23 aprel 2006-ci il Ukraynanın paytaxtı Kiyevdə günəşli bir gün idi. Polis məmuru Onepenko, həmişə kimi öz vəzifəsi başında işini görürdü. Lakin günorta saatlarında yolun kənarında qəribə geyimli birini gördü. Həmin şəxs cavan bir oğlan idi. Üzərində köhnə bir ayaqqabı, geniş və boz rəngli, səliqəli bir kostyum, başında artıq istifadə olunmayan bir papaq, əlində isə günümüzdə antik mağazalarda satılan “FED” marka bir fotoaparat var idi. Həmin şəxs təlaşlı bir vəziyyətdə ətrafa baxırdı. Xüsusi ilə düz qarşısında dayanmış 9 mərtəbəli binaya heyrətlə baxırdı. Polis məmuru Onepenko, həmin şəxsin özünü şübhəli apardığını düşündü və dərhal onun yanına gəldi. Onepenko həmin şəxsə yaxınlaşdı və ona necə kömək edəcəyini soruşdu.
Cavan oğlan həyəcanlı bir şəkildə “Pesçanova” küçəsinin harda olduğunu soruşdu. Polis məmuru elə bir küçə olduğunu bilmədiyini dedi. Cavan oğlan həmin küçənin “Lyafka” adlanan əraziyə yaxın olduğunu dedi. Həyəcanlı halda olan cavan oğlanı görən Onepenko, digər polis məmurunu yanına çağırdı. Onlar hər ikisi xəritədən həmin küçəni axtardılar. Lakin belə bir küçə mövcud deyildi.
Cavan oğlan polislərdən ayın tarixini soruşdu. Polis məmuru Onepenko bu gün aprelin 23-ü 2006-cı il olduğunu dedi. Əlləri əsən cavan oğlan bunun imkansız olduğunu dedi. Polis məmuru Onepenko, oğlandan vəsiqəsini göstərməsini tələb etdi. Cavan oğlan cibindən komsomol bileti çıxartdı. Bilet çox yeni idi. Məlum oldu ki, oğlanın adı Sergey Ponomarenkodur. Biletdə olan şəkil isə həqiqətən də oğlanın şəkli idi. Polis məmuru bir şeylərin düz getmədiyini anladı və Sergeyi bir psixoloqun yanına apardı.ergey psixatriya klinikasına aparıldı. Cavan oğlan klinikaya daxil olarkən demək olar ki, hər bir detala xüsusi diqqətlə baxırdı. O, sanki ilk dəfə belə qəribə kreslolar, jurnallar, divar saatları və telefon görürdü. Tibb bacısı olan Elena, Sergeyi qəbul etdi. Elena öz masasında oturduğu an onun telefonuna zəng gəldi. Telefon zəngini eşidən Sergey daha da təlaşlandı və üzərindəki pencəyini çıxartmadı. Əlindəki papağı və fotoaparatını isə heç kimə vermədi. Elena Sergeyin qəribə davranışlarından belə başa düşdü ki, qarşısında duran şəxs indiyə qədər klinikaya gətirilmiş ən çətin xəstələrdən biridir. Elena ilə qısa söhbət zamanı Sergey, üzərində olan heç bir şeyi tibb bacısına vermədi. Yalnız tələbə bileti Elenanın masasının üzərində idi. Xəstə ilə bağlı öz kabinetində oturan psixoloq Pavel Krutikovaya məlumat verən Elena, Sergeyi otağa çağırdı. Pavel, otağa girən Sergeyə oturmasını xahiş etdi. Şübhəli bir formada divanın sağ küncündə əyləşən Sergey, sağ tərəfində olan divar saatına baxdı. Saat düz 12.31-i göstərirdi. Psixoloq Pavel, cavan oğlandan özünü necə hiss etdiyini soruşdu. Bir müddət susan Sergey yenidən divardakı saata baxdı. Psixoloq Pavel isə susarsa probleminin nə olduğunu tapa bilməyəcəyini ona izah etdi. Sergey “Sizin yardımınıza ehtiyacım olduğundan əmin deyiləm” cavabını verdi və o yenidən ayın tarixini soruşdu. Pavel 23 aprel olduğunu dedi.
Sergey son xatırladığı tarixin çərşənbə günü 23 aprel 1958-ci il olduğunu dedi. Pavel ciddi bir xəstə ilə üzbəüz olduğunu başa düşdü və Sergeyə belə bir sual verdi: - 2006-cı ildir. Siz 1958-ci ildən gəldiyinizimi düşünürsünüz?
Sergeyin cavabı belə oldu - Mən bilmirəm.
Pavel uzun illərin psixoloqu kimi belə anladı ki, Sergey güclü bir stress yaşayıb və reallıqları rədd edərək öz xəyalında qurduğu həyatda olduğunu düşünən bir xəstədir. Bütün bu nəticələrə baxmayaraq, Pavel gənc oğlanın bir az fərqli olduğunu gördü. Pavel Sergeydən başına nələrin gəldiyini və niyə belə təlaşlı olduğunu soruşdu.
