Qadin.NET / "Gecikmiş qisas" (II hissə)

"Gecikmiş qisas" (II hissə)

"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" silsiləsindən

"Gecikmiş Qisas" 

 

 

Maşından düşərək çamadanları da düşürtdü. Arxa qapını bağlayıb sürücünün alıcı gözlərinə baxdı:

− Nə verəcəm?

Sürücü bir gözünü azacıq qıyıb, o biri qaşını da aşağı saldı:

− Cəmi səkkizcə manat.

Bunu öz ənənələrinə uyğun olaraq, elə tərzdə deyirdi ki, sanki yol pulunun yarısından vaz keçib. “Taksi qanunları”-dan xəbəri olmasa da, Sergey bunu duydu və pulu verərkən yalnız kinayəli təbəssümlə qarşılıq bildirdi. Səki ilə bir neçə addım gedib, axtardığı zoğalı boyalı darvazanın qarşısında dayandı. Qapının zəngini iki qısa və bir uzun zəng olmaqla üç dəfə çaldı. Bu onların işarəsi idi. Az sonra darvazanın gözlüyündən kiminsə baxdığını duyub özünü düzəltdi və boğazını arıtladı. Qapını gödək boylu, dolu bədənli və əsasən nəzərəçarpan dərəcədə iri burnu olan bir qadın açdı. Qapını açan kimi də Sergeyin gözlərinə baxaraq cəld təmiz erməni ləhcəsi ilə ermənicə soruşdu:

− Bulud gəldi?

Sergey özünü itirmədən eyni tonda ermənicə cavab verdi:

− 26-sı yağacaq...

Bu parol haqqında artıq Rusiyada məlumatlandırılmışdı. Ardınca qadın qollarını açaraq öz tər qoxulu bədənini Sergeyin üstünə yıxdı və rusca bərkdən:

− Ahh, oğlum, salamat gəlib çıxdın. – deyib, onun boynuna sarıldı. Bu da əslində içəridəkilərə hər şeyin qaydasında olması haqqında xəbərdarlıq idi. Həm də hər ehtimala qarşı qonşular üçün eşitdirilmiş ifadə... Qadın Sergeyin qolundan tutub içəri

çəkərək, qapını içəridən möhkəm bağladı. Sergey qadını süzərək ermənicə soruşdu:

− Deməli, rus xalam sizsiniz?

Qadın işvəkarlıqla dodaqlarını büzüb, onun qolundan bir az da bərk sıxdı və bərkdən güldü:

− Nə xala?... Xanım!...

Sergey qeyri-iradi birdən-birə bu qadından elə iyrəndi ki...

İçəri girəndə Hakop güldü:

− Afərin, gəldin çıxdın.

Sergey otağa göz gəzdirdi. Çöldən gəldiyi üçün gözləri otağın yarıqaranlığına tam alışmamışdı. Getdikcə ətraf aydınlaşdı. Yol yoldaşları hamısı burada idilər. “Xalası” olan Zoya adlı ev sahibəsi əvvəldən Bakıda məskunlaşmış ermənilərdən idi. Qarışıqlıq olan dövrdə yığdıqlarını qoyub gedə bilməmişdi. Həm də Ermənistandan gələn əmrə görə soyadını dəyişib qalmalı idi. Gələcək planlar üçün... İki qızı və azərbaycanlı əri ilə qalmışdı Azərbaycanda. Amma Ermənistanla əlaqəsi hələ lap əvvəldən var idi. Zoyanın böyük qızı Nataşa anasına və kiçik bacısına nisbətən fərqlənirdi. Azərbaycanlı atasına bənzəyirdi bir az. Amma kiçik qız eyniylə anasının cavanlığı idi. Nataşa təəccüblə Hakopa tərəf döndü:

− Hakop, əcəb yaraşıqlı oğlun var, heç sənə oxşamır. Hakop mənalı tərzdə bığlarının altından qımışdı:

− Xoşuna gəlir? Götür özünə.

