Qadin.NET / "Gecikmiş qisas" (SON)

"Gecikmiş qisas" (SON)

 

"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" silsiləsindən - "Gecikmiş Qisas" 

 

"Gecikmiş qisas"  (SON)

Fikirləşmək belə dözülməzdir. Həyəcandan və qəzəbdən üzü bulud kimi tutulmuş Sergeyə tərəf baxdı. Oğlanı yenə nəzərində qiymətləndirdi. Çox möhkəm, qüvvətli görünüşü var. Qayış kimi elastikdir bədəni, hərəkətləri. Baxışları qurd baxışına oxşayır. Özü də qəfəsə salınmış yaralı aslana. Amma onun yarası daha dərin, daha sağalmazdı. Çünki, bu yara ürəyindədir. Bütün ömrü boyu izi qalacaq yara... Hər kəsə, hər şeyə necə qızğın olduğu baxışlarından sezilirdi. Komandir əsəbi addımlarla stola yaxınlaşıb sönmək üzrə olan siqaretini külqabına basdı. Oğlana yenə ötəri nəzər salıb təəssüflə başını buladı, fikrə getdi. Bu rəzil ermənilər oğrudur ki, oğru! Hər şeyi oğurladılar, doymadılar, torpağı oğurladılar, yenə doymadılar. Mənfurluğun son həddinə çatdılar artıq. Uşağı oğurlayıb, erməni kimi böyüdüb,öz millətinə, xalqına qarşı qətliama göndərmək?! İnsan qanı yox imiş bunlarda. Bunu elə yalnız erməni edə bilərdi. Hə, əlbəttə, axı çaqqal heç vaxt aslanla təkbətək döyüşə çıxa bilmir. Ona görə aslan üstünə aslan göndərməyi planlaşdırıblar bunlar. Amma çox yanılıblar. Torpaq çəkdi qoynuna öz oğlunu. Sergeyin telefonu yenidən səsləndi. Hamı susdu. O, ətrafa nəzər salmadan telefonu açdı:

− Hə, Nataşa.

− Burdadılar, Sergey, hamı burdadır.

Sergey başı ilə otaqdakılara işarə verdi.

− Oldu Nataşa, diqqətli ol!

Nataşa kövrəldi:

− Sergey, anamgilə heç nə olmayacaq, düzdü?

Sergey susdu və tutqun halda dedi:

− Hər şey qanunla olacaq...

Bu an xəttin o başında xışıltı eşidildi və kimsə bərkdən içini çəkdi. Telefonu qapadılar. Sergey həyəcanla:

− Nataşa! Nataşa!!!

Ardınca qışqırdı:

− Tez olun, xəbər tutublar.

Komandir çölə atıldı:

− Lənət şeytana!

Radsiya ilə bütün pusqulara xəbər verildi. İndi ev tamamilə mühasirədə idi. Bir-birinə hücum işarəsi verib, içəri atıldılar. Sergeyə silah verilməmişdi, amma buna məhəl qoymayıb, komandirin əmrinə qulaq asmadan evə sarı qaçdı. Erməni terrorçularında silah var idisə də, görünür qəfil hücuma hazır deyildilər. Çünki, atışma çox qısa çəkdi. Sergey Nataşanın otağına tərəf qaçdı. Orada heç kəs yox idi.

− Nataşa! Hardasan? – qışqırıb dəli kimi otaqlara hücum çəkməyə başladı. Mətbəxə keçəndə birdən əti ürpəndi. Onu üşütmə tutdu. Döşəmə büsbütün qan içində idi. Gördüyü mənzərə möhkəm olmasına baxmayaraq, onu çox sarsıtdı. İndiyə kimi çox vəhşilik görmüşdü Ermənistanda olarkən. Amma belə sarsılmamışdı. Nataşanın başı bədənindən tamamilə üzdürülüb küncə atılmışdı. İri mətbəx bıçağı isə düz ürəyinə saplanmışdı. İçəri girən MTN əməkdaşlarından biri gördüyündən ani şaşırdı. Sergeyin gözlərinə baxdısa da, gözünü tez çəkdi. Sergey sərxoş kimi onu itələyib həyətə qaçdı. Əməliyyatçılar Zoyanı, kiçik qızını, digər iki kişini, Yeremyan və Movsesi də ələ keçirmişdilər. Komandir əsəbi halda vurnuxan Sergeyi saxladı:

− İki nəfər çatışmır.

