Kuvada nədir?
Adətlər haqda danışarkən çox vaxt bir adətin və ya inanc şəklinin müəyyən bir topluma, eyni yerdə yaşayan insanlara aid olduğunu düşünürük. Lakin bəzən adiləşmiş qaydalardan kənara çıxan təcrübələrə də rast gəlmək mümkündür. Buna kuvadanı misal çəkmək olar. Kuvada adəti dünyanın fərqli bölgələrində, tam ayrı irqə, dinə mənsub insanlar arasında yaşanmış təcrübələrdəndir. “Kuvada” sözünün etimologiyası fransızca “couver” “ bala çıxarmaq, yumurta qoymaq” sözündən gəlir, maraqlı burasıdır ki, bu termin altındakı “ balalamaq” mənası qadınlara deyil, kişilərə aid edilir. Asiya, Afrika, Amerikaya müxtəlif dövrlərdə səyahət etmiş səyyahlar, missionerlər öz gündəliklərində atanın uşağın dünyaya gəlməsi və sonrakı günlərdə riayət etdiyi bəzi adətlər haqda qeydlər aparmışdılar; etnoqrafların əlinə keçmiş bu qeydlər sonralar bir məzmun altında birləşdirilərək “kuvada” adı verildi. Bu adətlərin ümumi cəhəti uşağın doğumundan öncə və sonra atanın kəskin alətlər işlətməməsi, müəyyən qida rejimini gözləməsi və s kimi davranış qaydalarına riayət etməsidir, inanılırdı ki, uşağın gələcək kimliyi atanın bu dövrdə özünü necə aparmasından asılıdır. Ərlər doğuş çığırtılarını və anını xatırladan hərəkətlər edərək yatağa uzanardılar və ya hətta qadın paltarı geyinərdilər. Doğuş bitdikdən sonra isə uşaq ataya verilərdi, ana gündəlik təsərrüfat qayğılarına geri döndüyü halda, ata uşağın ilk günlərdəki əziyyətini çəkərdi.
Kuvada dünyanın müxtəlif yerlərində…
Karib dənizi adalarının yerli əhalisi arasında kuvadaya ciddi şəkildə əməl olunurdu. Uşağın doğulmasından sonra ilk beş gün ərzində ata heç nə yemirdi, növbəti on gün ərzində oyyuk adlı içki içirdi. Daha on gün keçdikdən sonra isə yalnız maniok bitkisini yeyə bilərdi ki, bu rejim tam bir ay davam etdirilməli idi. Qırx gündən sonra ( ??? p.s. günümüzdə uşağın doğumundan sonra “qırx gün” rejim gözləmək bizə də yad deyil) yeni doğulmuş körpənin evinə valideynləri təbrik etmək üçün qohum-əqrəbları yığışırdılar. Mərasim atanın dərəsini balıq sümüyü ilə cızıb, yerinə bibər sürtməklə başlayırdı. Altı ay müddətində ataya balıq və ət yemək olmazdı, bu qidaların uşağın qarnını pozacağına inanırdılar. Və ya əgər ata tısbağa yeyərdisə uşağın kar və ya kütbeyin olacağını da düşünürdülər.
Hindistan da kuvadaya ciddi şəkildə əməl edirdi. Hələ 11-ci əsrdə Əl-Biruni Hindistanlıların adəti haqda yazırdı: “ Uşaq doğulanda insanlar anaya deyil, ataya daha çox diqqət ayırır.” Yeddi-səkkiz əsr sonra buranı ziyarət edən Avropalılar yazacaqdılar: “ Qucaratda aşağı kastalar arasında doğuşdan sonra qadın sanki heç nə olmamış kimi işinə davam edir. Əri isə yataqda uzanır və müxtəlif təamlarla qulluq edilir. Düşünülür ki, qadının bütün zəiflikləri doğuşdan sonra ərinə keçir.”
Çində Myao toplumu arasında kuvadaya rast gələn Marko Polo qeyd edirdi: “ Qadın doğduqdan sonra, uşağı yuyurlar, əskiyə bükürlər, qadının əri uşaqla bərabər yatağa uzanır; qırx gün uzanmalı idi. Dostları və qohumları ona baş çəkirlər, əyləndirirlər. Qadın hamiləlik dövründə əziyyət çəkdiyi üçün növbəti qırx gündə də yataqda uzanması əlavə əziyyət hesab olunduğundan bu işi ərinə ötürür.”
San Kristobal və Solomon adalarında uşağın dünyaya gəlməsindən sonra iki-üç həftə müddətində ata günəşdən, yağışdan, sərin küləkdən özünü qoruyurdu. Ağır yük qaldırmaqdan, fiziki iş görməkdən çəkinirdi.
Avstraliyada Kaitiş tayfalarında yoldaşı doğuş keçirən ər üç günlük evi tərk edir, üstündəki bütün bağlı ipləri, bilərzikləri açırdı. Doğuş zamanı əyində bağlı iplərin olması qadının sancısını çətinləşdirdiyini düşünürdülər.
