Qadin.NET / Azad bir quşdum...

Azad bir quşdum...

"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" silsiləsindən.

"Azad bir quşdum..."

Azad bir quşdum...

Iki il əvvələdək həyatında hər şey başqa cür  idi.Xoşbəxt olmaq üçün səbəbləri o qədər çox idi ki...Sevdiyi qızla uzun mübarizədən sonra ailə qurmağa nail olmuş, bu sevgidən dörd övladı dünyaya gəlmişdi.İki oğul və iki qız atasıydı Azad.Həyat yoldaşı Aygül evdar qadın idi.Onun işi evdə uşaqların tərbiyəsilə məşğul olmaq və əri işdən qayıdınca onu mehriban, xoş üzlə qarşılamaqdan ibarət idi. Hələ onun ev işlərindən, uşaqların dəcəlliyindən şikayətləndiyini də eşidən olmamışdı.Mehriban ailə idilər. Azyaşlı  uşaqların hər birinin arasında bir, ya iki yaş fərqi olardı.Sonbeşiksə hələ körpəydi.Atasının adını vermişdi sonbeşiyinə Azad..Həyat yoldaşı Aygüllə bir sinifdə oxumuşdular.Onların eşq macərası məktəbli ikən başlamışdı.Azadgilin ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün  Aygülgilə  elçi getməyə hazır deyildilər.Orta məktəbi bitirən kimi sevdiyi qıza  çox yerdən elçilər gəlməyə başladı.Aygülün atası Oruc kişinin gələn elçilərdən birini gözü tutub “Hə” cavabı vermək istəyirdi ki, Azad bundan duyuq düşdü və elə böyük elçilik günü Aygülü qaçırdı.Heç qızın xəbəri də yox idi Azadın bu “qaçırma planı”ndan.Onun üçün gözlənilməz olsa da  özünün də ürəyindən olmuşdu.Yaşları rəsmi nigaha düşməyən bu iki gəncə el adətiylə Azadın valideynləri toy etdilər.İnsafən Oruc kişi də onlara mane olmadı.Mərdimazarlıq edib polisə də şikayət etmədi..Bəlkə də öz gəncliyini xatırladı.Axı o da bir zaman Aygülün anası Zərrintacı qaçırmışdı..

Övladlarını çox sevirdi.Böyük uşaqlar dörd yaşlı əkizlər Salehlə Taleh idi.Ortancılı, iki yaşlı qızı Leyla, atasının adını daşıyan sonbeşiksə Murad idi.Qırxı təzə çıxmışdı..Səkkizinci sinifdən çıxıb peşə məktəbində oxuduğu vaxtdan zəhmətə alışıq idi Azad.Əlinin zəhmətilə ailəsini dolandırardı.Gecəsini gündüzünə qatıb işləyirdi ki, ailəsinin  heç nəyə ehtiyacları olmasın.Elektrik idi.Pis dolanmırdılar..Son günlərdə isə Azadı çox fikirli görürdi Aygül.

-Sənə nə olub Azad.Niyə fikirlisən?

-Yox.Fikirli deyiləm.Sadəcə çox yorğunam.Uşaqlar da böyüyür.Onların qayğısı artdıqca daha çox işləməliyəm.

-Sənə əvvəldən deyirdim.Yenə də deyirəm.Salehlə Talehi bağçaya qoyaq.Mən də işləyim.

-Olmaz!Tutaq ki onları bağçaya qoyduq.Bəs Leylayla Murad  necə olsun?

-Onları da anamgil saxlayar.

-Nə vaxta qədər saxlayacaqlar?Öz problemimizi özümüz həll etsək yaxşıdır.Ana, atalarımızın köməyindən ömür boyu istifadə edə bilmərik ki..Həm də Murad çox körpədi.Nə isə, bu fikri başından çıxar..

-Necə çıxarım, səni belə fikirli görəndə, həm də bizə görə çox yorulduğunu bilə-bilə necə rahat olum..-ağlamsındı.