Sergey başını buladı:

− Biri ölüb...

− Yox, qızı saymıram. Hakop bunlardan hansıdır?

Sergey sıraya baxdı. Dodağını gəmirdi:

− Lənətə gəlsin, Abovyan da yoxdur. – deyib anbara tərəf qaçdı.

Komandir qışqırdı:

− Oranı yoxlamışıq.

Zoya isə dil-boğaza qoymadan çığır-bağır salmışdı:

− Səni görüm lənətə gələsən, türk balası. Ürəyimə dammışdı elə. Sən ki azərbaycanlısan, bizdən olmayacaqdın heç vaxt! Qızımı sən öldürdün, qan qusasan! Qırılasınız hamınızı. Necə ki qırırıq...

Komandir tamam hövsələdən çıxdı:

− Onu burdan rədd eləyin. Ətrafı, çölü, qonşuları diqqətlə axtarın! Bunları da gətirin maşına, özüm dindirəcəm. Sergey anbarın qapısını araladı. Bu dəfə həmişəki rütubətli qoxu fərqli hiss - elə kədərli abu-hava yaratdı ki, ürəyi sıxıldı, boğazı göynədi. Əmin idi ki, burdadılar. Bura həyətdən başqa haradansa gizli qapı olduğunu eşitmişdi Nataşadan... Amma dərinə getməmişdi. Əlini aşağı uzadıb işığı yandırmaq istədi. İşıq yanmadı. Axşam düşdüyü üçün hava alatoranlıq idi, amma buna baxmayaraq qapını açıq qoydu ki, içəri az da olsa işıqlansın. Anbara daxil oldu:

− Hakop! Abovyan! Bilirəm, burdasınız, çıxın üzə!

Səsinin kobud tonundan sonra içəridə sükut yarandı. Sergey bir az da irəlilədi. Zəif bir hənirti duydu, amma nə qədər diqqət kəsilsə də yenə sükutdan başqa heç nə eşitmədi. Artıq əmin idi ki, burada kimsə var. Özü də az həyəcan keçirmirdi. İyirmi il atası bildiyi adamla bu gün düşmən kimi qarşılaşmalı idi və ikisindən biri bir daha qarşılaşmamaq üçün öləcəkdi....

O, anbarın baş tərəfinə getdikcə, ətraf daha da qaranlıqlaşırdı. Anbarın bir tərəfində çoxlu yeşiklər yığılmışdı. Bir köhnə soyuducu, televizor vardı. Sol tərəfdə isə uzun taxtalar qalaqlanmışdı. Qoxusundan şam ağacı olduğu bilinirdi. Sergey dayandı:

− Bilirəm, burdasınız. Hakop, çölə çıx, “əziz atam”! Bütün bu illərin cavabını verəcəksən! Başqa yolun yoxdur. Silahsızam. Onsuz da hamını bura töksəm bir anda çıxmalı olacaqsan. Amma öz xoşunla çıx! Abovyan, sən də burdasan. Yenə sükut yarandı. Sergey bir az da qabağa getdi:

− Hakop, geri qaytarılan erməni əsir yadındadır? Azərbaycanlı zabitin təkbətək döyüşə çağırdığı əsir. Onda o qorxmuşdu zabitdən. Amma mən ikinizi çağırıram, Hakop, özüm də silahsızam. Bacarsanız öldürün. Axırıncı dəfə...

