Qadin.NET / "Azəri gözəli"-Monika (2-ci hissə)

"Azəri gözəli"-Monika (2-ci hissə)

 

 

Dumanlı, qara fikirlərdən Günayı ona yaxınlaşan sarışın gəncin səsi ayırdı:                                

-Xanım, sizə necə kömək edə bilərəm?

Dayanmaq bilməyən göz yaşlarını bir təhər qurulayıb başını qaldırdı.Qarşısında dayanan tanımadığı bu gəncə baxdı.25-26 yaşlarında, orta boylu, sarışın bir gəncdi.Cavid qonşu şəhərdən idi.”Vurub-yıxan”, qızların daha çox diqqət göstərdiyi gənclərdən sayılırdı.Avara dostlarına qoşulub narkotik qəbul etməsi, oğurluğa başlaması və s.xoşagəlməz hallardan valideynləri bu yaxınlaradək xəbərsiz idi.Maddi cəhətdən elə də imkanlı deyildilər.Ümumi yataqxanada yaşayırdılar.Valideynləri çox yaxşı insanlar idi.Qonşular arasında böyükdən-kiçiyə hamının hörmətini qazanan ata-ananın başını aşağı dikənsə Cavidin əməlləriydi.Yeganə övlad olduğu üçün çox ərköyün böyümüşdü..Yataqxanada hər cür insana rast gəlmək olurdu.Burada böyüyən uşaqlar valideynlərindən daha çox pis mühitin, avara həmyaşıdlarının təsirinə daha tez düşüb nəzarətsiz qalırdılar.Cavid narkotik qəbuluna başlayandan az sonra onun satışına keçdi.Narkotik satışından daha çox qazanacağını düşünüb narkotik qəbulunu dayandırdı.(nəşəni tərgitmək daha asan idi)Daha sonra ətrafına özü kimi işsiz-gücsüz, yüngül həyat tərzi keçirməyə alışmış gəncləri  toplayıb “biznesini” genişləndirməyə başladı.İstər oğurluq olsun, istər “mal” satışı,-planı həmişə özü cızırdı.Başçı olmasına baxmayaraq bütün işlərdə özü də mütləq iştirak etməli idi.İşin qaydasında getdiyinə arxayın olmaq üçün.Çox hiyləgər, eyni zamanda güclü intuisiyaya malik idi.Bəzən elə olurdu ki, işin başlamasına bir neçə dəqiqə qalmış vaz keçər, işə başlamadan geri dönməyi əmr edərdi.Narazılıq edib deyinənlərsə az sonra həmin ərazidə polis maşınını görəndə Cavidin güclü intusiyasına təəccüb edərdilər.İt kimi iy bilirdi sanki...Bəli, bu sarışın gənc oğrubaşı, kriminal aləmin “hörmətli” nümayəndələrindəndi.Digər özəlliyi isə "Donjuan" olması idi.Şeytan kimi istənilən qızın, qadının qəlbinə girib orda özünə yuva qurmağı bacarırdı.Oğrubaşı və Donjuan Cavidin eyni zamanda çox yumşaq qəlbi və əli açıqlığı da vardı.Axşam vaxtı küçədə ağlayan bu yeniyetmə qızı, Günayı görcək maşını saxladıb ona yaxınlaşması heç də pis niyyətindən irəli gəlmirdi.Oğrunun qəlbi yoxdur bəyəm?Donjuan sevə bilməz ki?Yaxınlaşıb ehtiyatla soruşdu:                                                                                                                

-Sizə nə olub?Kim dəyib xətrinizə?                                                                                                                        

-...                                                                                                                                                     

-Axşam vaxtı, adamların az olduğu belə yerlər təhlükəlidir.Burda tək oturub ağlamaqla diqqət çəkirsiniz.Gəlib gedən hər kəs sizə baxır.Gəlin gedək bax o kafeyə-yaxınlıqdakı kiçik kafeni göstərdi.Üzünüzə su vurun, gözləriniz çox şişib.Özünüzə gəlin.Sonra da çay içib sakitləşərsiz.Başınıza gələnləri də istəsəniz danışarsız.Ondan sonra da evinizə yola salaram sizi.Yaxşı?                                                                                                                                 Günay heç nə demədən Cavidin arxasınca adımladı.Yaxınlıqdakı kafenin ayaqyolunda üzünə su vurdu.Əllərini-üzünü yuduqdan sonra Cavidin yanına qayıtdı.O gələnədək Cavid çay və isti xörək sifariş etmişdi.Xörəyi görüb duruxan Günaya izah etdi:                                                           

-Mən özüm də acmışam.Gəl, əvvəlcə çay içək.Boğazın qurub yəqin.Günaya artıq “Sən” deyə müraciət edirdi.On dəqiqə əvvəl tanısa da içində bir məhrəmlik hissi duydu ona qarşı.                          