Sergey bildirdi ki, o 17 iyun 1932-ci ildə anadan oldub. O, dedi ki, 25 yaşındadır və bazar günü olduğu üçün gəzməyə çıxmışdı. Sergey çölə çıxdığı zaman göy üzündə qəribə bir şey gördüyünü və həmin qəribə obyektin fərqli formalara düşərək səmada fərqli xətlər cızdığını dedi. Sergey həmin an onun şəklini aparatı ilə çəkdiyini və əgər lent yuyularsa hər şeyin ortaya çıxacağını dedi.
Bu söhbətdən sonra Pavel, Sergeyin zamanla bağlı ciddi problemi olan bir xəstə olduğu qənaətinə gəldi. Lakin onun probleminin dəqiq olaraq nə olduğunu anlamaq üçün klinikada bir müddət qalmasını təklif etdi. Sergey bunu qəbul etdi və divardakı saata yenidən baxdı. Saat 12:31-i göstərirdi. Pavel divar saatının xarab olduğunu düşündü və öz qol saatına baxdı. Elə bu an psixoloq Pavel həyəcanlandı. Çünki onun qol saatı 12:31-i göstərirdi. Yəni qol saatı və divar saatı eyni anda dayanmışdı. Sergey ilə söhbət isə təxminən 30 dəqiqə idi ki, gedirdi.
Pavel özünü itirməyərək Sergeyə bir kağız, qələm verdi və bildirdi ki, xatırladığı son şeyləri kağıza yazsın. Psixoloq, Sergeyi Elenaya təhvil verdi və otağına aparılmasını xahiş etdi. Otağa qayıdan psixoloq, divar saatının çalışdığını gördü.Təbii ki, divar saatı dayana bilər. Amma psixoloqun qolundakı İsveç saatı ilə divar saatının eyni anda dayanması inanılması çətin ola bilən bir təsadüf idi. Pavel çəkməcədə olan digər saata baxdı və həmin saat da 12.:31-də dayanmışdı. Qəribə olan isə yalnız otaqda yerləşdirilmiş kamerada olan saat dayanmamışdı.
Həmin gün özünü narahat hiss edən Pavel, fotoaparatdakı lentin yuyulması üçün onu köməkçisinə verdi. Bir müddət sonra Sergeyin çəkdiyi şəkillər gəldi. Şəkillərin birində binanın sağ küncündə səmada dayanmış bir obyektin olduğu göründü. Sergeyin bildirdiyinə görə, o həmin obyektin şəklini çəkmək üçün deklonşara basdı və fotoparatı gözündən uzaqlaşdırdığı an şəhərin fərqli olduğunu gördü. Öz yaşadığı binanın 9 mərtəbəli olduğunu, yolların və insanların fərqli olduğunu görmüşdü.
Sergeylə 2-ci söhbətdən sonra Pavel onu otağına yola saldı.
Sergeyin yerləşdirildiyi otaqda dəmir barmaqlıqlarla örtülmüş pəncərə var idi. Klinikanın isə cəmi bir çıxışı var idi. Psixoloq Sergeyin problemli biri olduğunu anladığı üçün klinikanın giriş çıxışlarına nəzarəti gücləndirdi. Hətta polis məmurları klinikanın qarşısında gözləməli oldu. Lakin 26 aprel səhər saatlarında otağın qapısını açan tibb bacısı Sergeyin otaqda olmadığını gördü. Otaqda qəzet parçası üzərində bir neçə qeyddən başqa heçnə qalmamışdı. Nə Sergey, nə onun paltarları nə də “FED” marka fotoaparatı.
