3D formatında yazmaq istəyir barmaqlar. güzgüyə toxunub digər dünyaya keçmək . paralel dünyalara səyahət etmək , azmadan, itmədən. Yenidən öz dünyana qayıda bilmək. Çırpılma kimi. Realığa çırpılıb parçalanmaq istər kimi. Parçalanmış zərrəçiklərdən yenidən yaranıb, yenidən məhv olmaq istərcəsinə. Görünəni görünməzə bürüyüb seyr etmək görünənləri. Ancaq özün kimilərin anlayacağı dildə danışmaq. Musiqi kimi axmaq ruhdan ruha.. Fəth etmək fatehlər kimi ruhları. Sonra tərk etmək. Fəth edilmişləri özlərini yaratmağa icazə vermək. Sıfırdan yaratmaqlarına icazə vermək.. Ah görürsən necə itiblər, azırlar.. Xaosa büründülər. Azadlıq xaos yaratdı xəritəsizlər üçün. Hara gedəcəklərini bilmədən eyni yerdə dövr edib durdular. Dairələr uçurumlar yaratdı. Monotonluq vərdiş halına gəldi, vərdiş yazılmamış qanuna çevrildi. Barmaqlar klaviaturaya toxunduqda.
Yazmaq bir piano çalmaq kimi hal alır.. Sankı barmaqların ağ və qara dillərdə hərəkət edir.. Musiqi kimi axıb, dolur ruhi həyatla reallıq.. Böyük bir silkələnmə, uçurumdan tulanmaq, amma yerə düşmürsən... Paramparça olmağa bir metr qalmış havadan asılı qalırsan.. Cismin hava ilə rəqs edir. Yazdığını, yazdığın mənanı, bəzən, özün anlayırsan.. Hər kəs ayna deyir, özümü gördüm deyir.. Sən isə öz yuxundasan.. Və yuxuların necə oxşar oldugunu düşünürsən, bəzən düşünmək istəmirsən. Yeganə varlıq olmağı arzu edən egon səni divara dirəyir. Mübarizə aparırsan, gah bənzərsiz olduğunu qəbul edirsən, gah da bütün bunların egonun, nəfsin arzu istəyi olduğunu dərk edirsən. Nəticə nədir? Güzgü qaşısında öz dırnaqlarının öz üzünü cırmaqladığını görürsən. Nəticə yoxdu. Yer kürəsi kimi dövrədəsən. Kainat dövr edir, atomların, neytronların, ionların dövr edir, sənmi etməyəcəksən? Dərvişin etdiyi rəqsi kimi, pərvanə işığın ətrafında döndüyü kimi dönüb durursan. Fırlan, fırlan. Dövr etdiyin dairə bir dərvişin rəqsimi, yaxud əyyaşın musiqidə özünü itirməsimi? Bax ,dövrənin mənası burda çıxır ortaya...