-Aygül, dayan..Qulaq as..Bayaq mən sənə əsl həqiqəti demədim.Üzülməni istəmədiyimçün yavaş-yavaş, səni alışdıraraq demək istəyirdim.Sizin dolanışığınız üçün narahat olmamın səbəbi başqadır..

-Nədir səbəb?İşdən çıxmısan?Ya çoxlu borcun var?

-Aygülll, heç biri deyil.Sakitcə qulaq as..Özün də ağlama..

-Yaxşı, bir söz deməyəcəm.Sən danış.Mənə fikir vermə..

-Mən üç gün sonra Qarabağa gedirəm..Öz istəyimlə, könüllü...

-....-Aygülün danışmağa halı yox idi.Gözlərinin yaşı dayanmırdı.

-Bilirəm, deyəcəksən ki, ağılsızlıq edirəm.Bu qədər külfəti başsız qoyuram..Məsuliyətsizəm..Amma bacarmıram.Belə sakit dayanıb baxa bilmirəm..Getməliyəm..Bir söz de.Nə istəyirsən de.Danla məni.Amma susma.Sizə əsgər ailəsi kimi kömək edəcək dövlət.Buna inanıram.Əgər şəhid olsam, şəhid ailəsi kimi də maddi yardım alacaqsız..

Azad elə danışırdı ki, sanki gələcək həyatını kino lenti kimi seyr edib qısaca məzmunu Aygülə nəql edirdi..

-Bəsdir, danışma..Susss!Sən qayıdacaqsan!Sağ-salamat yanımızda olacaqsan.-gözləri ağlamaqdan qızarmış Aygül Azada sarılıb dayanmadan yanaqlarından, alından, gözlərindən öpməyə başladı.Sanki bu onun son, ayrılıq öpüşləri idi..

-Hələ üç gün vaxtımız var..Uşaqlara da heç nə deməyək.Onsuz da hələ müharibə nə demək olduğunu anlamırlar.Heç olmasa harasa gedəcəyimi deməyək.

 

Azad bir quşdum...

...İki il keçmişdi..Hər günü, hər dəqiqəsi bir ilə bərabər olan, sonu bilinməyən əsirlik həyatının iki ili geridə qaldı.Daha nə qədər davam edəcək, kimsə bilmir.Bir zaman valideynlərilə Şuşaya yay tətilində dincəlməyə gələn Azad indi burada əsir idi.Şuşanın özü kimi əsir idi o da..Əsirlikdə qaldığı qısa müddətdə o qədər iyrəncliklərlə qarşılaşmışdı ki..

Bu yaxınlarda Kəlbəcərdən əsir düşmüş bir qocanı günün günorta çağı hamının gözü qarşısında güllələdilər.Öldürmək üçün də bəhanələri bu oldu:-guya  qoca, yumurta oğurlayıbmuş.Halbuki yerindən tərpənməyə heç halı yox idi bədbəxtin.Onunla eyni kənddən olan Mehdi kişini də döyə-döyə öldürdülər..                     

