Qadin.NET / Batil inanclar(satiristik,yumoristik)

Batil inanclar(satiristik,yumoristik)

Batil inanclar(satiristik,yumoristik)
Kimsə inciməsin, sağlam düşüncəmlə, könüllü yazmışam, araşdıraraq yazmışam, bir çoxunu öz üzərimdə yoxlamışam… Yazı yumoristikdir, satirikdir, tənqididir, kimsə inciməsin…
İnanclara inanmıram və inananları təmbəl, bir işə yaramayan, qorxaq insanlar hesab edirəm. 
Qara pişik önümüzdən keçdi, işimiz düz gətirməyəcək, birincisi pişiyə qarşı niyə diskriminasiya edirən ki, işin tərs gətirməlidirsə, ağ, boz pişik keçsə də, ümumiyyətlə pişik keçməsə də, tərs gətirəcək… Şəxsən özüm yoxlamışam, absurd bir şeydir…
Paltarı tərs üzünə geyinməklə, iş düz gətirməz, şərə düşmək olar… Üst paltarını tərs geyinmisinizsə, sizə tərs-tərs baxacaqlar, bir az da güləcəklər, vəssalam, məkana çatan kimi düz üzünə geyinərssiniz. Yox, alt paltarını tərs geyinmisinizsə, üstəlik ailəli adamsınızsa, deməli xəyanət etmə ehtimalı var…
Axşam evdən zibil atmazlar, evin bərəkəti gedər… Onda evdən heç zibil atmayım gərək, səhər işə gedirəm, iş paltarım batar deyə, atmayım, axşam işdən qayıdanda, hava qaralmış olur, evimdə qalsın zibil?!Bəlkə bəziləri kimi balkondan aşağı atım?!
Axşam evi süpürməzlər, ev-eşiyin bin-bərəkətini, xeyrini süpürməkdir, bir də ki sülhsevər cinləri narahat edərsən… Zibil nə vaxtdan bərəkət sayılırmış?! Nə çox cin və şər var imiş bu şərq dünyasında, sanki bütün cin və şər qüvvələri şərq dünyasına deportasiya ediblər, sanki o biri dünyanın cəhənnəmi biz tərəflərdir…
Yerə isti su tökülərsə, cin balalarını yandırmış olarıq, “bismillah” deyilməlidir 3 dəfə ki, cin balaları qaçsın… Təsəvvür edin, “Bismillah” və cin balasını… Bu da, bizim dindarlığımız…
Uzun saçlarını açıb, ev və həyəti süpürməzlər, evdə dava-dalaş, yas ola bilər. Dalaşanda, dalaşırıq, kimsə ölməlidirsə, ölür, öləcək, mən açıq saçla süpürsəm də, süpürməsəm də…
Süpürgəni dik, küncə qoymazlar… Görəsən, süpürgə bu vəziyyətdə olanda Qarı Nənə üstünə minib, uçacaq?!
Süpürgə ayağına dəydisə, şərə düşəcəksən, üç dəfə tüpürməlisən… Şərə salmaq istəyən, süpürgə dəyməsə də, şərə salacaq, şərə salanda, səndən soruşmayacaq ki, “bu gün şərə salmağım üçün nəsə etmisən ya yox?!”
Quş üstünü batırdısa, bərəkətin artır… Onda belə çıxır ki, bütün milyonerləri, oleqarxları maşınında, təyyarəsində otura-otura, ofisində işlədiyi yerdə, quş üstünü batırıb?!
