Qadin.NET / Uşaqlar üçün yoqa: top 10 faydası

Uşaqlar üçün yoqa: top 10 faydası

Ruh və bədən arasında vəhdət yaradan 5000 illik qədim tarixə malik yoqa müasir dövrdə təkcə böyüklərin deyil, uşaqların da həyatını müsbətə doğru dəyişməkdədir. Bu səbəbdən, dünyanın hər yerində müxtəlif yaş qrupuna aid uşaqlar arasında yoqa  təcrübəsi sürətlə yayılmaqdadır.

Öz övladıma 4 yaşından bəri keçdiyim yoqa təlimləri zamanı əldə etdiyim təcrübəyə əsasən onu qeyd edə bilərəm ki, xaos dolu bu dünyada baş çıxarmaq üçün bütün ailənizə verə biləcəyiniz ən gözəl hədiyyədir – YOQA.

Bu idman növünün uşaqlar üçün saysız-hesabsız faydalarından bəhs etmək olar. Amma jurnalın II sayının “Sağlıq” rubrikasını Uşaqlar üçün Yoqanın Top 10 Faydasına həsr etmək qərarına gəldim.

    1. Elastikliyi qoruyub saxlayır və inkişafda olan bədəni daha da gücləndirir. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Uşaqlar anadangəlmə elastikliyi ilə fərqlənir və yoqa pozaları təbiətdən gələn bu neməti qoruyub saxlamağa imkan verir. Xüsusən Döyüşçü I və II (Warrior One and Two) asanaları böyüməkdə olan əzələlər və bədənə ən yaxşı dəstəkdir. Bədənin artan gücü və elastikliyi sayəsində uşaqlar idman, oyun və s. digər əyləncə dolu məşğuliyyətlər zamanı daha az və daha yüngül zədələr alır.

    2. Diqqəti cəmləmə qabiliyyətini gücləndirir.

Uşaqlarla yoqa məşqləri elə qurulur ki, bəzi pozalar daha sürətlə, bəziləri isə daha asta templə yerinə yetirilir. Bu da hər bir uşağa özünə hakim olmağı öyrədir, fikrini toplamaq və özünü dərketmək qabiliyyətini inkişaf etdirir. Məsələn, Uçan Quş Pozasından (Warrior III və ya Döyüşçü III) bədəni tarazlayan Ağac pozasına keçid almaq diqqəti gücləndirmək üçün olduqca praktik vasitədir. Çünki diqqəti qoruyub saxlamaq – sürətlə dəyişən dünyamızda və xüsusən, təlim mühitində olduqca vacib bir bacarıqdır. 

Uşaqlar üçün yoqa: top 10 faydası

 3. Özünə güvənc hissini artırır.

Uşaqlar üçün yoqa: top 10 faydası

Uşaq yoqa məşqləri zamanı güc, diqqət və elastiklik nümayiş etdirdiyi zaman, bu, onda özünə əminlik hissi aşılayır. O, özünü erkən yaşlarından kəşf etməyə və inkişaf etdirməyə alışır.

Məsələn, düzgün yerinə yetirilmiş Qarğa pozası müvazinəti və enerjini artırır. Bu da uşaqların öz daxili güclərinə inam hissini möhkəmləndirir. Başqa sözlə, yoqa uşaqlara həyatın istənilən sahəsində əzmkar olmağı öyrədir.

      4. “İndiki Anda” yaşama vərdişi formalaşdırır.

Yoqa fəlsəfəsinə görə, insan bütün keçmiş və gələcəyi beynindən bir kənara atıb, sadəcə, bugünlə, hətta indiki anla yaşamalıdır. Başqa sözlə, fikirlər bizi keçmişə və ya gələcəyə apardıqda həyatımızın ən qiymətli anı olan indiki zamanı, yəni “İNDİ və BURADA” yaşamağı unuduruq.

Uşaqlar da yoqa təlimi zamanı əyləncə və maraq dolu fəaliyyətə diqqətlərini cəmlədikdə indi və burada yaşamağa alışırlar. Təcrübəli yoqa müəllimi çalışır ki, təlimlər zamanı öyrədəcəyi bu qiymətli bacarıq uşaqlarda ömür boyu faydalanacaqları bir vərdişə çevrilsin.