Əsir düşəndən bir neçə ay sonra Ağdamın bir kəndindən 16 nəfər əsir gətirmişdilər.Onlardan birinin başına nə oyun açmadılar, ilahii..O ki, var döydükdən sonra isladıb, böyük soyuducuya saldılar.Soyuducuda donub ölmüşdü yazıq.Füzulidən olan Vaqifi də soyuducuya salıb dondurdular.. İlqarın  ölümü isə təzə olduğu üçünmü, ya ən dəhşətli ölümlərdən olduğuna görəmi hələ də gözlərinin qarşısından getmirdi.Əsir yoldaşları da onun dəfnindən bəri dinib-danışmır, sanki hər biri özünü günahkar sayırdı onun bədbəxt taleyində..19 yaşı hələ tamam olmamışdı İlqarın.Yazıq bərk xəstə idi.O qədər halsız idi ki, bir gün  işə çıxa bilmədi.Qızdırmanın içində yerində halsız uzanmışdı.Baş nəzarətçi Slavik onu döyə-döyə kameradan çıxardı.Düz bir həftə ona olmazın  işgəncələr verdilər.Yalnız can verəndə həkim çağırdılar.Həkim ona heç əlini də vurmadı.Bircə onu dedi ki, xəstəyə  sistem qoşulmalıdır.Təbii ki, sistem qoşulmadı.Vaxtilə həkim işləmiş, indi isə əsirlər üstündə qeyri-qanuni əməliyyatlar aparan (orqan götürən) Qor adlı bir erməni tez-tez əlində silah əsirlərin üzərində nəzarətçi də dururdu çox zaman.Qor dedi ki, indi mən onu müalicə edəcəyəm.Bir zaman xəstələrə həyat verən Qorun ürəyinə rəhm düşdüyünə ümid bağlayan əsir yoldaşları onun İlqarı sağaldacağına əbəs yerə ümid etdilər.Çox keçmədən gördükləri səhnə hamının içini sızlatdı.Hər gün gördükləri və alışdıqları səhnə olsa da can verən insana qarşı bunu edə biləcəkləri ağlasığmaz idi.Onsuz da bəbəxt ölür də, daha nə istəyirsiz onun nəfəsi kəsilməkdə olan quru bədənindən, ay namərdlər? Qor  əvvəl İlqarı var gücü ilə təpiklədi. Üzünə tüpürdü.Sonra gətirdiyi araq butulkasını heç vaxt içki içməyən İlqarın ağzına dayadı və iyrənc səsi ilə üstünə qışqırdı:

-İç, iç də, nə gözlərini ağardırsan?İç, iç, iç böyük Ermənistan imperiyasımnın sağlığına.İç, köpək oğlu, iç..Qor İlqarın başına bir neçə təpik də vurub gedəndən sonra Rasel adlı tibb bacısı gəldi.Soyuqqanlılıqla soruşdu:

- Hələ gəbərməyib?-deyib o da İlqarın qarnından iki təpik vurdu.Rasel çox hiyləgər və əxlaqsız qadın idi.Xoşu gələn əsirlərlə cinsi əlaqədə olar və tezliklə də onları aradan götürtdürərdi.İlqara son nəfəsində nə əzab verdi, onu yer-göy götürməzdi.İlqar baxa-baxa dünyasını dəyişdi.Danışa bilməsə də əzab yağan baxışları onun əvəzinə fəryad edird.Bu zülmdən qurtulmaq üçün yalvarırdı bir zaman gənc qızların qəlbinə od salan baxışları.. O odlu baxışlardan indi də əsir yoldaşlarının qəlbinə od düşmüşdü.Hər kəs onunla birlikdə ölüb canlarını qurtarmaq istəyirdilər.Kim bilir sabah, ya bir neçə saat sonra İlqardan pis hala düşməyəcəyini?Yazıq İlqar elə arzularla yaşayırdı ki..Deyirdi mexanizator işləmişəm.Qardaşım da briqadirdir.Evimizdə pul imkanımız da var.Bilmirəm məni niyə qurtarmırlar.(Atəşkəsdən əvvəl əsir düşənlərin ailələri ermənilərlə dövlətin vasitəçiliyi olmadan belə əlaqə saxlayıb külli miqdarda pul verərək əsir yaxınlarını qurtara bilirdilər) İlqarın ölümü Azadı çox sarsıtmışdı.Bir az da fikirləri qarışdı..Beynindən bu fikir çıxmırdı: “İlqarın ölümü kimi dəhşətli ölümdənsə öz ölüm fərmanımı özüm yazsam daha yaxşı olmazmı?” Onu qorxudan ölmək deyil, yavaş-yavaş, “it zülmüylə“ ölmək idi.Fiziki əzabdan daha çox yavaş-yavaş ölməkdən qorxurdu.Bu itoğlular adamı rahat ölməyə qoyurlar ki?Ən dəhşətli filmlərdə belə bunların ölüm üsulları göstərilməyib.Bu  üsullar ancaq və ancaq erməni  əclaflarına aiddir.Başqa heç kim bunu nə tətbiq edə, nə də ağıllarına belə gətirə bilməz..

