Ölümə məhkum bir insanda yaşamaq eşqinin
nə qədər güclü olduğunu təsəvvür etsəydiniz,
ən qüssəli günləriniz belə sizə çox gözəl görünərdi.
(İbn Sina)
QARA GEYİMLİ QATİL
Fərid Rüzgar
(dedektiv povest)
(I hissə)
Proloq
İnsanın ən zəif nöqtəsi, onun rəhmsizliyidir. Çünki, insanı rəhmsizliyə vadar edən qəzəb gözləri tutduqda, onu yalnız və yalnız uçuruma doğru sürüyərək aparır. Çünki, qəzəb insanı, öz normal təbiət axarından xaric edən bir hissdir. Bu səbəbdən, xeyli insan belələrinin qurbanı olur. İlk və sonuncu qurban isə, insanın özüdür.
Qanlı hədiyyə
8 yaşlı Nicat yatağından bir qədər gec qalxdı. Paltarlarını tələsik geyinib otağından çıxdı. Bu gün, yəni İyun ayının 18-i onun doğum günü idi. Mətbəxdən taqqıltı gəlirdi. Nicat əvvəlcə, həmişəki kimi valideyinlərinin yataq otağına baxdı. Kimsə yox idi. Yataq səliqə ilə yığılmışdı. Atası Elxan işə getmişdi. Hamama girdi, avtomat su kranı ilə əl üzünü yudu və qurulandı. Mətbəxə qaçdı. Anası Tamara orada iş görürdü. Xəmir hazırlayırdı. Tort xəmiri. Nicat hər günkü kimi, ilk olaraq anasını öpdü. Tamara gülümsünüb dedi:
- Bu qədər yatmaq olar, ay tənbəl? Axı, bu gün sənin ad günündür. Təbrik edirəm. Gəl, ana səni öpsün.
Həmişə buna adət etmiş Nicat, nədənsə bu gün utancaq şəkildə əyilərək yanağını anasına tərəf tutdu. Yəqin ki, doğum günü olduğuna görə. Əksər uşaqlar öz doğum günlərində özlərini bir qədər utancaq göstərirlər.
Nicat atasının işdən qayıtmasını səbirsizliklə gözləyirdi. Axı, Elxan hər doğum günündə, oğluna çoxlu maraqlı hədiyyələr alırdı. Odur ki, Elxanın işdən axşam qayıdacağına baxmayaraq, Nicat tez-tez pəncərədən baxırdı ki, atası gəlir yoxsa yox.
Nicat televizora baxarkən, qapının zəngi çalındı. Mətbəxdən Tamaranın səsi eşidildi:
- Nicat, qapını aç. Xalandır.
Nicat sevincək qapını açmağa getdi. Xalası Yeganə və 10 yaşlı qızı Şəlalə içəri daxil oldular. Yeganə əyilərək Nicatın üzündən öpüb dedi:
- Balam artıq böyüyüb, kişi olub. Ad günü mübarək.
Sonra Yeganə geyimini dəyişib xalat geyindi və Tamaraya kömək etmək üçün mətbəxə keçdi. Axşama kimi xeyli qonaqlar gəldi. Həyət darvazasının qarşısından başlayaraq xeyli maşın sıra ilə düzülərək sanki, qatarı təsvir edirdi.
Axşam saat 20:00-i keçmişdi. Elxan isə hələ də gəlməmişdi. Nicat narahat olsa da, bir tərəfdən də ona hədiyyə almağa getdiyi üçün hələ gəlmədiyini düşünürdü. Nicatla birgə, Tamara da narahat idi. Axı, Elxan evə bu qədər gec gəlməzdi. Bəzi hallarda gec gələrdi, onda da ki, qabaqcadan xəbər verərdi. Saat 20:25 radəsində evin həyət qapısı möhkəm taqqıldadı. Sanki, daş ağırlığında nəsə atdılar. Nicat:
- Atam gəldi. – deyib qapıya qaçmaq istəyəndə, Tamaranın qardaşı Teymur onun qolundan tutub saxladı:
- Nicat, dayan. Mən açaram. – Evdəkilərə baxdı. – Belə qapı döyməzlər. Baxaram indi. – Sonra ayağa qalxıb qapıya tərəf getdi. Yeganə pəncərədən baxdı. Kimi isə tələsik iti addımlarla darvazadan çıxarkən gördü. Bu vaxt, qapını açan Teymurun səsi eşidildi:
- Elxan!... Aman Allah.. Tez bura gəlin..
