Qadin.NET / Bir qadının taleyindən sətirlər(2)

Bir qadının taleyindən sətirlər(2)

Bir qadının taleyindən sətirlər(2)

Bütün bunları o, ürəkdən edirdi. Nə heç  kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi.

Bütün bunlardan sonra o da, istəyirdi ki, onun da ailəsinə bir az hörmət qoysunlar.

Onu incitməsinlər. Çünki o, atası evinə qarşı onların yaxşı münasibəti olmadığını bilirdi. Bu dəfələrlə təkrar olunmuşdu. Əslində Hicranın atası çox alicənab və hörmətcil insan idi. İşlərinin yaxşı vaxtında həmişə bu qapıdan əlidolu girmiş, qızını axtarıb, urvatlamışdı. Atasına soyuq münasibət Hicranı ağrıdırdı.

  Hicran beynini gəmirən fikirlərdən azad olmasa da, İşinə davam edirdi. O artıq, sirniyatlarını bişirmişdi. Balalarının yerini hazırlayıb yatmağa qoydu. Hamsını ayrıca əzizlədi, öpüb oxşadı. Sonra əl-ayaq işlərini, görüb həyat yoldaşı  Farizin yanına getdi. Fariz  tündməcaz adam idi. Əhvalının nə zaman xoş, nə zaman pis olduğu bilinməzdi. Bəzən Hicranı acılayar, bəzən də mülayim olardı.

Hicran qapıdan girəndə televizora baxırdı. Arxaya dönüb:

 -Qurtardınmı nəhayət?-deyə soruşdu. Səsindəki əsəbi hiss etdi. Onun işi belə uzananda Fariz əsəbləşər, onu acılayardı. Yazıq qız günahının nə olduğunu anlamazdı. Axı o, həm də ana idi. Təkcə həyat yoldaşı deyildi. Üstündə nə qədər məsuliiyətli işlər vardı.

-Hə.-dedi və yatağı hazırlayıb uzandı. Çox yorulmuşdu. Gözlərini yumub səhərki işlərini planlamağa başladı. Fariz nə qədər tezdən işə getsə də, gecələr gec saatlara qədər televiziyaya tamaşa edərdi.

   Pəncərənin altından keçən maşınların səsinə oyandı. Gün çıxmışdı. Küçədən qonşuların səsi gəlirdi. Hicran cəld yerindən qalxıb əynini geyinib aşağı düşdü.

   Bu gün 31 dekabr idi. Körpəlikdən bu bayramı sevirdi. Özünə də aydın olmayan bir hisslər olurdu  qəlbində. Uşaq vaxtı atasının çöldən kəsib gətirdiyi küknar agacının  və narınginin ətrini və bir də ən çox sevdiyi Nərminə bibisinin ona verdiyi o rəngbərəng, zərli lenti xatırlayırdı nədənsə. Dərin bir ah çəkdi, bu ah onun qəlbini sızıldadıb çıxdı sanki. Beynindən bir fikir keçdi:-kaş heç böyüməyəydim.

 Göyün üzü açıq idi. Gün çıxsa da, hava çox sazaq idi. Hələ qar yağmasa da, qırov düşmüşdü. Hicran üşüdü və mətbəxə keçdi. Ora da soyuq idi. İçəri keçdi. Qaynanası uşaqların yanında yatırdı. Oyansa da yerindən durmamışdı.

-Sabahın xeyir.- dedi.

-Sabahın xeyir, Fariz işə getmir?-deyə soruşdu.

-Gedir, çayı qoyum, gedirəm oyatmağa. Çiyninə bir arxalıq salıb yenidən mətbəxə keçdi. Odun sobasına bir-iki odun atdı, qaz balonuna qoşulmuş plitəni yandırıb çay qoydu. Yumurta asdı. Yenidən öz otaqlarına qayıdıb Farizi oyadıb, onun təmiz paltarlarını yanına qoydu. Mətbəxə getdi. Uşaqlar da oyanmışdılar, yerlərinin içində bir-biri ilə oynayır, gülüşürdülər. Hicran səhər süfrəsini hazırladı. Fariz uşaqların yanına gəlib onlarla bir az oynadı. Sonra keçib süfrə arxasında əyləşdi. Zərnişan arvad da yuyunub küçəyə çıxmışdı.  Küçədəki krandan axan suya su şlanqını qoşub, su çəninə qoymuşdu. İçəri gəldi. Vanna otağına keçib əllərini yudu və gəlib süfrə arxasında əyləşdi. Hicran qaynanasına da çay süzdü. Sonra uşaqların yanına getdi.

Uşaqları da rahatladı. Artıq bu gün yeməklərini bişirməyə başladı. Axşam kimsə gələ bilərdi. Həmişə atası ilə  Səlimə gələrdi. Bəzən bacı və qardaşlarını da gətirərdilər. Hicran sevinsə də, Zərnişan arvadın üzündəki ifadə onun sevincinin üstünə kölgə salırdı. O qudaları ilə oturar söhbətləşər, amma bu ifadə onun üzünü tərk etməzdi. Amma bu gün gəlməyəcəklərini bilirdi. Bilirdi ki, indi nə atasının maşını var, nə də maşın tutub gəlməyə cibində pulu. Bir yandan gəlməməklərinə elə də heyifsilənmirdi. Ən azından qaynanasının üzündəki ifadəni görməyəcəkdi.

