Qadin.NET / Çörək bişirən köməkçim

Çörək bişirən köməkçim

Çörək bişirən köməkçim


Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.

 

Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.

 

Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.


 

Çörək bişirən köməkçim


 

 

Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.

 

Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.

10 iyun 2011
GO BACK