Afrikanın bəzi bölgələrində də kuvadaya rast gəlinib. Burada ər uşağın doğumundan öncə və sonra evə yaxın gəlmirdi və ət yeməkdən çəkinirdi; atanın ət yeməsi uşağa zərər verəcək deyə qorxurdular.
Sardiniya adasında ər yoldaşının boşqabından onunla eyni yeməyi yeməli idi.
Fransanın Bearn vilayətində doğan qadının yanına ərinin paltarını qoyurdular ki, qadının ağrıları yoldaşına keçsin. Buna oxşar adətlər Şimal dənizində Alman adalarında da yaşanırmış.
Laplandiyada hamiləlik keçirən qadının əri kəskin alətlər işlətməməli idi.
İngiltərədə isə düşünürdülər ki, hamilələik ağrıları kişilərə də ötürülə bilir və kişilərin bu zaman hiss etdikləri ağrılar nə qədər çox olardısa yoldaşının doğuş sancısı bir o qədər yüngül keçəcəkdi.
Kamçatkada hamiləlik keçirən qadının ərinə ağır və təhlükəli iş görmək qadağan olunmuşdu, bunun qadının və uşağın həyatı üçün təhlükəli olacağına inanırdılar.
Cənubi Hindistanda qadının sancısı tutan kimi əri onun paltarını geyinir, yoldaşının alnındakı işarəni özünə də çəkir, qaranlıq otağa çəkilir və uzanır. Uşaq doğulandan sonra yuyulub atasının yanına uzadılır. Müəyyən müddət tutumlu yeməklər yedizdirilir və yataqdan durmağa icazə verilmir.
Kuvadanı araşdırarkən…
Burada müxtəlif araşdırmaçıların fikri bir-birinə əks gedir. 1889-cu ildə Tomlinson düşünürdü ki, kuvada ilkin “bioloji” qaydadır, ilk məməlilərdə hər iki cins balasını yedirdə bildiyi üçün bunun izləri insanların sonrakı davranışlarında da qalmışdır. Lakin bəşəriyyət öz ibtidai vərdişlərini “yaddaşında” saxlaya bilmədiyi üçün Tomlinsonun bu fikri dəstəklənmədi.
Maks Müllerə görə isə kuvada matriarxatın izləridir, ona görə də dünyanın müxtəlif yerlərində rast gəlinir. Ancaq burada bir sual doğur: bəs doğuş anından sonra heç nə olmamış kimi gündəlik işlərinə qayıdan, ərinə və uşağına qulluq edən qadınların hallarını necə yozaq? Bu adətdə matriarxatın izlərini görmək bir az çətindir.
1861- ci ildə Baxofen daha uyğun fikir irəli sürdü, sonralar Eduard Taylor bu fikri dəstəkləyərək inkişaf etdirdi. Onlara görə, kuvada matriarxatlıqdan patriarxatlığa keçid zamanı yarandı; bu, atanın öz uşağını tanıması, onun soyundan gəlməsinin fərqinə vardığı dövr idi. Ona görə də qadının doğuş zamanında və ondan sonrakı dövrdə bu işdə yaxından iştirak etməyə can atırdı. Taylor statistik qeydlər apardı, kuvadanın ən çox soyu atalıq xəttilə davam etdirən toplumlarda rast gəlindiyini qeyd etdi. Lakin analıq xəttinin hökm sürdüyü Aravak ( Cənubi Amerika) və Makuşi ( Cənubi Amerika) toplumlarında da kuvada adətinin yaşanması bu fikrə də şübhə saldı.
Hətta müasir günümüzdə də doğuş sancısını azaltmaq üçün qadının üzərindəki geyimin iplərinin, saçının açılmasını tələb edən hərəkətlər mövcuddur. Frezer (1910) bu kimi adətləri izləyərək kuvadanı maqiya ilə əlaqələndirmişdi. O, kişi fiqurunu hazırlayıb doğan qadının yanına qoymaqla ağrını azaltmağa çalışmağı, ipləri açmağı maqiya əlamətləri hesab edirdi.
Kuvadanın yaranması səbəbləri haqda müxtəlif fərziyyələr olsa da heç birinin məntiqli açıqlaması mövcud deyil. İndi bunu bəşəriyyətin keçdiyi inkişaf yolu kimi görə bilərik. İnsanlıq bugünkü məqamına birdən birə gəlmədi, uzun yol qət etdi və hələ də etməkdədir. Gələcəyin qadın-kişi münasibətləri necə olacaq bu da artıq başqa mövzudur. İndi kuvada adətləri qadınlara tətbiq olunur, doğuş zamanı gözlənən bəzi rituallar və ya doğuşdan sonrakı “müqəddəs” qırx gün müddəti qadınların etməli olduqları hərəkətlərdir.
Aygün Qurbanlı
mənbə: E. B. Taylor, “ Bəşəriyyətin erkən tarixinə dair araşdırmalar”; A. M. Xazanov, “ Sirli Kuvada”