Qadin.NET / Dünyanını "lənətləyən" rəssam

Dünyanını "lənətləyən" rəssam

Dünyanını "lənətləyən" rəssam


İnternet dünyasında – hər şeyin çılpaqlığıyla ortada olduğu dövrdə belə, onun haqqında geniş məlumat əldə etmək çətindir. Saysız mənbələrdə aparılan axtarış bizi həmişə eyni yerə gətirib çıxarır: “Hands Resist Him” tablosu...

 

1972-ci ildə çəkdiyi bu tablonun içində onun özünün görünməyən tərəfləri - qorxu, kabus və qarabasma vardı.

 

Qadın.net teleqraf.com-a istinadən, amerikalı sürrealist rəssam Bill Stonhem haqda yazını təqdim edir.

 

Hər şey tablonun çəkilməsindən 20 il əvvəl başlamışdı – 1952-ci ildə…

 

Həmin vaxt Bill Stonhem beş yaşındaydı. Ögey atası reklam şirkətində işləyirdi. Bu, Stonhem ailəsinin tez-tez səyahət etməsi demək idi. Lakin bu, onlara çox pul qazandırmırdı. Stonhemlər çox pul qazanmaq üçün Çikaqoda yaşayan nənənin evində qalırdı.

 

Bu paltarları kim geyinirdi?

 

İki kiçik otaqdan ibarət ev darısqal idi, nəticədə kiçik Stonhem paltar dolu bir şkafın içində yatmağa məcbur olurdu. Bu, onun “yatağı” idi. O, sonrakı illərdə bunu “Daily Dot” qəzetinə qısa müahibəsində izahsız iki cümlə ilə təsvir etdi: “Orada heç bir otaq yox idi, ancaq paltarlar vardı. Bu paltarları kim geyinirdi? Bilmirdim”.



Çikaqoda keçən uşaqlıq həyatında kiçik Bill hər gün küçədə eyni qızla oynayırdı. Bir gün ögey atası işdən qayıdanda onların ikisinin fotosunu çəkdi. Əl-ələ tutan qız və oğlan həyət evinin iri, dəmir şəbəkəli pəncərəsi qarşısında dayanmışdı. Lakin heç kəs bilmirdi ki, Bill Stonhem 20 il sonra uşaqlıq dövrünün yeganə şəklini “lənətli” bir tabloya çevirəcəkdi.

 

Bu, “Əllər ona müqavimət göstərir” – “Hands Resist Him” adlanır. Stonhemin 1974-cü ildə tamamladığı rəsmi ilk görən 3 nəfər həyatını itirdi. Billin özü “Reddit”ə yazdığı kiçik məqaləsində tablo haqqında deyirdi: “Mən 5 saniyədən çox bu rəsmə baxa bilmirəm”.

 

"Lənət"in doğulması

 

1972-ci ildə Stonhemin ilk həyat yoldaşı Roan “Hand Resist Him” adlı şeir yazmışdı. Bu, rəssamın öz bioloji qardaşlarını qəbul etməməsi, sonradan onlarla barışmasından bəhs edən mətn idi. O vaxtlar cütlük Kaliforniyada yaşayırdı. Stonhem qalereya sahibi Çarlz Feynqartenlə müqavilə imzalayaraq, ayda iki dəfə şəkil çəkib burada satırdı. Həmin dönəmdə Bill Stonhem həyat yoldaşının şeirindən və 20 il əvvəlki uşaqlıq fotodan ilham alaraq öz ürpədici xəyal dünyasının tablosunu yaratdı.

 

Əvvəllər rəssam bu haqda deyirdi: “Əllərin bütün imkanları vardı. Əllərin xilasedici əlamətləri vardı”.

 

Stonhem tablonu ilk dəfə 1974-cü ildə Faynqartenin qalereyasında sərgiyə çıxardı. Əsəri dövrün məşhur aktyoru Con Marli aldı. Beləliklə, rəsm ilk dəfə qəzetlərdə işıq üzü gördü. Tənqidçi Henri Selidis “Los Anceles Tayms” qəzetində bu haqda məqalə yazdı. O, əsəri gözdən keçirmişdi. Lakin 1978-1984-cü illərdə “Hands Resist Him”i əldə edən 3 nəfər öldü: 1978-ci ildə Selidis, 1981-ci ildə Faynqarten, 1984-cü ildə Marli....

 

Knukufflar ailəsi

 

Əsərin müəllifi hər şeydən xəbərsiz idi. Həmin vaxt Kaliforniya “pivə içmək sənəti”nin ən nəhəng barına çevrilmişdi. Stonhem bu “sənət məkanı”nda özünü tamamilə itirmişdi. Tablo isə əldən-ələ gəzirdi. Alanların imtina etdiyi əsər, nəhayət, köhnə pivə fabrikinin zibil yeşiklərinin birinə atılmışdı.

