Bu diyarlara qonaq gələn küləklər tez bir zamanda bütün olanları özləri ilə apardılar. Aparılanın yaxşı ya pis olduğunu müəyyənləşdirməyə imkan tapmamış, yağışlar yağmağa başladı. Bütün izləri silib apardı. Yaddaşlarımız bom-boş qaldı. Gözlərimizdəki ifadəsizlik ruhumuzun maskasına çevrildi. Qaranlıq gecələrdə qapı arxalarından gələn ağlamaq səsləri sükutla əvəz olundu. Duyğularımız söndü. Hiss etdiyimiz nə var idisə, vərdiş halına çevrildi. Qaçdığımız diyar bizdən qorunmaq üçün sərhədlərə büründü. İnsanların qəlbində yer tapa bilmədikcə öz qəlbimizdəki sərhədləri genişləndirdik. Boşluqlar bizi daha çox incidirdi. Boşluğun yerinə fərqli duyğularlar qoymağa başladır. Ruhumuza yad olan duyğular. Paxıllıq, həsəd, nifrət kimi. Bunların bizi daha güclü etdiyini düşünməyə başladıq. Sonra oturduq və olan nə varsa hamısını bunda günahlandırmağa başladıq. Güzgüdəki əksimiz günahkar idi, amma biz günahsız olduq. Biz özümüzü saf gördük, bütün bunlara icazə verdiyimiz halda.
Heç vaxt görmədik. Güzgülərdəki əksimiz silinmişdi. Qaranlıqlar bürümüşdü əks olunan ruhlarımızı. Onlara kölgə adı verib görməzdən gəlməyə başladıq. Ehtiyaclar qəlbimizə sancılan xəncərlərə çevrildi.
Bütün bu yaralardan sonra bunların ehtiyacmı yaxud acgözlük olduğunu aydınlaşdıra bilmədik. Fərqinə varmadan yaşayırmış kimi davranmağa davam etdik.
Kimsəsizlik dənizlərində üzürdük. Gündüzlərin gecələrdən fərqi yox idi. Gözlərimizi yumub dodaqlarımızı yalan gülüşlərə məcbur etdik. Bir gün biz olmaq istədik. Özümüz olmaq istədik. Amma özümüzün bizdən qaçıb çox uzaqlara getdiyini gördük. Biz kim olmuşduq? Nə idik?
Müəllif: Aidə Ustaclı