Hamı həyəcanla qapıya tərəf getdi. Mənzərəni görən Tamara ürəkağrıdıcı bir nalə çəkib ağlamağa başladı. Nicat da qapıya getmək istəyəndə tutub saxladılar ki, dəhşətli mənzərəni görməsin. O isə ağlayaraq qışqırırdı:
- Ata!.. Atama nə olub? Onu görmək itəyirəm.
Bəli. Nicatın ad gününə qanlı bir hədiyyə gəlmişdi. Elxanın qanlı cəsədi həyətdə, ev qapısının yanında yerə uzanmışdı. Yeganə dili topuq vura-vura barmağı ilə darvazanı göstərərək dedi:
- Mən.. Mən, onu gördüm. Bu cəsədi bura gətirən adamı darvazadan çıxıb gedəndə gördüm.
Bəd xəbər
Səhər sübh çağı Oktay Qafarov yatağından qalxdı. Geyinmədən əvvəl, yüngül gimnastik hərəkətlər etdi. Sonra, geyindi və eyvana çıxıb siqaretini yandırdı. Fikrə getdi. Elə bil ətrafında hər şey susmuşdu. Həyət bom-boş idi. Qaranquşlar elə bil azalmışdı. Çünki arabir görünürdü. Hər gün, avtomobil yolunda hərəkət edən avtomobillər də bu gün nədənsə tək-tək görünürdü. Çox darıxdırıcı bir səhər idi sanki. Sakit və darıxdırıcı. Qafarov belə hallara öyrəşmişdi. Amma, bu dəfə nədənsə belə bir hal ona yad kimi görünürdü. Bir nöqtəyə baxaraq düşünürdü. Beynində nəyi isə fikirləşib, götür-qoy edirdi. Nəyinsə yolunu, səbəbini axtarırdı. Qeyri-adi bir ifadə var idi simasında. Nə qəmgin, nə də nikbin. Nə qəzəbli, nə də sakit. İki barmağı arasında bir udum çəkilsə də, yarıya kimi çəkilmədən yanmış siqaret yanmağına davam edirdi. Arabir dodaqları altında nəsə mızıldanırdı. Bu onun, həmişə təklikdə düşünəndə adət etdiyi hərəkət idi. Sanki, beynindən keçən, bir nəticə çıxarmaq istədiyi fikirləri, çaşmamaq üçün, dodaqaltı söyləyirdi.
Oktay Qafarov insanlar arasında ciddi, ağır xasiyyətli, sərt adam idi. Çünki, ən azından işi bunu tələb edirdi. Lakin, təklikdə özünü tapırdı. Daha sərbəst, azad olurdu. Əsla darıxmırdı tək qaldıqda. Əksinə, insanlar arasında bir qədər darıxırdı. Bir işi olmadıqda, həmişə ya sənədli kitablar oxuyur, ya da internetdə sənədli filmlərə baxırdı. Bir sözlə, təklikdə əsl Oktay Qafarov olurdu. Bu səbəbdən təkliyi sevirdi. Lakin, işini də sevirdi. Ona görə də, işini həmişə həvəslə və layiqincə yerinə yetirirdi. Bu günə kimi aça bilmədiyi cinayət işi, düyün olmamışdı. Çox çətin, ağıla gəlməyən, ən xırda səbəbləri belə görə bilirdi.
