Qadin.NET / Hüseyn Ərəblinski

Hüseyn Ərəblinski


Onun barəsində ilk məlumatı 6-cı sinif şagirdi olanda-yay tətili vaxtı oxuduğum bir romandan aldım.Hələ o zaman romanın qəhrəmanı Hüseynin kim olduğunu bilmirdim.Onun Azərbaycan mədəniyyətinə,incəsənətinə,opera ,teatr və kinosuna xidmətlərindən xəbərim yox idi.Romanı bitirəndən sonra bu insan haqqında“əsl fədakar sənətkar belə olar!”-deyə düşündüm.

H.Ərəblinsknin sənətə xidməti bizim bu gün gördüyümüz artist və sənət adamlarının xidmətindən tam mənası ilə fərqlənirdi.Təmənnasız, yorulmadan, bezmədən, təşəkkür gözləmədən sonuncu manatından, barmağındakı üzüyündən keçən bu insan sözün əsl mənasında sənət fədaisi olub.Özü də o,bu xidmətləri rahat vaxtlarda yox,ən çətin dövrlərdə,sənətin,teatrın əhəmiyyətinin başa düşülmədiyi bir zamanda,”Bakı qoçuları”,”Şamaxı ruhaniləri”nin göz açmağa imkan vermədikləri bir vaxtda göstərmişdir.Cəhalətin,nadanlığın qurbanı olan H.Ərəblinski ilk addım atan bir çox insan kimi bu cəsarətini canı bahasına göstərmişdir.

Hüseyn 1881-ci ildə Bakida anadan olub.Səfalət və yetimçiliklə böyüyən Hüseyn mollaxanada oxumağa imkanı olmadığı üçün pulsuz rus məktəblərinin birində oxumuş,elə orada da Rus dili və ədəbiyyatını öyrənmişdir.Hüseynin istedadını,teatra olan marağını hiss edən müəllimi Həbib bəy Mahmudbəyov onu təşkil etdiyi həvəskar truppaya salır və birlikdə rayonlara səfərə gedirlər.Epızodik rollarla diqqəti çox da cəlb etməyən aktyor, əsl istedadını 1905-ci ildə “Müsibəti-Fəxrədddin”tamaşasında baş rolu oynamaqla göstərir.Çox keçmədən teatr qrupları Hüseyni öz aralarında görmək üçün yarışa girirlər.O isə öz seçimini “Nicat” teatr cəmiyyətində rejissor olmaqla müəyyənləşdirir.



Bu vaxtdan başlayaraq aktyor-rejissor Hüseyn Ərəblinskinin çətin günləri başlayır.Cəmiyyətdə teatra münasibət birmənalı deyildi,üstəlik tamaşalar üçün bina,geyim və pul yox idi.Dostlarının zarafatla “Sehirli üzük”adı verdikləri üzüyü illərlə girovda qalırdı.Bütün bunlar azmış kimi aktyorluq etdiyi üçün (qadın aktrisalar olmadığından rejissor özü bığlarını qırxıb qadın rollarını ifa edirdi)qohumları,doğmaları tərəfindən də lənətlənirdi.Bütün bu çətinliklərə baxmayaraq Hüseyn yaradır,Azərbaycan teatr-kino,opera sənətinin tarixinı öz əvəzsiz fəaliyyəti ilə yazırdı.Bu fəaliyyət sadəcə milli ədiblərin əsərlərini səhnələşdirməklə məhdudlaşmır,eyni zamanda o vaxta qədər Azərbaycan tamaşaçısına bəlli olmayan dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirməklə tamamlanırdı.Ərəblinski işinin peşəkarı və çox tələbkar idi.Təkcə “Otello”rolunun üzərində 3 il yorulmadan çalışmış,nəticədə ortaya yüksək sənətkarlıq,qüsursuz incəsənət əsəri çıxmışdı.Hüseynin qədrini özümüzkilər bilməsə də, digər millətin nümayəndələri,xüsusən də,bizə nisbətən teatr sənəti daha çox inkişaf etmiş rus ziyalıları yüksək qiymətləndirirdilər.”Otello”dan sonra rus rejissoru Levin Ərəblinski haqqında bunları demişdi:"Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah, siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim."

Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasına Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müfəttiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello və b. bu kimi əsas rollar daxildir.Teatrla yanaşı, kinoda da xidmətlərini əsirgəməyən Ərəblinski 1916-cı ildə Bakıda çəkilən "Neft və Milyonlar Səltənətində" filmində Lütfəli bəyi oynamışdır.Hələ illər əvvəl-1908-ci ildə səhnələşdirdiyi “Leyli və Məcnun”operası ilə daha bir ilkə də imza atmışdı.

Çox təəssüf ki,Hüseynin uğurlarının davamı gəlmədi.1919-cu ildə sənət dostlarının toplaşıb növbəti məşq üçün Hüseyni gözlədikləri vaxt aldıqları xəbər hamısını sarsıtdı: Hüseynin dayısı oğlu qolcomaq Əbdülxaliq ”Mütrüflük edib nəslin adını batırdığı üçün” onu vəhşicəsinə qətlə yetirmişdi...

Sonda Azərbaycan incəsənəti,teatr,kino operası,ümumilikdə Azərbaycan mədəniyyəti üçün əsl fədakar olmuş Hüseyn Ərəblinskinin gördüyü iş haqqında fikirlərini sizinlə bölüşürəm: "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir".

 

4 oktyabr 2011
GO BACK