Üzərlik, at nalı ilə evdən göz-nəzəri uzaqlaşdırmaq, göz muncuğu taxmaq ki, göz dəyməsin… Göz var, amma daha özünü gözə soxmasan, reklam eləməsən özünü, kiminsə gözü dəyməz… Ən pis göz də insanın öz gözüdür…
Qapının arasında durmazlar, həmin adamla dalaşarsınız… İstəsən, koridora çıxıb, dalaşa da bilərsən, əgər dalaşmaq niyyətin varsa…
Yatmış adamın üstündən keçməzlər, ömrünü qısaltmış olarsan, öləcək… O qədər ərim yatanda, üstündən keçmişəm ki, hələ də sağdır, yaşayır…
Tək səbir gətirmək xeyirliyə deyil, düşər-düşməzi var, tək səbir şəxsən həyatımda heç nəyi nə yaxşılığa, nə pisliyə dəyişmişdir.. Hələ tək səbir gətirəni məcburi cüt səbirə çevirmək lap gülüncdür…
Yoldan qayıtmaq doğru deyil, bir az inandırıcıdır, ən azı praktiki baxımdan, vaxt itirirsən, getdiyin yerə gecikirsən, başqa bir təhlükəsi yoxdur…
Güzgünün sınması bəxtin qara gətirməsi deməkdir… İnsanın həyatı da, bəxti də, gələcəyi də onun əlindədir, kimsə özünü bədbəxt etmək istəyirsə, güzgüsünü sındırmağa gərək yoxdur… Dəfələrlə güzgüm sınıb, bəxtimdən narazı deyiləm…
Qaşıq, çəngəl, bıçağın yerə düşməsi, qonağın gəlməsinə yozulur, vallah yüz dəfə düşüb, qonaq gələn olmayıb hələ… Yəqin qonağın gps naviqasiyası işləmir…
Batil inanclar(satiristik,yumoristik)

Əgər sol əlinizin içi qaşınırsa, bu o deməkdir ki, dava edəcəksiniz, pul gedəcək. Yox, əgər sağ əlinizin içi qaşınırsa, onda pul gələcəyi anlamına gəlir. Belə baxanda, pul burdan gəlir, oradan gedir… Sanki pulu biz heç yerə xərcləmirik və əlimiz qaşınmamış, dava etmirik…
Qulağın cingildəyirsə, sözünü danışırlar, vallah mənim sözümü danışmaq istəyən danışacaq, daha oturub gözləməyəcək ki, qulağım cingildəsin…
Nahar və ya şam vaxtı harasa gedəndə, yemək yeməlidirlər də orada, yoxsa ki, “yemək üstünə gəldin, qaynanan səni çox sevir” inancı absurddur, yaxşı gəlini yaxşı qaynana hər zaman sevər, yemək üstünə çıxsan da, çıxmasan da… yemək üstünə nadir hallarda çıxıram, özü də qyeri-yemək saatlarında, belə də ki, qaynanam çox sevir məni…
Boşqabı təmiz siyirsən, yemək yeyəndən sonra adaxlın gözəl olar, çirkli qoysan, eybəcər… Bu qədər absurd bir inanc eşitməmişdim… Mən hər zaman təmiz siyirirəm, bəxtimə o gözəl-göyçək, kukla kimi oğlan niyə çıxmadı və çıxmır ki?!
Yeməyini, payını başqasına vermə, ruzindən gedər, o zaman kiməsə yardım etməyək, kimisə yedirtməyək, xəbər-ətər etmədən gələn qonağı ac saxlayaq ki, “yemək mənim payım idi, sənlə paylaşdım, ruzim azaldı”…
Süd çox içsən, ağdərili olarsan, onda afroamerikalılar və Afrikada yaşayanlar, eləcə də Şərq əhli, ərəblər, farslar gərək gündə süd içsin ki, dərisi ağarsın…
Ağartı çox yeyənin ömrü uzun, ət yeyənin ömrü gödək olar. Şərq dünyasında əksər yeməklərdə ət olur, ən çox uzunömürlü adamlar da şərq əhlindən çıxır…
 Anadangəlmə keçəl bic, hiyləgər olar. Onun qurduğu kələkdən fələk də baş aça bilməz. vallah bu diskriminasiyadır, ona görə hamı keçəcək saç əkdirməyə…
Alnı açıq adam ağıllı, zəkalı olar. Alnı dar, saç basmış adam, ağıldankəm olar… Bu düzgün yanaşma deyil…
Alından öpmək böyüklük, gözdən öpmək ayrılıq, üzdən öpmək yaxınlıq əlamətidir. Bu bir az düşündürücüdür. Mən üzdəki hər yerdən öpmüşəm, hələ ki, nəticələrini görmürəm…
 Baharın son çərşənbəsində pis danışan adam, ömrü boyu nəs danışar. Pis danışan hər zaman pis danışacaq…
Boz ayda ağac kəsənin uğuru xeyir tapmaz, gözü həmişə yaşlı qalar. Ağac kəsməmişəm, özü də ki, boz ayda, deyə bilmərəm…
Uşağın qırxı çıxana qədər ona ad qoyulmazsa, o, uşaq böyüyəndə yalançı olar. İndi bütün uşaqlara doğum evindən çıxmaq üçün ad qoyulmalıdır, onda doğulan bütün uşaqlarımız yalançıdırlar?!
Burunun qaşınması xəta, dava-şava əlamətidir. Burnun qaşınması allergiya əlamətidir, psixologiya dilində isə yalan danışmaq əlamətidir…
Evdə ayaqqabının ağzı üstə çevrilib qalması bədbəxtlik əlamətidir, evdən ölü çıxar. Yoxlamışam və hələ sağam, ölənim olmayıb…
 Güləndə, danışanda sifətində batıq görünən qız ailədə xoşbəxt olar. Batıq olmasa da, xoşbəxtəm…
 Qız uşağına 9 yaşından 16 yaşına kimi sogan çox yemək məsləhət deyil. Bu yaşlarda soğana çox meyl edən qızlarda yetkinlik, vaxtından əvvəl oyanma əlamətləri tez başlayır. Rayon yerlərində yəqin soğan çox yedirdirlər, ona görə erkən nigahlarımızın sayı artmaqdadır?!
