Səhər Vüsalənin əri ondan heç kim şübhələnməsin deyə qohumlarına zəng vurub anasını soruşur. Onlar anasını görmədiklərini deyəndən sonra polisə gedərək anasının gecə toya getdiyini ve evə qayıtmadığını bildirir. Polis qadını axtarışa verir. Vüsalədən də izahat alanda o, qorxusundan həqiqəti gizlədir və qaynanasının toya gedib bir daha geri qayıtmadığını bildirir. Beləcə, 1 ay sonra qadının meyidi zirzəmidən tapılır. Oğlan anasının meydinin üstündə başına-gözünə vurub ağlayır və heç kim ondan zərrə qədər də şübhələnmir. Qatil oğulun çiyinlərində ana son mənzilə yola salınır və torpağa tapşırılır... Heç kimin ağlına belə gəlmirdi ki, oğlu üçün həm ata, həm ana olan anaya öz doğma oğlu belə qəddarlıqla qıya bilər. Həm də qadının üstündən qızıl əşyalarının götürülməsi və qızıl dişlərinin sökülməsi cinayətin oğurluq məqsədi ilə edildiyini düşünməyə əsas verirdi. Oğlan əvvəlki tufeyli həyatına davam etməyə başlayır. Vüsalə isə zaman kecdikcə belə bu vicdan əzabından qurtula bilmir. Həqiqəti bilsə də, deyə bilməməsi onun həyatını getdikcə zindana cevirir...
Beləcə, aylar bir-birini əvəz edir və Vüsalənin oğlu dünyaya gəlir. Onun tək ümidinin dünyaya gəlişi belə onun ürəyinə sakitlik gətirmir. Tikan üstündə oturmuş kimi, vicdan əzabı ilə qovrula-qovrula bir neçə ay da belə yaşamalı olur. Onun bu müddətdə nə valideyinləri, nə də heç bir qonşu-qohumla əlaqəsi olmur, daha doğrusu, əri buna qadağa qoyur. Tamamilə ev dustağına çevrilir. Oğlu artıq 3 ayını tamamlayır, amma əri bu zaman ancaq anasından qalan bütün malı-pulu ilə öz kefində olur. Nə düz-əməlli ailəsinə baxır, nə də oğluna. Vüsalənin özü və oğlu ilə qurduğu bütün ümidlər çəkdiyi əzabların icində itib-batdiğı vaxtda onlar üçün yeni bir ümüd işığı parlayır. Vüsalənin əri narkotik üstündə polis tərəfindən tutulur. O, müvəqqəti də olsa ərindən canının qurtardığına çox sevinirə. Bu dəfə oğlanın işi daha ağır olur və 3 ay həbsxanada yatır. Bu müddətdə Vüsalə körpəsini də götürüb atası evınə gedir. Amma qorxusundan yenə evdəkilərə heç nə demir. Çünku bilir ki, onsuz da əmiləri ərini uzun müddət həbsdə qalmağa qoymayacaqlar və bu gün-səhər çıxıb gələcək. Əgər nəsə danışdığını bilsə, onu da, ailəsinidə Yer üzündən silər. Amma gözlənilməz nəticə olsa da məhkəmə qərarı ilə Vüsalənin ərinə narkotik üstündə 1 il həbs cəzası verilir.
* * *
Vüsalə ərinin 1 il həpsdə olmasını fürsət bilib ailəsinə hər şeyi danışır. Ərinin bu illər ərzində ona necə zülm etməsini, neçə dəfə ona görə bətnindəki körpələrini itirməsini, sonda anasını öldürdüyünü və meyidi ona daşırtdırdığını bir-bir danışır. Vüsalə valideyinlərinə "Mən artıq bu sirlə yaşaya bilmirəm, vicdan əzabının içində qovruluram. Polisə gedib hər şeyi etiraf edəcəm. Hər şeyi etiraf edim ki, haqq yerini tapsın və ana haqqını itirən insan qoy haqq-ədalət qarşısında cavab versin" deyir. Vüsalənin atası kasıb da olsa mərd adam olur, o, qızına dəstək cıxaraq mütləq polisə getməsini və hər şeyi etiraf etməsini istəyir. Vüsalə 6 aylıq oğlunu anasına verıb atası ilə birgə polis məntəqəsinə yola düşür. Amma Vüsalənin oğlu sanki her şeyi əvvəlcədən duyur, anasının etirafa gedən günü durmadan ağlayır. Bəlkə də anasını bu addımı atmasını istəmir, bəlkə də anasının uğrayacağı haqsızlığı əvvəlcədən hiss edir...
