Qadin.NET / Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək!

Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır.

Bu çərşənbə “Üskü/Üsgüçərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə”adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. Azərbaycanda tunc dövrü dini əqidələrindən biri də Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə də rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə-oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi anladan müxtəlif vasitələrdən istifadə edərək qəbri işıqlandırdıqlarına inanmışlar. “Qəbrin nurla dolsun” ifadəsini də bu ayinlə bağlamaq olar.

 

Od çərşənbəniz mübarək!

 

 

Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da “ocaq” adlandırmışlar. Ocağa and ən güclü və etibarlı mövqe hesab olunmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: “Günəş haqqı, odhaqqı”- demişlər. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr də əcdadlarımızın inanclarından doğmuşdur. “Oddan pay olmaz” - demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar.

Digər inanca görə isə, çərşənbə axşamı təndirlərdəki, soba və manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab etmişlər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın “haradan gəlirsən” sualına “toydan-bayramdan gəlirəm”, “nə gətirmisən” sualına isə “şadlıq, salamatlıq” cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.

Su çərşənbəsində olduğu kimi gün doğmadan evdən çıxıb qayıdana kimi “lal olmaq” adəti də bu çərşənbənin ayinlərindəndir. Rituala görə ev sahibi xoruz banı eşitmədən bir kimsəylə danışmadan evdən çıxar, bağçadakı fındıq və ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd-nəzərdən, bədxah ruhlardan qoruma gücündə olur.

 

Od çərşənbəniz mübarək!

 

 

Atəş tanrısı odu və ocağı qoruyur. Od, insanı yaşadığı yerə-yurda, el-obaya bağlamışdır. Babalarımız insanın məskən saldığı yerə ocaq demişlər. Ocaq evin, soyun davamını təmsil edir. Atəşə su tökülməz, ona pis söz deyilməz. İnanclara görə, insan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər.

Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyirin qələbə çalacağına inam ifadə olunur. Ulularımız od, ocaq qarşısında səcdəyə durmuş, ətrafında oyun və ayinlər icra etmişlər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri bunun bariz nümunəsidir. Od çərşənbəsində bir çox mərasimlər keçirilir. Odla bağlı ritual və mərasimlər sakral mahiyyət daşıyır. Hələ qədim dövrlərdən insanlar ocağı qoruyub, oda hörmət etmişlər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olmuşdur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini Od çərşənbəsində də icra olunur.

Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.

Bu çərşənbədə də kifayət qədər ocaqla, odla bağlı ayinlər icra olunur. Tonqal qalama mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq həmin böyük tonqalın yanına gedərək oradan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir.

Pərdə aldım, tül oldu,

Taxılım sünbül oldu.

İkinci çərşənbənin,

Eldə adı kül oldu.

Bu çərşənbədə keçirilən qədim mərasimlərdən olan “pülənbəri” və ya “yanar körpü” zamanı qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurar, “Çalış, alış tonqalım, yeddi qarış tonqalım, qoy alovun gur olsun, üzümüzə nur dolsun” və bu kimi nəğmələr oxuyarlarmış. Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək od vurulmuş “yanar körpü” altından bütün kənd əhli, mal-qarası, toyuq-cücəsi keçirilərmiş. “Aynaçəkmə-aynaçağırma” mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb “hurrey” çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilərmiş.

Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Əcdadlarımız inanmışlar ki, yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəm toxunar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanırmışlar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmir. Bəzi bölgələrdə tonqala üzərlik də atarlarmış. Bununla da bədnəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı “öldürürlər”. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır və deyir: “Ağırlığım, uğurluğum odda yansın”. Tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır.

Mən aşiqəm, çökərlər,

Sındırarlar, sökərlər.

Novruzda ağırlığı,

Tonqal üstə tökərlər.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanmışdır.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də süfrələr bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. İnanca görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər “ocaq yanar, qazan qaynayar”, il bərəkətli olar.

Səhər Orucova

6 mart 2018
GO BACK