Məsələn, bir neçə ay əvvəl Azərbaycan Tibb Universitetinin laboratoriyasında baş verən, Kimiya müəlliməsi Əfsanə Teyyubovanın ölümünə səbəb olan partlayışın səbəbkarı kimi, III kurs tələbəsi Həşimov Tarieli az qala şiddətli töhmətlə universitetdən kənarlaşdıracaqdılar. Lakin, Qafarov yanğında “günahkar”, pəncərədən asılan lupa olduğunu açıq-aydın izah edərək, sübutları göstərdi. Demə, günəşin şüası lupadan keçərək, nöqtə şəklində pərdənin üzərinə düşmüşdü və ilk olaraq pərdə yanmağa başlamışdı. Sonra, yanğın böyüyərək qaz balonuna tərəf gedərək, balonu əhatəyə almış, və qızmış balon, müəllimənin qapını açıb içəri girdiyi anda partlamışdı. Lupanı, isə öz asılqanı əvəzinə pəncərədən asan Tariel Həşimov yox, laborant Çinarə Məlikova idi.
Bu vaxt, Qafarovun mobil telefonu ucadan səsləndi. Qafarov telefon zənginə cavab verdi:
- Eşidirəm.
- Salam, Qafarov. – Mayor Əkrəm Hacıyevin səsi eşidildi. – Sizi, səhər tezdən narahat etmək istəməzdim. Amma, mümkünsə, DİN-nə gəlməyinizi xahiş edirəm. Çox vacibdir.
- Oldu, cənab mayor. – deyib xudahafisləşərək əlaqəni kəsdi. Birdən duruxub təəssüfləndi. Fikirli olduğundan Mayor Hacıyevin salamını almamışdı. Hazırlanıb evdən çıxdı. Qara rəngli “Mercedes Benz” markalı avtomobilinə əyləşib evdən uzaqlaşdı. 30 dəqiqə sonra DİN-də oldu. Binaya daxil olaraq liftlə yuxarı mərtəbəyə qalxdı. Oradan da, Hacıyevin kabinetinə daxil oldu. Hacıyev ayağa qalxıb xəfiyyə ilə görüşdü. Sonra, ona stulu göstərib dedi:
- Əyləşin, Qafarov.
Oktay stulda oturdu. Hacıyev də kürsüsünə keçib sözə başladı:
- Təəssüf ki, sizə şad xəbər verə bilməyəcəm, Qafarov. Dünən, dostunuz Elxan Həmidzadə naməlum şəxs tərəfindən qətlə yetirilib.
Oktay başını qaldırdı:
- Bilirəm – mayor Hacıyevə baxdı. – Mən də, yeni öyrəndim.
- Dünən gecə, onun cəsədini evlərinin önünə atıb qaçıblar. Həmin vaxt, evdə olanlardan biri, pəncərədən həmin insanı darvazadan çıxarkən görüb. Bu gün, həmin şəxslə birgə, bütün yaxınları dindiriləcək.
Qara geyimli qatil
Elxan Həmidzadənin evinin qarşısıda çadır qurulmuşdu və insanlarla dolu idi. Polis işçiləri ilə birgə, Hacıyev və Qafarov da onların arasında idi. Mərhumun yaxınlarından bəziləri ora-bura gedir, bir an belə dayanmadan gələn qonaqlara xidmət göstərirdilər. Oktay Qafarov, Tamara Həmidzadə ilə söhbət etmək üçün evə daxil oldu. Ağlamaqdan gözləri qızarmış Tamara onu tanıyıb yaxınlaşdı və dedi:
- Mən indi nə edəcəm, Oktay bəy? Axı, niyə belə oldu? Bu uşağı – Nicatı göstərərək – atasız necə böyüdəcəm?
Oktay onu sakitləşdirməyə çalışdı:
- Elə deməyin. Siz güclü olmalısınız. Çünki, buna məcbursunuz. İlk növbədə, Nicata görə məcbursunuz. İkinci isə, gücünüz bu qatili tapmaq üçün bizə lazım ola bilər.
