*Ey oğul, bir şeyi ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin hər şey üstündə özünü təhlükəyə də vermə.Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki, gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq ələ gətirməkdən çətindir.
*Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. Yoxsul adamın qədir-qiyməti olmaz.İnsanın ən ağır günü ehtiyacdır..
*Hər bədbəxtliyin bir səbəbi vardır, yoxsulluğun da səbəbi israfçılıqdır.İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək, danışmaq-Hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu incidər, ağlı çaşdırar,ömrü söndürər.
*Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və arzularına çata bilməz.Nəyin varsa və sənə nə lazımsa hamsını özünə xərclə.Doğrudur, mal şirin olar, lakin candan şirin ola bilməz
*Pul sələmə verib, sələmə alma, borc istəməyi ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri istəmək ən ağır işdir.borc verdikdə onu artıq özünki hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni isə dost etmək çox çətindir.
*Ey oğul evlənsən öz hörmətini qoru, mal şirin olsa da onu arvad-uşağdan əsirgəmə. Arvadı yaxşı saxla, övladı üzüyola, mehriban tərbiyə et, bu sənin əlindədir. Amma arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyə görə məşuqəni seçərlər. Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız var ikən ,ər görmüşə meyl salma, qoy onun qəlbində sənin məhəbbətindən başqa heç kəs olmasın, elə təsəvvür etsin ki, bütün kişilər eyni cür olar, başqa kişilərə meyli düşməsin..
*Arvaddan şübhələnib onu qısqanmasan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu yaxşı dolandırsan, o sənə atadan, anadan və uşaqlarından daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min düşməndən daha qorxulu düşmən olar. Yad düşməndən qorunmaq olar, lakin arvaddan yox.
*Ey oğul, elm və sənətdən hər nə öyrənmək lazımsa, hamsını övladına öyrət, beləliklə sən atalıq borcunu və atalara xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan. Pul, qızıl hər nə arzu edirsə, imkan daxilində ondan əsirgəmə, qoyma ki, o pul xatirinə sənin ölmünü istəsin, miras üçün bədnam olsun. Elm alıb sənət öyrənmək övladın haqıddır. Övlad pis də olsa sən ona baxma, elm və sənət öyrətməkdə səhlənkarlıq göstərmə.Heç bir dərrakəsi olmasa, sən öyrətsən də, öyrətməsən də həyat onu öyrədəcəkdir. Deyiblər ki" Ata-anası tərbiyyə etməyəni gecə və gündüz tərbiyyə edər"
*Oğluna qız alarkən və ya qızını ərə verərkən çalış öz qohumlarından olmasın, qızı özgələrindən al, qohumu alsan da almasan da onun əti ətindən, qanı qanındandır. Başqa qəbilədən al ki, həm sənin qəbilən qohumluğunda qalsın, həm də özgə bir qəbilə yeni qohumun olsun, beləliklə , gücün ikiqat artsın, köməyin iki olsun.Gözəl kürəkən seç, qızını kifir adama vermə. Adaxlı gözəlüz, əlidüz, təsərrüfatdan başıçıxan olmalıdır. Bilməlisən ki, o qızının xərcini haradan və hansı yolla ələ gətirir. Lakin, kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı olmalıdır ki, o səninlə fəxr etsin, sən onunla yox. belə olduqda qızın da rahat yaşayar.
*Ey oğul, bil, insan nə qədər sağdır, onun dosta ehtiyacı var. Tez-tez dost dəyişdirməyi adət etmə. Namərdlə dostluq etmə, Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tuturlar, səni yox.
*Mümkün qədər çalış özünə düşmən qazanma. Lakin düşmənin olsa ,kədərlənmə, ondan da qorxma.Hər kəsi öz yerində oturtmağı bacar.Öz qədrini bilməyən adamın mərdliyində nöqsan var.