5. Fiziki və əqli cəhətdən sakitlik və rahatlıq bəxş edir. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Bütün yoqa məşqləri adətən “Dərin Relaksasiya” adlı mürgüləməni xatırladan bir vəziyyətlə yekunlaşır. Hətta böyüklərin də sevimli asanası olan “Heç Nə Etmə” adlı bu yoqa hərəkəti zamanı uşaqlar beliüstə uzanaraq, gözləri qapalı şəkildə və bəzən musiqi sədaları altında öz daxili sakitliklərinə qovuşurlar və ya müəllimin təlimatı əsasında vizualizasiya edirlər.  Bu pozada cəmi 3-5 dəq. qalmaqla uşaqlar erkən yaşdan daxili dincliyin nə olduğunu hiss edərək onun vacibliyini anlayır və gündəlik həyatda da onu qoruyub saxlamağa çalışırlar.

 6. Stresslə mübarizədə kömək edir. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Mütəmadi yoqa praktikası uşaqlarda stress və depressiya səviyyəsini dərhal aşağı salır. Belə ki, fiziki məşqlər zamanı xoşbəxtlik hormonu olan endorfinlər ifraz olunur. Müxtəlif tənəffüs hərəkətləri ürək ritmini azaldır, relaksasiya məşqləri isə eyni zamanda bədən, ruh və beyni rahatladır. Yoqa nə özünü, nə də başqalarını mühakimə etməməyi və rəqib kimi görməməyi aşılayır. Bu isə uşaqlara həyatda ən çətin vəziyyətlərdə belə, özlərini itirməməyə vəsilə olur.

7. Kreativliyi üzə çıxarır. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Böyüklər üçün olan yoqa dərslərindən fərqli olaraq, uşaqlar üçün nəzərdə tutulmuş təlimlər adətən hər dəfə müxtəlif maraqlı və məzəli mövzularda hazırlanır. Məsələn “Çimərliyə səyahət”, “Parlaq Günəş” və s. bu kimi əyləncəli dərslər.

Belə kreativ təlimlər zamanı uşaqlar hətta öz təsəvvürlərindəki hərəkətləri yerinə yetirməklə yaradıcı qabiliyyətlərini inkişaf etdirmiş olurlar. Nəticədə, onlar həyatın istənilən sferasında sərbəst və kreativ şəkildə özlərini ifadə etməyi bacarırlar.

8. Uşaqlar arasında qarşılıqlı anlaşma və ünsiyyəti gücləndirir. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Yoqa uşaqlara daxilən hər kəsin bərabər olduğunu öyrədir, hətta zahiri görünüş, din və irq fərqi olarsa belə. Yoqa bu baxımdan sosial mühitə uyğunlaşmanı təmin edir və uşaqlara mərhəmətli, şəfqətli və səbirli olmağı aşılayır.

9. Uşaqlar erkən yaşdan öz bədənlərinə bələd olurlar.

Yoqa pozaları müxtəlif cürdür: balans yaradan, gücləndirən, burulmalar, geriyə əyilmələr və tərsinə çevrilmələr. Bu asanaları yerinə yetirərkən uşaqlar öz bədənləri haqqında daha çox şey öyrənirlər: hərəkət etdirdikləri nahiyədə hissiyatlarını dinləyirlər. Bir sözlə, onlarda erkən yaşlarından öz “bədənlərindən agah olmaq” qabiliyyəti formalaşır. Bu isə həyatın bütün dövrlərində və hər bir yaşda hər kəsə lazımdır.

10. İntizam və məsuliyyəti təlqin edir. 

Uşaqlar üçün yoqa: top 10 faydası

Yoqa, əslində, əldə ediləcək bir hədəf deyil. Əksinə o, bir ömür boyu bitməyəcək maraqlı və faydalı bir SƏYAHƏTDİR. Daima davam edən bu səyahət insanı tam intizamlı edir. Bu isə uşaqlar üçün xüsusilə vacibdir. Onlar kiçik yaşlardan gündəlik həyatda atdıqları addımlar üçün məsuliyyət daşımağı və nizam-intizamlı olmağı öyrənməlidirlər. Uşaqlar məşqlər zamanı anlayır ki, yoqada olduğu kimi həyat yolunda da həm çətinliklər, həm də sevincli günlər bir-birini əvəzləyir.

 

Arzu Kərimova,

Master Yaşam Kouçu və Yoqa İnstruktoru

11 yanvar 2016
GO BACK