* * *
Vüsalə polisə gəlib bütün olub-bitəni danışır, ərinin öz anasını necə öldürdüyünü, onu meyidi zirzəmiyə aparmağa məcbur etdiyini, daha sonra onu və ailəsini ölümlə hədələdiyini və bu vaxta kimi qorxusundan etiraf edə bilmədiyini deyir. Amma artıq bu sirlə yaşaya bilmədiyini, vicdanının onu rahat buraxmadığını və haqqın öz yerini tutmağını istədiyini deyir. Həmin gün Vüsalənin ifadəsi yazılı şəkildə alındıqdan sonra azyaşlı uşağı olduğu üçün evə buraxılır. Əvvəl Vüsalə yalnız cinayəti bilib saxladığı üçün mühakimə edilirdi və onu himayəsində azyaşlı uşaq olduğu üçün yalnız şərti cəza gözləyirdi... İlk vaxtlar hər şey yolunda olur, ancaq oğlanın əmiləri işə qarışandan sonra Vüsalə üçün hər şey dəyişir. Oğlanın işini minimuma endirmək üçün günahın bir hissəsini Vüsalənin boynuna atırlar və Vüsalə artıq məhkəmyə çıxanda cinayətdə əlbir kimi göstərilərək mühakimə edilməyə başlanır. Vüsalənin heç kimi və imkanı olmadığından onu müdafiə etmək üçün vəkil belə tuta bilmirlər. Vüsalə isə son ana qədər haqqın öz yerini tutacağına ümid edır. Hakim qərarı isə Vüsalənin bütün dünyasını başına yıxır. Vüsalə günahsız yerə 14 il azadlıqdan məhrum edilir...
* * *
Vüsaləni bu qərar şoka salır və carəsizcə hakimə yalvarmağa başlayır. Həmin o yalvarış "Kriminal" verilişi tərərfindən çəkilib ekranlara da verilmişdi:
"-Möhtərəm hakim, mən evdə 6 aylıq körpəmi ağlar qoyub sizə hər şeyi etiraf eləməyə özüm, öz istəyimlə gəlmişəm. Vicdanımın səsı beşikdəki balamın səsinı belə batırıb, haqq yerıni tutsun deyə sizə hər şeyi özüm könüllü gəlib etiraf eləmışəm... Niyə məni 14 il azadlıqdan məhrum edirsiz? Axı mən qatil deyiləm, mən sadəcə taleyimin qurbanıyam..."
Ancaq bu sözlər həmin dövrdə satılmış hakimin urəyinə insaf salmır... Vüsalə 14 il müddətinə həbsxanaya göndərilir... Bu hadisə çox qısa müddətdə bütün rayona yayılır, amma heç kim buna inana bilmir. Hər kəs Vüsalənənin günahsız olduğuna heç tərəddüd etmədən inanır. Həmin dövrdə hamı, elə mən özüm də "Kaş ki gedib etiraf etməyəydi" düşünürdü. Bu qərardan sonra çox insanlar işə yenidən baxılmasını tələb edərək məhkəməyə müraciət edir. Amma heç bir nəticə vermir...
* * *
Beləcə, Vüsalənin həbsindən artıq 3 il keçir. Onun oğlu isə öz anasıgildə böyüyür. Vüsalənin bütün ümidləri bu vaxt ərzində yavaş-yavaş puç olur. Onu günahsız yerə məhkum olmaqdan da, 14 il oğluna həsrət qalacağından da, oğlunun anasız böyüyəcəyindən də çox oğluna qatil övladı damğasını vurulması daha çox təsir edır. Amma bir gün... Vüsalənin artıq ümidsiz halda gözlədiyi gün gəlib çatır. Onun işinə Appelyasiya Məhkəməsində yenidən baxılan zaman bu dəfə haqq yerini tutur. Məhkəmə Vüsalənin günahsız olduğuna qənaət gətirir və o, yeganə yalnız qətli bilərək gizlətdiyi üçün mühakimə edilir. 3 il həbsdə yatmaqla cəzasını artıqlaması ilə çəkdiyinə (əgər əvvəldən hakim düzgün qərar versəydi, Vüsalə həbs yox, şərti cəza alacaqdı) qərar verilir. Vüsalə məhkəmə zalından azadlığa buraxılır. Onun həyat yoldaşı isə hələ 14 illik həbsdə olacaqdı. Vüsalə ən çox üzərindən qatil damğasının qalxmasına və oğlunun üzünə dimdik baxa biləcəyinə sevinir.
* * *
Mən Vüsalənin həyatının yalnız bu qədərini bilirdim. Bu həkayənin 1-ci hissəsi yayımlanandan sonra saytımızdakı Valida nikli istifadəçidən Vüsalənın sonrakı həyatı haqda aldığım son məlumatları da sizlərlə bölüşürəm... Mənə bu məlumatları verdiyi üçün ona təşəkkür edirəm.
Vüsalə alnıaçıq həbsdən çıxsa da bir müddət evdən bayıra çıxmır. Rayondakı musiqi məktəbindən işə qayıtmaq üçün dəvət gəlsə də, orada işləməyə razı olmur. Sanki öz taleyindən və yaşadıqlarından utanırmış kimi hər kəsdən qaçır. Bir müddət sonra isə rayonun uzaq kəndlərindən birində musiqi müəlliməsi kimi işə başlayır. Orada sanki yenidən həyata başlayır... Bundan sonra həyatını yalnız oğluna və işinə həsr edir. Onu bu zaman və yaşadıqları çox dəyişmişdi. O, daha əvvəl kimi qorxaq, sadəlövh, başqalarından asılı, hər kəsə boyun əyən qadın deyildi... O, artıq özünə güvənən, mərd, həyatla savaşmağı bilən "ana" olmuşdu sanki... Bu mərdlik, qoçaqlıq iş həyatında da özünü buruzə vermişdi. Vüsalə direktor müavini vəzifəsinə kimi yüksəlmişdi. Hal-hazırda onun tək arzusu, ümidi təkcə öz qanadının altına alıb böyütdüyü oğlunu zahirən çox bənzədiyi atasından uzaq tutmaq və şərəfli, vicdanlı, təmiz bir oğul böyütməkdir...