Hamı gülüşdü. Hakop stuldan qalxdı:

− Zoyacan, hələ çox gözləyəcəyik? Gedək anbara. Zoya deyəsən təəccübləndi. Qabarıq gözləri qəribə tərzdə oynatdı:

− Bəs Akop gəlməyəcək?

Sergey atasının qəzəbli baxışını görüb Zoyanı qarşıya ötürdü və fikirli halda onların ardınca getdi...

* * *

Akop Hakopun doğma oğlu idi.Arvadının bundan başqa övladı olmurdu. Akop 6 yaşa keçəndə, ermənilər Xocalını işğal etdilər. Xocalıdan əsirlərlə qayıdan Hakop Sergeyi də özü ilə gətirmiş və hər kəsə tapşırmışdı ki, Sergey bunu heç vaxt bilməsin. Ümumiyyətlə, Sergeyin doğma oğul olmadığını cəmi dörd-beş nəfər ən yaxın adamları bilirdi. Hətta Akop da onu doğma qardaşı bilirdi əvvəllər. Hakop həmişə uşaqları arasında ayrıseçkilik salsa da, Sergey atasını çox istəyirdi. Yadına gəlir ki, bir dəfə özündən beş-altı yaş böyük olan qardaşı Akopla nə üstündəsə didişmişdi.Hirslənib Akopu bərk əzişdirmişdi.Atası xəbər tutanda onu aşağı – həyətə endirib, çılpaq bədəninə qayışla qırmızı zolaqlar çəkmişdi: “Mən evimdə düşmən saxlayıram, düşmən!” Sergey bu sözdən yanıb-yaxılsa da, hətta onda belə atasının üzünə qayıtmamışdı. Amma bir il əvvəl Hakopun və anasının ərköyün böyütdükləri, “əsl kişi” adlandırdıqları doğma oğul Akop bir rus qızına qoşulub, atasının yalvarışına baxmadan Rusiyanın Yaroslavl şəhərinə çıxıb getmişdi. Onda Hakopun dediyi sözləri hələ də unuda bilmirdi Sergey. Gözləri ağlamaqdan qızarıb, şişmiş Hakop aciz görkəm alaraq yalvarırdı:

− Akop, Akop, məni düşmən ümidinə qoyub gedirsən? Akop...Qüruruna toxunmuşdu, amma susmuşdu. Qardaşı ailəni atıb gedəndən sonra Sergey ata-anasına daha da yaxşı qulluq edir, sözlərindən çıxmırdı. Hərdən həyətə düşüb odun yaranda, başqa işlər edəndə, xüsusən də Hakopu əlini ağdan-qaraya vurmağa qoymayanda atasının kənardan xeyli müddət ona baxaraq fikrə getdiyini dəfələrlə görmüşdü. Amma bunu qardaşının gedişi ilə əlaqələndirib, atasının halına çox acımışdı. Bu baxışlarda kinqarışıq təəssüf, qəzəb, çətin yol ayrıcı var idi sanki...

* * *

Sergey anbarın qapısını yaxşıca bağlayıb, onların ardınca öz yerini aldı. Hakop üzünü oturanlara tutdu:

− Hərə öz tapşırığını bilir. – o təmiz ermənicə danışırdı. – Fevralın 26-sı Xocalı faciəsinə ucaltdıqları abidənin qarşısında anım mərasimi keçiriləcək. Gələnlər həmişəki kimi çox olacaq. Belə qarışıqlıqdan istifadə etmək daha təhlükəsizdir. Movses, Zoya, sizə abidəyə gedən metro qatarları tapşırılıb. Bir daha diqqətli olun, onlar qazdan ayıqdırlar, - kinli baxışlarını əyləşənlərin üzərində gəzdirdi - çox ayıqdırlar! İran vəziyyəti öyrənməyə çox kömək edib bizə. Bu farslarda elə din pərdəsi var ki, təxribata da, kəşfiyyata da din adı altında gedirlər. – razılıqla güldü – Qoy müsəlmanlar qırsınlar biri-birilərini. Yerdə qalanlar da bizim payımız...

