Sürrealist boyakarlığın ən görkəmli nümayəndəsi, ispan mənşəli Salvador Dali
1904-cü ildə Kataloniyada doğulmuş Dali, sözün əsl mənasında, yüksək professionallığı,klassik irsə ehtiras və böyük həvəslə bağlılığı ilə diqqəti çəkmişdir. Rəssamlıq tarixində onun kimi ikinci elə bir sənətkar tapılmaz ki, adı ətrafında bu qədər söz-söhbət və rəvayət danışılsın, əsərləri tamaşaçıya bu qədər dərin emosional təsir bağışlasın.
Hələ Madriddə oxuyarkən əxlaq çərçivəsinə sığmayan davranışları, özünü apara bilməməsi, qəribəlikləri ona çətinliklər yaşatsa da, uğurla təhsilini başa vurmuşdur.
Dalinin çevrəsi geniş, pərəstişkarları bol (xüsusən də qadınlar), dostları çox idi. Qonaq getməyi və qonaq qəbul etməyi xoşlayırdı. Belə qonaqlıqların birində fransız şairinin xanımı Qala ilə tanış olur və pərakəndə sevgilər yaşayan Dali bir ömür boyu Qalanın əsiri olur. Onun həyatı, fəlsəfəsi kimi Qalaya həsr etdiyi rəsmləri də orijinallığı ilə seçilirdi. Qalaya olan sevgisi onu çiyinlərində kotletlə təsvir etməyə yönəltmişdir. İzahı isə beləydi: "Qalanı bu kotletlər kimi yemək istəyirəm".
Qeyd edim ki, onlar rastlaşanda Dalinin 25, Qalanın isə 35 yaşı vardı. Qala ərini, 11 yaşlı qızını Dali ilə macəralarla dolu həyata dəyişdi. 1982-ci ildə Qala öləcək, bundan bərk sarsılan Dali isə bir daha özünə gələ bilməyəcəkdi.
Hələlik isə Dali bütün dünyanın əsəblərini gərginləşdirən rəsmlər çəkərək öz şöhrətini yaymaqda davam edir, müxtəlif cərəyanlarda tərəddüd etsə də, qəti qərarını sürrealizm cərəyanına vermişdi. S.Dalinin rəsmlərinə baxan parislilər anlaya bilmirdilər ki, bu sənət əsəridir, yoxsa rəssam sayıqlaması. "Alovlanan zürafə" əsərində tünd mavi fonda oxşarlıq baxımından çox dəqiq çəkilmiş zürafə var, o, alova qərq olmuşdur. Sakit dayanan zürafə ilə qızışan alov, ümümiyyətlə təsvir olunan vəziyyət məntiqi baxımdan izaholunmazdır və yaxud "Vətəndaş müharibəsi ərəfəsində" əsərinə baxsaq, həmin hadisədən altı ay əvvəl çəkilməsi tamaşaçıda heyrət oyatmaya bilmir.
Dalinin sürrealist əsərlərindən danışarkən, şübhəsiz, onun saatlarla bağlı silsilə rəsmləri və ən əsas "Əbədi yaddaş" əsəri yada düşür. Bu rəsm Dalinin şah əsərlərindən biri hesab olunur, şəxsən mənim də çox sevdiyim rəsm əsəridir.
Dali 1989-cu ildə vəfat edib. İndi isə sizi Salvador Dalinin dünyası ilə baş-başa buraxıram.