19-cu əsrdə Britanyada yaranan və bütün dünyada tətbiqini tapan iki yenilik baş verdi: bunlardan birincisi səhmdar cəmiyyətlərin, ikinci isə məhdud məsuliyyətin - cavabdehliyin yaradılması oldu.
Bu iki sosial ixtira nəhəng iqtisadi inkişafa səbəb olsa da, səhmdarları şirkəti idarəetmə hüququndan məhrum etdi və onları, sanki, at yarışına bənzər yarışın iştirakçısına çevirdi. Onlar şirkətin deyil, sadəcə sahib olduqları səhm-lərin idarəsi ilə məşğul ola bilərdilər. Beləliklə iqtisadiyyata qumar prinsipləri daxil oldu. Səhmdarlar nə atın sahibidirlər, nə də atı idarə edəndirlər. Onlar sadəcə məlumatları dəyərləndirərək müxtəlif qərarlar verirlər və əksər hallarda məlumatın mənbəsinə fikir vermirlər. Beləliklə dünyamızın həqiqi gücünə çevrilən beynəlxalaq maliyyə bazarları yarandı.
1970-ci illərdə şirkət idarəetməsində yenə də yenilik oldu. Belə ki, iki alim - Maykl Censen və Uilyam Meklinq az tanınmış iqtisadi jurnalda nəşr etdirdikləri məqalədə bildirdilər ki, menecerlər, hansı ki, ilk dövrlərdə səhmdarların agentləri hesab olunurdular, gərək şirkətin xeyrinə işləsinlər. Menecerlər qarşılarında yaranan imkanlar toplusunu dərhal başa düşdülər və qaçırmadılar. Əgər onlar əvvəllər adi səhmdarların xeyrinə bəzi işlər görürdülərsə, sonradan öz xeyirlərinə manipulyasiya və spekulyasiyalar edərək gəlirlərini artırır, öz şəxsi maddi maraqlarını müştəri və səhmdarların maraqlarından, təşkilatın hədəflərindən üstün hesab edərək onları reallaşdırmağa çalışmağa başlayırlar. Nəticədə uçurum yaranır və getdikcə hər şey mürəkkəbləşir. Bir çox menecerlər qısa müddətdə maddi cəhətdən çox zəngin birisinə çevrilirlər və bu da kənardan çox şübhəli görsənir. Nəticədə isə dünyada "agency problem" kimi tanınan "təmsil problemi" yaranır. Bu mövzunun geniş izahı, təsviri, nümunələri və bu problemdən çıxış yolları bir çox universitet və biznes məktəblərində ətraflı olaraq araşdırılır.
Gördüyümüz kimi heç də hər yenilik, hər ideya özünü sona qədər doğrultmur və əksinə yeni problemlərə səbəb olur. Yaxşı olardı ki, manipulyasiya, spekulyasiya və faizə əsaslanan iş prinsipləri nəzərə çarpacaq dərəcədə azaldılsın. Çünki bu iqtisadiyyatın sabitləşməyinə səbəb ola bilər. İqtisadi sabitlik isə bu gün ən vacib məsələlərdəndir.
Məqalə Harvard Business Review jurnalının, 2013 Sentyabr tarixli buraxılışının törəməsidir.
Məqalə: Çarlz Hendi - Yaxşı ideyaların gözlənilməz nəticələri. səh. 28.
İbrahim Niftiyev