 

Azad bir quşdum...

Bir yandan güclü fevral soyuğu, bir yandan da İlqarı yuxuda görməsi Azadı keyləşdirmişdi.

Heç bir işə əli yatmırdı..                                  

  Yuxuda gördü ki, İlqar onu Beyləqandakı evlərinə qonaq aparır.Özü də çox sevinir..Qəribə yuxu idi.Azad yuxuda da olsa İlqarın öldüyünü bilirdi.Elə hey soruşurdu: - “İlqar, sən axı ölmüsən.Bura necə gəldin?” İlqarsa onun sualına əhəmiyyət vermədən yol boyu yadına düşən lətifələrdən danışırdı ki, Azadın başı qarışsın, darıxmasın bu uzun yolda..İlqarı yuxuda sevincli görməsini özü belə yozdu:Yazıq qardaşım, indi yerin rahatdır yəqin.Sənin kimi bu dünyada zülm çəkənlərin o biri dünyada yeri Cənnətdir, deyirlər.. Burda İlqarın ən yaxını o olmuşdu.Əsirlər içində yaşca ən kiçiyi İlqar idi.Böyüklər onu özlərinə oğul bilirdi.Azadsa böyük qardaş kimi arxa durmağa çalışırdı.Burda hamının vəziyyəti eyni olsa da, heç olmasa işlərinin bir hissəsini görməkdə kömək edirdi. Bu şirin yuxudan heç ayılmaq istəməsə də nəzarətçinin təpiyi onu oyatdı..Elə bildi yenə Qordu, ya da Slavik. Gözlərini açandasa nifrətdən özündən asılı olmadan yerə tüpürdü..Bu  “İ.”  idi.Bir neçə ay əvvəl döyüş zamanı silahını yerə qoyub ermənilərə könüllü təslim olan satqın  “İ.” Burda əsirlərin  hamsı ona Qordan çox nifrət edirdilər..

-Qalx, qalx ayağa köpəyoğlu..-günorta olub, sən hələ yatırsan??

-...-Ermənidən yarı erməni, yarı bizim dildə eşitdiyi söyüşlər Azada bu qədər təsir etməmişdi.”İ”.-n bu  “köpəyoğlu” sözü isə onu çox yandırdı.Amma bir söz demədən ayağa qalxdı.. Hava bərk soyuq idi.Fevralın son günləri idi.Əsir yoldaşları artıq işə başlamışdılar.Mişarla odun doğrayırdılar.Yanlarında ocaq qalamışdılar.İcazə ilə hərdən biri əlini qızdırırdı.Azad da qızınmaq üçün onlara yaxınlaşdı..Deyəsən soyuqlaşımdı.Heç işləmək hayında deyildi.Elə təzəcə əllərini qızdırmaq istəyirdi ki, Qor gəldi.”Sənə iş tapşırmışam, burda nə gor qazırsan?” deyib Azadı “dubinka” ilə kötəkləməyə başladı..Sonra yorulub “dubinka”nı “İ.”-yə verdi ki, “işi” davam etdirsin..Ermənilərin sağ əli olan bu əclaf  “İ.” azərbaycanlı adı daşısa da iyrənc hərkətlərilə Qor kimilərdən geri qalmırdı.Hətta əsir qadınlarımızın zorlanmasında o belə iştirak etmişdi!!! “İ.” var gücü ilə, sanki qəddar düşmənindən acığını çıxırmış kimi Azadı kötəkləməyə davam etdi.Bir azdan yorulub dayandı..Azadın üz-gözü gömgöy olmuşdu.Ağrılardan gücün itirib özündən getdi..Özünə gəlməyə macal tapmamış, Qor başının üstünü qara kölgə kimi aldı:

-Bura uzanmağa gəlməməsəm, ay itoğlu..Qalx, işinlə məşğul ol.Sənə bayaq tapşırdığım işi 20 dəqiqəyə hazır etməsən, anannı ağladacam.