Bu an arxa tərəfdən xışıltı eşidib dönəndə, çiyninə ağır zərbə endi. Bıçaq sol çiyninə batmışdı... Amma özünü itirmədi. Ən təsirli fəndindən istifadə edib, qəfil onun qolunu burdu. Bıçağı əlindən salan Hakop kürəyini Sergeyə çevirib, gözlənilməz zərbə ilə onun mədəsindən vurdu. Sergey zərbədən yığılsa da, Hakopun bıçağı götürmək üçün uzanan əlini tapdalamağa fürsət tapdı. Barmaqlarının xırçıltısı ilə bərabər başını qaldıran kimi, Sergey dirsək fəndi ilə onun peysərinə vurdu. Artıq bu zərbə Hakopu gicəlləndirdi. Gözləri qaraldı. Sergey sol çiynindəki yaranı unudaraq, Hakopa özünə gəlməyə imkan vermədi, boğazından yapışıb qaldırdı:

− Sən əzab verməkdən həzz alırdın. Qan tökməkdən doymurdun, erməni! Bu illərdə ata deyib, oyuncağına çevrildim. Ləzzətlə güldün mənə, döydün, təhqir etdin, istifadə etdin. Xalqımın qadınına, kişisinə, uşağına gözümün qabağında vəhşilik, təcavüz etdin. Anamı sən öldürdün, alçaq? Atamı sən öldürdün? Cavab ver, murdar!

Hakop nəfəsi təngiyərək zarıdı:

− Teryan, mən sənə atalıq eləmişəm, sən mənim öz oğlumsan. Sergey bu sözləri eşidəndə barmaqlarını daha da bərk sıxdı:

− Teryan, yox! Sergey yox, Hakop! İsmayıl, türk, Azəri! Daha tülkülük nömrələrin burda keçməz, Hakop! Onsuzda öləcəksən!

Sənin mənə qoyduğun kimi mən də sənə iki yol qoyuram: ya rahat ölüm, ya da bütün öz təxəyyülünün məhsulu olan əzablarla ölməyin... Ölümünü özün seç!

Hakop boğazını onun əlindən qurtarmağa çalışdı:

− Teryan, bəsdir! Onlar səni də öldürmək istəyirdilər. Yazığım gəldi, götürdüm səni, böyütdüm. – Sergeyin dinmədiyini görüb ağlamsındı. – Teryan, məni sən öldür. Qoy atanın qanınsa batsın əlin, amma onlara vermə. Bir az susub, gözlərini ona diqqətlə baxan Sergeyin üzünə dikdi. Yenə ağlamsındı:

− Kaş ki, səni bura gətirməzdim, ata ilə oğulun arasına girdilər.

MTN-nin əməkdaşlarından biri içəri girdi:

− Tuta bildin onu?! Bəs o biri hanı?

Sergey Hakopun gözlərindən gözlərini çəkmədən:

− Abovyan aradan çıxıb, komandirə xəbər verin, hələ çox uzaqlaşa bilməz! – sərt dilləndi.

Hakop başını buladı:

− Hamısı o alçaq Abovyanın işidir. Sənin ailəni də o öldürüb, səni də əlindən mən aldım, inan mənə, oğlum.

Sergey qaşlarını düyünlədi:

− Neylək, Hakop, sən 2-ci ölümü seçdin. – deyib onu sürüyərək çölə aparmaq istədi.

Hakop Sergeyi belə görməmişdi heç vaxt. Atıq başa düşürdü ki, çıxış yolu yoxdur. Onun inadcıllığına bələd idi. Dedisə, dediyini mütləq edəcək.

− Teryan, dayan, hamısını danışaram, dayan.

Sergey onu divara sıxdı:

− Hakop, anbarda danışdıqlarının hamısını Nataşadan eşitmişəm. Amma öz dilindən eşitmək istəyirəm. Danış hər şeyi! –

qışqırdı.

