Evdə , rahat kreslomda oturub kitab oxuyurdum ki, birdən kiminsə ötkəm səslə harayladığını eşitdim. Səsin gücündən bizim həyətdən gəldiyini o saat anladım. Pəncərəyə yaxınlaşdım. Dolu, orta yaşlı bir qadının dayanmadan nəsə deməyə çalışdığını gördüm . İlk baxışdan dilənçi olduğunu yəqin etsəm də, nə istədiyini dəqiqləşdirmək üçün soruşdum.
- Ay xala, kim lazımdı?
Qadın sözləri ipə düzürmüşcəsinə , elə sürətlə danışırdı ki, heç nə anlamadım. Onu bilirəm ki, əlindəki torbanı göstərib nəsə deyirdi. Onu anlamadığımı başa düşüb ki, nitqinə ara verib, aramla :
- Ay bala, hələ düş gəl həyətə, dedi.
Uşaqlıqdan dilənçilərdən qorxduğum üçün,hələ də canımda qorxu qalıb doğrusu. Küçədə oynamağa meylli uşaq olduğum üçün, kimin yekə, qara xalı varsa, dilənçilər onu oğurlayıb aparır , demişdilər evdəki böyüklər. Buna görə diz büküyümdəki xalımı görərlər deyə dilənçi görən kimi qaçıb evdə gizlənirdim. Nə isə...
Oğlumu yanıma alıb həyətə, qadının yanına gəldim. Əlindəki torbadan bir şüşə bal çıxarıb mənə göstərdi. Hər şey məlum oldu artıq. Qadın bal satandır. Yenə də dil-boğaza qoymadan, hey hüdüləyib tökürdürdü.
- Xala, ehtiyacım yoxdur , istəmirəm.
- Sən, Həzrət Abbas götür. Yolda qəza eləmişik, pul lazımdı.Birini də qonşun İlhamə aldı.
Ilhamə məndən iki küçə aralı yaşayır, bu hardan bildi ki, mən onu tanıyıram. Yəqin elə İlhamə göndərib bura. Bilir ki, bir-iki ağız təkid eləsə, lazım olmasa da balı götürəcəyəm. Ona görə də almamağı öz-özümə qət elədim.
- Xala, Vallah da, Billah da evdə bal var, heç yemirlər də...
- Yoxeey, balamsan tut bunu.
- Heç pulum da yoxdur. Əziyyət çəkmisiz...
- Pul istəmirəm, nə qədər versən götürəcəm.
Əcəb işə düşdüm. Bu heç xeyirli işə oxşamır.Bu qadına nə düşüb ki , mənə pulsuz nəsə verə. Gözləyək, görək axırı nə olur.
- Heç elə də iş olar? Pulum olsaydı alardım, dedim...
- Nöş olmur, bunu götür, bir mişıx (kisə) kartof, hələ pendir də verəcəm sənə.
- Yaşxı. Neçəyədir?
- heç neçiyə 25 manat ver bəsimdi.
gözüm böyüdü. Mən düşünmüşdüm ki , qadın belə çıxılmaz vəziyyətdə yəqin ki, çox aşağı qiymət deyəcək. Cavabımı gecikdirib, udqundum.
- Ay xala, götür balını, Vallah evdə var heç yemirlər də.Nə də o qədər pulum yoxdur.
_ Yox mənə qaytara bilməzsən. On beş ver çıxım gedim.
Qadının davranışı bütün əsəblərimi alt-üst eləmişdi. O an ,ən böyük arzum ondan qurtulmaq idi. Amma deyəsən bu asan olmayacaqdı. Fikirləşdim ki, kartof və pendir də versə, on beş manat yaxşıdır. Bu arada qadın çox fikirləşdiyimi görüb, gözümün içinə baxa-baxa :
- on manat da versən olar, dedi.
- Yaxşı, deyib razılaşdım. Evə gəlib on manatı götürərkən, ürəyimdə qadını yamanlayırdım. Mənə lazım idi bal? Heç xalis olub, olmadığını da bilmirəm. Allah bilir nədi...
Qadına pulu uzadıb, sağollaşıb pilləkənlərlə evə qalxırdım ki, arxadan qadının səsini eşitdim:
- Ay bala, balamsan acından da ölürəm,mənə bir az yemək də ver. Səhərdən heç nə yeməmişəm.
Bu da çox oldu haa... Allahından qadına qəzəbliyəm, boşyerə vaxtımı, pulumu itirdim. Ayda , ildə bir dəfə evdə tək qalıb , sakitliklə kitab oxuyacaqdım ki, gəlməyi bəs deyilmiş kimi, yemək də istəyir. Arxaya çevrilib qeyri-ixtiyari əsəbi halda, bacardıqca mülayim görünməyə çalışaraq, cavab verdim:
- Nə yeyirsiz ki?
- Heç eləcə evdə bişirdiyindən. Yanımda oğlumgil də var.Nə olsa yeyərik.
Evə gəlib, mətbəxə keçdim. Günorta üçün hazırladığım, amma hələ nahara evə gəlməmiş ailə üzvlərimə hazırladığım, səbzili balıq buğlamasından , qadının yanındakıları da nəzərə alaraq bir qaba yığıb qadına apardım.Xala sağ ol-sağ ol deyərək həyət qapısından çıxıb, uzaqlaşdı.
O gedəndən bir müddət sonra qadın haqda fikirlərim tamam dəyişdi. Qəfil baş verən bu gəliş əslində bal satmaq məqsədi daşımırdı. Üz- gözündən dilənçilik yağan bu qadın elə sözün əsl mənasında dilənçi idi. “Balı” sadəcə məqsədindən suiistifadə etmək üçün , istifadə eləmişdi. Satdığı balların puluna hər hansı bir yeməkxanadan yemək alıb yeyə bilərdi. Deyək ki, belə bir səriştəsi yoxdur, dediyi kimi pendiri varmış, çörək alıb öz xurcunundan yeyib, hörmətlə yola salına bilərdi...
Bu həyatımda rastlaşdığım ikinci qeyri-müəyyən hadisə oldu. Təəssüf ki, sonuncu olduğundan da əmin deyiləm.