Qadin.NET / Axmaq Lalita

Axmaq Lalita

 

Axmaq Lalita

 

Hamı ona Lalita deyirdi. Lal idimi? Yox, lal deyildi. Doğulduğu ölkədə qəribə bir qanun vardı. Anadan olan uşaq qızdırsa, bir neçə gün sonra onun dilini kəsirdilər. Beləcə ölkə danışa bilməyən, lal qadınlardan ibarət idi. Danışmaq hüququnu kişilər yalnız kişilərə vermişdi. Onun dilinin kəsilməməsinin səbəbini kimsə bilmirdi.

 

Axmaq Lalita

 

Bəziləri deyirdi ki, Lalitanın anadan olmasına bir neçə həftə qalmış bu dünyada yeganə doğması olan atası rəhmətə getdiyindən ilk günlər dilini kəsəcək kişi olmayıb. Günlər həftələrə, həftələr aylara, aylar da özünüz bildiyiniz kimi illərə çevrilib, beləcə qızın dili ağzında bütöv qalıb. Bəziləri isə deyirdi ki, qızın dili o qədər uzun imiş ki, kəsiləndən sonra qalan hissəsi belə adi insanların dili boydadır. Üçüncü qism insan isə deyirdi ki, bu dünyanın sonuna işarədir. Bir ölkədə ki, qadınların dili olmaya və eyni zamanda bir qadının bütöv dili ola. Bu işarəni anlamamaq üçün ya kor, ya nankor olmaq gərək. İşin ən qəribə hissəsi isə, sağlam dilə malik Lalitanın heç bir söz söyləyə bilməməsi idi. Və yenə bəziləri, başa düşdünüz də bəziləri dedikdə, qadınları nəzərdə tutmuram, axı, onların dili yoxdur – deyirdi ki, bu qadın millətinin nə qədər hiyləgər olduğunu göstərir. Başa düşür ki, danışsa, dili kəsiləcək. Digərləri isə deyirdi ki, bu qadın millətinin nə qədər qorxaq olduğunu göstərir. Qorxur ki, danışsa, dili kəsiləcək. Üçüncülər isə deyirdi ki, bu dünyanın sonuna işarədir. Təsəvvür edin, milyonlarla qadının deməyə sözü var, dili yox, birinin isə dili var, deməyə sözü yox. Bu ki, açıq-aydın işarədir. Lalita isə danışmırdı ki, danışmırdı. Hətta güzgü önündə dayanıb dilinə baxmağı belə xoşlamırdı. Ona elə gəlirdi ki, onun dili anormaldır, çünki rəfiqələri Dilbər və Dilafruzun dilləri daha qısa idi. Axmaq Lalita.

 

 

Or Cuvarlı

1 may 2017
GO BACK