Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.
Novruz süfrəsi, xörəkləri və şirniyyatları
Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.
Bayram süfrəsini rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: "Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız".
Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir. Cənub bölgəsində xörək siyahısına plov (aş), balıq ləvəngisi (bu xörək mütləq şit balıqdan hazırlanmalı və eyni zamanda süfrəyə balığın başının da qoyulması vacibdir), qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, rulet (qatlama), partdama, qədnçörək (qəndkuka) aiddir.
Tahir Əmiraslanov bildirir ki, Novruzun əsas atributu paxlavadır. Onun sözlərinə görə, paxlava ulduzu, qadınlığı göstərir və doğum simvoludur: "Yeri gəlmişkən qeyd edim ki, Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı idi. Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin simvoludur".
Yeri gəlmişkən qeyd olunmalıdır ki, bayram ləzizlərinə səməni halvası da daxildir. T.Əmiraslanovun sözlərinə görə, səməni halvası həm niyyət üçün bişirilir, həm də o, sağlamlığa böyük xeyirdir: "Hər rayonun öz adətinə görə müxtəlif cür - şəkərlə, balla və sairə ilə hazırlanır".
Qovurğada isə buğda, çətənə, küncüt və boranı tumu olur. Eyni zamanda noxud, mərci və düyü də əlavə olunur. Onu da bildirək ki, sonuncu sadalananlar bir neçə gün suda isladıldıqdan sonra qovrulur.
Novruzun daha bir tərəfi onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.
İnanclar, xoş sözlər və fallar
Hər kəs Novruz bayramını öz evində qeyd etməlidir. Əks təqdirdə şəxs 7 il bayram axşamı evində ola bilməyəcək. Novruzun əsas tələblərindən biri də küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, həmrəyliyə dəvət olunması xarakterini daşıyır. Qədim azərbaycanlılar yaxşı biliblər ki, parçalanmış xalqı basmaq, yenmək düşmən üçün asan olur. Amma bir olan, vəhdət təşkil edən kütləni yenmək qeyri-mümkündür.
İlaxır çərşənbədə və bayram günündə qeybətə yol verilməməsi və yalnız xoş sözlər danışmaq tövsiyə olunur. Çünki həmin günü cavan oğlan və qızlar ürəklərində arzu tutaraq qulaq falına, yəni qonşuların etdiyi söhbətə gizlincə qulaq asmağa gedərlər. İnanca görə, pusulan qapıdan ilk eşidilən sözdən arzulanan niyyətin baş tutub-tutmayacağı bəlli olur. Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun da arzusu yeni ildə yerinə yetəcək.
Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Yeniyetmələr əsasən İlaxır çərşənbədə papaq atarlar. Papaq atılan evdə isə onun bayram nemətləri ilə doldurular və sahibinə qaytarılar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar. Çünki Novruz maddi vəziyyətindən asılı olmayaraq hər kəsin şənləndiyi bir bayramdır.
Bayram günü bütün mənzillərin qapıları açıq olar. Səhərisi isə insanlar bir-birinin evinə gedərək bayramlarını təbrik edərlər.