Qadin.NET / Christopher McCandles-Cəmiyyət

Christopher McCandles-Cəmiyyət

 

Christopher McCandles-Cəmiyyət

 

“Into the Wild” (türkcəsi “Özgürlük yolu”) filmini izlədikdən sonra insanların bir-biriləri üçün nə qədər əhmiyyətli olduqlarını gördüm. Filmin baş qəhrəmanı Chirstopher McCandles-in həyatı haqqında vacib və dərs almağımız lazım olan məqamları sizinlə paylaşmaq istəyirəm.

 

Chris dərslərini əla qiymətlərlə oxuyan və yaşıdlarının örnək alması gərəkən bir şagird idi. O həm də çox yaxşı qaçmağı bacarırdı. Şəxsi keyfiyyətlərinə gəldikdə isə o iradəli və inadcıl bir gənc idi. O qaçışa çıxdığı komandanın üzvlərini tanımadıqları və naməlum səmtlərə doğru yönləndirirdi və bəzən komanda üzvlərindən bir neçəsi itkin düşürdü. Ancaq qaçış onun üçün fərqli bir məna ifadə edirdi. Qaçış sadəcə məsafəni aşmaq deyildir. Chris bildirirdi ki, qaçış mənim üçün bir ritual əhəmiyyətini daşıyır. Mən bu haqda oxuduqdan sonra qaçışla məşğul olan bir dostumun dediklərini xatırladım:

 

“Mən həyatımda ən əhəmiyyətli qərarları qaçışa çıxdığım zamanlar vermişəm.”

 

Mövzumuz qaçış deyil ancaq mən sadəcə qaçışla məşğul olmağın həyat tərzimizə verdiyi töhfələri qeyd etmək istədim. Chris-in bildirdiyi kimi, qaçışla məşğul olmaq onu günlük qayğılarından uzaqlaşdırıb daha aydın və düzgün fikirləşməsinə səbəb olmuşdur. O hətta dərs aldığı fənlərin birindən tapşırığı müəllimin istədiyi formatda yazmadığına görə dərsdən ən aşağı qiyməti almışdı. Bu isə təhsil sisteminin uşaqların yaradıcılığını məhv etməsinə dair bariz nümunədir.

 

Chirstopher McCandles universiteti bitirdikdən sonra həyatımız boyu əlləşib vuruşub əldə etmək istədiyimiz dərəcə və mükafatların əhəmiyyətsiz olduğunu deyirdi. O universitetlərin belə sadəcə trend olduqlarını və heçbir əhəmiyyət kəsb etmədiklərini bildirirdi. Və bütün bu düşüncələri ilə Christopher McCandles ailəsinə belə xəbər vermədən, sakitcə həyatı boyu davam edəcək bir səyahətə çıxmağı qərara alır. Onun məqsədi az pul və az əşya ilə səyahət etmək idi. Bununla o əslində hər birimizin əlimizdə olanla xöşbəxt ola biləcəyimizi bildirirdi. İnsan isə elə hey çoxunu arzu edir və heç vaxt doymur!

 

Onun arzusu Alyaskaya getmək idi və səyahəti boyunca gündəliyinə qeydlər edirdi. O arzusuna çatır və Alyaksada təsadüfən rast gəldiyi avtobusda yerləşib səyahətindən həzz almağa çalışır. Ancaq 4 ay sonra o qidalandığı bitkilərdən zəhərlənərək həyatını itirir. Chirstopher McCandles-in həyatından bu çıxarışları qeyd etmə məqsədim filmdə mənə təsir edən iki səhnəni ifadə etmə istəyimdir.

 

Chris səyahət etdiyi şəhərlərin birində restorana yaxınlaşıb içəri gizli bir baxış atır və vahimə ilə başını çevirərək oradan uzaqlaşır. İçəridəki iş adamlarının qeyri-səmimi gülümsəmələri, hərkəsin bir maska taxaraq birbirlərini aldatmaqları onun sifətində yaranan vahimənin təzahürüdür. Bu səhnə mənə təsir etdi çünki mən də o restoranda əyləşənlərdənəm dedim öz özümə. Qeyri səmimi gülüşlər…Rəsmiyyət…və oyuna çevrilmiş həyatlar. Məgər bu deyilmi bizim əlimizdən gələn?! Biz insanlar bu cür yaşayırıq. Pul üçün və vəzifə üçün özlərini və kimliklərini satan insanların yaşadığı planetdir dünyamız. Eyni vahimə mənim də üzümdə yarandı və hətta gözlərimdən bir-iki damla yaş süzüldü. Biz insanlar bir-birimizdən sadəcə istifadə etməyi bacarırıq ancaq heç birimizi bir qonşumuzun necə yaşadığı və tox olub-olmamağı maraqlandırmır. Kiminləsə dost olarkən ancaq istifadə məqsədi güdürük. Bu bizik! İnsanlar! Niyə də qaçıb gizlənməyəsən bu cəmiyyətdən?! Niyə vahiməyə düşməyəsən ki?!

 

Mənə təsir edən digər səhnə isə Christopher McCandles-in ölümünə bir neçə gün qalmış bu ifadəni qeyd götürməsi oldu:

 

“Xoşbəxtlik ancaq paylaşıldığı zaman həqiqidir.”

 

“Happiness is real when shared.”

 

Çayın digər tərəfində tələyə düşmüş Chris ömrünün sonuna yaxın yaşadıqlarını insanlarla və ailəsi ilə paylaşmaq istəyir. Onu da qeyd edim ki, çayda suyun səviyyəsi yüksəldiyi üçün o çayın digər tərəfində qalmalı olur və evə qayıda bilmir. Onun ürəyi yaşadıqlarını paylaşmaq istəyi ilə yanıb tutuşur və yuxarıdakı ifadəni kitabına qeyd edir. Bu səhnədən dərs almağımız gərəkən insnaların bir digərləri üçün nə qədər əhəmiyyətli olmasıdır. Birimiz digərimiz üçün çox önəmliyik. Və bəzən kiçik bir ünsiyyət belə günümüzü xilas edə bilir. Bir birimizdən istifadə etmək üçün deyil də, bir yararımız toxunsun deyə dostluqlar qurmalıyıq.

 

Süni və yalan dolu mühitimizi dəyişməyin vaxtı gəlib çatıb! Birimizin dəyişməyi bir müəssisənin və bir ailənin dəyişməsi deməkdir. Gəlin bunun üçün mübarizə aparaq!

 

 

 

Nərmin Yardımlı

30 may 2017
GO BACK