Hadisə psixoloq Pavelə çox pis təsir etmişdi. Psixoloq məsələ ilə bağlı rəy verməkdə çətinlik çəkirdi. Çünki səhv fikirlər səsləndirərək öz kariyerasına son qoyacağından narahat idi. Sergeyi həmin gün klinika yaxınlarında heç kim görmədi. Ona aid yalnız bir neçə şəkil qaldı.Yuyulan şəkillərdə Sergeyin öz sevgilisi ilə olan bir neçə fotosu var idi. Həmin fotolar həqiqətən də köhnə idiGeyimlər, arxada olan küçələr, binalar hər şey köhnə idi. Polisin məsələni araşdırmasından sonra məlum oldu ki, Sergeyin yaşadığı bina həqiqətən də burda olub və 80-ci illərin əvvəlində sökülərək 9 mərtəbəli bir bina tikilib. Bundan əlavə Sergeyin dediyi küçə də olub. Lakin adı dəfələrlə dəyişdirilib. Ən qəribəsi isə araşdırmadan sonra Sergeyin adını çəkdiyi küçədə bina 8 mənzil 3-də yaşadığı məlum olub. Məsələ ilə bağlı ciddi məşğul olan araşdırma qrupu bir müddət sonra daha bir maraqlı detal tapdılar. Belə ki, arxiv sənədlərindən məlum oldu ki, Sergey 46 yaşında olarkən yəni 1978-ci ilin 23 aprel tarixində yoxa çıxıb. Sergey yoxa çıxarkən onun şəkli 1978-ci ildə polisdə olub və o axtarılıb. Lakin ondan xəbər alınmayıb. Polisdə olan məlumata görə o evdən çıxarkən üzərində ağ rəngli palto, əlində isə “FED” marka fotoaparat olub. Sergey Ponomeranka ilə bağlı bütün bunlar bilinsə də araşdırma davam etdi.Bir müddət sonra arxivlərdən 1960-cı ilə aid olan bir səs yazısı tapıldı. Həmin səs yazısında radiolardan birinə Sergey Ponomeranko adlı birinin müsahibə verdiyi məlum oldu. Səs yazısında danışan Sergey gələcək kəşflərdən xəbərdar olduğunu və insanları gələcəkdə nələrin gözləyəcəyini deyib. Təbii ki, həmin illərdə hər kəs Sergeyin danışdıqlarını özündən uydurduğunu düşünüb. 1960-cı ilə aid olan həmin səs yazısında Sergey 46 il sonra ürək əməliyyatının mümkün olacağını, mikrodalğalı sobanın olacağını yeməklərin çox qısa zamanda hazır ola biləcəyini deyib. Təbii ki, bu səs yazısı məsələ ilə bağlı araşdırma aparanları şoka saldı. Araşdırmaçılar Sergeyin klinikaya gətirildiyi gün, təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri yenidən incələdilər. Həmin görüntülərdən məlum olub ki, Sergey Elena ilə söhbət zamanı masanın üzərindəki jurnallara baxıb .Həmin jurnallar isə ürək əməliyyatlarından bəhs edən məqalələrdən ibarət olub. Elenanın sağında isə mikrodalğalı soba var. Klinika işçilərindən biri söhbət zamanı sobaya yaxınlaşaraq öz yeməyini isidir və götürərək otağına gedir. Bu prosesi isə Sergey heyrətlə izləyir.Bir müddət məsələ ilə bağlı araşdırmalar davam edir. Sonda Sergeyin gənclik vaxtı münasibətdə olduğu, həmçinin psixoloq Paveldə olan Sergeyin şəkillərindəki qadın tapılır. Məlum olur ki, həmin qadının adı Valentina Kuleşdir. Bir qrup polis və araşdırmaçı qadının evini də tapırlar. Qadınla qısa söhbətdən sonra o, öz şəxsi albomunda Sergeylə olan şəkli göstərir.
Psixoloq Paveldə olan şəklin eynisi Valentinanın şəxsi albomundan tapılır. Qadın onun Sergeylə yalnız bir şəklinin olduğunu və şəklin 1958-ci ilə aid olduğu deyir. Daha sonra psixoloq Pavel, özündə saxladığı digər 2 şəkli Valentinaya göstərir. Qadın albomunda olmayan bu şəkilləri görərkən ağlayır. Şəkillərin hardan tapıldığını soruşan qadın psixoloqdan fərqli cavab alır. Pavel bu fotoları Sergey Ponemaronka adlı şəxsin ona verdiyini deməkdən çəkinərək, fotoların arxivdən tapıldığını deyir. Valentina fotonun çəkildiyi anı xatırladığını və həmin vaxt 16 yaşında olduğunu deyir. Baş verənlərlə bağlı yaşlı qadına heç bir şey izah edilmir. Araşdırmalar davam etsə də ciddi bir nəticə əldə olunmur. Sergey Ponemaronka ilə bağlı bir müddət heç bir dəlil tapılmır.Artıq psixoloq Pavel bu məsələdən çox sıxılır və yorulur. Araşdırmanı gizli bir şəkildə davam etdirən şəxslər də məsələdən yorulurlar. Hadisənin üzərində 2 ilə yaxın bir vaxt keçir və Valentina Kuliş evdə olmadığı bir gün 23 aprel tarixində ona bir məktub gəlir. Evə qayıdan Valentina Kuliş poçt qutusunda üzərində haradan gəldiyi yazılmayan, heç bir yazısı və peçatı olmayan bir məktub tapır. Qadın evə girədikdən sonra məktubu açır və şoka düşür. Məktubda 1978-ci ildə itmiş Sergeyin şəkli olur. Sergey həmin vaxt itərkən 46 yaşında olub. Lakin maraqlı məqam isə şəkildə Sergeyin arxasında nəhəng binaların olması və görüntüdə o itdiği vaxt necə idisə o formada da, yəni 46 yaşında qalmasıdır. Bu hadisədən sonra yenidən araşdırmalar başlayır. Görüntünün original olduğu, lakin bunun necə baş verdiyi ilə bağlı suala heç kim cavab verə bilmir. Sergeyin arxasında olan şəhərin Kiyev şəhəri olduğu təxmin edilir. Uzun araşdırmalar artıq hamını yorur. Sergeydən isə növbəti şəkil gəlmir. Valentina Kulişdə olan şəklin arxasında isə bu sözlər olur- “Mənimlə bağlı hər şey yaxşıdır. Geri qayıtmağa çalışıram”