Bir kənddə əhalinin inanc yerinə çevrilmiş ağac varmış. Bu ağacın insanları küfrə apardığını, bütə sitayişə sürüklədiyini görən bir ovçu onu Allah rızası üçün kəsməyi qərara alır. Baltanı götürüb ağacı kəsməyə yollanır. Bu iş şeytanın heç xoşuna gəlmir. Evdən meşəyə qədər kişini izləyir. Çox maneələr yaradır ki, ovçu niyyətindən vaz keçsin. Amma ovçu maneələrə baxmayaraq Allah rızası üçün irəliləyir. Nəhayət həmin ağacın yaxınlığında şeytan unun qarşısını kəsir və deyir: “Ovçu qardaş, hara getdiyini yaxşı bilirəm. Sən o ağacı kəssən, insanların qarğışına gələcəksən. Bu yoldan vaz keçsən, sənə hər gün bir qızıl verərəm.” Ovçu məhəl qoymur, yenə də yoluna davam edir. Şeytan şirin dilini işə salır: “Yaxşı…. Hər günə iki qızıl! " Ovçu dayanır. Bir an gözünün önündə uşaqları canlanır. Ac-susuz olduqlarını, yaxşı geyinmədiklərini xatırlayır və şeytana aldanır. Razılaşır. Şeytan deyir: “Get evinə, hər səhər yastığının altında iki qızıl tapacaqsan.” Ovçu səhəri gün oyananda həqiqətən iki qızıl görür yastığının altında. Amma ertəsi gün yastığın altında qızıl tapmır. Günlər keçir, amma qızıldan xəbər olmur. Ovçu şeytana lənət edib ağacı kəsmək üçün məşəyə yollanır. Şeytana görə ağacı kəsməyi qarşısına məqsəd qoyur. Yenə yolda şeytanla rastlaşır. Şeytan ovçunu yıxır yerə və boğmağa başlayır. Ovçu heyrət içərisində, boğula-boğula soruşur: “Belə niyə edirsən? Birinci dəfə məni şirin dillə, indi isə zorla yolumdan dayandırmaq istəyirsən.” Şeytan gülümsəyir və deyir: “Ay yazıq insan, birinci dəfə gedəndə niyyətin əməlindən də gözəl idi. Allah rızası üçün gedirdin. Seni heç bir qüvvə saxlaya bilməzdi, ona görə şirin dillə nəfsinə təsir etdim. İkinci gedişin isə nəfsin istəyinə görə idi. Nəfsə uyub, mənə görə ağacı kəsəcəkdin. Bu niyyətini isə zorla məhv etmək asandır!”