Aurovil adlı eksperimental bir şəhərin varlığından da çox az adam xəbərdardır. Şəhər YUNESKO’nun himayəsi altındadır. Burada müxtəlif millətlərin heç bir qayğısı olmayan insanları yaşayır. Aurovildə həyat ilk baxışdan cənnət nağıllarını xatırlatsa da, əslində, burada heç də hər şey sadə və zəhmətsiz başa gəlmir.
Aurovil Hindistanın cənubunda yerləşir. Şəhər sosial eksperiment məqsədi ilə 1968-ci ildə salınıb. Dünyanın müxtəlif ölkələrindən, müxtəlif dünyagörüşünə və fərqli dini inanca sahib insanların bura axışıb gəlmə səbəbi, hər kəsin bəyənib qəbul edəcəyi yüksək dəyərə malik bir cəmiyyət qurmaqdır. Şəhərin yerli sakinləri olan hindlilərlə bərabər, burada amerikalılar, avropalılar, ruslar və digər millətlərin mənsubları da yaşayır. Daimi sakinlərin sayı iki min nəfərdən çox deyil.
Aurovildə yaşayan insanları birləşdirən əsas qayə, mənəvi təcrübəyə maraq və özünü tanıma hissidir. Sevindirici haldır ki, şəhərin yaşam ritmi tələsmir, daxili bəşəri inkişafa və özünütanımağa zaman ayırır, mənzərəli təbiət isə düşüncə və təfəkkürün aydınlanmasını təmin edir.
Aurovildə yaşamaq o qədər də sadə deyil. Birincisi, bura qapalı cəmiyyətdir. Burada gəlmələrə xüsusi münasibət bəslənilir: başqa ölkədən köçüb gələnlərin şəhərdə bir il sərbəst yaşamaq hüququ var (təbii ki, ev almaq şərtilə). Bu bir illik zaman dilimində, yerli əhalidən ibarət icma “gəlmə”nin burada yaşaya biləcəyinə və ya şəhəri tərk etməli olduğuna dair qərar qəbul edir. Aurovildə diqqətdən kənar yaşamaq mümkün deyil, çünki hər kəs bir-birini tanıyır.
İkincisi, bu şəhərdə yaşayan öz qayğısına qalmağı bacarmalı və özünə uyğun bir iş tapmalıdır. Şəhər öz-özünü hər şeylə tamamilə təmin edir, buna görə də Aurovil sakinlərinin böyük əksəriyyəti şəxsi sahibkarlıq subyektlərinə malikdir. Üçüncüsü isə, bu şəhərdə yaşamaq istəyənlər avtomobil və informasiya texnologiyalar kimi vərdişlərindən imtina etməli olurlar. Çünki Aurovildə avtomobildən istifadə olunmur. Şəhərə yalnız turist və gəlmələri gətirən xüsusi taksilərin girişinə icazə verilir.
Bu şəhər həyatı, zahiri sadəliyinə baxmayaraq çox mürəkkəbdir. Burada zaman günün böyük hissəsinə düşən rahatlıq, sakitlik ilə müşayiət olunur və bütün gün ərzində sevdiyin iş ilə başını qatmağa münbit zəmin mövcuddur. Aurovildə yaşayan insanların əksəriyyəti rəssamlar, yazıçılar, yaradıcı məsləkin mənsublarıdırlar. Onlar üçün gizlilik-xəlvətilik, sakitlik əsas şərt və yeganə istəkdir.
Hindistanın Aurovil şəhəri bir fenomendir. Şəhər, ən çox 50 min nəfər insan üçün nəzərdə tutulub. Güman edilir ki, Aurovil yeni nəsil cəmiyyətin formalaşması üçün uğurlu model ola bilər. Təcrübənin nə qədər uğurlu olacağını zaman göstərəcək. Hal-hazırda burada yaşayan insanlar çox xoşbəxt olduqlarını deyirlər.