Hakop yalvarmağa başladı:

− Teryan, bağışla məni. Hə, atanı Abovyan öldürüb, mən yox. Amma anan özü öldürdü özünü.

Sergey dişlərini qıcayıb susurdu.

Hakop zarımağa başladı:

– Oğlum, burax məni gedim. Heç adımı da eşitməyəcəksən. Burax məni, axı atalıq eləmişəm sənə.

Sergey kinayəli gülümsədi:

− Tülkü, indi də üçüncü varianta əl atırsan? Hakop, iki sualıma cavab ver! Nataşanı kim öldürüb və Abovyan hara qaçıb? Üçədək sayıram. Bir... iki....

Hakop kəkələdi:

− Abovyan! O öldürüb. Danışanda eşidib. İzləyirdi onu... Əvvəldən şübhələnmişdi. Hirsindən gözləri qan çanağına dönmüş Sergey qəfil onu qabağa çəkib, yenə kəllə ilə möhkəm vurdu. Hakopun bağırtısı anbarda əks-səda verdi. Burnundan axan qan sifətinə, ağzına yayılıb, Sergeyin də əlini buladı. Sergey üzünü turşutdu:

− Tfu... Hanı Abovyan?

Hakop bu dəfə ağladı:

− Teryan, bilmirəm, bilmirəm!

Sergey onun boğazını daha bərk sıxıb qışqırdı:

− Mən Teryan deyiləm! Bu sənin uydurduğun addır. Mən türkəm! Mən azərbaycanlıyam! Adım da İsmayıl... Xatırladın?

Düşdü yadına? Boğulmaq üzrə olan Hakop onun barmaqları arasından canını qurtarmaq üçün çarpışaraq, xırıldadı:

− Hə, İsmayıl, boğuluram. Burax!

− Xatırladın????

− Xatırladım, yadımdadı.

Sergey onu buraxmayıb, bərəlmiş gözlərinə nifrətlə baxdı:

− Mən türkəm, Hakop, türk! Mənə türk de! Türk de! - ağır yumruğunu qana boyamış sifətinə ard-arda endirdi. MTN əməkdaşları içəri doluşdular. Komandir onsuzda gərgin idi, Sergeyi görüb:

− Oğlan, neynirsən? Aparın onları! – deyə qışqırdı.

Sergey Hakopu divardan ayıraraq, gözlənilmədən cəld hərəkətlə onun boynunu burdu. Bunu elə çevikliklə etdi ki, Hakopu onun əlindən almaq istəyən əməkdaşlar da çaşıb qaldılar. Kəskin xırçıltının ardınca Hakopun cansız bədəni döşəməyə sərildi. Sergey yerə tüpürdü:

− Sevin ki, belə asan öldün.

Onun üstünə atılsalar da gec idi. Komandir qolları qandallanan Sergeyə bağırırdı:

− Qəhrəmanlığını başqa vaxt göstərərdin də. Sən əsas şahidi, əsas sübutu məhv elədin. Hər şeyi danışdıracaqdım ona. Buna

görə verməli olduğun cavab böyükdür. - üzünü adamlarına tutdu. - Aparın!

Sergey onu aparmalarını gözləməyib, özü qarşıya keçərək irəlilədi. Qapıya çatıb dayandı. Geriyə boylanıb Hakopun yerə sərilmiş cəsədinə baxdı və hirsli-hirsli ətrafı nəzərdən keçirən komandirə tərəf döndü. Təmkinli və ciddi səslə dilləndi:

− Nə cəza çəkəcəyimin fərqi yoxdu. Qisasımın əsasını aldım. Bir xahişim var. Daha düzü, tələbim. Azadlığa çıxanda məni ön cəbhəyə göndərin... – dönüb sakitcə çıxdı.

Komandir qəzəbli olsa da, rəğbətlə bu qəribə gəncin çıxdığı qapıya tərəf baxdı:

− İNŞALLAH!!!

SON .

26 fevral 2013
GO BACK