"DUYĞUSUZ"
(hekayə)
Fərid Rüzgar
Son görüş və peşmanlıq.
- Gedirsən?
- Hə.
- Əminsən?
- Hə.
- Bəs, sevgimiz? Bu qədər yaşananlar?
- Gəldi-gedər hiss idi. Oldu və keçdi. Sən də belə qəbul etsən sevinərəm.
Qız (başını tərpədərək):
- Bəlkə də, haqlısan. Bəlkə də, olmaması lazım olan hisslər idi.
- Mənimlə həmfikir olduğuna sevindim.
- Darıxmayacaqsan?
- Yox.
- Heç mi? Hər şeyi yenidən başlaya da bilərik.
- Heç... Gözləmə məni. Dönəcəyimə ümid də etmə. Hər şeyə yenidən başlamaq üçün də çox gecdir. Ehtiyac yoxdur.
- Bunu nə vaxt anlamağa başladın?
- Səninlə son görüşümüzdən sonra.
- Yaxşı. Əgər, doğurdan da gedəcəksənsə tələs. Yoxsa...
Qız sözünü bitirə bilmədi. Əlləri ilə üzünü örtüb başını aşağı saldı. Ağlayırdı. Oğlan onun saçlarını tumarlamaq, onu sakitləşdirmək istədi. Lakin... Dərhal, fikrindən vaz keçdi və əlini aşağı saldı. Dinməz-söyləməz arxasını çevirib addımlamağa başladı. Sanki, ayaqlarına daş dolanmışdı. Hər addım atdıqca, sanki, daş onun ayaqlarını daha da sıxırdı. Getdikcə sürətini artırdı. Birdən dayandı və arxaya çevrilib qayıtmaq istədi.. Ancaq.. Qız orada yox idi. Yenidən dönüb yoluna davam etdi. Evə çatdı. Daxili yanırdı həyəcandan. Gecəyə kimi də bu həyəcan onun içindən çıxmadı. Qızı beynindən ata bilmirdi. Ona görə çox narahat idi. Axı, qızın əkiz bacısı Sevincdən və o oğlandan başqa heç kimi yox idi.. Həm də ki, özü də qız üçün çox...
Artıq dözmədi. Mobil telefonunu açdı. Gecə saat 11 olduğuna baxmayaraq qızın nömrəsinə zəng vurdu. Qızın səsi eşidildi:
- Eşidirəm.
- Salam. Necəsən?
- Salam. Hər şey yaxşıdı.
- Əminsən?
- Heç olmadığım qədər. Bilirsən, sən haqlı idin. Sən getdikdən sonra çox üzüldüyümü etiraf edirəm. Hətta, ağladım da. Amma, sonra çox düşündüm və anladım səni sevmədiyimi, yaşananların sadəcə keçici hiss olduğunu.
- Bilirsən, mən də, çox düşündüm. Bəlkə də, yenidən başlaya bilərik.
- Mümkün deyil. Çünki, səni heç vaxt sevməmişəm. Gec də olsa, anladım bunu.
- Yalan dediyini bilirəm. Sadəcə mənə acı vermək istəyirsən.
- Niyə elə düşünürsən? Sənə yalan borcum yoxdur ki. Əgər başqa sözün yoxdursa, sağollaşaq.
Oğlan (dərindən köks ötürərək):
- Yoxdur. Gecən xeyrə.
Qız əlaqəni kəsdi. Sonra da, morqda uzanan əkiz bacısının cəsədinə baxaraq dedi:
- İstədiyin kimi etdim. İndi rahat yata bilərsən.
Gündüz ayrıldıqdan sonra...
- Yaxşı. Əgər, doğurdan da gedəcəksənsə tələs. Yoxsa...
Qız sözünü bitirə bilmədi. Əlləri ilə üzünü örtüb başını aşağı saldı. Ağlayırdı. Oğlanın onun saçlarını tumarlamasını, onu sakitləşdirməsini gözləyirdi.. Bir qədər gözlədikdən sonra başını qaldırdı və oğlanın ondan xeyli aralıda uzağa addımladığını gördü. Bir müddət onun arxasınca baxıb dayandı ki, bəlkə dönüb geri gələr. Amma... Gəlmədiyini görüb o da üzünü çevirib addımlamağa başladı.. Avtobus dayanacağına çatdı. Avtobusa minib bina evinə köçməmişdən əvvəl yaşadıqları köhnə bağ evinə getdi. Evə çatdıqdan sonra mobil telefonu açıb bacısı Sevincə zəng vurdu. Sevinc zəngi açıb səbirsizliklə soruşdu:
- Nə oldu? Danışdın onunla?
- Danışdım. Səndən bir şey istəyəcəm.
- Nə danışdınız? Nə dedi?
- Ayrıldıq. Səndən bir şey istəyəcəm.
- Ay daa.. Canım. Üzülmə yaxşımı? Gəl evə, danışıb onunla hər şeyi yoluna qoyaram. Narahat olma.
- Səndən bir şey istəyəcəm.
- Nə?
- İstəyirəm, o, nömrəmə zəng vursa, mənim rolumu oynayasan. Onunla danışasan.
- Anlamadım.
- Əgər, o, səsindən mən olmadığımı hiss etməsə, deməli məni sevməyib heç vaxt.
- Axı bu nə deməkdir?
- O zaman, ona yalan deyəcəksən. Onu heç vaxt sevmədiyimi, sadəcə yalançı hisslər keçirdiyimi deyəcəksən. Hətta, barışmaq istəsə belə inanmayacaqsan.
Sevinc (həyəcan keçirməyə başladı):
- Sən hardasan? Yerini de.
- Əgər səsimizi ayırsa, deməli məni doğurdan da sevirmiş. O zaman, ona həqiqəti deyəcəksən. Söz ver ki, dediklərimi edəcəksən.
- Hansı həqiqəti? Nə danışırsan? Sən hardasan?
- Söz ver.
- Yaxşı. Söz verirəm.. Amma, harda olduğunu de. Gəlim danışaq.
- Çox sağ ol, bacı. Sənə güvənirəm. Səni çox sevirəm. Gəl məni bağ evindən apar.
Əlaqə kəsildi. Sevinc ona zəng vurdu.. Lakin zəng çatmadı. Həyəcan keçirən qız, cəld evdən çıxıb yol kənarına gəldi. Taksiyə əyləşib bağ evinə üz tutdu. Çatıqdan sonra bağa, bağdan da evə girdi. Bacısını çağırdı. Cavab gəlmirdi. Yataq otağına girdikdə qışqırmağa, ağlamağa başladı. Qız, evin tavanından asılı qalmışdı.
Son