Günlərin bir günündə sərin bir havada gözəl bir qaranquş özünə yem axtarmaq üçün yuvasından çıxıb, o tərəfə bu tərəfə baxır və yem tapmaq məqsədilə göydə bir dövrə vurur. Amma birdən göy guruldayır və qaranquş bərk qorxur. Nəticədə başı gicəllənir və yerə düşür. Bir müddətdən sonra özünə gəldikdə yenidən uçmaq istəyir, amma bacarmır. Buna səbəb isə qanadının birinin sınması idi. Bu zaman bir pişik uzaqdan onu görür və ona tərəf gəlməyə başlayır. Yaralı qaranquş canını xilas etmək üçün özünü otluqların arasına vermək istəyir, amma pişiyin caynağına ilişdiyini hiss edir. Uzaqdan bu səhnəni görən bir oğlan dərhal quşu xilas etmək məqsədilə onu ovcuna alır və evlərinə aparır. Evdə oğlan qaranquşun qanadını bağlayır, qaranquş üçün ev düzəldib, onu düzəltdiyi evə qoyur, hər gün gəlib onu yoxlayır, ona dən və su gətirir.
Beləcə günlər və aylar keçir. Bahar fəsli qışı əvəz edir. Ağaclar yam-yaşıl donunu geyinir, hər tərəf al-əlvan çiçəklərə bürünür. Quşlar havada dövrə vurmağa, ördəklər göldə üzməyə başlayır. Qaranquş bunları görüb sevinir və uçmaq üçün həvəslənir. O gecə-gündüz ətrafdakı mənzərəni seyr edirdi. Gündən-günə daha çox sevinirdi, çünki gözəl bahar öz gəlişi ilə qaranquşa təzə dostlar gətirirdi və beləliklə yay sona çatdı. Qaranquşlar köç etməyə hazırlaşırdılar. Qaranquş sağalıb-sağalmamağından nigaran idi.
Bir gün səhər sübh tezdən o, hündür bir yerə getdi. Dimdiyini qanadına vurdu və qanadını tərpətdi. Bir neçə dəfə qanadlarını açdı və tez bir-birinə vurdu. Bu vaxt yerdən qalxdığını gördü. Yadına qanadlarının sındığı gün düşdü. Qorxdu ki, yenə uçsa, qanadları sınar. Amma o özündə güc toplayıb, uçma cəhdini davam etdirdi və uçdu. Havada qanad çalarkən göydən yerə baxaraq, yenidən təbiətin əsrarəngiz gözəlliklərini görməyə başladı. Bir qədər qanad çaldıqdan sonra o, ağaclardan birinin budağına qondu. Gözəlliklərdən aldığı ilham nəticəsində qaranquş mahnı oxumağa başladı. Onun səsinə oğlan yuxudan oyandı. Qaranquşun ağacın budağında cəh-cəh vurduğunu görüb sevindi. O, bir canlının həyatını qurtardığı üçün özünü həddindən artıq xoşbəxt hiss edirdi. Qaranquş son dəfə oğlana tam sağaldığını göstərmək üçün havaya qalxıb qanad çaldı, sonra digər qaranquşlara qoşulub isti ölkələrə köç etdi.