür.  Allahdan söz düşəndə materialist deyir: 

- Mən heç kimə inanmıram, hamısı  keçmişdən qalma nağıldır, Allah yoxdur.

Mömin isə Allahın varlığını söyləyir.

Materialist deyir:

- Sən onu nə vaxtsa görmüsən?

- Yox.

- Bəlkə eşitmisən?

- Yox.

- Bəs sən haradan bilirsən ki, Allah var? - materialist soruşur.

- İndi icazə ver mən səndən soruşum.

- Sevgi var?

- Əlbəttə.

- Sən onu görmüsən?

- Yox.

- Bəlkə eşitmisən?

- Yox.

- Amma bu o demək deyil ki, sevgi yoxdur?

- Sevgi var, mən onu hiss edirəm.

- Allah da eyni ilə elədir. Onu görmək mümkün deyil, yalnız hiss etmək olur, onun təzahürü günəşin təzahürünə  bənzəyir.

Günəş işıq saçır və istilik verir, Allahın təzahürü ilə də sevgi yaranır.

Əgər sən korsansa, günəşi görə bilməzsən. Amma  günəş şüası sənə düşəndə mütləq onun istiliyini hiss edərsən.

Əgər sən "korsan"sa, Allahı "görmürsən"sə, mütləq Allahın təsirini  öz ürəyində isti sevgi ilə hiss edərsən.

2 mart 2013
GO BACK