Qadin.NET / O qədər xoşbəxtdir ki...

O qədər xoşbəxtdir ki...

O qədər xoşbəxtdir ki...

Əslində qonşumuz Ətirə xalanın ailəsi o qədər xoşbəxtdir ki... Oğlanlarının hər birini ucqar bir dağ kəndindən evləndirib. Hamısı da bir həyətdə yaşayır. Uşaqların səsi toyuqların səsinə, toyuqların səsi bir -birinə qarışıb. Həyətin ən şanslı insanı 3 yaşlı Orucdur. Haqsız olsa belə, bütün naz nemətlərin "gülü" onundur. Çünkü həyətdəki bir neçə qardaşın 6-7 uşağının arasında yeganə oğlan uşağıdır. Böyüklü- kiçikli hamı Oruca sitayiş edir.. Məsələn yemək zamanı Oruc qaçıb ağaca çıxırsa, onu ordan düşürdüb yedirtmək əvəzinə, ana ağaca dırmaşıb orda Orucu yedizdirər, eləcə hamı da halından məmnun qalar. Oruc həm də baba adını daşıyır. Rəhmətlik Oruc dayı həyətin ağsaqqalı idi. Qara "qaz 24 Volqa"sı var idi. Gündüzlər onunla "xaltura" eləyər araq pulunu çıxarardı. Axşamlar da məhəllədəki zibillikdə yatıb qalar, yada düşməsə ordan da səhər gününə başlardı. Hər gün belə eyni hal... Həmin "Volqa" indi də oğluna, yəni balaca Orucun atasına qalıb. Orucun atası da həmin maşınla çörək pulu qazanır. Pəncərədən nə vaxt baxsan gəlinlər həyətdə iş görür. Onları süpürgəsiz xatırlaya bilmirəm. Məhlənin şadyanalıqIarından kənar qalıb, heç maraqlanmırlar da. Nə zaman toy-büsat olsa evin kişiləri və ağbirçək qayınanaları gedəcək. Bir də əgər rusyətdəki baldız Məliş rayondadırsa, o da şənlikdə iştirak eləməlidir. Gəlinləri sevindirmək çox asandır. İldə iki dəfə qırmızı xalat, qırmızı corab alınsa, "Day nə istiyirəm. Ərim, ev dolusu uşağım, başımı soxmağa bir çeşmə otağım, bir qarın əppəyim". Bu gün əsas olan odur ki, o ailə özünü xoşbəxt hiss edir. Bəzən həddindən artıq çox oxumaq, ağıllı olmaq, dünyanın daha da rəngarəng ola biləcəyini düşünmək, insanı özünü düşdüyü mühitlə bağlı bədbəxt hiss eləməsinə səbəb olur. Yenə də hansı həyatı seçərdiniz, sualıyla qarşı-qarşıya qalsam, bu mənimçün hazırda olduğu kimi imkan xaricində olsa belə, yenə də dünyamı rəngləndirməyi seçərdim. Inanıram ki, bir gün "o arzuma" çatacam. "O arzum" deyərkən elə də sirr deyil. Sadəcə dostlarıma yaxın olmaq, özümə iş qurmaq və heç bir məsafə problemi yaşamadan istədiyim şeir günlərində, kitab təqdimatlarında iştirak etmək, dostlarımın maddi-mənəvi yanında olmaq.... İnanıram ki, bu arzum bir gün reallığa çevriləcək.

Kubra Abdullazadə

20 aprel 2016
GO BACK