Yəqin ki bir çoxunuz ayın üfüqdən ilk yüksəldiyi zamanlarda böyük görsəndiyini , sonra səmaya qalxdıqca kiçildiyinin şahidi olmusunuz. Məsafə olaraq yerdən eyni uzaqlıqda qalan, mütləq ölçüləri də dəyişməyən peykimizin bu şəkildə əvvəlcə iri sonra isə nisbətən kiçik görünməsi tarixən bir çox elm adamını düşündürmüş , bir çox alimlər bu haqda fərziyyələr irəli sürmüşdür.
İlk olaraq günümüzdə də bu mövzu ətrafında ən doğru fərziyyə olaraq qəbul olunan fikri 10-cu, 11-ci əsrlərdə yaşamış İbn əl-Haytəm (Alhazen) irəli sürmüşdür. Onun yazdığı Kitab al-Manazir ( Optika kitabı) əsəri latıncaya tərcümə edilmiş və əsrlər boyu bir çox fiziklər tərəfindən qaynaq olaraq istifadə olunmuşdur. Bundan əlavə görmənin intramissiya teoriyasının doğru olduğunu praktiki olaraq sübüt edən ilk alim məhz İbn əl-Haytəm (Alhazen) olmuşdur. Tarixən gözlərin necə görməsi ilə bağlı irəli sürülən Evklid və Ptolomey tərəfindən də dəstəklənən emissiya nəzəriyyəsi ( işığın gözlərdən çıxdığını iddia edən) ilə Aristotel və tərəfdarları tərəfindən dəstəklənən intramissiya nəzəriyyəsi ( işığın gözlərə daxi olduğunu iddia edən ) arasında mübahisəyə də son qoyulmuşdur.
İbn əl-Haytəm (Alhazen) ayın üfüqdə olarkən daha iri olmasını fiziki amillərdən daha çox, insan beyninin aldatmacası olduğunu iddia etmişdir. Belə ki, onun nəzəriyyəsinə əsasən insan beyni cismlərin ölçüsünü digər cismlərə və arxa plana əsasən təyin edir. Üfüqdə olan ay beynimizin böyük olaraq alqıladığı cisimlərlə ( məsələn evlərlə) müqayisədə eyni ölçüdə olduğu üçün , ay üfüqdə daha iri, səmaya tam yüksəldikdən sonra isə arxa planda müqayisə olunacaq cisimlər olmadığından daha kiçik görsənir. Məsələni daha aydın başa düşmək üçün aşağıdakı videoya baxa bilərsiniz.
Aqil Hüseynzadə