Nə olursa-olsun yarımçıq saxlamayın. Ünsiyyət zamanı belə demək istədiyiniz cümləni sabaha saxlamağa çalışmayın. Elə zamanında nöqtələri qoyun. Vergüllər hər zaman yaxşı olmur. Nidalara toxunmayın. Deyəsən önəmli olan suallar idi. Hə… hə, suallar çox önəmli idi. Həm özünü düşündürməyə həm də ki, qarşındakı insana kömək etməklə bağlı. Suallar, bütün daxili aləmini tanımağa yardım edər zamanla.
Nə edirsinizsə edin, amma bircə yarımçıq saxlamayın. Sevirsənmi?! Günəş batdıqdan sonra cümlələrini hazırla. Və yeni bir günəş doğmamış qarşındakı insana hədiyyə elə kəlimələrini. Bir hədiyyə kimi düşün. Saf, təmiz bir hədiyyə. Qorxma, bu zaman qabırğan qırılmayacaq, dərin soyulmayacaqdır. Ölüm hadisəsinə isə heç yer yoxdur. Kədərmi?! O, onsuzda müşkül bir məsələ deyil. Əsas olan yarımçıq saxlamayacaqsan. Tamamlanmasına icazə verəcəksən. Bu çox rahatladacaq səni. Bütün məsələ daxilindən çıxartmaqdır. Bilirsən?! Kəlimələri hədiyyə etmədiyin hər bir dəqiqə, dərinin soyulmasından da daha betər əzablar içində olursan. Burda sadəcə daxilindəki təbiətin fırtınaları rol oynayır. Uçqun, daşqın, tufan, yağış, qar, külək və s. bunların hamısı birlikdə reallaşır. Qarşındakı insana sevgini hədiyyə etməsən, içində saxlasan o, yarımçıq bir hal alır və tək-tək yox, daxilindəki təbiətin bütün mənfi hadisəsi birlikdə yaşanır. Bax belə olur içindəki təbiətinin havası. Nə oturmusan?! Sevginin tamamlayıcısı özün deyilsən. Sevdinmi?! Bax onda tamamlanmasına icazə verəcəksən. Yoxsa oturub gözləməklə deyil. Ya sev tamamla ya da ki, sevgi adlı şəhərlərə yola çıxma.
O, tərəflərdə pişik öldümü?! Uşaqlığım zamanı qaçıb, gedən pişik var. Yadıma düşür anam demişdi ki, onların ölümü gələndə qaçıb gedirlər dogma yerlərdən. İndi də düşündüm ki, insan da axı ölümü hiss eləyir. Görəsən bizlər də doğma yerlərdən, doğma insanlardan uzağa gedərək ölməliyik?! Məsələn: Tolstoy kimi etməliyik?! Ölüm... Ölüm... Ölüm, həyatını tamamlayan bir hissədir əslində. Yaşamaq yarımçıqdır. Ölüm gəldiyi zaman isə tamamlanırsan. Bu da bir həyat teoremidir. Qeyd elə bir yerə.
Qısaca, çox yormaqda istəmirəm sizi. Sadəcə bunları tez-tez xatırlamağa çalışın. Sadə xüsusiyyətlərdən tutmuş, mürəkkəb məsələlərə qədər heç nəyi amma heç nəyi yarımçıq saxlamayın. Xoşbəxtlik... Xoşbəxtlik deyirsən. Tamamla bütün yarımçıq hərəkətlərini və onda müddətlik də olsa da özünü xoşbəxt hiss edəcəksən. Mənə lazım olan isə səssizlikdir. Mənim xoşbəxtliyim, mənim daxilimdəki səssizliyimdir. Fırtına yoxdursa, gəmini dənizə buraxmaq olar. Xronoloji olaraq yox, bioloji olaraq gənc qalıb heç nəyi yarımçıq saxlamayın. Yaxşı... Hələlik bu qədər. Başqa kəlimələrdə görüşənə qədər.
Ceyhun Məmmədov