Qadin.NET / Qara Tərlan-Təslim nitqi (1832)

Qara Tərlan-Təslim nitqi (1832)

Qara Tərlan-Təslim nitqi (1832)

Qara Tərlan hindudur. O, hindunun utana biləcəyi heç nə etməmişdir. O öz həmvətənləri, hindu qadınlar və uşaqlar uğrunda buraya onları aldatmaq və torpaqlarını əllərindən almaq üçün ildən-ilə gələn ağ adamlara qarşı mübarizə aparmışdır. Siz bizim nə üçün vuruşduğumuzu bilirsiniz. Bu, bütün ağ adamlara məlumdur. Buna görə onlar utanmalıdırlar. Ağ adamlar hindulara nifrət edir və onları evlərindən qovub çıxarırlar. Lakin hindular yalançı deyillər. Ağ adamlar hindular haqqında pis danışır və onlara qəzəblə baxırlar. Lakin hindu yalan danışmır, oğurluq etmir.

Əgər hindu ağ adam kimi pis olsa, bizim xalqın içərisində yaşaya bilməz; o, ölümlə cəzalandırılacaq və canavarlara atılacaqdır. Ağ adamlar pis müəllimdirlər; onların baxışları yalançıdır və onlar ticarətdə aldadırlar; onlar yazıq hindunun üzünə gülürlər ki, onu aldatsınlar; onlar hindunun əlini sıxırlar ki, özlərinə qarşı inam yaratsınlar, onları sərxoş olanacan içirtsinlər və bizim qadınları korlasınlar. Biz onlara dedik ki, bizi sakit buraxsınlar və bizdən uzaq olsunlar, lakin onlar bizi təqib edir, öz cığırlarımızla getməyimizə mane olur və ilan kimi içərimizdə hərlənirdilər. Onlar toxunmaqları ilə bizi zəhərlədilər. Biz təhlükə qarşısında idik. Biz təlaş içərisində yaşayırdıq. Biz də zəhməti yaddan çıxararaq zəhmətkeşlərə yox, onlar kimi ikiüzlü və yalançılara, zinakarlara, tənbəllərə, boşboğazlara çevrildik.

 

Qara Tərlan-Təslim nitqi (1832)

Biz Böyük Ruha müraciət etdik. Biz böyük atamızın hüzuruna getdik. Biz ruhlandıq. Onun ali məsləhətləri bizə şərəfli sözlər və böyük ümidlər verdi, lakin biz məmnun ola bilmədik. İşlər pis gedirdi. Meşədə marallar yoxa çıxdı. Opossum(1) və qunduzlar qaçıb getdi, qadınlarımız və uşaqlarımız ərzaqsız qalıb aclıq keçirdilər; biz böyük şura çağırdıq və böyük tonqal qaladıq. Atalarımızın ruhları gəldi və bizimlə danışdılar ki, səhvlərimizi və yanlışlıqlarımızı bizə göstərsinlər. Biz hamımız şura odu qarşısında danışırdıq. Bu, çox isti və xoş idi. Biz müharibəyə çağırdıq və tomaqavkları(2) çıxartdıq; bıçaqlarımız hazır idi və Qara Tərlanın ürəyi öz döyüşçülərini savaşa apararkən sinəsində fərəhlə döyünürdü. O, məmnun oldu. O, məmnun ruhların dünyasına gedəcəkdir. O öz borcunu yerinə yetirdi. Atası onu orada qarşılayacaq və tərifləyəcəkdir.

Qara Tərlan

14 may 2017
GO BACK