2000-ci ildə isə əsər gözlənilmədən “eBay”da peyda olur və satışa çıxarılır. İlk fürsətdə özünə alıcı tapır. “Hands Resist Him”in növbəti dayanacağı Stefen Karl Knukuffun ailəsinin yaşadığı ev idi. Bu, qəzetlərin diqqətini çəkmişdi, yenidən tablo haqda irihəcmli məqalələr dərc olunmağa başlanıldı. Tablo haqda olan qorxulu hekayələr yenidən özlərinə həyat tapdı.

 

Knukuff tablonu kiçik qızının otağından asmışdı, elə həmin gecə onun haqda ilk şikayət edildi. Kiçik qız tablodakı uşaqların gecələr otaqda gəzişdiyini deyirdi. Lakin atası onu inandırmağa çalışırdı ki, belə bir şey mümkün deyil. Buna görə, otağa kamera yerləşdirdi. Lakin bundan sonra baş verənlər barədə olan iddia doğrudursa, o zaman, tablodakı oğlan gecə yarısı otaqda gəzişmişdi və kamera bu paranormal halı qeydə almışdı.

 

Amma sübut edilməmiş bu detallar yenidən satışa çıxarılan tablonu almaq istəyən müştərilərin sonra bundan imtina etməsi üçün ciddi əsaslar idi. Bununla belə, əsər vitrində uzun müddət qalmırdı, özünə yeni sahib tapırdı. Lakin alan hər kəs şikayət edərək geri qaytarırdı.

 

“Spokesman-Review” qəzetinin yazdığına görə, əsəri alan müştərilərindən birinin evində partlayış baş verir və uğultu eşidilir. Şikayətçilərdən başqa biri isə deyirdi ki, tablonu fotoaparatla çəkərkən xəstələnib, evə qayıtdıqda isə otaqlara tüstü dolmuşdu.

 

Bütün bunlara baxmayaraq, tablonun növbəti və son alıcısı məşhur iş adamı Kim Smit idi. O, bunu 1.025 dollara almışdı.



Smitin qalereyasında

 

2000-ci ildə Smit müsahibəsində deyirdi: “Heç nə baş vermədi, yəni, qəribə nəsə olmadı. Heç belə bir halla üzləşəcəyimi də düşünmürdüm. Lakin elektron poçtuma qəribə şeylər yazılmış məktublar gəlirdi. Ən maraqlısı isə bir şamanın məktubu idi. Mississippidən olan şaman mənə məsləhət verirdi ki, gəlib mənim evimə baxsın və baş verəcək paranormal hadisələrə qarşı tədbir görsün. Başqaları da şikayət edirdi. Biri ağlını itirdiyini, biri qarabasmalar gördüyünü yazırdı. Şikayətlər bitmək bilmirdi”.

 

Bu hadisədən sonra tablo yoxa çıxır. Lakin iddiaya görə, əsər hələ də Smitin qalereyasında (Qrand Rapid) saxlanılır. Məşhur rejissor Qreq Gibbs Qrand Rapiddə rəsmin tarixi haqqında film çəkərək bütün dedi-qodulara son qoymağa cəhd etsə də, bu qərar da qeyri-müəyyənlik yaşadı. Layihənin taleyi qaranlıq olaraq qalır. Rejissor Darren Kil Onillin bədii film çəkmək cəhdləri də boşa çıxdı.

Dünyanını "lənətləyən" rəssam


Mistika sevənlər üçün əyləncə

 

Tablonun son sahibi Kim Smit də indiyədək bunu 6 dəfə nümayişə çıxarıb. Həmin nümayişlərdən birində ən yaddaqalan hadisə 2007-ci ildə baş verdi. “Hands Resist Him”-ə 14-60 yaş arası bir çox adam baxmışdı. Baxanlardan yalnız ikisi öz fikrini dedi. Biri izləyərkən 20 saniyədən sonra ətrafa səssizliyin çökdüyünü desə də, digəri ürpədici olduğunu bildirmişdi.

 

Kim Smit əsər üçün ona fantastik pullar təklif olunduğunu demişdi. Lakin o, bütün bu təklifləri qəbul etmədi və bu nadir tapntını özündə saxladı: “Bu haqda danışılanların heç birini ciddiyə almamışam. Sadəcə olaraq, insanlar mistikanı sevirlər”.

 

Tablonun əsl sirri

 

Bill Stonhem ölənədək tablonun təsirinə düşmüş insanlardan məktublar aldı. Özünün əsəri haqqında izahedici son sözləri isə beləydi: “Vəhy və elm dünyasının içində yaşayırıq. Hər şeyə baxmayaraq, ən çətin həqiqətlərlə yaşamağa məcburuq. Lakin yenə də sirr axtarırıq. Rəsmlərdən sirli nə ola bilər? Rəsmlər əllərin yaratdığı ən böyük sirdir”.