-Çox sağ olun.                                                                                                                      

Tanımadığı bu adamın qayğıkeşliyindən çox mütəəssir olmuşdu.Çay içib, xörəyi də yeyəndən sonra araya ani bir sükut çökdü.                                                                                                              

-Əgər niyə ağladığınızı, nə baş verdiyini demək istəmirsinizsə deməyin.Amma burda, küçədə gecələyə bilməzsiniz.Ünvanı deyin, sizi evinizə ötürüm.                                                                    

-Nişanlımdan ayrıldıq.O məni tərk etdi.Bir üzüyə görə..Evə qayıda bilmərəm..Axı anamın xəbəri yoxdu bu üzük məsələsindən.                                                                                                               

Başına gələnləri lap əvvəldən Cavidə anlatdı.Danışdıqca da yenə göz yaşlarını saxlaya bilmir, ağlayırdı.                                                                                                                                                 

-O zaman bizə gedək.Özünə gəlib sakitləşəndən sonra evinizə qayıdarsan.Ya da..ya da gəl evlənək..

Günay hər nə qədər də gözəl və çox gənc olsa da Cavid bu evlilik təklifini belə anidən etməməli idi.Heç tanımadığı bir qıza.Normalda bunu heç kəs etməzdi.Amma bu, Cavid idi.Onun işindən Şeytanın özü də baş açmazdı..

Günayla birlikdə evlərinə gəlib, ata-anasına onunla evlənəcəyini xəbər edəndə Telman kişiylə Çimnaz arvad bilmədilər bu xəbərə sevinsinlər, ya hirslnsinlər.Cavidi “baş-göz” etmək onların çoxdankı arzusu idi.Düşünürdülər ki, bəlkə bu yolla pis əməllərdən əl çəkə.Ailəyə, evə bağlana.Amma belə ciddi məsələni valideynlərdən xəbərsiz, xeyir-duasız etmək-bu, ancaq Cavid kimi məsuliyyətsiz birinin ağlına gələ bilərdi...                                                                                                                                                              

Valideynlik borcunu yerinə yetirib Cavidə təm-təraqlı toy etdilər.Qohum əqrəbalar, qonşular,-demək olar bütün tanışlar toya dəvətli idilər.Toydan az sonra Cavid Günayla birlikdə yeni mənzilə köçdülər.Cavidin haramla qazandığı pulla aldığı evdə yaşamaq istəməyən valideynləri  əvvəlki kimi yataqxanada yaşamağı üstün tutdular. Hadisələr o qədər tez cərəyan etdi ki, Günay hələ də nə baş verdiyini dərk etmirdi.Sanki gördükləri bir yuxu idi və bu yuxudan hələ ayılmamışdı.Nişanlısıyla küçədə etdiyi mübahisədən başlayan bu yuxu onun tanımadığı bu adamla evlənib artıq qadın olduğu bir zamandək davam etdi.Bir gün ana olacağını anlayanda “yuxu”dan tamam ayıldı.Onun yaşıdları hələ məktəbli idilər.On altı yaşı yenicə tamam olmuşdu.Toyu olsa da yaşı çatmadığı üçün Cavidlə nigaha girməmişdilər.Keçmişin acı xatirələrinin yavaş-yavaş unutmağa çalışsa da gələcəyi haqda düşünə bilmirdi.İndiki yaşayışından razı, ya narazı olduğunu da bilmirdi heç.Axı bu həyatı özü seçməmişdi.Həyatına aid ən mühüm qərarı onun əvəzinə başqaları vermişdi.İndisə ana olmağa hazırlaşırdı.Ana olmağa hazır deyildi.Amma olacaqdı..Daxilən uşaq olan, xəyallar aləmindən tam çıxmayan qızcığaz bir neçə ay sonra öz qanından, canından olan bir canlı dünyaya gətirəcək və onu böyüdəcək..Amma insafla desək, Cavid onu çox istəyirdi.Hər nazını çəkirdi.Hətta hamiləlik dövründə ev işlərində ona kömək etməkçün bir köməkçi də ayırmışdı..                    

...Həyatının nisbətən xoş anlarını xatırlayanda belə Günayın əhvalı pişləşirdi.İmkanı olsaydı zamanı geri çəkib,on iki il əvvələ qayıdıb o məsum, sadəlövh, bir az da cəsarətsiz Günayı o evdən alar, hər şeyi sıfırdan başlamaqda ona kömək edərdi.Bu yaşında o bəlkə də bir neçə həyat yaşamışdı.Həyat təcrübəsi çox idi.Nələr görməmişdi o, nələr yaşamamışdı?Bir qızcığazın həyatını sıfırdan başlamaq onun üçün nə idi ki?Heç nə..Bircə zamanı dayandıra bilsəydi.Buna da ki, kimsənin gücü yetməzdi.Hərdən elə arzulayırdı ki, bir klonu olsun.Ona bənzəyən, onun kimi düşünən, özü kimi bir varlıqla bir yerdə yaşasın.Əlbəttə ki, indikindən daha cavan.O klonun on altı yaşı olsun.Bax o zaman həmin klonun-gənc Günayın həyatını idarə etmək olardı.Hər şeyi sıfırdan başlaya bilərdi..Öz səhvlərinin təkrar olunmasına imkan verməz, arzuladığı həyatı onun yaşamasına çalışardı.

