Qadin.NET / Sevgi...

Sevgi...

Bir qadın qapıdan çölə çıxdığı zaman ağ saqqallı üç qocanın öz evinin qarşısında oturduqlarını görür.

-Mən sizi heç tanımıram, - deyir. - Amma aç və susuz olmalısınız. Xahiş edirəm içəri gəlin, sizə yeməyə bir şey verim.

- Evin kişisi içəridədirmi? - deyə qocalar soruşdular.

- Xeyr, evin həyətindədir - qadın cavab verir.

- O evdə olmadığı müddətdə bizim bu evə girməyimiz mümkün deyil - deyə ağsaqqallar cavab verir.

Axşam əri evə qayıtdığı zaman qadın olanları ona danışır.

- Yaxşı, onlara söylə ki, mən artıq evdəyəm, gələ bilərlər.

Qadın çölə çıxıb kişiləri içəri dəvət edir.

Amma bu dəfə də:

- Hamımız eyni anda içəri girmərik - deyə yaşlı adamlar bildirirlər.

Qadın soruşur:

- Niyə girə bilməzsiniz?

Qocalardan biri açıqlayır:

- Yoldaşımın birinin adı Zənginlik, digəri Müvəffəqiyyətdir, mən isə Sevgiyəm.

Sonra isə əlavə edir:

- İndi içəri gir və ərinlə danış. Hansımızı evinizdə istəyərsiniz?

Qadın içəri girib deyilənləri ərinə izah edir. Əri eşitdiklərinə sevinərək:

- Nə gözəl, - deyir. - Madəm elədir, Zənginliyi içəri çağıraq. Qoy evimizi zənginliklə doldursun.

Arvadı etiraz edir:

- Canım, nə üçün Müvəffəqiyyəti çağırmırıq?

Bu anda evin digər küncündə olan gəlinləri onların danışdıqlarını eşidir. Qaçıb gələrək öz fikirini söyləyir:

-Sevgini çağırsaq daha yaxşı olmazmı? Evimiz sevgiylə dolar!

Gəlininin təklifini bəyənən kişi arvadına deyir:

- Çölə çıx və bizim qonağımız olması üçün Sevgini dəvət et.

Qadın çölə çıxır və yaşlı adamlardan soruşur:

- Hansınız Sevgi idi? Xahiş edirəm, içəri gəl və qonağımız ol.

Sevgi ayağa qalxır və evə doğru getməyə başlayır. Lakin digər iki yaşlı adam da onun dalınca gedir.

Qadın çaşqın halda Zənginlik və Müvəffəqiyyətdən soruşur:

- Mən yalnız Sevgini dəvət etdim, siz niyə gəlirsiniz?

Zənginlik və Müvəffəqiyyət bir ağızdan cavab verirlər:

- Əgər Zənginlik, ya da Müvəffəqiyyəti dəvət etsəydin, digər ikisi çöldə qalardı. Amma sən Sevgini dəvət etdin .O hara gedərsə, biz də ardınca oraya gedərik. Çünki harada Sevgi varsa, orada Müvəffəqiyyət və Zənginlik də vardır!..

Allah evlərimizi daima sevgi dolu etsin və bizləri öz sevgisinə layiq olanlardan etsin İnşAllah. Amin...

 

30 sentyabr 2012
GO BACK