Qadin.NET / Dünya bir pəncərədir

Dünya bir pəncərədir

 

Dünya bir pəncərədir

 

Salam əzizim, olar qarşında dayanıb səni seyr edim? Hə, məhz bu dəfə sənə tamaşa etmək istəyirəm. Bilirəm, fikirləşəcəksən ki, nə oldu bəs əvvəllər…? Haqlısan əzizim. Biz beləyik də, vaxtında hər şeyi anlasaydıq nə dərdimiz? Mən vicdansız da o birilər kimi qədrini indi bilməyə başlamışam. Başa düşürəm, çox gecdir, amma əlacım nədir? Yəqin incimərsən, deyilmi? Çünki mən kimiləri o qədər görmüsənki…

Ehhhh! Gündə səni açıb-örtməkdən təngə gətirmişdik. Sən yazıq bir dəfə dillənmədin ki, axı belə olmaz, mənə də istirahət lazımdır. Vallah, təmkininə heyranam. Bu qədər dözümü haradan toplamısan, hə? Yoxsa dünyanın gərdişini sakitcə seyr etmək üçün Allah səni elə lal, səbrli yaradıb?

İndi əllərimi qoyub qalxıram yanına. İcazə verərsən, ayaqlarımı sinəmə sıxıb başımı “köksünə” qoyum? …Ahh, şüşənin istiliyi ürəyimi də isitdi.

Uşaq vaxtı nəfəsimi hopdurub üstündə evcik şəkilləri çəkməyim yadındadır? Yox olub itənə kimi elə təsəvvür edirdim ki, həmin o əyri- üyrü evin içində yaşayıram. Hətta evin yanındakı ağaca dırmaşıb alma da dərirəm. Böyüdükcə xəyallarım da özünə yer tapmırdı: ürəklər, plus, minus, nə bilim, bərabər işarələri çəkməyə başladım. Gah kimisə üyərimə “yapışdırırdım”, gah da kiməsə minus qoymaqla hirsimi üstünə tökürdüm. Sən zavallı da hirslənmək əvəzinə ürəyimi ələ alıb nəvaziş göstərərdin: səhərlər mehi içəriyə ötürüb pərdəylə başıma sığal çəkəndə mən başıboş bunu anlamayıb hirslə pərdəni kənara itələyib səni örtərdim. İllah da ağcaqanadlar, milçəklər qonaq gələndə səndən necə hayıf çıxacağımı bilmirdim. Milçək öldürənlə hücum çəkib əzişdirəndə yazıq şüşələrin az qalırdı çilik- çilik olsunlar…

 

İndi əzizim, heç bilmədim səni əvəzləmək kimin ağlına gəldi. Məndən olsaydı səni qoruyar, ömrümün sonuna kimi nazınla oynayardım. Amma nə edim, ixtiyarın əlimdə deyil. Birazdan ustalar gəlib səni dəyişəcəklər. Nə bilim, deyirlər təzə qohumun qanacaqlı, mərifətlidir- içəri səs ötürmür. Guya ki, sən səsləri otağa gətirməklə yatmış hirsləri yuxudan oyadırsanmış?! Bir də acığın tutmasın, deyirlər ki, yaman qocalmısan. Yox, əzizim, biz səni əldən salıb qocaltdıq.

 

Təəssüf, səni daha yaxından anladığım bir zamanda itirmək məcburiyyətindəyəm. Gəl, sonuncu dəfə nəfəsimi sənə hopdurub heç vaxt demədiyim sözlərimi yazım. Bilirəm ki, səni bundan sonra heç kəs silməyəcək. Bax, yazıram – “Dünya bir pəncərədir, hər gələn baxıb gedər. Böyük varlıqsan ki, səbrlə bizi seyr edib hər hərəkətimizə dözmüsən. Biz isə bir dəfə də olsun sənin “dünyanın pəncərəsini” açıb baxa bilmədik. Ona görə bizi bağışla!”

 

… Səninçün çox darıxacam. Görəsən, ərköyün sahibindən ötrü darıxacaqsanmı?

 

Ülviyyə Heydərova

28 aprel 2017
GO BACK