  Hicran  süfrə hazırlayır, hər şeyi yerli-yerində eləməyə çalışırdı. Səlimənin cehiz verdiyi ağ süfrəni salmışdı. Qab-qaşığı, çəngəl -bıçağı zövqlə düzməyi sevərdi. Uşaqlar gah bayıra qaçır, gah da bəzənmiş yolkanın yanına gəlirdilər.

Axşam oldu. Fariz də gəlib çıxdı. Həmişə süfrə arxasında qonaqları, baldızları olardı. Hərdən qaynanasının anası Heyran arvad da gələrdi. Bu gün o da yox idi. Hicran:

-Bəlkə uşaq göndərək Heyran xalanı çağıraq.- dedi qaynanasına. O da:

-Özüm gedib gətirəcəyəm. -desə də ya yadından çıxmış, ya da nəyə görəsə getməmişdi  anasını gətirməyə.

 Heyran arvadın iki oglu burada, ikisi Rusiyada yaşayırdı. Yanında bu üzdən heç kəs yox idi. O da gah ogullarının yanına gedər, gah da qızının evinə gələrdi. Hicranı çox istəyirdi. Onun mehribanlığını, qulluğunu bəyənir, həmişə “Allah qardaşını saxlasın” a bala deyərdi. Hicran da onu çox istəyirdi.

Nəhayət ailə süfrə başına yığldı. Hicran uşaqlara qulluq edir, onların yeməsinə içməsinə fikir verirdi. Hicran süfrəyə salatlar, dolma, plov, turşular, şirələr düzmüşdü. Uşaqlar öz aləmində yeyib içirdilər.

-Mama, bə anamı niyə çağırmayıbsan?-soruşdu  Fariz. Zərnişan dilləndi.

-Hə, nə isə gedəmmədim. Yəqin Nazimgilə gedib. Nazim onun ortancıl qardaşı idi.

 -Yaxşı bişirmisiz, hər şey əladı.- dedi Fariz. Qaynana gəlin bir-birinə razılıqla baxdılar. Hicran yemək süfrəsindən sonra bişirdiyi Ballı tortu, Quş südü tortunu doğrayıb gətirdi. Süfrəyə meyvə qabını qoydu. Mürəbbə və konfet qabını qoydu. Çay süzdü. Hicran həyəcanlanır, kimə müraciət edəcəyini ölçüb-biçirdi. Qaynanasnamı desin, ya yoldaşınamı. Atasgilə getmək istədiyini. Elə bu vaxt Fariz gözlənilmədən dedi:

-Bəlkə bunlardan bir az götürüb atangilə aparaq, bir az oturub gələk? Hə mama, nə deyirsən? Yazıq kişi də lap işsiz-gücsüz qalıb. Əlində pul-parası da yoxdu. Bəlkə indi heç yeməyə də bir şey bişirməyiblər.

 -Olmamış olmaz. Biz uşaq olanda anam pulumuz olmayanda, qapıdan bir toyuğumuzu aparar satar, bazrlıq eləyib bizə bayramçalıq alardı. İndi Səlimənin bir toyuğu da yox idi, aparıb sata, bazrlıq eləyə?! Fariz pərt olsa da zarafatyana dedi:

-İndi iş orasındadır ki, bunların heç toyuğu da yoxdu da, mama satmağa. Bu söz Zərnişanı daha da alovlandırdı. Qıpqırmızı qızardı.

-Bir şey tapmış olarlar- Dedi- Sən  narahat olma. Oğlunu bu qayğıkeşliyi arvada yaman toxunmuşdu. Güya Fariz nə bacılarına, nə anasına hörmət etməmiş, qayğılarını çəkməmişdi. Neçə gündür gabağında gecə-gündüz çalışan Hicranın əməyinə də bir qəpiklik hörmət qoymadan danışdı Zərnişan arvad.

 Hicranın başına sanki bir qazan qaynar su töküldü. Həmişə olduğu kimi, yenə də onu əzdi sanki qaynanası. Nə qədər nəfəs almağa çalışsa da, sanki havası çatmadı.

Nə deyəcəyini belə kəsdirə bilmədi. Fariz yoldaşının nə günə düşdüyünü gördü. O da qaynatasıgilin maddi cəhhətdən korluq çəkdiyini bilirdi.

Hicran hər bayramda baldızlarına pay tutardı. Bəzən balaca baldızı gələr, biş-düş ləvazmatını gətirər, Hicran sübhə qədər yatmaz, onun sirniyyatlarını bişirib yola salardı. Bunlar bir an gözünün qabağından keçdi:

-Bir qab plov, bir-iki dilim sirniyyatla kasıbmı düşəcəyik? Bəs mənim haqqım çatmırmı ki, bişirdiyimdən bircə qab anamgilə aparam?- deyib üzünü qaynanasına tərəf tutdu. Qaynanası heç halını pozmadan, etinasızca dedi:

-Hə nə bilim, aparırsınız aparın.

Yox daha Hicran bir qənd belə götürüb getməzdi. Göz yaşları gozlərindən selə dönüb axırdı. Fariz nə qədər təkid etdisə, Hicran getmədi. Neçə günlük iş-gücdən belə yorulmamışdı. İndi elə bil dünyanın ağirlığı çiyinlərində idi. Artıq nə yeni il, nə də heç nə gözünə görünmədi. Gücü yalnız göz yaşlarına çatdı. Onu yandıran qaynanasının ona bir insan kimi hörmət qoymaması idi. Bütün bunları o, ürəkdən edirdi. Nə heç  kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi.

 

25 iyul 2012
GO BACK