Onlar divanda əyləşdilər.
- Qatil tapılmayıb? – Tamara bir qədər əsəbi şəkildə soruşdu. – Nə vaxt tapacaqsız bəs onu?
- Tapılacaq. – Qafarov onu arxayın etdi. – Narahat olmayın. Amma, siz də qatili tapmaqda mənə kömək etməyə çalışın. Elxanın ölümü ilə bağlı nə deyə bilərsiz?
- Bilmirəm. İndi, fikirlərim tamam qarışıqdı. – Tamara başını buladı. – Onun, kim tərəfindənsə öldürülməsini hələ də anlaya bilmirəm. Axı, onun qaranlıq nə işi ola bilərdi ki? Sadəcə, onu deyə bilərəm ki, qapıya daş atdılar. Qardaşım qapını açdı və...
Tamara bir qədər susduqdan sonra davam etdi:
- Hadisə vaxtı,Yeganə pəncərədən qatilin darvazadan çıxıb getdiyini görüb. Bir də ki, bizim evin qapısının yanında yumruq böyüklüyündə daş vardı – deyərək yumruğunu sıxdı. – Ətrafda ondan başqa daş yox idi deyə, qapıya dəyən həmin daş olduğunu anladıq. Həmin daşı əl izi qoymadan saxlamışıq.
- Yeganə ilə danışmaq istəyirəm. – Oktay ayağa qalxdı. – O, indi hardadır?
- Gedək. – deyib, Tamara da ayağa qalxdı. Birlikdə yuxarı mərtəbəyə çıxdılar. Otaqların birinə daxil oldular. 35 yaşlı qızılı saçlı Yeganə otaqda idi. 35 yaşı olsa da, görünüşü əsla bunu demirdi. Çox gənc görünürdü. Xaricən bir qədər dolu bədəni onu daha da şirin göstərirdi. Qızılı saçları dalğavarı şəkildə kürəyinə, çiyinlərinə dağılmışdı.
- Salam – Oktay salam verdi. Tamara Oktayı göstərib dedi:
- Oktay Qafarov. Elxanın dostu, həm də xəfiyyədir. Qatili taparaq, dövlətə təslim edəcək. İndi, səninlə danışmaq istəyir.
- Buyurun. – Yeganə dilləndi. Oktay kresloda əyləşərək sözə başladı:
- Eşitdiyimə görə, pəncərədən kimisə görmüsünüz. Necə biri idi? Üz görünüşünü də təsvir edin, mümkünsə?
- Üzünü görə bilmədim. – Yeganə başını buladı. – Darvazadan çıxarkən gördüm onu. Ucaboy, sağlambədənli birinə bənzəyirdi. Qaranlıq idi deyə tam görə bilmədim. Amma, geyimini seçə bildim. Qara rəngli kostyum geyinmişdi, başında qara şlyapa var idi. Darvazanın qapısını açaraq çölə çıxdı.
Oktay əminliklə başını aşağı-yuxarı yellədi. Ayağa qalxaraq dedi:
- Aydındır.
- Elə bu? – Tamara təəccübləndi. – Nə aydındır? Başqa heç nə soruşmayacaqsınız? Öyrənmək istəməyəcəksiniz?
- Hələ ki, sizinlə söhbəti qurtardım. Sonra, lazım olsa yenə gələcəm. – deyib, Qafarov qapıdan çıxmaq istəyəndə Yeganə yenə soruşdu:
- Bəs, daş? O lazım olmayacaq?
- Daş barədə hələlik heç kəsə heçnə deməyin. – Qafarov cavab verdi – Kimsə, ola bilsin, ağzından qaçıra bilər. Amma, siz çalışın daşı kimsəyə göstərməyin.
Bunu deyib qapıdan çıxdı. Bir şey anlamayan Tamara başını bulayaraq onu ötürmək üçün arxasınca otaqdan çıxdı.
Ardı var...