Nar yeyən yanındakına nar təklif etməzsə, ürəyinə qan damar. Bu inancdan çox qarğışdır…
Sağ göz səyriyəndə xoşbəxtlik, sol göz səyriyəndə bədbəxtlik əlamətidir. Absurd bir şeydir, yoxlamışam, hələ üstünə qırmızı sap da qoyurlar ki, xeyirliyə olsun… Gözün səyirməsi nevroloji əlamətdir…
Solaxay adam tərs, inadkar, əli ağır olar. Dediyindən dönməz. Solaxay deyiləm, amma tərsəm, əlim ağırdır, dediyimdən də dönmürəm…
 Süpürgə üstündən keçən adamın uğuru xeyir tapmaz. Dəfələrlə keçmişəm, xeyir tapmışam…
Süfrəni kağızla silib, təmizləmək evdə dava-dalaşa, artıq söz-söhbətə səbəb olar. İndi kağız mətbəx salfetləri var, o zaman ondan istifadə etməyək?!
Uğura çıxanın ilk dəfə qarşısına qadın çıxmaq pis əlamətdir. Uğura çıxanın qarşısına pişik, dovşan çıxsa, uğur xeyir tapmaz. Uğura çıxanın qarşısına it, canavar, tülkü çıxsa, uğur xeyirli olar. Deməli uğura çıxan üçün qadının statusu pişik, dovşan qədərdir, it, canavar və tülkü qadından yaxşıdır?! Bu qədər absurd bir inanc…
Axşam soğan yeyilən evə mələklər gəlməz. Soğan yeyən adamlar o zaman şam yeməyinə gərək soğan yeməsin? Nəyi seçsin?! Sağlam həyat tərzini, yoxsa mələkləri?!
Əgər bu dünyada kasıba ayaqqabı almasanız, o biri dünyaya ayaqyalın gedərsiniz. Bunu şərh etməyəcəyəm, adamı borclu çıxardan inancdır… Qarğış və təhdiddir…
Əgər gecə güzgüyə baxsan, ömrünü qısaltmış olarsan… Dəfələrlə baxmışam, gecə işığı yandırmadan güzgüyə baxmaq sadəcə ağılsızlıqdır, onsuz da özünü görməyəcəksən…
Paltarı soyunmadan tiksən, qismətini bağlamış olarsan. Dəfələrlə eləmişəm, qismətimdən narazı deyiləm…
Evdə güzgü qırılarsa, 7 il uğursuzduq gətirər həmin evə… Ən azı 3-4 güzgü sınıb, 7 il nədir, heç bir il belə uğursuzluq olmayıb…
Əgər sağ qulağınız yanırsa, bu yaxşılığınıza danışırlar, əgər sol qulağınız yanırsa, onda pisliyinizə danışırlar… Heç vecimə deyil, nə istəyirlər danışsınlar…
Yaxşı insanın, ürəyi təmiz insanın söhbətini edəndə, söhbət zamanı üstünə çıxar… Vallah, bu insanın qeybətini etməkdən və qeybət üstündə yaxalanmaqdan savayı, bir şey deyildir…
Əgər kəsilən saç və ya dırnaqlar yandırılıb, basdırılmazsa uğursuzluq olar. Bu qədər anlamsız bir inanc eşitməmişdim…
Arxanı qaşımaq, qulaq çəkib taxtaya vurmaq, şərdən, xəta-baladan uzaq durmaqdır. Şərə salan salacaq, öncədən müdafiə olunma tədbirlərini görsən də, görməsən də…
Nərdivan altından keçmək uğursuzluq gətirər. Dəfələrlə keçmişəm, uğursuzluq gəlməyib, hələ də gözləyirəm…
Yola gedənin arxasından su tökülsə, sağ-salamat dönər. Bunu qışda, qar yağan zaman etsən, o deməkdir ki, yol buzlayacaq, kimsə o maşından sonra ya yıxılacaq, ya da maşınını vuracaq…
Subay biri evli birinin üzüyünü taxsa, bəxti bağlanar. Bir insanın bəxti yoxdursa, əzəldən yoxdur, üzüyü taxsa da, taxmasa da…
Yataqdan tərs qalxınca, işlər tərs gedər. Şərh etməyəcəyəm, gülünc inancdır…
Gecə dırnaq kəsmək fəlakət gətirər. Hər dəfə gecə tuturam dırnaqlarımı, hələ ki, fəlakət yoxdur… Fəlakətin yolunu səbirsizliklə gözləyirəm…
Hamiləykən ən çox kimə baxsan, körpə ona bənzəyər. Ən çox ya qaynana, ya da ərinə baxırsan, təbii ki, uşaq yaxın qohumuna, anasına və atasına çəkməlidir… Qonşuya oxşayası deyil ki, gen öz işini görür…
Günel Fərhadqızı
6 fevral 2016
GO BACK