...Bir neçə ay sonra övladını dünyaya gətirəcəkdi.Uşağın cinsi də artıq məlum idi.Oğlu olacaqdı.Hələ ad da seçmişdilər-Kamran.Əziz balasının, Kamranının dünyaya gəlişini səbirsizliklə gözlədiyi günlərin birində hər şey-gələcəklə bağlı bütün xoş xəyalları alt-üst oldu.O gecə Cavid evə gəlmədi.Ərinin işlərindən Günay hələ də xəbərsizdi.Çünki nə iş olursa-olsun Cavid hər gün evdə gecələyirdi.Qaynananasıgilə zəng etdi.Onlar da xəbərsiz olduqlarını dedilər.Gecəni oyaq qalan Günay səhərə yaxın təzəcə yuxuya getmişdi ki, qapının zənginə oyandı.Gələn polis işçiləri idi.Cavidi soruşurdular.

-Cavid Məmmədov bu mənzildə yaşayır?

-Bəli.

-Siz onun nəyisiz?

-Həyat yoldaşı.Axı ona nə olub?-həyəcandan başı gicəlləndi.Az qaldı yıxılsın.Qapıdan tutub özünü bir təhər ələ aldı.

Qadının vəziyyətinin pisləşdiyini görən poliş işçisi onu daha da gərginləşdirməmək üçün açıqlama vermədi.Sadəcə bunu deməklə kifayətləndi:

-Sizin həyat yoldaşınız axtarışdadır.

Polis maşını getsə də həyətdəki səs-küy çəkilmədi.Qonşular nə haqdasa bərkdən danışırdılar.Danışdıqca da onların pəncərəsinə baxırdılar.Çox güman ki, söhbət Cavidin bu dəfə törətdiyi əməldən gedirdi.Axı Günaydan fərqli olaraq Cavidin nə "mal" olduğunu şəhərdə çoxu bilirdi.Günaysa bu şəhərdən olmadığına görə yaxşı tanımadığı Cavidə həyatının ilk kişisi, uşağının atası kimi çox hörmət edirdi.Bir sözlə Cavidə inanan, hörmət edən, bəlkə də sevən yeganə adam elə Günay idi.Polisin gəlişilə narahatlığı daha da artmışdı.Qonşuların bərkdən dediyi sözlərdən bəzilərini o da eşitdi.

-Axır ki, cəzasını alacaq.

-Camaatın qızını da bədbəxt elədi.

-Yəqin ki,bu dəfə cəzası lap ağır olacaq.

-Əlbəttə.Yüz faiz.Ömürlük iş alacaq.

Bu sözlərdən heç nə anlamadı.Söhbət kimdən gedir?Caviddən?Bir neçə saat sonra hadisədən xəbər tutmuş qaynatasıyla qaynanası da gəlib çıxdılar.Gəlini bu vəziyyətdə tək qoymamaqçün gəlmişdilər ki, onu öz yanlarına aparsınlar.Telman kişiylə Çimnaz arvad bu bəd xəbərdən bir saat içində büzüşüb yumağa dönmüşdlər.Sanki bu ağır cinayəti Cavid deyil, onlar etmişdilər.Həyətə toplaşan adamların üzünə belə baxmadan başıaşağı gəlib, elə də qayıtdılar.Əlbəttə qonşulardan heç kim onları qınamır, bu hadisədə günahlandırmırdı.Buna baxmayaraq ata-ana özlərini bağışlaya bilmirdi.Belə övlad böyütdükləri üçün...

Cavidgilin gecə “əməliyyat”ında planları baş tutmamışdı.Onların gündüz alığı məlumata görə qarət edəcəkləri villanın sakinləri rayona qonaq getməliydilər.Ailəlikcə birlikdə.Onların getmək qərarının dəyişməsindən xəbərsiz olan dəstə gecəyarı evə basqın edərkən maska taxmamışdılar.Onsuz da evdə heç kəs yoxdu.Onları kim görəcəkdi ki,-düşünmüşdülər.Ailənin bir neçə üzvü rayona getməmiş, evdə qalmışdı.Gecəyarı birinci mərtəbədəki səs-küyü eşidən ev sakinləri oyanmış, aşağı düşərkən oğrularla üz-zə gəldilər.Maskasız olan dəstə üzvləri onlara yaxınlaşan,onları artıq tanıyan gənclərə atəş açdılar.Bunlar bir an içində oldu. Bir neçə saniyə içində evdəki dörd adam yerdə qan içində uzanmışdı.Vəziyyət çox pis idi.Bu, onların “iş həyatında” ilk və son uğursuzluqları oldu...

26 yanvar 2012
GO BACK