Siqaret alışdırıb qalın dodaqlarına yaxınlaşdırdı. Dodaqları arasından görünən saralmış və seyrək dişləri, qalın bığlarından sarmaşıb çıxan bulanıq tüstü ona iyrənc görünüş verirdi. Siqareti sümürüb, külünü dırnağı ilə çırtmaladı:

− İran kəşfiyyatının məlumata görə, Azərbaycanın MTN-ni çox güclü işləyir. Bütün orqanlarda təcrübəli, ayıq-sayıq adamlar xidmət edirlər. Bu planı bir ildir hazırlamışıq. Adamların hazırlaşdırılması, sənədləşdirmə, hamısı 5 ilə yaxındır. Geriyə boş qayıtmaq yoxdur! Sərkisyan bizi heç vaxt bağışlamaz. Bunu dəqiq bilirəm. Odur ki, hərə öz işinə başı ilə cavabdehdir. Zoya yerində qurcuxdu:

− Hər şey əla olacaq, bilirəm. Onsuz da kütlənin içində axtarış aparmaq olmur. Bu yara heç sağalmayacaq. Eybi yox, buna da bir abidə tikərlər... - istehzayla güldü. Zoyanın böyük qızı Nataşa Akopla yaşıd idi. 26 yaşı vardı. Özü də rayondan gələn evli bir oğlanı “qırasına” keçirmişdi. Hələ bu azmış kimi, 3 il yanında saxlayıb malını, pulunu göyə sovurmuşdu. Hətta şəhərdəki evini də satdırıb, özünü də quruboş göndərmişdi rayona. Üç il bir kişini öz qadınından, körpəsindən məhrum edib, bir ailəni bədbəxt etmişdi. Heç indi də dinc dayanmırdı. Yaraşığından istifadə edib, xüsusən də bölgələrdən gələnlərə “hücuma” keçirdi. Ağıllılara bata bilməsə də, sadəlövhləri tez yoldan çıxarırdı. Amma Sergey bu evə gəldiyi andan gözlərini ondan çəkmir, başına fır fır fırlanırdı. Elə indi də stulunu çəkib düz yanında əyləşdi. Özündən hündür olan oğlanın üzünə baxıb qaşlarını oynatdı. Sağ qolunu guya zarafatyana onun boynuna keçirdi:

− Yaman yaraşıqlısan ha... Olar səni ayın 26-sına kimi oğurlayım? – bərkdən güldü. Güldükcə uzun ağ dişlərinin lap dibi göründü. Sergeyin qadınların ona girişməsindən əsla xoşu gəlmirdi. Heç bilmirdi niyə. Axı Ermənistanda olarkən, hətta anasının yanında belə atası Hakop qadınlarla açıq-saçıq davranırdı. Eləcə də qardaşı Akop. Bir dəfə əmisi qızı ilə evdən axşam çıxıb, səhər qayıtmışdılar... Bu onun vətənində normal bir şey idi. Atası Hakop da vaxtilə anasıyla belə evlənmişdi - üç il birlikdə yaşadıqdan sonra. Amma, Sergey eşitmişdi ki, müsəlmanlarda, türklərdə bakirlik, bakirəlik böyük məna daşıyır. Doğrusu, hərdən bu ona maraqlı gəlirdi. Onlarda görəsən niyə belədir? Amma bir onu bilirdi ki, bu onun xalqının ənənələrindən qatqat yaxşıdır. Belə fikirlərdən sonra isə özünü günahkar kimi hiss edirdi. Sanki, bu fikirləri ilə vətəninə xəyanət etmişdi...

Ardı var...

3 fevral 2013
GO BACK