Qadin.NET / Beşinci fəsil

Beşinci fəsil

 

Beşinci fəsil

 

İçində bir fırtına qopar. Bu bəzən çox səssiz hərəkət edər. Səssizliyin səni necə öldürür deyə bir film kimi izləmək şansın olar. Halbuki, bu filmdə təkcə rol alan sənsən. Öz filmindir istədiyin kimi oyna. Amma ki, gəldimi o, fəsil?! Qurtuluşu uzun çəkər. Bəlkə də heç zaman getməz. Çox gülməli və qəribə bir haldır. Tanımadığın bir yalnızlıq sənə bulaşır. Filmin janrı tragikomediyadır. Gülməyin belə yalnızlıq qoxar. Yalnızlığını belə bölüşmək istəyərsən. Məsələn: Tanımadığın qıza isti bir kofe içməyi təklif edərək. Ya da ki, kitab oxumaq üçün çağırarsan. Sənə baxmırsa deməli o, hələ sənin fikrini səhv başa düşür. Deyə də bilmərsən ki, yalnızlığımı bölüşmək istəyirəm. Anlamırsa, boş ver getsin. Deməli həmin şəxs yalnızlıq fəslində üşüməyib.

Sanki sərhədi olmayan bir səssizlik çöküb daxilinə. Qurtarmayacağını düşünürsən. Bir səs axtarırsan. Ya da özün vəhşicəsinə bağırmağa başlayırsan. Ən yaxşı üsul dəniz kənarına qaçıb, sahil kənarında bağırmaqdır. Elə bu zaman qəhvəyi gözlü bir qadın gəlir. Tanımırsan. Sarılır sənə. Gözlərinə yenidən baxmaq istəyirsən. Sonra saçlarına toxunursan. Mən yalnızam, bəs sən? sualını ünvanlayırsan qadına. Elə bu zaman o, səsini çıxardır. Amma qarışıq bir səs eşitmiş olursan. Sonra ətraf bulanıqlaşır. Və bir qapı səsi gəlir. Kimsə qapını döyür. Bu ərəfədə də sən yatağından yıxılırsan. Qarşında bir güzgü varsa, ona bax və ordakı simaya axmaqcasına gül. Onda sənə çatacaq ki, bu sadəcə yuxu idi. Qəhvəyi gözlü bir qadın, tanımadığın bir şəxs sənə yuxuda sadəcə sarılmışdı. Başla lənətlər yağdırmağa. Bütün hirsini qapı arxasında olan şəxsin üzərinə at. Çünki o, səni yuxudan oyatdı. Gətirdiyi çörəyə görə də hirslə, “çox sağol” de və qapını bağla. Yeməyini çox tələsik ye. Lakin tələsəcək bir yerin yoxdur ki, sənin. Ağlından çıxmır o, qadın. Halbuki yuxuda idi. Fikrində tutmusan ki, yeməyini bitirən kimi o, qəhvəyi gözlü qadını axtarmağa çıxacaqsan. Yalnızlıq üzərindədir. Elə geyindiyin o, qolu yırtıq pencəkdən bəlli olur. Bir aydır ki, pencəyini dərziyə apara bilmirsən.

 

Yalnızsan, çox bərbatcasına. Elə yalnızsan ki, bir dənə qız sənə xoş davransa, aşiq olduğunu zənn edəcəksən. Və başlayacaqsan şeir yazmağa. Sonra etiraf edəcəksən. O, qədər yalnızlıq fəslində oturmusan ki, bütün qadınların getmək üçün gəldiklərini yaddan çıxarda bilməyəcəksən. Çünki yalnızlıq fəslinə səbəbsiz daxil olunmur. Qadınlar kişilərə görə, kişilər isə qadınlara görə yalnızlıq fəslindəki boş bir skamya da əyləşirlər. Ancaq hamı eyni yerdə olur. Eyni şəhərin, eyni havasını udursunuz. Lakin, ayrılığı birlikdə yaşaya bilmirsiniz. Bunların hamısı sonradan sənə tragikomediya kimi gələcək. Özünü nə qədər zəhərləsən də, geriyə sadəcə yalnızlıq qalır. Ya sən, ya da o. Biz onsuzda hamımız bir gün yalnız olacayıq. Çünki yalnızlıq, ölümün əks üzüdür. Gec ya tez, heç bir fərqi yoxdur. Yalnızlığı dadmamış, sevdiyin şəxsin gözlərinə doyunca bax. Qoxla saçlarını, amma onun yanında qətiyyən danışma beşinci fəsildən.

 

Ceyhun Məmmədov

31 mart 2017
GO BACK