 

Şübhəsiz ki, əllər yüz illər boyu insanları düşündürə biləcək sirləri yaratmaq gücündədir. Tablonun sirri də, Billin əllərində və rəngarəng xəyal dünyasında çözülürdü.

Dünyanını "lənətləyən" rəssam


“Hands Resist Him”

 

“Hands Resist Him” qaranlıq zirzəmidən uzanan əllərin şəbəkəyə yapışdığı şüşə panelli qapının qarşısında dayanan iki oyuncaq oğlan və qızı təsvir edir. Oğlanın 5 yaşı var. Rəsmdəki təsvirlər real dünya ilə fantaziyalar və məhdudiyyətlər aləmi arasındakı xətti təmsil edir. Oyuncaq oğlan bu dünyalar arasındakı bələdçidir. O, məhdudiyyətlər dünyasından uzanan əlləri təmsil edir və fantaziyalar dünyasına alternativdir.

 

Lakin “Hands Resistm Him” Bill Stonhemin bu silsilədən olan yeganə əsəri deyil. Əsərin orijinalını görən araşdırmaçılardan biri Stonhemin “Hands Resist Him” məşhurluq qazandıqdan sonra bunu davam etdirmək qərarını verdiyini deyir. Bundan sonra o, “Real dünyada müqavimət” adlı tablosunu çəkmişdi.

 

Çəkdiyi əsərlərin əksəriyyətində “Hands Resist Him”dəki oyuncaq qız və oğlan vardı. Rəssam oğlanın sirləri haqda məlumat versə də, qız barədə heç nə demir. Lakin iddiaya görə, qız Stonhemin gec tanıdığı bacısı idi. Nəhayət, o bu silsilədən olan yaradıcılığını 2012-ci ildə tamamlayır.

 

Bundan bir il əvvəl isə Stonhem əsl sənət qapısı arxasında gizlətdiyi “Hands Invent Him”i yaratmışdı.

 

Bill Uilyam Stonhem 1947-ci ildə Bostonda doğulub. Uşaqlığının ilk doqquz ayını Bostondakı yetimxanada keçirib. Anası Miller onu dünyaya gətirdikdən sonra tərk edərək getmişdi. Billi övladlığa götürən yeni ailəsi ona Stonhem soyadını vermişdi. 2011-ci ildə isə o, doğma valideynlərinin axtarışına çıxdı və onlara məxsus sənədləri tapa bildi.

 

Məlum oldu ki, onlar üç qardaş, bir bacı olub. Bu axtarışlara qədər isə ona ancaq doğma anası olan Millerin adı məlum idi.

 

Paltar şkafı içindən çıxa bilməyən uşaq…

 

Uşaqlıq dönəmi, təhsil aldığı illər, ögey ailədəki həyatı və bir sənətçi kimi ortaya çıxması qaranlıq qalır. Bəlkə də buna görə onun həyatı və əsərləri müəmmalarla doludur. Əlbəttə, tablolarını sürrealist ruhla boyamış Bill Stonhem əzablarının şousunu rangarəng təsvirlərlə ifadə edə bilən bir dahidir.

 

“Hands Resist Him” də 5 yaşlı yetim bir uşağın xəyallar və fantaziyalar, belə desək, onu müəmmalarla dolu bu dünyanın ən qaranlıq köşəsində doğub yoxa çıxan bir qadının qaçışıdır. Tabloda təsvir etdiyi qız və oğlan uşağını da oyuncaq kimi çəkməsi də təsadüfi deyildi. Bu, oyuncaqdan məhrum edilərək həyatın ağır şərtlərinə qarşı müqavimətdə qoyan ağır bir travmanın təsviridir. Doğma bir ailəyə sahib olmaq istəyi yetim Billi də cəmiyyətə, real dünyaya yadlaşdırmışdı. Öz bacısını da cansız, reallıqlardan qopuq formada təsvir etməsinin izahı budur.

 

Stonhem reallıqdan fantaziyalar dünyasına paltar şkafında yatarkən keçmişdi. 77 il – ölənədək də buradan çıxa bilmədi. Şübhəsiz ki, nə “Hands Resist Him”, nə də digər əsərləri yox, varlığın yaşatdığı ən böyük iztirabın tablosu elə onun özü idi.

 

Elə buna görədir ki, əsərləri qarderobdan gizlənmiş yetim Billin özündən məşhurdur.

 

Müəllif: Mənsur Rəğbətoğlu

1 noyabr 2019
GO BACK