Filmi saytda təsadüfən gördüm. Nə adını eşitmişdim, nə də hansısa tanış məsləhət görmüşdü. 6 saat olduğunu görəndə tərəddüd elədim, amma riskə getdim və baxdım. Hələ yarısına bu gün, yarısına sabah baxmaq məqsədi ilə başladım kinoya, amma birnəfəsə baxdım. Eynilə əlinizdən yerə qoya bilmədiyiniz, bir gün içində oxuyub bitirdiyiniz o kitab kimidir. 500 səhifə olsa belə bitəndə məyus olursuz, bir neçə gün təsirindən çıxmırsız. Filmə gecə 12-də başladım, səhər 6-da qurtardı, amma sona çatanda kinonun bitməyindən narazı qaldım, yatmaq istəmirdim, oyaq qalıb onları fikirləşmək istəyirdim. Filmdə hər bir hiss, hər bir təsadüf, hər bir reaksiya- hər şey real həyatda ola biləcək dozadadır. Nə çox, nə də az. Hələ ki, Matteonun anasının üzündəki kədər. O kədər nə qədər səmimi idi… insanı məhv edir.
1960-cı illərdən etibarən 2000-ci illərədək olan zaman ərzində İtaliyada baş verən dəyişiklərlə birgə insanların çılğın cavanlıq həyatı, dəyişməkləri, yaşlanmaqları.. Hamısı gözünüzün önündə olur. Nicola norveçli qızlar haqda belə yazmışdı: “ Norveçli qızlar xoşuma gəldi. Kompliment edəndə italyan qızları kimi ciddiləşmirlər.” Bu cəhətdən italyan qızları bizimkilərə oxşayır)) Filmdə ən çox təsirləndiyim Matteo oldu. “Cəsur və kədərli” Kinoda bu xarakter tam “mənim adamım”dır deyə bilərəm.
Film hansısa ifrat şok səhnələrlə 6 saat olmağını kompensasiya etməyib, əksinə, hərşey olduğu kimidir və buna baxmayaraq qurtaracağından qorxursuz, o xarakterlərdən ayrılacağınızdan…Ümumi olaraq hansısa xarakterə köklənib digərlərini səthi təqdim etməyib rejissor. Mənə görə, film tarixinin şahəsərləri sırasında olmalıdır.
Filmə unutulmazfilmler.com saytında alt yazı ilə baxdım. Öz səslərini eşitmək də ayrı bir zövqdür. Bəzi italyan sözləri də öyrəndim. “Komplimenti- təbrik edirəm.” “Bambino- uşaq” və s.
Ümumiyyətlə, bu film haqda yazmayacaqdım. Çünki nə yazsam da 1 faizini belə ifadə etməyəcək. Soruşsaz ki, “bu filmdə qeyri-adi nə var ki? “ –Tamamilə heçnə. Danışılası yox, baxılası filmdi. 6 saat bitəndə, yeni bir 6 saat arzulayacaqsız.
Kinoklik