Qor Azada elektrik plitəsini düzəltməyi tapşırmışdı. Ən azı yarım saatlıq işi bu vəziyyətdə 20 dəqiqəyə heç cür başa çatdıra bilməyəcəkdi.Bu işi isə ondan başqası bacarmazdı.Axı elektrik idi o. Ətrafa baxınca hər şeyi dumanlı görürdü.Döyülməkdən qızarmış və həddindən artıq çox şişmiş göz qapaqları gözünün üstünü örtdüyündən düz yolu seçə bilmirdi. Yıxla-dura,  bir təhər yeriyirdi.Birdən nə düşündüsə  donuz tövləsinə tərəf  getdi.Nə isə axtarırmış kimi ətrafa göz gəzdirdi.Elə bu zaman donuzlara baxan kəlbəcərli Rəhim dayıyla qarşılaşır..

-Səni bu günə salanın əli qurusun, ay bala..-gözlərinin yaşı çoxdan qurumuş yaşlı əsir ağlamsınır.Gəl, keç otur.Özünə gəl bir az.

-Rəhim dayı, daha yaşamaq istəmirəm.Bu neçə ayda hər əzaba, hər işgəncəyə dözmüşdüm...-sözünün ardını deyə bilmir, öskürməyə başlayır..

-Biz hamımız bir dərddəyik, oğul.Dözməliyik, çarəmiz nədir?-özlüyündə ona ürək-dirək vermək istəsə də yaxşı bilirdi heç bir mənası yoxdur boş təsəllilərin..

-Yox, yox, Rəhim dayı..Sən bilmirsən..-sözünü qırıq-qırıq deyirdi.Beyni keyləşmişdi.Cümlələri də düz  qura bilmirdi.

-Özünü əziyyətə salma bala.Bir az toxta.Sonra hamsını danışarsan..

-İki ildir hər şeyə dözdüm, Rəhim dayı..Gözlərimin qarşısında nələr oldu, bir Allah bilir, bir də siz..Yenə dözdüm..Uşaqlarımı gözümün qarşısına gətirib  dözdüm..Ancaq özümüzünkünün məni bu günə salmasına, təhqir etməsinə dözə bilmərəm...-Ani olaraq fikrə getdi..Nəyisə xatırladı.- Valeh yadındadır Rəhim dayı?

-Yadımdadır, bala, yadımdadır...-O dəhşəti unutmaq olar heç?                                

 ..İmişlidən olan bədbəxt Valehə o qədər işgəncələr vermişdilər ki, yazıq özünü partlatmışdı.Çıxış yolunu tez ölüb qurtarmaqda görmüşdü..

-Mən də elə edəcəm, Rəhim dayı.Qərarımı verdim daha.. Özümü öldürəcəm ki,o əclafın, satqının sifətini bir daha görməyim..

Rəhim kişi Azadı fikrindən daşındırmağa çalışsa da faydası olmur..Üzünü  o  yana  çevirən kimi Azad özünü elektrik cərayanına verir.. Son günlərdə tez-tez  zümzümə edərdi bu mahnını:

“Azad bir quşdum..Yuvamdan uçdum..”


Azad kimi minlərlə əsirlər, əsgərlər yuvalarından uçdular. .Azərbaycanın hansı bölgəsinə getsən şəhid məzarına rast gələrsən. Onlar hamısı bir amal üçün canlarından keçiblər "Azad Azərbaycan" uğruna. O ruhlar səmadan bizi seyr edirlər.Bizsə hələ də utandığımızdan başımızı qaldırıb onlara baxa bilmirik..Amma başımız dik halda onlara sevincli xəbəri verəcəyimiz günə də çox qalmayıb..Hələ ki, bizim onlara indi  deyə biləcəyimiz söz budur: “Bizi bağışlayın və haqqınızı halal edin, ey Şəhidlər! Ruhunuz rahatlıq tapsın deyə sizi arzunuza qovuşduracağıq!"


12 noyabr 2012
GO BACK